Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-175/2024 17.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh3 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçı ilə cavabdeh Kamran Bayramov arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 9029,78 (doqquz min iyirmi doqquz manat, yetmiş səkkiz qəpik) manat məbləğində əsas borcun, 614,42 (altı yüz on dörd manat, qırx iki qəpik) manat məbləğində faiz borcunun, 92,43 (doxsan iki manat, qırx üç qəpik) manat məbləğində cərimə borcunun, 117,37 (yüz on yeddi manat, otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və həmin bildirişlə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində xidmət haqqının cavabdehlər Kamran Bayramov və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Stansiya Sumqayıt yaşayış massivi, ev 6, 8 saylı mənzildə yerləşən 2 otaqlı, ümumi sahəsi 55.3 kv.m olan yaşayış evinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi, həmin vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qalan hissədə qətnamənin ümumi qaydada icra edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehlərə qarşı verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı eyni iddia tələbi ilə eyni əsaslar üzrə xx.xx.2023-cü il tarixində məhkəmə müraciət etmiş, həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Daha sonra iddiaçı eyni iddia tələbi ilə eyni əsaslar üzrə xx.xx.2024-cü il tarixində kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Mülki Prosessual Məcəllənin 284- 4.1.2-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən hazırda məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətinin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənədi deyil, 08 yanvar 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin cavabdehə çatdırılmasını təsdiq edən sənədi hazırkı iddia ərizəsi ilə birgə məhkəməyə təqdim etmişdir. Başqa sözlə, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi əvəzinə 08 yanvar 2024-cü il tarixdə məhkəməyə təqdim edilən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin cavabdehə çatdırılmasını təsdiq edən sənəd hazırkı iş materiallarına əlavə olunmuşdur. Halbuki iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, məhz bu (hazırkı) ərizənin cavabdehə göndərilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməli idi. Qeyd olunanlar hər iki kommersiya işi üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə iddiaçının əlavə etdiyi “İddia ərizəsi və əlavə sənədlər” faylının 13 və 14-cü vərəqlərindən görünməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən, iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 150.1.4-cü maddəsində kommersiya mübahisələri üzrə iddia ərizəsinə iddia ərizəsinin surətinin işdə iştirak edən digər şəxslər alınması haqqında sənədin əlavə olunması imperativ qaydada müəyyən edilmişdir. Hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, iddiaçının cavabdehə göndərdiyi sənəd hazırkı iddia ərizəsi deyil, 08 yanvar 2024-cü il tarixdə məhkəməyə təqdim edilən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh3 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-175/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-175/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver