Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1847/2024 27.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1118,85 (min yüz on səkkiz manat səksən beş qəpik) manat məbləğində əsas borc, 94,45 (doxsan dörd manat qırx beş qəpik) manat məbləğində faiz borcu, 12,18 (on iki manat on səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1225,48 (min iki yüz iyirmi beş manat qırx səkkiz qəpik) manat məbləğində borcun və 32,26 (otuz iki manat iyirmi altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Bank olmayan kredit təşkilatı MMC ilə bağlanmış 22 fevral 2023-cü il tarixli 8220***-*******01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 18 ay müddətinə illik 22 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə "xxxx" Bank olmayan kredit təşkilatı MMC arasında bağlanmış 22 fevral 2023-cü il tarixli 8FİZAM190104204 saylı zaminlik müqaviləsinə əsasən o, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və bu barədə öhdəlik imzalamışdır. "xxxx" Bank olmayan kredit təşkilatı MMC ilə İddiaçı ASC arasında 22 fevral 2023-cü il tarixli 8220***- *******01 nömrəli tələbin güzəştinə dair müqaviləsinə əsasən 22 fevral 2023-cü il tarixli 8220***-*******01 nömrəli kredit müqaviləsi üzrə hüquqlar tam olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ötürülmüşdür. Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 29 avqust 2024-cü il tarixinə 1118,85 manat əsas kredit borcu, 94,45 manat kreditdən istifadəyə görə faiz borcu, 12,18 manat cərimə borc olmaqla, cəmi 1225,48 manat borc qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “kreditverən” "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə “borcalan” Cavabdeh2 arasında bağlanmış 22 fevral 2023-cü il tarixli 8220***-*******01 nömrəli kredit müqaviləsinə əsasən kreditverən 3000 (üç min) manat məbləğində və müqavilənin 2.03-cü bəndinin “a” yarımbəndində göstərilən faizlə borcalanın istifadəsinə krediti təqdim etməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.03-cü bəndinin “a” yarımbəndinə əsasən borcalan alınmış kredit üçün illik 22 (iyirmi iki) faiz ödəməlidir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 23,4 (iyirmi üç tam onda dörd) %-dir. Həmin müqavilənin 2.03-cü bəndinin “e” yarımbəndinə əsasən borcalan bu müqaviləyə əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) faizi məbləğində cəriməni ödəyir. Qeyd olunanlarla yanaşı kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. Həmin kredit müqaviləsinin 2.0.4-cü bəndinə görə bu müqaviləyə əsasən verilən kreditin kreditverənə qaytarılması üçün son müddət tərəflərin qarşılıqlı razılığı ilə 22 avqust 2024-cü il müəyyən edilir. Həmin kredit müqaviləsinin 3.0.6-cı bəndinə əsasən kreditverən bu müqavilə ilə nəzərdə tutulmuş kreditə dair tələb hüquqlarını digər kredit təşkilatlarına vermək (güzəşt etmək) hüququna malikdir. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 22 fevral 2023-cü il tarixli, 8FlZAM190104204 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borclunun 22 fevral 2023-cü il tarixli 8220***-*******01 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və tələbin güzəşti müqaviləsi üzrə güzəşt edilmiş tələb hüququnun aid olduğu kredit müqaviləsi üzrə borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində tələbin güzəşti müqaviləsi üzrə yeni kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 22 fevral 2023-cü il tarixli 8220***-*******01 nömrəli tələbin güzəştinə dair müqaviləyə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2 ilə bağlanmış 22 fevral 2023-cü il tarixli 8220***-*******01 nömrəli kredit müqaviləsi üzrə tələb hüquqlarını, o cümlədən digər hüquq və vəzifələrini tam olaraq yeni kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinə güzəşt etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 29 avqust 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, 29 avqust 2024-cü il tarixə Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1118,85 (min yüz on səkkiz manat səksən beş qəpik) manat məbləğində əsas borc, 94,45 (doxsan dörd manat qırx beş qəpik) manat məbləğində faiz borcu, 12,18 (on iki manat on səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1225,48 (min iki yüz iyirmi beş manat qırx səkkiz qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, cavadehlərə 2024-cü ilin avqust ayında bildiriş göndərilərək Cavabdeh2 1118,85 (min yüz on səkkiz manat səksən beş qəpik) manat məbləğində əsas borc, 50,5 (əlli manat əlli qəpik) manat məbləğində faiz borcu, 34,38 (otuz dörd manat otuz səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1203,73 (min iki yüz üç manat yetmiş üç qəpik) manat borcu olduğu bildirilmiş, 3 gün müddətində banka olan borcun ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks halda borcun cavabdehlərdən tutulması üçün məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. İddiaçı tərəfindən tərtib olunaraq təqdim edilmiş 27 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 22 avqust 2024-cü il tarixə Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1118,85 (min yüz on səkkiz manat səksən beş qəpik) manat məbləğində əsas borc, 50,5 (əlli manat əlli qəpik) manat məbləğində faiz borcu, 34,38 (otuz dörd manat otuz səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1203,73 (min iki yüz üç manat yetmiş üç qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 22 fevral 2023-cü il tarixli 8220***-*******01 nömrəli kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Ona görə də, həmin kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən 1118,85 (min yüz on səkkiz manat səksən beş qəpik) manat məbləğində əsas borc Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 22 fevral 2023-cü il tarixli 8220***-*******01 nömrəli kredit müqaviləsi üzrə 29 avqust 2024-cü il tarixinə 94,45 (doxsan dörd manat qırx beş qəpik) manat məbləğində məbləğində faiz borcu hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarında olan hüquqi mövqeyə görə kredit müddəti başa çatdıqdan sonrakı dövr üzrə cavabdehlərdən tutulmalı olan faiz borcu kredit müqaviləsində göstərilən illik faiz dərəcəsi ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsi ilə hesablanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən məhkəməyə təqdim olunmuş 27 noyabr 2024-cü il tarixli maliyyə arayışı mötəbər sübut kimi əsas götürülərək 22 fevral 2023-cü il tarixli 8220***-*******01 nömrəli kredit müqaviləsi üzrə kredit müddətinin başa çatma tarixinə, yəni 22 avqust 2024-cü il tarixinə hesablanmış 50,5 (əlli manat əlli qəpik) manat məbləğində faiz borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 12,18 (on iki manat on səkkiz qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 22 fevral 2023-cü il tarixli 8FlZAM190104204 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borclunun 22 fevral 2023-cü il tarixli 8220***-*******01 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “ödənilmiş 32,26 (otuz iki manat iyirmi altı qəpik) manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 32,26 (otuz iki manat iyirmi altı qəpik) manat dövlət rüsumunun hazırkı iddia tələbi üzrə ödənilməli olan 31,82 (otuz bir manat səksən iki qəpik) manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1118,85 (min yüz on səkkiz manat səksən beş qəpik) manat məbləğində əsas borc, 50,5 (əlli manat əlli qəpik) manat məbləğində faiz borcu, 12,18 (on iki manat on səkkiz qəpik) manat məbləğində cərimə və 31,82 (otuz bir manat səksən iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1213,35 (min iki yüz on üç manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1118,85 (min yüz on səkkiz manat səksən beş qəpik) manat məbləğində əsas borc, 50,5 (əlli manat əlli qəpik) manat məbləğində faiz borcu, 12,18 (on iki manat on səkkiz qəpik) manat məbləğində cərimə və 31,82 (otuz bir manat səksən iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1213,35 (min iki yüz on üç manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1847/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1847/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver