Məhkəmə qərarları › İş №e-2-2(119)-181/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-181/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-181/2025 13.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “maddi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4512 (dörd min beş yüz on iki) manat məbləğində maddi ziyanın, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının, etibarnamə alınması üçün 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manat məbləğində çəkilmiş xərcin və 65,12 (altmış beş manat, on iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişində qeyd edilənlərə uyğun izahat verdi və barışıq sazişinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını bildirərək məhkəmədən həmin barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icrata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh barışıq sazişinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını bildirərək məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim edilmiş barışıq sazişini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş 13 may 2025-ci il tarixli sazişin məzmunu ilə müəyyən edilir ki, 13 may 2025-ci il tarixində iddiaçı ilə cavabdeh arasında barışıq sazişi bağlanmış və həmin saziş hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədənkənar qaydada gəlinən razılığı əks etdirir. İş materiallarında olan İddiaçı tərəfindən Nümayəndə verilmiş, Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş etibarnamənin məzmununda iddiaçının digər səlahiyyətlərlə yanaşı, barışıq sazişinin bağlanması səlahiyyətini də həmin şəxsə etibar etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları hər hansı şəxsin (şəxslərin) hüququnu (hüquqlarını) və qanunla qorunan mənafeyini (mənafelərini) pozmadığına görə 13 may 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 13 may 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və həmin barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar e-2- 2(119)-181/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 may 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Hazırki barışıq sazişi İddiaçı Cavabdeh qarşı iddia tələbi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan (e-2-2(119)-181/2025) nömrəli kommersiya mübahisəsi üzrə işin nizamlanması məqsədini daşıyır.

2. Cavabdeh 2800 (iki min səkkiz yüz) manat maddi ziyanı, 300 (üç yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardımı, 65 (altmış beş) manat məbləğində dövlət rüsumu, cəmi 3165 (üç min yüz altmış beş) manat ödəməyi öhdəsinə götürür.

3. Cavabdeh 3165 manatı hər ay 130 (yüz otuz) manat, sonuncu ay 175 (yüz yetmiş beş) manat olmaqla öhdəliyin icrasına növbəti ayın 15-dən başlayaraq, lakin hər ayın 25dən gec olmamaq şərti ilə 24 ay müddətinə ödəməyi öhdəsinə götürür.

4. İddiaçı bu sazişin qüvvəyə mindiyi gündən maddi ziyanın ödənilməsinə dair iddia ərizəsindən imtina edir.

5. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. Tərəflər Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan (e-2-2(119)-181/2025) nömrəli kommersiya mübahisəsi üzrə işin icraatına xitam verilməsi barədə razılığa gəlirlər.

6. Cavabdeh sazişin könüllü icrasından imtina edərsə, İddiaçı sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə (iddia ərizəsi verə) bilər. İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “maddi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-181/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar