Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1770/2021 30.11.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıdakı səbəblərdən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd cavabdehə Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun şəkildə göndərilməmişdir. Mülki Prosessual Məcəllənin “İddia ərizəsinə əlavə edilən sənədlər” adlanan 150-ci maddəsinə 01.10.2021-ci ildən qüvvəyə minmiş qanunla edilmiş dəyişikliklərə əsasən iddia ərizəsinə həmin Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilmiş cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir (maddə 150.1.6). Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən isə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Hazırkı işdə isə iddiaçı mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd kimi 04.10.2021-ci il tarixli pretenziyanın cavabdehə göndərilməsinə dair poçt bildirişini iddia ərizəsinə əlavə etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində mübahisənin pretenziya qaydasında nizama salınmasına dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmişdir. İddia ərizəsindən göründüyü kimi, Cavabdeh vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdan keçirilmiş fiziki şəxsdir və onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi vardır. Bu halda, iddiaçı tərəfindən pretenziya cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməli, cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə pretenziya da onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilməlidir. İddia ərizəsinə iddia ərizəsinin cavabdehə məhz bu qaydada göndərilməsini təsdiq edən məktub da əlavə edilmişdir. Bundan əlavə, iddia ərizəsi elektron imza ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi X2 tərəfindən imzalansa da, onun hüquqi şəxs olan iddiaçının adından iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Eyni zamanda Mülki Məcəllənin məhdud məsuliyyətli cəmiyyətdə idarəetməni tənzimləyən 91 və 91-2-ci maddələrinə əsasən cəmiyyətin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası Mülki Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş müqavilə iddiaçının baş direktoru kimi Seymur Aslanov adlı şəxs tərəfinən imzalandığından, habelə iş üzrə nümayəndəyə verilmiş 10.11.2021-ci il tarixli etibarnamədə iddia ərizəsini imzalamış Camal Sadıxov “direktor” deyil, “baş direktor” kimi göstərildiyindən və onun hazırda hüquqi şəxsin qanuni təmsilçisi olmasına dair sənəd (hüuquqi şəxsin dövlət reyesterindən çıxarış) iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması nəticəsinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.0.3-cü maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, 152.1.2-ci maddəsinə əsasən isə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1770/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1770/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver