Məhkəmə qərarları › İş №e-2-2(119)-1784/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1784/2025

28.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1784/2025 28.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçıin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh AKO Firmasına qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh AKO Firmasına qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 62000 (altmış iki min) manat məbləğində əsas borc, 276 (iki yüz yetmiş altı) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 62276 (altmış iki min iki yüz yetmiş altı) manat (ƏDV daxil) məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 yanvar 2020ci il tarixli 15 nömrəli müqaviləyə əsasən, iddiaçı yanacaq sürtgü materiallarını müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında satmağı, cavabdeh isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən, ödəniş cavabdeh tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla iddiaçının bank hesabına ödəmə yolu ilə və ya nağd formada həyata keçirilməlidir. Müqavilə üzrə mallar cavabdehə təhvil verilmiş və bu barədə elektron qaimələr də tərtib edilmişdir. Malların ümumi dəyəri (ƏDV daxil olmaqla) 62000 manat məbləğində təşkil edir. Borc məbləğini tərəflər arasında 03 may 2023-cü il tarixində tərtib edilmiş üzləşmə aktı da təsdiq edir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan satıcı qismində İddiaçı MMC və alıcı qismində cavabdeh AKO Firması arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli 15 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, alıcı satıcıdan neft məhsulunun alınması barədə razılığa gəlmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, alıcı alınan məhsulları almağı və qəbul etməyi müqavilə öhdəliyi ilə ödəyir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd formada həyata keçiriləcəkdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, müqavilədə göstərilən öhdəliklər yerinə yetirilmədikdə tərəfin günahı üzündən zərər digər tərəfə tam məbləğdə ödənilir. İş materiallarında olan iddiaçı və cavabdehin nümayəndələri tərəfindən imzalanaraq hər iki hüquqi şəxsin möhürü ilə möhürlənmiş 03 may 2023-cü il tarixli 59 nömrəli üzləşmə aktının məzmununda cavabdehin iddiaçıya 62000 manat məbləğində borcunun olması qeyd edilmişdir. İş materiallarına, həmçinin İddiaçı MMC-yə məxsus olan xx.xx.2023-xx.xx.2024-cü il, xx.xx.2024-xx.xx.2024-cü il, xx.xx.2024-xx.xx.2025-ci il və xx.xx.2025-xx.xx.2025-ci il üzrə dövrləri əhatə edən hesabdan çıxarışlar əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 01 yanvar 2020-ci il tarixli 15 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan malları cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən imzalanaraq möhürlənmiş 03 may 2023-cü il tarixli 59 nömrəli üzləşmə aktından görünür ki, cavabdeh iddiaçıya 62000 manat məbləğində borcu olduğunu qəbul etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-yə məxsus olan xx.xx.2023-xx.xx.2024cü il, xx.xx.2024-xx.xx.2024-cü il, xx.xx.2024-xx.xx.2025-ci il və xx.xx.2025-xx.xx.2025-ci il üzrə dövrləri əhatə edən hesabdan çıxarışlardan üzləşmə aktının tərtib edildiyi tarixdən, yəni 03 may 2023-cü il tarixindən sonra cavabdeh tərəfindən hansısa ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 62000 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Hazırkı iddia təmin edildiyindən aşağıda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən ödənilmiş 276 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 62000 manat məbləğində borc və 276 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 62276 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdеh AKO Firmasından 62000 (altmış iki min) manat məbləğində borc və 276 (iki yüz yetmiş altı) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 62276 (altmış iki min iki yüz yetmiş altı) manat məbləğində pul vəsaiti İddiaçıin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar