Məhkəmə qərarları › İş №e-2-2(119)-1792/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1792/2024

16.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1792/2024 16.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər XXX Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər XXX Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 01 iyun 2023-cü il tarixli 23-MCR-1-564-23/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə banka 1659,15 (min altı yüz əlli doqquz manat on beş qəpik) manat məbləğində əsas borc, 151,49 (yüz əlli bir manat qırx doqquz qəpik) manat məbləğində faiz borcu, 104,64 (yüz dörd manat altmış dörd qəpik) manat məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə 01 iyun 2024-cü il tarixdən 30 iyul 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 13,75 (on üç manat yetmiş beş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1929,03 (min doqquz yüz iyirmi doqquz manat üç qəpik) manat məbləğində borcun və ödənilmiş 39,29 (otuz doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, XXX Cavabdeh1 01 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 23 faizlə 12 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə 01 iyun 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 30 iyul 2024cü il tarixədək XXX Cavabdeh1 banka 01 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1659,15 manat əsas borc, 151,49 manat faiz borcu, 209,27 manat cərimə və kredit müqaviləsi üzrə 01 iyun 2024-cü il tarixdən 30 iyul 2024-cü il tarixədək geckdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 13,75 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2033,66 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 01 iyun 2023-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər XXX Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh XXX Cavabdeh1 (VÖEN **********) arasında bağlanmış 01 iyun 2023-cü il tarixli 23-MCR-1-564-23 saylı kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən XXX Cavabdeh1 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,5 % olmaqla 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli 23-MCR-1-564-23/1 saylı kreditin verilməsinə dair razılaşmaya əsasən borcalan XXX Cavabdeh1 (VÖEN **********) biznes məqsədilə 12 ay müddətinə faktiki aylıq dərəcəsi 1,92 %, faktiki illik faiz dərəcəsi 23,98 % olmaqla, 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, 01 iyun 2023-cü il tarixli 23-MCR-1-564-23/1 saylı saylı kreditin verilməsinə dair razılaşmaya 1 saylı Əlavədə borcalan XXX Cavabdeh1 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 01 iyun 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan XXX Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli, Z/09399/23 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 01 iyun 2023-cü il tarixli 23-MCR-1-564-23 saylı kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan XXX Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli, Z/09401/23 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 01 iyun 2023-cü il tarixli 23-MCR-1-564-23 saylı kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan XXX Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Həmin zaminlik müqavilələrinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalan XXX Cavabdeh1 01 iyun 2023-cü il tarixli 23-MCR-1-564-23/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 30 iyul 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1659,15 (min altı yüz əlli doqquz manat on beş qəpik) manat məbləğində əsas bоrc, 151,49 (yüz əlli bir manat qırx doqquz qəpik) manat məbləğində faiz borcu, 209,27 (iki yüz doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində cərimə borcu və 13,75 (on üç manat yetmiş beş qəpik) manat əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) оlmaqla, cəmi 2033,66 (iki min otuz üç manat altmış altı qəpik) manat məbləğində borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 16 noyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilmiş maliyyə arayışından görünür ki, borcalan XXX Cavabdeh1 sözügedən kreditin verilməsinə dair razılaşma üzrə kerditin bitmə tarixinə - 01 iyun 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1659,15 (min altı yüz əlli doqquz manat on beş qəpik) manat məbləğində əsas bоrc, 88,95 (səksən səkkiz manat doxsan beş qəpik) manat məbləğində faiz borcu, 77,27 (yetmiş yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində cərimə borcu оlmaqla, cəmi 1825,37 (min səkkiz yüz iyirmi beş manat otuz yeddi qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 30 iyul 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan XXX Cavabdeh1 01 iyun 2023-cü il tarixli 23-MCR-1- 564-23/1 nömrəli kreditin verilməsinə dair razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcu müvafiq qaydada ödəməmiş və ondan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh XXX Cavabdeh1 arasında bağlanmış 01 iyun 2023-cü il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 1659,15 (min altı yüz əlli doqquz manat on beş qəpik) manat məbləğində əsas bоrc iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 01 iyun 2023-cü il tarixli 23- MCR-1-564-23/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 30 iyul 2024-cü il tarixinə 151,49 (yüz əlli bir manat qırx doqquz qəpik) manat məbləğində məbləğində faiz borcu, eyni zamanda 01 iyun 2024-cü il tarixdən 30 iyul 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə 13,75 (on üç manat yetmiş beş qəpik) manat hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarında olan hüquqi mövqeyə görə kredit müddəti başa çatdıqdan sonrakı dövr üzrə cavabdehlərdən tutulmalı olan faiz borcu kredit müqaviləsində göstərilən illik faiz dərəcəsi ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsi ilə hesablanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən 16 noyabr 2024-cü il tarixdə məhkəməyə təqdim olunmuş maliyyə arayışı mötəbər sübut kimi əsas götürülərək 01 iyun 2023-cü il tarixli 23- MCR-1-564-23/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə kredit müddətinin başa çatma tarixinə, yəni 01 iyun 2024-cü il tarixinə hesablanmış 88,95 (səksən səkkiz manat doxsan beş qəpik) manat məbləğində faiz borcu, eyni zamanda 01 iyun 2024-cü il tarixdən 30 iyul 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 13,75 (on üç manat yetmiş beş qəpik) manat məbləğində faiz İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehlərdən iddiaçının xeyrinə 104,64 (yüz dörd manat altmış dörd qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi isə qismən təmin olunmalı və və işin halları, həm kreditorun, həm də borcluların əsaslı mənafeyi nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq iddiaçının xeyrinə 85 (səksən beş) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 01 iyun 2023-cü il tarixli, Z/09399/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 və 01 iyun 2023-cü il tarixli, Z/09401/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 zaminliklə təmin edilmiş öhdəlik kredit razılaşmasında göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddianın “cavabdehlərdən iddiaçının xeyrinə 39,29 (otuz doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi də qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 38,47 (otuz səkkiz manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər XXX Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər XXX Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1659,15 (min altı yüz əlli doqquz manat on beş qəpik) manat məbləğində əsas bоrc, 88,95 (səksən səkkiz manat doxsan beş qəpik) manat məbləğində faiz borcu, 85 (səksən beş) manat məbləğində cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 13,75 (on üç manat yetmiş beş qəpik) manat məbləğində faiz və 38,47 (otuz səkkiz manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1885,32 (min səkkiz yüz səksən beş manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər XXX Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1659,15 (min altı yüz əlli doqquz manat on beş qəpik) manat məbləğində əsas bоrc, 88,95 (səksən səkkiz manat doxsan beş qəpik) manat məbləğində faiz borcu, 85 (səksən beş) manat məbləğində cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 13,75 (on üç manat yetmiş beş qəpik) manat məbləğində faiz və 38,47 (otuz səkkiz manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1885,32 (min səkkiz yüz səksən beş manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar