Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1831/2025 21.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 5000 (beş min) manat məbləğində əsas borc, 441,26 (dörd yüz qırx bir manat, iyirmi altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 5441,26 (beş min dörd yüz qırx bir manat, iyirmi altı qəpik) manat məbləğində borcun, həmçinin ödənilmiş 74,42 (yetmiş dörd manat, qırx iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh3 arasında 11 sentyabr 2024-cü il tarixli 2620 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinə əsasən tərəvəzçilik məqsədilə Cavabdeh3 illik 20% olmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit vəsaitinin təminatı olaraq zaminlər Cavabdeh2 ilə 11 sentyabr 2024-cü il tarixli 1899 nömrəli və Cavabdeh1 ilə 11 sentyabr 2024-cü il 1898 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlər borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək kreditor qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Lakin cavabdehlər kreditor qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehlərin iddiaçıya hazırda 5000 manat məbləğində əsas, 441,26 manat məbləğində faiz borcu olmaqla, cəmi 5441,26 manat məbləğində borcları vardır. Bununla əlaqədar cavabdehlərlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehlərə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildirişlər müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 11 sentyabr 2024-cü il tarixli 2620 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit təşkilatı (iddiaçı) borcalana (cavabdehə) 24 ay müddətinə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti, həmin kreditə görə hesablanmış faizləri və müqavilədə göstərilən digər ödənişləri kredit təşkilatına ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci və 1.3-cü bəndlərinə əsasən, kredit sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi tərəvəzçilik (istixana şəraitində xiyar və lobya əkimi) məqsədi üçün götürülür. Borcalan kreditdən istifadəyə görə illik 20% olmaqla faiz ödəyir. Həmin müqavilənin 3.1.7-ci yarımbəndinə əsasən, borcalan tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qərarı/qətnaməsi (və ya icra sənədi) tam icra olunub başa çatanadək hesablanan faizləri və/və ya vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək kredit təşkilatının hüququdur. Həmin müqavilənin 3.4.1-ci yarımbəndinə əsasən, kredit və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəmək borcalanın vəzifəsidir. İş materiallarında olan ödəniş cədvəlinə əsasən, Cavabdeh3 banka olan borcu üçün son ödəniş tarixi 2025-ci ilin sentyabr ayı olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2024-cü il 1898 nömrəli, Cavabdeh2 arasında bağlanmış 11 sentyabr 2024-cü il tarixli 1899 nömrəli zaminlik müqavilələrinin 1.1-ci bəndlərinə əsasən, zaminlər borcalanın 11 sentyabr 2024-cü il tarixli 2620 nömrəli krdit müqaviləsinə əsasən kredit təşkilatından 24 ay müddətinə illik 20 % olmaqla aldığı 5000 manat məbləğində kreditin, həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin kredit təşkilatına ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürürlər. Həmin müqavilələrin 2.1-ci bəndlərinə əsasən, borcalanın kredit təşkilatı qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit təşkilatına dəyən bütün zərərlərin (kredit müqaviləsi üzrə kredit (əsas) borcu, faizlər, cərimə faizi, dəbbə pulu, məhkəmə, icra və hərrac xərcləri, notariusun icra qeydi xərcləri, kompensasiya və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, zaminlər kredit təşkilatı qarşısında borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyırlar. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh3 iddiaçıya 11 sentyabr 2024-cü il tarixli 2620 nömrəli kredit müqaviləsi üzrə 21 iyun 2025-ci il tarixinə 5000 manat məbləğində əsas bоrc, 441,26 manat məbləğində faiz borcu оlmaqla, cəmi 5441,26 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış 11 sentyabr 2024-cü il 1898 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqavilələrinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh2 və Cavabdeh1 də kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 5000 manat məbləğində borc və 441,26 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 74,42 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 20 avqust 2025-ci tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 74,42 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 5000 manat məbləğində əsas borc, 441,26 manat məbləğində faiz borcu və 74,42 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5515,68 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000 (beş min) manat məbləğində əsas borc, 441,26 (dörd yüz qırx bir manat, iyirmi altı qəpik) manat məbləğində faiz borcu və 74,42 (yetmiş dörd manat, qırx iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5515,68 (beş min beş yüz on beş manat, altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1831/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1831/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver