Məhkəmə qərarları › İş №e-2-2(119)-1830/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1830/2025

25.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1830/2025 25.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən (abonent kodu 138001) kanalizasiya (qrunt sularının axıdılması) xidmətlərinə görə yaranmış 57016,26 (əlli yeddi min on altı manat iyirmi altı qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 261,05 (iki yüz altmış bir manat beş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (abonent kodu 138001) ilə iddiaçı “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” publik hüquqi şəxsi arasında bağlanmış xx.xx.2002-ci il tarixli 19447083 nömrəli müqaviləyə əsasən cavabdehə iddiaçı tərəfindən kanalizasiya (qrunt sularının axıdılması) xidməti göstərilmişdir. Cavabdeh qeyri-əhali qrupu abonentinə aid olmaqla ötən illər ərzində kanalizasiya (qrunt sularının axıdılması) xidmətlərinə görə müəyyən miqdarda ödəniş etsə də, onun 25 avqust 2025-ci il tarixinə 57016,26 (əlli yeddi min on altı manat iyirmi altı qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Borcun ödənilməsi ilə əlaqədar “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən cavabdehin ünvanına bildiriş və 25 avqust 2025-ci il tarixində 3-53-3-14/2-659/2025 nömrəli pretenziya məktubu göndərilməsinə baxmayaraq Cavabdeh borcunu tam ödəməmişdir. 10 dekabr 2025-ci il tarixdə Cavabdeh nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddiaçının məhkəməyə müraciət etməsi üçün qanununvericiliklə nəzərdə tutulmuş 10 illik müddətin keçdiyi bildirmişdir. Həmçinin ərizədə qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərdən 2012-ci ildən sonra cavabdeh tərəfindən ödəniş olunmadığı görünür. İddiaçı isə həmin vaxtdan uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respubliaksı Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə iclasında iştirak edən iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. O, cavabdeh tərəfindən sonuncu dəfə 2013-cü ildə 10981,4 manat məbləğində ödəniş edildiyini və iddiaçı tərəfindən cavabdehdə sonuncu dəfə 2014-cü ildə 18318,60 manat dəyərində xidmət göstərildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək üç illik iddia müddəti keçdiyindən iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia müddətinin tətbiqi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan abonent haqqında məlumatdan görünür ki, Cavabdeh 2013-cü ildə borcundan 10981,40 manat ödəmiş, 2014-cü ildə ona su sərfiyyatına görə 18318,60 manat borc hesablanmış və yekun borcunun məbləği 57016,26 manat təşkil edir. İş materiallarından görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Bağlar sukanal idarəsi tərəfindən 25 avqust 2025-ci il tarixdə Cavabdehnə pretenziya məktubu göndərilərək 25 aqvust 2025-ci il tarixə borcunun 57016,26 manat təşkil etdiyi bildirilmiş, borcun 10 gün müddətində ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək Cavabdehnə içməli su və qrunt sularının axıdılması xidmətini göstərmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməyərək həmin xidmətlərin dəyərini tam ödəməmişdir. Məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə Cavabdeh nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan abonent haqqında məlumatdan görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən Cavabdehnə sonuncu dəfə su sərfiyyatına görə 2014-cü ildə 18318,60 manat borc hesablanmışdır. Cavabdeh iddiaçıya sonuncu dəfə 2013-cü ildə 10981,40 manat ödəniş həyata keçirmişdir. Qeyd olunan vaxtlardan sonra iddiaçı tərəfindən cavabdehə hər hansı xidmətin göstərilməsi, sərfiyyat və xidmət üzrə borcun hesablanması, cavabdeh tərəfindən isə hər hansı ödənişin aparılması iş üzrə sənədlərlə və tərəflərin izahatları ilə öz təsdiqini tapmır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi isə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra – 08 sentyabr 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 373.1ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddiası iddia müddəti keçdiyindən rədd edilməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar