Məhkəmə qərarları › İş №e-2-2(119)-1764/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1764/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1764/2024 03.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10331,59 (on min üç yüz otuz bir manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 1266,38 (min iki yüz altmış altı manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 11597,97 (on bir min beş yüz doxsan yeddi manat doxsan yeddi qəpik) manat məbləğində borcun və 124,79 (yüz iyirmi dörd manat yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış 15 sentyabr 2023-cü il tarixli KBSK3661041B252 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 12100 manat verilmişdir. Göstərilən kredit məbləğindən 11920 manat cavabdehə nəğd qaydada verilmişdir, qalan məbləğ isə hesabına köçürülmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin 19 sentyabr 2024-cü il tarixə İddiaçı ASC-yə 10331,59 manat əsas borc, 1266,38 manat faiz borcu olmaqla, cəmi 11597,97 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin (pretenziya qaydasında həll olunma) göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. 25 noyabr 2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edilərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. 23 noyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında əsas borcu və faiz borcunu qəbul etdiyini bildirmişdir. Lakin Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh arasında bağlanmış 28 iyun 2022-ci il tarixli **********28062022 nömrəli “Bank xidmətlərinin göstərilməsi haqqında” Ümumi Müqaviləyə 15 sentyabr 2023-cü il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBSK3661041B252 saylı Əlavəyə əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh (VÖEN **********) 24 ay müddətinə illik 22 % dərəcəsi ilə 12100 (on iki min yüz) manat məbləğində kredit verilmişdir. Həmin Əlavənin 2-ci bəndinə əsasən bank xüsusi şərtlərlə borcalana kredit ayırır,bBorcalan isə kreditdən müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı müqavilə (əlavə) ilə müəyyən olunan müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürür. Həmin Əlavənin 2.15-ci bəndinə əsasən bu Əlavə yazılı imzalandığı, yaxud elektron imza (Asan imza), OTP, Google Authenticator, video zəng və bank tərəfindən nəzərdə tutulan əlavə texniki imkanlarla şəxsi imzanın digər analoqları vasitəsilə imzalandığı gündən qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək, o cümlədən, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli KBSK2817560B252 nömrəli kredit müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin 15 sentyabr 2023-cü il tarixli ödəniş qrafikindən görünür ki, kredit alan Cavabdeh banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 627,73 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş qrafikini kredit alan Cavabdeh imza etmişdir. Həmin iş ödəniş qrafikinə əsasən ödənişin son tarixi 15 sentyabr 2025-ci il müəyyən olunmuşdur. İş materiallarından görünür ki, 05 avqust 2024-cü il tarixdə cavabdehə müvafiq qaydada xəbərdarlıq məktubu göndərilərək xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 10331,59 manat əsas borc, 1266,38 manat faiz borcu olmaqla, 11597,97 manat məbləğində ümumi borcunun olduğu, gecikmə günü 173 gün olmaqla 3813,53 manat məbləğində gecikmə yarandığı bildirilmiş, qrafikə uyğun ödəniş aparmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizi iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh 15 sentyabr 2023-cü il tarixli KBSK3661041B252 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, həmin kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə 10331,59 (on min üç yüz otuz bir manat əlli doqquz qəpik) manat məbləğində əsas bоrc və 1266,38 (min iki yüz altmış altı manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “ödənilmiş 124,79 (yüz iyirmi dörd manat yetmiş doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 27 sentyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 124,79 (yüz iyirmi dörd manat yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 124,79 (yüz iyirmi dörd manat yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10331,59 (on min üç yüz otuz bir manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 1266,38 (min iki yüz altmış altı manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu və 124,79 (yüz iyirmi dörd manat yetmiş doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11722,76 (on bir min yeddi yüz iyirmi iki manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 10331,59 (on min üç yüz otuz bir manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 1266,38 (min iki yüz altmış altı manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu və 124,79 (yüz iyirmi dörd manat yetmiş doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11722,76 (on bir min yeddi yüz iyirmi iki manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar