Məhkəmə qərarları › İş №e-2-2(119)-1821/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1821/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1821/2025 09.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə və Cavabdeh4 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə və Cavabdeh4 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 08 dekabr 2023-cü il tarixli NSBK-1135 nömrəli kredit müqaviləsi üzrə 1906,24 (min doqquz yüz altı manat, iyirmi dörd qəpik) manat məbləğində əsas borc, 94,26 (doxsan dörd manat, iyirmi altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2000,5 (iki min manat, əlli qəpik) manat məbləğində pul vəsaitinin və 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 08 dekabr 2023-cü il tarixli NSBK-1135 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 19 % dərəcəsi olmaqla 18 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 08 dekabr 2023-cü il tarixdə iddiaçı ilə digər cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 MMC arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər 08 dekabr 2023-cü il tarixli NSBK-1135 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyırlar. Cavabdeh1 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh1 və bağlanmış zaminlik müqavilələrinə əsasən onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zaminlər hazırkı iddia tələbi üzrə digər cavabdehlər - Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 MMC ilə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehlərə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildirişlər müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 08 dekabr 2023-cü il tarixli NSBK-1135 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, bank tərəfindən (İddiaçı ASC) müştəriyə (Cavabdeh1) dövriyyə vəsaitlərinin artırılması məqsədilə 18 ay müddətinə, illik 19 faiz dərəcəsilə 30000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müştəri aldığı krediti ümumi şərtlərdə və bu razılaşmada nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəl(lər)rinə” uyğun olaraq banka qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, gecikmə faizlərini, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, bu razılaşma üzrə verilmiş kreditin müddəti ərzində “Kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin gecikmə faizi müqavilənin 1.2-ci bəndində qeyd olunan illik faiz dərəcəsinin üzərinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş uçot dərəcəsi əlavə edilərək hesablanır. X1 uçot dərəcəsi ilə Mərkəzi Bankın rəsmi internet səhifəsinə daxil olmaqla tanış ola bilər. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh1 banka olan borcunun həmin qrafikə uyğun olaraq son ödəniş tarixi 08 iyun 2025-ci il tarixi olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı ilə digər cavabdehlər (zaminlər) Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 MMC arasında bağlanmış 08 dekabr 2023-cü il tarixli NSBK- 1135 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndlərinə əsasən, müqavilələrin predmeti 534552 nömrəli “Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər, Ümumi Şərtlər üzrə 08 dekabr 2023-cü il tarixli kredit verilməsinə dair Əsas şərtlər- NSBK-1135 nömrəli razılaşma, habelə Ümumi Şərtlər üzrə bağlanılacaq bütün razılaşmalara əsasən bankdan kredit götürmüş Cavabdeh1 (borcalan) tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsidir. Həmin müqavilələrin 3.4.2-ci yarımbəndlərinə əsasən, bu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək zaminlərin vəzifəsidir. Həmin müqavilələrin 4.1-ci bəndlərinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində nəzərdə tutulmuş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və zaminlər və borcalan borcverən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin müqavilələrin 4.2-ci bəndlərinə əsasən, kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 26 avqust 2025-ci il tarixli RB-02/PK-3533 nömrəli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 08 dekabr 2023-cü il tarixli NSBK-1135 nömrəli kredit müqaviləsi üzrə 26 avqust 2025-ci il tarixinə iddiaçıya 1906,24 manat məbləğində əsas bоrc, 94,26 manat məbləğində faiz borcu оlmaqla, cəmi 2000,5 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 08 dekabr 2023-cü il tarixli NSBK-1135 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 18 ay müddətinə, illik 19 faiz dərəcəsilə 30000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş, bununla da iddiaçıdan aldığı krediti müqaviləsilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdeh1 öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 MMC-nin də iddiaçı ilə aralarında bağlanmış zaminlik müqavilələrinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 1906,24 manat məbləğində əsas borcun və 94,26 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 41 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 29 avqust 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 41 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 1906,24 manat məbləğində əsas bоrc, 94,26 manat məbləğində faiz borcu və 41 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2041,5 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3ndən və Cavabdeh4 müştərək qaydada 1906,24 (min doqquz yüz altı manat, iyirmi dörd qəpik) manat məbləğində əsas borc, 94,26 (doxsan dörd manat, iyirmi altı qəpik) manat məbləğində faiz borcu, 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2041,5 (iki min qırx bir manat, əlli qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar