Məhkəmə qərarları › İş №e-2-2(119)-18/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-18/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-18/2025 20.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4, Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 16 noyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı və Cavabdeh1 arasında bağlanmış 22 fevral 2022-ci il tarixli BK 3298/F-22 nömrəli kredit müqaviləsi üzrə 08 avqust 2023-cü il tarixinə 5868,3 (beş min səkkiz yüz altmış səkkiz manat, otuz qəpik) manat məbləğində əsas, 1355,76 (min üç yüz əlli beş manat, yetmiş altı qəpik) manat məbləğində faiz borcu, 1209,63 (min iki yüz doqquz manat, altmış üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 8433,69 (səkkiz min dörd yüz otuz üç manat, altmış doqquz qəpik) manat məbləğində borcun və 210 (iki yüz on) manat məbləğində mediasiya rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 28 aprel 2022-ci il tarixli BKS 318/SİF-22 nömrəli kredit müqaviləsi üzrə isə 28 avqust 2023-cü il tarixə 11555,56 (on bir min beş yüz əlli beş manat, əlli altı qəpik) manat məbləğində əsas, 540,56 (beş yüz qırx manat, əlli altı qəpik) manat məbləğində faiz borcu, 1390,21 (min üç yüz doxsan manat, iyirmi bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 13486,33 (on üç min dörd yüz səksən altı manat, otuz üç qəpik) manat məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 (əlli bir) manat məbləğində xidmət haqqı və rüsumun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan (DƏDRX tərəfindən verilmiş 09 avqust 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) Xaçmaz rayonu, Alıcqışlaq kəndində yerləşən ümumi sahəsi 1.73 ha olan kənd təsərrüfatı təyinatlı torpaqlara yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi, 28 aprel 2022-ci il tarixli BKS 318/SİF-22 nömrəli kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 22 fevral 2022-ci il tarixli BK 3298/F-22 nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 23 % olmaqla 24 ay müddətinə 7000 manat məbləğində, 28 aprel 2022-ci il tarixli BKS 318/SİF-22 nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 5% olmaqla, 36 ay müddətinə 13000 manat məbləğində kredit verilmişdir. 22 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi iddiaçı və cavabdehlər arasında 22 fevral 2022-ci il tarixli 3298/F-22 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 28 aprel 2022ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi iddiaçı və Cavabdeh1 arasında bağlanmış 28 aprel 2022-ci il tarixli 318/SİF-22 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus olan (DƏDRX tərəfindən verilmiş 09 avqust 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) Xaçmaz rayonunun Alıcqışlaq kəndində yerləşən ümumi sahəsi 1.73 ha olan kənd təsərrüfatı təyinatlı torpaqlar ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 25000 manat məbləğində qiymətləndirilmişdir. 22 fevral 2022-ci il tarixli və 28 aprel 2022-ci il tarixli kredit müqavilələri üzrə Cavabdeh1 əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə yerinə yetirməmişdir. Cavabdeh1 22 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə 08 avqust 2023-cü il tarixə 5868,3 manat məbləğində əsas, 1355,76 manat məbləğində faiz borcu, 1209,63 manat məbləğində cərimə olmaqla, cəmi 8433,69 manat məbləğində borcu, 28 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə isə 28 aprel 2023-cü il tarixə 11555,56 manat məbləğində əsas, 540,56 manat məbləğində faiz borcu, 1390,21 manat məbləğində cərimə olmaqla, cəmi 13486,33 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Həmçinin 05 oktyabr 2023-cü il tarixdə Qusar 1 saylı Mediasiya Təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında cavabdehlər iştirak etmədiyindən mübahisənin mediasiya sessiyasında həlli mümkün olmamışdır. Odur ki, kredit borcları və ona hesablanmış faiz borcları, o cümlədən cərimə məbləğləri cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 22 fevral 2022-ci il tarixli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 23 % olmaqla, 28 aprel 2022-ci il tarixli kredit müqaviləsinin eyni maddəsinə əsasən isə 10 % cərimə ödəyir. Hər iki kredit müqaviləsinin 3.1.7-ci bəndlərinə əsasən, borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qərarı/qətnaməsi (və ya icra sənədi) tam icra olunub başa çatanadək hesablanan faizləri və/və ya vurulmuş zərərin ödənilməsini tələb etmək hüquqları var. İddiaçının nümayəndəsi 17 may 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə vəsatətlə müraciət edərək, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 09 aprel 2024-cü il tarixli ekspert rəyi ilə razı olmadığını bildirmiş, məhkəmədən iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh1 27 may 2024-cü il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 09 aprel 2024-cü il tarixli ekspert rəyi ilə razı olmadığını, ipoteka predmeti olan torpaq sahəsinin 45000 manat məbləğində dəyərinin olduğunu bildirmiş, məhkəmədən iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və torpaq sahəsinin yenidən qiymətləndirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh tərəfindən cari ilin yanvar və fevral aylarında hər iki müqavilə üzrə 500 manat məbləğində ödəniş həyata keçirilmişdir. Mütəxəssis rəyində ipoteka predmeti olan əmlakın dəyəri 35300 manat məbləğində qeyd olunmuşdur, əmlakın həmin məbləğlə qiymətləndirilməsinə razıdır. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 22 fevral 2022-ci il tarixli BK 3298/F-22 nömrəli kredit müqaviləsi üzrə 08 avqust 2023-cü il tarixinə 5368,3 manat məbləğində əsas, 1355,76 manat məbləğində faiz borcu, 1209,63 manat məbləğində cərimə olmaqla, cəmi 8433,69 manat məbləğində borcun və 210 manat məbləğində mediasiya rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 28 aprel 2022-ci il tarixli BKS 318/SİF-22 nömrəli kredit müqaviləsi üzrə isə 28 avqust 2023-cü il tarixə 11055,56 manat məbləğində əsas, 540,56 manat məbləğində faiz borcu, 1390,21 manat məbləğində cərimə olmaqla, cəmi 13486,33 manat məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat məbləğində rüsumun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan (DƏDRX tərəfindən verilmiş 09 avqust 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən) Xaçmaz rayonunun Alıcqışlaq kəndində yerləşən ümumi sahəsi 1.73 ha olan kənd təsərrüfatı təyinatlı torpaqlara yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi, 28 aprel 2022-ci il tarixli BKS 318/SİF-22 nömrəli kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, iddia tələbi ilə qismən - əsas və faiz borcu hissəsində razı olsa da, cərimə hissəsində razı deyildir. Mütəxəssis rəyində ipoteka predmeti olan əmlakın dəyəri 35300 manat məbləğində qiymətləndirilmiş və əmlakın həmin məbləğlə qiymətləndirilməsinə razıdır. Cavabdeh məhkəmədən maddi vəziyyətinin nəzərə alınmasını, bu səbəbdən də cərimə məbləğlərinin silinməsini xahiş etdi. Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 fevral 2022-ci il tarixli BK 3298/F-22 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilir ki, bu müqaviləyə əsasən bank (İddiaçı ASC) borcalana (Cavabdeh1) 24 ay müddətinə qaytarmaq şərtilə 7000 manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, borcalan bu kreditdən istifadəyə görə illik 23 % faiz olmaqla faiz ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (1 nömrəli Əlavə) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 23 % faiz olmaqla cərimə faizi ödəyir. Həmin müqavilənin 3.4.1-ci və 3.4.3-cü yarımbəndlərinə əsasən, kredit və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəmək, bankın tələbi əsasında dəbbə pulunu və vurulmuş zərəri ödəmək borcalanın vəzifəsidir. İş materiallarında olan 22 fevral 2022-ci il tarixli BK 3298/F-22 nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 banka olan borcu üçün son ödəniş tarixi 22 fevral 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə borcalan qismində Cavabdeh1, zamin qismində Cavabdeh2 arasında bağlanmış 22 fevral 2022-ci il tarixli 3298/F-22 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə zamin borcalanın 22 fevral 2022-ci il tarixli 3298/F-22 nömrəli kredit müqaviləsinə əsasən bankdan 24 ay müddətinə, illik 23 % olmaqla aldığı 7000 manat məbləğində kreditin (kredit kartı), həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən, borcalanın bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin (kredit kartı müqaviləsi üzrə kredit (əsas) borc, faizlər, cərimə faizi, dəbbə pulu, məhkəmə xərcləri, notariusun icra qeydi xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, zamin bank qarşısında borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Öhdəlik icra edilmədikdə və ya laızmınca icra edilmədikdə, habelə bu müqavilədə və ya kredit müqaviləsində nəzərdə tutulan hallardan biri və ya bir neçəsi baş verdikdə bank borcun məcburi qaydada alınması üçün məhkəmədə iddia qaldıra və ya icra qeydi verilməsi üçün notariusa müraciət edə bilər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 aprel 2022-ci il tarixli BKS 318/SİF-22 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilir ki, bu müqaviləyə əsasən bank (İddiaçı ASC) borcalana (Cavabdeh1) 36 ay müddətinə qaytarmaq şərti ilə 13000 manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, borcalan bu kreditdən istifadəyə görə illik 5 % faiz olmaqla faiz ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (1 nömrəli Əlavə) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 10 % faiz olmaqla cərimə faizi ödəyir. Həmin müqavilənin 3.4.1-ci və 3.4.3-cü yarımbəndlərinə əsasən, kredit və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəmək, bankın tələbi əsasında dəbbə pulunu və vurulmuş zərəri ödəmək borcalanın vəzifəsidir. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli BKS 318/SİF-22 nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 banka olan borcu üçün son ödəniş tarixi 28 aprel 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı ASC) ilə ipoteka qoyan (Cavabdeh1) arasında bağlanmış 28 aprel 2022-ci il tarixli 318/SİF-22 nömrəli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, Xaçmaz rayonunun Alıcqışlaq kəndində yerləşən 1.73 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiyməti) tərəflərin razılığı ilə 25000 manat müəyyən edilir. Tutma yönəldilməsi zamanı ipoteka predmeti bu qiymət əsasında hərraca çıxarılır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 188 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu Alıcqışlaq kəndində yerləşən 1,73 ha torpaq sahəsi 28 aprel 2022-ci il tarixdən öhdəliklər tam yerinə yetirilənə kimi İddiaçı ASC -nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 20 fevral 2025-ci il tarixli 3109 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 28 aprel 2022-ci il tarixli 318/SİF-22 nömrəli kredit müqaviləsi üzrə 20 fevral 2025-ci il il tarixinə iddiaçıya 11055,56 manat məbləğində əsas bоrc, 540,56 manat məbləğində faiz borcu və 1390,21 manat məbləğində cərimə оlmaqla, cəmi 12986,33 manat məbləğində borcu vardır. İş materiallarında olan 20 fevral 2025-ci il tarixli 3110 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 22 fevral 2022-ci il tarixli 3298/F-22 nömrəli kredit müqaviləsi üzrə 20 fevral 2025-ci il il tarixinə iddiaçıya 5368,3 manat məbləğində əsas bоrc, 1355,76 manat məbləğində faiz borcu və 1209,63 manat məbləğində cərimə оlmaqla, cəmi 7933,69 manat məbləğində borcu vardır. İş materiallarında olan hesabdan çıxarış sənədindən görünür ki, Cavabdeh1 22 yanvar 2025-ci il tarixində 318/SİF-22 nömrəli kredit müqaviləsi üzrə 500 manat, 14 fevral 2025-ci il tarixində 3298/F-22 nömrəli kredit müqaviləsi üzrə 500 manat məbləğində əsas borclar üzrə ödənişlər həyata keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə təqdim edilmiş 09 aprel 2024-cü il tarixli 3-16-16/2-9/170-10/265 nömrəli ekspert rəyindən görünür ki, Xaçmaz rayonu Alıcqışlaq kəndində yerləşən 1,73 ha torpaq sahəsinin likvid dəyəri təxminən 38700 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə təqdim edilmiş 29 noyabr 2024-cü il tarixli 10/6439-9/6684 nömrəli ekspert rəyindən görünür ki, Xaçmaz rayonu Alıcqışlaq kəndində yerləşən ümumi sahəsi 1,73 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və ya həmin ərazidə (Alıcqışlaq kəndində) yerləşən anoloji torpaq sahələrinə dair yerli internet saytı məlumatları olmadığından, həmin 1.73 ha torpaq sahəsinin qiymətləndirilməsi mümkün olmamışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 27 yanvar 2025-ci il tarixli 02-176/24 nömrəli mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayonu Alıcqışlaq kəndində yerləşən ümumi sahəsi 1,73 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 27 yanvar 2025-ci il tarixinə likvid dəyəri 35300 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 22 fevral 2022-ci il tarixli BK 3298/F-22 nömrəli və 28 aprel 2022-ci il tarixli BKS 318/SİF- 22 nömrəli kredit müqavilələri üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğlərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. 22 fevral 2022-ci il tarixli BK 3298/F- 22 nömrəli kredit müqaviləsi üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, 22 fevral 2022-ci il tarixli 3298/F-22 nömrəli zaminlik müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zamin Cavabdeh2 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 22 fevral 2022-ci il tarixli BK 3298/F- 22 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 5368,3 manat məbləğində əsas, 1355,76 manat məbləğində faiz bоrcunun və 28 aprel 2022-ci il tarixli BKS 318/SİF-22 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 11055,56 manat məbləğində əsas, 540,56 manat məbləğində faiz bоrcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin 22 fevral 2022-ci il tarixli BK 3298/F-22 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 1209,63 manat məbləğində cərimənin və 28 aprel 2022-ci il tarixli BKS 318/SİF-22 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 1390,21 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehlərin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (kredit müqavilələrinin 2.1-ci bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimə borcunun əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla nəzərə alınmaqla, iddia tələbinin 22 fevral 2022-ci il tarixli BK 3298/F-22 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 1209,63 manat məbləğində cərimənin və 28 aprel 2022-ci il tarixli BKS 318/SİF- 22 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 1390,21 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq 22 fevral 2022-ci il tarixli BK 3298/F-22 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 294 manat məbləğində və 28 aprel 2022-ci il tarixli BKS 318/SİF-22 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 578 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 28 aprel 2022-ci il tarixli 318/SİF-22 nömrəli ipoteka müqaviləsinə əsasən Xaçmaz rayonunun Alıcqışlaq kəndində yerləşən olan 1.73 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaqlar ipoteka ilə yüklü edilmişdir. Kredit razılaşması üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin torpaq sahəsinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə "xxxx" MMC təqdim edilmiş 27 yanvar 2025-ci il tarixli 02-176/24 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 35300 manat məbləğində müəyyən edilməlidir. Belə ki, 09 aprel 2024cü il tarixli 3-16-16/2-9/170-10/265 nömrəli ekspert rəyi ilə tərəflər razılaşmadıqlarına və əmlakın yenidən qiymətləndirilməsi ilə bağlı məhkəməyə vəsatət ünvanladıqlarına, 29 noyabr 2024-cü il tarixli 10/6439-9/6684 nömrəli ekspert rəyində ekspertizanın keçirilməsinin mümkün olmadığı qeyd edildiyinə, o cümlədən tərəflər izahatlarında 27 yanvar 2025-ci il tarixli 02-176/24 nömrəli mütəxəssis rəyində göstərilən məbləğlə razılaşdıqlarını bildirdiklərinə görə məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən 27 yanvar 2025-ci il tarixli 02-176/24 nömrəli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehdən tutulması”na dair hissəsi ilə bağlı yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. İddia tələbinin cavabdehlərdən 210 manat məbləğində mediasiya xərcinin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli MSQ-MT-027-2023-01511 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa əsasən cavabdehlər mediasiya sessiyasında iştirak etməmişdir. Eyni zamanda, 05 oktyabr 2023-cü il tarixli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlərlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 210 manat məbləğində mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 210 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən tutulması hissəsi təmin edilməli, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən ödənilmiş 210 manat məbləğində mediasiya haqqı da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 51 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 02 noyabr 2023-cü il tarixli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan xidmət haqqının ödənilməsi barədə ********** nömrəli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 36 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh1 ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 36 (otuz altı) manat məbləğində xidmət haqqının və 15 (on beş) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 147,58 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada dövlət mədaxilinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli 3-16-16/2-9/170-10/265 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri ümumilikdə 150 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, "xxxx" MMC-nin 27 yanvar 2025-ci il tarixli 02-176/24 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılan tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22 fevral 2022ci il tarixli kredit müqaviləsi üzrə 5368,3 manat məbləğində əsas bоrc, 1355,76 manat məbləğində faiz bоrcu, 294 manat məbləğində cərimə, 210 manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 7228,06 manat məbləğində pul vəsaiti, cavabdеh Cavabdeh1 28 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 11055,56 manat məbləğində əsas borc, 540,56 manat məbləğində faiz bоrcu, 578 manat məbləğində cərimə, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 36 manat məbləğində xidmət haqqının və 15 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12225,12 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, Cavabdeh1 tutulmalı olan cəmi 12225,12 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Xaçmaz rayonu, Alıcqışlaq kəndində yerləşən ümumi sahəsi 1.73 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı ASC-yə olan cəmi 12225,12 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan Xaçmaz rayonu, Alıcqışlaq kəndində yerləşən ümumi sahəsi 1.73 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 35300 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 147,58 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə 5368,3 (beş min üç yüz altmış səkkiz manat, otuz qəpik) manat məbləğində əsas bоrc, 1355,76 (min üç yüz əlli beş manat, yetmiş altı qəpik) manat məbləğində faiz bоrcu, 294 (iki yüz doxsan dörd) manat məbləğində cərimə, 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, cəmi 7228,06 (yeddi min iki yüz iyirmi səkkiz manat, altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdеh Cavabdeh1 28 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 11055,56 (on bir min əlli beş manat, əlli altı qəpik) manat məbləğində əsas borc, 540,56 (beş yüz qırx manat, əlli altı qəpik) manat məbləğində faiz bоrcu, 578 (beş yüz yetmiş səkkiz) manat məbləğində cərimə, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 36 (otuz altı) manat məbləğində xidmət haqqının və 15 (on beş) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12225,12 (on iki min iki yüz iyirmi beş manat, on iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1 tutulmalı olan cəmi 12225,12 (on iki min iki yüz iyirmi beş manat, on iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Xaçmaz rayonu, Alıcqışlaq kəndində yerləşən ümumi sahəsi 1.73 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı ASC-yə olan cəmi 12225,12 (on iki min iki yüz iyirmi beş manat, on iki qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Xaçmaz rayonu, Alıcqışlaq kəndində yerləşən ümumi sahəsi 1.73 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 35300 (otuz beş min üç yüz) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 147,58 (yüz qırx yeddi manat, əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar