Məhkəmə qərarları › İş №e-2-2(119)-1865/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1865/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1865/2025 19.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 26051,11 (iyirmi altı min əlli bir manat, on bir qəpik) manat məbləğində borcun və 169 (yüz altmış doqquz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 15 oktyabr 2024-cü il tarixli FC-REST002 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, cavabdeh 15 dekabr 2024-cü il tarixindən etibarən hər ay ƏDV xaric 3000 manat məbləğində icarə haqqı ödəyir. Müqavilənin 3.3-cü bəndinə əsasən icarəçi icarəyə verənə icarə haqqını 15 dekabr 2024-cü il tarixdə sifarişçinin təqdim etdiyi elektron qaimə-faktura əsasında ödəyir, sonrakı aylar üzrə isə aylıq icarə haqqını hər növbəti ayın ilk 5 iş günü ərzində icarəyəverənin bank hesabına köçürülməsi yolu ilə ödəyir. Hazırda cavabdehin iddiaçıya 15 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 26051,11 manat məbləğində borcu mövcuddur. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək izahatlarında bildirmişdir ki, cavabdehlə iddiaçı arasında 01 oktyabr 2024-cü il tarixdə xidmət, 15 oktyabr 2024-cü il tarixində isə icarə müqavilələri bağlanmışdır. İcarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənişlər həyata keçirilməmişdir. 25 iyun 2025-ci il tarixində icarə müqaviləsinə xitam verilmiş və həmin tarixdə də qarşılıqlı üzləşmə aktı tərtib edilmişdir. Eyni zamanda iddiaçının xidmət müqaviləsinə əsasən, cavabdehə 3840 manat məbləğində borcu mövcuddur, hazırda həmin məbləğ iddiaçı tərəfindən mübahisələndirilmir. İddiaçı təşkilat bildirir ki, cavabdeh öz borcunu ödəyən kimi qeyd edilən məbləğ cavabdehə ödəniləcəkdir. Debet və kredit ayrı-ayrı hesablar olduğu üçün borc məbləğindən 3840 manat məbləği çıxılmamışdır. Hazırkı vaxta qədər iddiaçı tərəfindən bu məbləğin ödənilməməsinin səbəbi isə cavabdehin borcunun dəfələrlə çox olmasıdır. Məhkəməyə təqdim edilmiş 25 iyun 2025-ci il tarixli təhvil-təslim aktı cavabdehlə müqaviləyə xitam verilən zaman çatışmayan malları, 26 iyun 2025-ci il tarixli təhvil-təslim aktı isə cavabdehə məxsus iddiaçıda saxlanılan malları əks etdirir. 11 oktyabr 2024-cü il tarixli təhvil-təslim aktı da müqavilə bağlanarkən qeyri-yaşayış sahəsində hansı malların mövcud olduğunu göstərir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 29 sentyabr 2025-ci il tarixli və 08 dekabr 2025-ci il tarixli iclaslarında iştirak etmiş cavabdeh izahatlarında bildirmişdir ki, borcu qəbul edir (08 dekabr 2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında ilkin olaraq iddianı qəbul etmədiyini qeyd etsə də, icarə obyekində olan malları satıb borcunu ödəyə biləcəyini bildirmişdir). 2025-ci ilin yanvar ayında iddiaçının nümayəndəsi ilə görüşmüş və aylıq 3000 manat məbləğində icarə haqqını ödəyə bilməyəcəyini bildirmişdir. Buna görə də aylıq icarə haqqından ona 500 manat güzəşt edilmişdir. Lakin iddiaçı şirkətin də ona borcu vardır. Belə ki, iddiaçıya məxsus obyekti icarəyə götürərkən 17500 manat məbləğində dəyəri olan məişət əşyaları almışdır, həmin əşyaların siyahısı barədə təhvil-təslim aktını məhkəməyə təqdim etmişdir. Əşyaların qeyd edilən dəyərdə olması ilə bağlı hansısa sənəd mövcud deyildir. Əslində həmin əşyaları 22500 manat məbləğinə almışdır, lakin müəyyən korlanmaları da nəzərə alaraq əşyaların 17500 manat məbləği dəyərində olmasını qeyd edir. Həmin əşyalar hazırda da icarə obyektindədir. Əlavə olaraq iddiaçı cavabdehin hesabına icarə obyektində iftar süfrəsi təşkil etmiş, lakin əvəzini ödəməmişdir. Borc məbləğindən əşyaların dəyəri və iddiaçının cavabdehə olan təxminən 4000 manat məbləğində borcu həmin məbləğdən çıxılmalıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 15 oktyabr 2024-cü il tarixli N FC- Rest 002 nömrəli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada icarəyə verən (İddiaçı MMC) Xudat şəhəri, Osman Mirzəyev küçəsi 55 ünvanında yerləşən ümumi sahəsi 3108 kv.m. təşkil edən (1-ci mərtəbə 700,8 kv.m., 2-ci mərtəbə 290,7 kv.m., VİP otaq 135,3 kv.m və kabinetlər 80 kv.m.) qeyri-yaşayış sahəsini fəaliyyət göstərməsi üçün nəzərdə tutulan bütün avadanlıq və inventarlarla birlikdə (siyahısı müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktında göstərilən) icarəçiyə (Cavabdeh) icarəyə verməyi, icarəçi isə qeyriyaşayış sahəsini icarəyə verəndən olduğu kimi qəbul etməyi və icarəyə verənə bu müqavilə üzrə müəyyən edilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilənin 1.1-ci bəndində göstərilən qeyri-yaşayış sahəsinin icarə məqsədləri üçün icarəçiyə təhvil verilməsi 2 nüsxədə tərtib edilən və hər iki tərəfdən imzalanan təhvil-təslim aktı üzrə həyata keçirilir və bu müqavilə üzrə icarə haqqının hesablanması müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulan tarixdən etibarən hesablanacaqdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, müqavilə üzrə icarəçi 15 dekabr 2024-cü il tarixədək icarə haqqı ödəmir və əmlakı əvəzsiz olaraq istifadə edir. İcarəçi 15 dekabr 2024-cü il tarixinə qədər müqaviləyə xitam verilməsi üçün müraciət etməzsə, müqavilənin 3.1-ci bəndində qeyd edilmiş qaydada icarə haqqını ödəməlidir. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə əsasən, icarəçidən icarə haqqının bu müqavilədə göstərilən müddətdə və miqdarda ödənilməsini tələb etmək icarəyə verənin hüquqlarından biridir. Həmin müqavilənin 2.3.9-cu yarımbəndinə əsasən, icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin saxlanma xərclərini öz hesabına çəkmək (kommunal, təmizləmə üzrə xidmətlərin ödənilməsi, digər istismar xərcləri) icarəçinin vəzifələrindən biridir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, icarəçi icarəyə verənə 15 dekabr 2024-cü il tarixindən etibarən hər ay ƏDV xaric 3000 manat məbləğində icarə haqqı ödəyir. Müqavilə üzrə hesablaşmalar Azərbaycan Respublikasının milli valyutasında aparılır. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, icarəçi icarəyə verənə icarə haqqını 15 dekabr 2024-cü il tarixdə sifarişçinin təqdim etdiyi e-qaimə əsasında ödəyir, sonrakı aylar üzrə isə aylıq icarə haqqını hər növbəti ayın ilk 5 iş günü ərzində icarəyə verənin bank hesabına köçürülməsi yolu ilə ödəyir. İş materiallarında olan iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanaraq təsdiqlənmiş 11 oktyabr 2024-cü il tarixli 01 nömrəli təhvil-təslim aktı üzrə həmin aktda sadalananlar və binalar tam təmirli və yeni vəziyyətdə cavabdehin istifadəsinə təqdim edilmişdir. İş materiallarından görünür ki, 03 fevral 2025-ci il tarixli MT2502 seriyalı 10096949 nömrəli elektron qaimə-faktura üzrə 2370,74 manat, 18 aprel 2025-ci il tarixli MT2504 seriyalı 11557058 nömrəli elektron qaimə-faktura üzrə 10620 manat, 07 may 2025-ci il tarixli MT2505 seriyalı 10512486 nömrəli elektron qaimə-faktura üzrə 2950 manat, 25 iyun 2025-ci il tarixli MT2506 seriyalı 11914017 nömrəli elektron qaimə-faktura üzrə 5408,33 manat, 25 iyun 2025-ci il tarixli MT2506 seriyalı 11895819 nömrəli elektron qaimə-faktura üzrə 510 manat, 25 iyun 2025-ci il tarixli MT2506 seriyalı 11892504 nömrəli elektron qaimə-faktura üzrə 550 manat, 25 iyun 2025-ci il tarixli MT2506 seriyalı 11966493 nömrəli elektron qaimə-faktura üzrə 500 manat, 25 iyun 2025-ci il tarixli MT2506 seriyalı 11892746 nömrəli elektron qaimə-faktura üzrə 420 manat, 25 iyun 2025-ci il tarixli MT2506 seriyalı 11896369 nömrəli elektron qaimə-faktura üzrə 410 manat, 25 iyun 2025-ci il tarixli MT2506 seriyalı 11941254 nömrəli elektron qaimə-faktura üzrə 941,6 manat, 25 iyun 2025-ci il tarixli MT2506 seriyalı 11891787 nömrəli elektron qaimə-faktura üzrə 580 manat, 25 iyun 2025-ci il tarixli MT2506 seriyalı 11892910 nömrəli elektron qaimə-faktura üzrə 434,87 manat, 25 iyun 2025-ci il tarixli MT2506 seriyalı 11942795 nömrəli elektron qaimə-faktura üzrə 236,89 manat, 25 iyun 2025-ci il tarixli MT2506 seriyalı 11892628 nömrəli elektron qaimə-faktura üzrə 1224,1 manat, 25 iyun 2025-ci il tarixli MT2506 seriyalı 11896278 nömrəli elektron qaimə-faktura üzrə 316,55 manat, 25 iyun 2025-ci il tarixli MT2506 seriyalı 11870810 nömrəli elektron qaimə-faktura üzrə 1033,15 manat və 25 iyun 2025-ci il tarixli MT2506 seriyalı 11892096 nömrəli elektron qaimə-faktura üzrə 545,52 manat məbləğində olmaqla, cavabdehin cəmi 29051,75 manat məbləğində borcunun olması barədə elektron qaimə-fakturalar cavabdehə göndərilmişdir. İş materiallarında olan iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalanmış 26 iyun 2025-ci il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, restoranda cavabdehə məxsus mal-materialların sayımı aparılmış və nəticələri aktda qeyd edilmişdir. İş materiallarında olan iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanmış 25 iyun 2025-ci il tarixli qarşılıqlı üzləşmə aktında cavabdehin iddiaçıya 26051,11 manat məbləğində borcu olduğu qeyd edilmişdir. Həmin aktın məzmununda cavabdeh “.. Dekabr ayı işlədim və arendanı verdim. Yanvar-may ayına qədər restoranda iş getmədiyi üçün mənim borcum yarandı və mənə möhlət verilmədi ki, dekabr ayına qədər borcumu bağlayım. Kuxnamda 5000 manat produkt xarab oldu. Vergi 7000 manat yazdı, 3 nəfər işçinin maaşı qaldı. Restorana 22500 manatlıq pul xərclədim. Marketə 3100 manat, qəssaba 4500 manat, meyvəyə isə 800 manat ..” məzmunlu qeydlər yazmışdır. İş materiallarında olan 12 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 15 oktyabr 2024-cü il tarixli icarə müqaviləsi üzrə ƏDV və kommunal xidmətlər daxil olmaqla iddiaçıya 26051,51 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan tərəflər arasında bağlanmış nin 1.2-ci bəndinə əsasən, sifarişçi (İddiaçı MMC) xidmətlərin yerinə yetirilməsinin müqabilində icraçıya (Cavabdeh) müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına, həmçinin 01 oktyabr 2024-cü il tarixli XM-0100 nömrəli xidmət müqaviləsi, sayğac göstəricilərinin təhvil-təslim aktları, “Azərsu” və “Azəriqaz” sayğaclarının cari göstəricilərinin təhvil-təslim aktları, restoran binasının su və qaz sayğac göstəricilərinin təhvil-təslim aktları əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında 15 oktyabr 2024-cü il tarixli N FC-Rest 002 nömrəli icarə müqaviləsi bağlanmış, müqavilə öhdəliyinə uyğun olaraq iddiaçı Xudat şəhəri, Osman Mirzəyev küçəsi 55 ünvanında yerləşən ümumi sahəsi 3108 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini cavabdehin icarəsinə vermiş, cavabdeh isə müqavilə öhdəliklərinə tam riayət etməyərək həmin obyektin icarəsi ilə əlaqədar ödənişləri (icarə haqqı və saxlanma xərcləri (kommunal ödənişlər)) tam şəkildə icra etməmiş və nəticədə onun iddiaçıya 26051,11 manat məbləğində borcu yaranmışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanmış 25 iyun 2025-ci il tarixli qarşılıqlı üzləşmə aktı üzrə cavabdeh iddiaçıya 26051,11 manat məbləğində borcu olduğunu qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehdən 26051,11 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclaslarındakı izahatlarında borc məbləğini inkar etməyən cavabdeh icarə obyektində ona məxsus dəyəri 17500 manat məbləğində olan malların olduğunu, bundan əlavə, iddiaçının ona təxminən 4000 manat məbləğində borcu olduğunu qeyd etsə də, bu barədə iddia tələbi (və (və ya) bu tələbi təsdiq edən sənədlərlə) ilə məhkəməyə müraciət etməmişdir. Bunlardan başqa, iş materiallarında olan 16 iyul 2025-ci il tarixli **********36 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 169 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia tələbi üzrə iddia təmin edildiyindən 169 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 26051,11 manat məbləğində borc və 169 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 26220,11 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh 26051,11 (iyirmi altı min əlli bir manat, on bir qəpik) manat məbləğində əsas borc və 169 (yüz altmış doqquz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 26220,11 (iyirmi altı min iki yüz iyirmi manat, on bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar