Məhkəmə qərarları › İş №e-2-2(119)-186/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-186/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-186/2024 17.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh1la aralarında bağlanmış kredit müqaviləsi üzrə 1921,92 (min doqquz yüz iyirmi bir manat, doxsan iki qəpik) manat məbləğində əsas borcun, 238,65 (iki yüz otuz səkkiz manat, altmış beş qəpik) manat məbləğində faiz borcunun, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanmış 245,70 (iki yüz qırx beş manat, yetmiş qəpik) manat məbləğində faiz borcunun, cəmi 2406,27 (iki min dörd yüz altı manat, iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaitinin və iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin əvəzinin həmin cavabdehdən və kredit müqaviləsi üzrə zamin qismində iştirak etmiş digər cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehlərə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı məhkəməyə müraciət edərkən Cavabdeh1 münasibətdə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə uyğun olaraq həmin cavabdeh tərəfindən alınması haqqında müvafiq sənədi məhkəməyə təqdim etsə də, həmin cavabdehlə mübahisənin məhkəməyəqədər (pretenziya) qaydasında nizama salınmasını təsdiq edən müvafiq sənədi Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Pretenziya məktubunun həmin cavabdehə ünvanlanması barədə poçt xidmətinin xəbərnaməsi iş materiallarına əlavə olunsa da Mülki Prosessual Məcəllənin 150.1.6 və 150.2-ci maddələrinin tələblərinə əsasən həmin sənəd poçt vasitəsilə deyil, iddia ərizəsinin göndərildiyi qaydada, yəni həmin cavabdehin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməli və bu qaydaya riayət edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməliydi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kodparol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Göründüyü kimi, hazırda Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və yuxarıda qeyd olunan sənədlərin cavabdehə həmin qaydada göndərilməli olması həmin Məcəllənin 150.1.6-cı maddəsində imperativ qaydada təsbit olunmuşdur. Lakin, yuxarıda qeyd olunan sənədin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini və çatdırılmasını təsdiq edən sənəd məhkəməyə təqdim olunmamış və bununla hazırkı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair məktubun iş üzrə digər cavabdehlər - Cavabdeh2 və Cavabdeh3 göndərilməsinə dair poçt xidmətinin xəbərnamələri iş materiallarına əlavə edilsə də, həmin cavabdehlər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Mülki Prosessual Məcəllənin istinad olunan maddəsindən göründüyü kimi, iş üzrə digər cavabdehlər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməli olsa da, iddiaçı tərəfindən bu tələbə riayət edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən, bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçı tərəfindən cavabdehlərə qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada verilmiş iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar