Məhkəmə qərarları › İş №e-2-2(119)-1838/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1838/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1838/2022 19.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 01 oktyabr 2020-ci il tarixli 07- İ-2020-0007 nömrəli icarə müqaviləsi üzrə yaranmış 8104 (səkkiz min yüz dörd) manat icarə haqqı borcu, 320 (üç yüz) manat kommunal borcu olmaqla, cəmi 8424 (səkkiz min dörd yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin Cavabdehndən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (əvvəlki adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında 01 oktyabr 2020ci il tarixli 07-İ-2020-0007 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 33 ünvanında yerləşən 5 mərtəbəli “ASK Villa” binasının 3-cü mərtəbəsində ümumi sahəsi 75 m2 olan icarə obyektini 11 ay müddətinə icarəyə götürməyi, aylıq 1500 (min beş yüz) manat icarə haqqını və 47,20 manat elektrik enerjisindən istifadəyə görə haqqı iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 01 dekabr 2020-ci il tarixli 2 saylı Əlavəsinə əsasən cavabdeh ünvan 2 ünvanında yerləşən “ASK Villa” inzibati binasının 3-cü mərtəbəsində ümumi sahəsi 164,9 m2 olan ofis sahələrini icarəyə götürməyi, aylıq 3298 manat icarə haqqını və 80 manat kommunal haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 05 mart 2021-ci il tarixli 3 saylı Əlavəsinə əsasən cavabdeh eyni ünvanda yerləşən ümumi sahəsi 101,3 m2 olan ofis sahəsini icarəyə götürməyi, aylıq 2026 manat icarə haqqını və 80 manat kommunal haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 2022-ci ilin fevral ayından icarə haqqı və kommunal borcu ödənilməmiş və nəticədə 8104 manat icarə haqqı borcu, 320 manat kommunal borcu olmaqla, ümumilikdə 8424 manat borc yaranmışdır. Müqavilənin 6.1-ci bəndinə əsasən hər hansı tərəf bu müqaviləyə vaxtından əvvəl xitam vermək niyyətində olduğu halda digər tərəfə 30 (otuz) gün əvvəl yazılı surətdə xəbərdarlıq verməklə bu müqaviləyə xitam verə bilər. Göstərilənləri nəzərə alaraq, cavabdehə 27 may 2022-ci il tarixli 11-2022-0069 nömrəli pretenziya məktubu ünvanlanaraq müqaviləyə 26 iyun 2022-ci il tarixindən birtərəfli qaydada xitam verilmiş, müqavilə üzrə yaranmış 8104 manat borc məbləğinin ödənilməsi tələb olunmuş, cavabdeh bu günə kimi ödəniş etməmişdir. Daha sonra “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin mediasiya vasitəsilə həlli üçün cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərilsə də, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində təklifə münasibət bildirilməmişdir. Bundan sonra Mediasiya şurasına müraciət olunmuş, cavabdeh 29 avqust 2022-ci il tarixində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmədiyindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” təqdim olunmuşdur. Buna görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək cavabdehdən müqavilə öhdəlikləri üzrə ödənilməmiş 8424 manat məbləğin ödənilməsi tələb olunur. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 01 dekabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin həcminin azaldılmasına dair” ərizə təqdim edərək, tərəflər arasında imzalanmış 01 oktyabr 2020-ci il tarixli 07-İ-2020-0007 nömrəli icarə müqaviləsi üzrə yaranmış 5904 (beş min doqquz yüz dörd) manat icarə haqqı borcu, 320 (üç yüz) manat kommunal borcu olmaqla, cəmi 6224 (altı min iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin Cavabdehndən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iş üzrə müəyyən dəqiqləşdirilmələr aparılmış və cavabdeh tərəfindən 04 fevral 2022-ci il tarixdə 2200 manat məbləğində ödəniş həyata keçirildiyi müəyyən edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsi və iddia tələbinin həcminin azaldılmasına dair ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılmasına dair ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 02 iyun 2020-ci il tarixli 001-T/20 saylı tapşırıq müqaviləsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (daha sonra adı dəyişdirilərək Cavabdeh olmuşdur) arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli 07-İ- 2020-0007 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 33 ünvanında yerləşən 5 mərtəbəli “ASK Villa” binasının 3-cü mərtəbəsində olan 75 m2 sahəni icarəçiyə ofis kimi istifadə etmək məqsədi ilə icarəyə vermiş, icarəçi isə icarə obyektini ona zərər vurmadan ofis kimi istifadə məqsədi ilə icarəyə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə obyekti icarəçiyə təhvil veriləndən sonra hər m2-ə görə 20 manat olmaqla, aylıq icarə haqqı ƏDV daxil 1500 (min beş yüz) manat və elektrik enerjisindən istifadəyə görə aylıq ƏDV daxil 47,20 (qırx yeddi manat 20 qəpik) manat təyin edilir. Su və kanalizasiyadan istifadə üzrə xərclər icarə haqqına daxildir. Elektrik enerjisindən istifadə xərcləri icarə haqqına daxil deyil və əlavə olaraq icarəçi tərəfindən ödənilir. İcarəçi icarənin birinci ayı üzrə müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş icarə haqqının iki misli miqdarında icarə haqqını ödəyir. İcarə haqqı hər ay üçün qabaqcadan ödəniş şəklində ödənilir. Bu müqavilə imzalandıqdan sonra 3 (üç) bank günü ərzində icarəçi əvvəlcədən 1-ci ay üzrə icarə haqqını, digər aylar üzrə isə müvafiq ayın 5dək ödəyir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən hər hansı tərəf bu müqaviləyə vaxtından əvvəl xitam vermək niyyətində olduğu halda digər tərəfə 30 (otuz) gün əvvəl yazılı surətdə xəbərdarlıq verməklə bu müqaviləyə xitam verə bilər. İş materiallarında olan 01 oktyabr 2020-ci il tarixli 07-İ-2020-0007 nömrəli icarə müqaviləsinə 01 dekabr 2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən icarə obyekti - ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli “ASK Villa" binasının 3-cü mərtəbəsində yerləşən 75 m2, 26,3 m2 və 63,6 m2 -dən ibarət olmaqla ümumi 164,9 m2 ofis sahələridir. İcarə obyekti icarəçiyə təhvil veriləndən sonra icarəçi icarəyə verənə icarə obyektinin hər 1 m2-ə görə ƏDV daxil 20 manat olmaqla, aylıq 3298 (üç min iki yüz doxsan səkkiz) manat icarə haqqı və aylıq ƏDV daxil 80 (səksən) manat təşkil edən kommunal haqqı ödəyir. Bu əlavə və dəyişikliklər 01 oktyabr 2020-ci il tarixli 07-İ-2020-0007 saylı müqavilənin ayrılmaz tərkib hissəsidir və həmin müqavilənin digər müddəaları öz hüquqi qüvvəsini saxlayır. İş materiallarında olan 01 oktyabr 2020-ci il tarixli 07-İ-2020-0007 nömrəli icarə müqaviləsinə 05 mart 2021-ci il tarixli 3 saylı Əlavəyə əsasən icarə obyekti - ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli “ASK Villa” inzibati binasının 3-cü mərtəbəsində yerləşən 75 m2 və 26,3 m2-dən ibarət olmaqla, ümumi 101,3 m2 ofis sahələridir. İcarəçi icarəyə verənə icarə obyektinin hər 1 m2-ə görə ƏDV daxil 20 manat olmaqla, aylıq 2026 (iki min iyirmi altı) manat icarə haqqı və ƏDV daxil aylıq 80 (səksən) manat təşkil edən kommunal haqqı ödəyir. İcarəçi binanın avtomobil dayanacağında onun üçün ayrılmış 1 avtomobil saxlaması üçün yerdən istifadə etmək hüququna malikdir. Bu əlavə və dəyişikliklər 01 oktyabr 2020-ci il tarixli 07-İ-2020-0007 saylı müqavilənin ayrılmaz tərkib hissəsidir və həmin müqavilənin digər müddəaları öz hüquqi qüvvəsini saxlayır. İş materiallarında olan 03 mart 2022-ci il tarixli EBBS seriyalı 279494 nömrəli, 04 aprel 2022-ci il tarixli EBBT seriyalı 888240 nömrəli və 04 may 2022-ci il tarixli EBBV seriyalı 618294 nömrəli elektron qaimələrdən görünür ki, icarəyə verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icarəçi Cavabdehnə 01 oktyabr 2020-ci il tarixli icarə müqaviləsi üzrə 2022-ci ilin mart, aprel və may ayları üzrə olan hər ay üçün ödənilməli olan aylıq 2026 manat icarə haqqı ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 03 mart 2022-ci il tarixli EBBS seriyalı 280087 nömrəli, 04 aprel 2022-ci il tarixli EBBT seriyalı 889589 nömrəli və 04 may 2022-ci il tarixli EBBV seriyalı 616888 nömrəli elektron qaimələrdən görünür ki, icarəyə verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icarəçi Cavabdehnə 01 oktyabr 2020-ci il tarixli icarə müqaviləsi üzrə 2022-ci ilin mart, aprel və may ayları üzrə olan hər ay üçün ödənilməli olan aylıq 80 manat kommunal haqqı ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 01 oktyabr 2020ci il tarixli 07-İ-2020-0007 nömrəli icarə müqaviləsi, onun 2, 3 saylı Əlavələrinə əsasən icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icarəçi Cavabdehnə 2022-ci ilin mart, aprel və may ayları üzrə olan hər ay üçün ödənilməli olan aylıq 2026 manat icarə və 80 manat kommunal haqqının ödənilməsi ilə əlaqədar elektron qaimələr təqdim olunsa da, icarəçi Cavabdeh tərəfindən həmin borc tam ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 5904 manat məbləğində icarə haqqı və 320 manat məbləğində kommunal haqqı borcunun Cavabdehndən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, icarə haqqı və kommunal haqqı borcunun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdehndən 5904 manat məbləğində icarə haqqı borcunun və 320 manat məbləğində kommunal haqqı borcunun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən 5904 manat məbləğində icarə haqqı borcu və 320 manat məbləğində kommunal haqqı borcu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci də Cavabdehndən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, Cavabdehndən 82,24 (səksən iki manat 24 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehndən (VÖEN: **********) 5904 (beş min doqquz yüz dörd) manat məbləğində icarə haqqı borcu, 320 (üç yüz) manat məbləğində kommunal haqqı borcu və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 6424 (altı min dörd yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehndən dövlət nəfinə 82,24 (səksən iki manat 24 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar