Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1814/2025 09.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1254 (min iki yüz əlli dörd) manat məbləğində maddi ziyanın, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqqın və 32,54 (otuz iki manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ilə 06 dekabr 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 minik” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. 04 mart 2025-ci il tarixində avtomobil sürücüsü tərəfindən avtoservisə gətirilmişdir. Sürücünün iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Sürücü Cavabdeh verdiyi şifahi məlumata əsasən avtomobili Binəqədi rayonu ərazisində arxaya verərkən sürətlə ağaca çırpmışdır. Nəticədə arxa bufer, udarnik, sırğa, nakladka sıradan çıxmışdır. Həmçinin texniki müayinə zamanı mühərrikdə nasazlıqlar meydana çıxmışdır ki, bu nasazlıqlar da sonradan ciddi texniki araşdırma aparılaraq motorçu tərəfindən müəyyən edilmişdir. Qeydə alınan nasazlıqlara istinadən mühərrikin işləmə taktı düzgün deyil və bəzi yerlərindən yağ axır, antifriz isə köhnəlib. Qeyd olunan nasazlıqları görən sürücü dəymiş ziyanı ödəməkdən və aktı imzalamaqdan imtina etmişdir. Aktda bu barədə qeyd aparılmışdır. Cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona rəsmi poçt vasitəsi ilə 20 avqust 2025-ci il tarixdə göndərilmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən verilən 05 mart 2025-ci ildə tərtib edilmiş qüsur aktına əsasən avtomaşının bərpası üçün 1254 (min iki yüz əlli dörd) manat tələb olunmuşdur. Qüsur aktına əsasən bəzi ehtiyat hissələrinin dəyişdirilməsi göstərilmişdir. Ehtiyat hissələrinin cəmi məbləği 474 (dörd yüz yetmiş dörd) manat, usta xidməti 780 (yeddi yüzsəksən) manat təşkil etmişdir. Cavabdehə bu barədə məlumat verilsə də, Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. İddiaçı öz avtomobilini təmir etdirmək məcburiyyətində qaldığından 10 mart 2025-ci il tarixdə avtomobilin təmirinə görə 1254 (min iki yüz əlli dörd) manat ödəmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə 09 dekabr 2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddianın təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən X1 (İddiaçı adından) ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış 06 dekabr 2024-cü il tarixli 06.12.24/CE968 nömrəli icarə müqaviləsinin predmeti “Ravon R3 minik” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəsizliyini təmin etməyə, nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə təmin etməyə, nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına riayət etməyə, nəqliyyat vasitəsini kənar şəxslərin idarə etməsinə yol verməməyə, nəqliyyat vasitəsinin sıradan çıxmış tanı hissələrini (təkər, akkumlyator və s.) icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz etməyə, hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə və nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nəqliyyat vasitəsinin hər hansı bir səbəbdən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəyə verən nəqliyyat vasitəsini işlək vəziyyətdə icarəyə götürənə verməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 1100 (min yüz) manat məbləğində depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini və istifadə etdiyi dövr üçün borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir. Bu məbləğ depozit məbləğindən artıq olduqda fərqi nağd şəkildə verməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə hər hansı bir ziyan dəyərsə dəymiş ziyan depozit məbləği hesabına aradan qaldırılır. Əgər depozit məbləği ziyanı tam şəkildə aradan qaldırmaq üçün yetərli deyilsə, nəqliyyat vasitəsini icarəyə götürən şəxs qalan fərqi nəqliyyat vasitəsini icarəyə verənə ödəməlidir. İş materiallarında olan Cavabdeh 06 dekabr 2024-cü il tarixli ərizəsində qeyd olunmuşdur ki, avtomobilin icarəsinə görə o, 900 manat məbləğində depozit ödəmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair” 06 dekabr 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 06 dekabr 2024-cü il tarixli 06.12.24/CE968 nömrəli icarə müqaviləsinə əsasən “Ravon R3 minik” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki baxımdan saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” 04 mart 2025-ci il tarixli aktda göstərilir ki, “Ravon R3 minik” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücü Cavabdeh tərəfindən 04 mart 2025-ci il tarixdə avtoservisə gətirilmiş, avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirilmiş, baxış keçirilən zaman zədə və nöqsanlar aşkar olunmuşdur. Bu barədə Cavabdeh məlumat verilmiş, lakin o, dəymiş ziyanı ödəməkdən və aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 05 mart 2025-ci il tarixli qüsur aktında avtomobilin ehtiyat hissələrinin qiyməti 474 (dörd yüz yetmiş dörd) manat, usta xidmətlərinin qiyməti 780 (yeddi yüz səksən) manat olmaqla, “Ravon R3 minik” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci 1254 (min iki yüz əlli dörd) manat müəyyən edilir. İş materiallarında olan 10 mart 2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, avtomobilin ehtiyat hissələrinin qiyməti 474 (dörd yüz yetmiş dörd) manat, təmir-usta işlərinin qiyməti 780 (yeddi yüz səksən) manat olmaqla, cəmi 1254 (min iki yüz əlli dörd manat) “Ravon R3 minik” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün İddiaçı tərəfindən avtoservisə ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 06 dekabr 2024-cü il tarixli 06.12.24/CE968 nömrəli icarə müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında “Ravon Nexia R3” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Sözügedən avtomobil Cavabdeh tərəfindən 04 mart 2025-ci il tarixdə avtoservisə gətirilmiş və iddiaçı tərəfindən təhvil alınmışdır. Avtomobil iddiaçı tərəfindən təhvil alınarkən avtomobilə baxış keçirilmiş və baxış nəticəsində nəqliyyat vasitəsində zədə və nöqsanlar aşkar olunmuşdur. Bununla bağlı qüsur aktı tərtib edilərək avtomobilə dəymiş zərərin 1254 manat olması müəyyən edilmişdir. Cavabdehə dəymiş zərərin ödənilməsi barədə pretenziya göndərilsə də o, yaranmış həmin məbləği ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı tərəfindən “Ravon Nexia R3” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil 06 dekabr 2024-cü il tarixdən texniki cəhətdən saz vəziyyətdə Cavabdeh təhvil verilmiş, lakin sonuncu həmin nəqliyyat vasitəsini 04 mart 2025-ci il tarixdə nasaz vəziyyətdə iddiaçıya geri qaytarmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 06 dekabr 2024-cü il tarixli 06.12.24/CE968 nömrəli icarə müqaviləsinin 4.3-cü bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə hər hansı bir ziyan dəyərsə dəymiş ziyan depozit məbləği hesabına aradan qaldırılır. Əgər depozit məbləği ziyanı tam şəkildə aradan qaldırmaq üçün yetərli deyilsə, nəqliyyat vasitəsini icarəyə götürən şəxs qalan fərqi nəqliyyat vasitəsini icarəyə verənə ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi “1254 (min iki yüz əlli dörd) manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsində qismən təmin edilməli, iddia tələbində göstərilən 1254 (min iki yüz əlli dörd) manatdan cavabdehin ödədiyi 900 (doqquz yüz) manat depozit məbləği çıxılmaqla dəymiş ziyana görə 354 (üç yüz əlli dörd) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin “etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqqın cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən X2 verilmiş 18 fevral 2024-cü il tarixli etibarnamənin alınması üçün 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat haqq ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqqın əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “32,54 (otuz iki manat əlli dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 354 (üç yüz əlli dörd) manat məbləğində maddi ziyan, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqq və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 401,25 (dörd yüz bir manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 354 (üç yüz əlli dörd) manat məbləğində maddi ziyan, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqq və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 401,25 (dörd yüz bir manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1814/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1814/2025
09.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver