Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1880/2025 02.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “maddi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8464 (səkkiz min dörd yüz altmış dörd) manat məbləğində maddi ziyanın, etibarnamə alınması üçün 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manat məbləğində çəkilmiş xərclərin, 104,64 (yüz dörd manat, altmış dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 27 noyabr 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3” markalı **-XD- *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində ona zərər vurmuşdur. 12 mart 2025-ci il tarixində avtomobil gecə saatlarında cavabdeh tərəfindən evakuator vasitəsilə avtoservisə gətirilmişdir. Servisdə avtomobilə baxış keçirilmiş və baxış zamanı “Ön, sağ, sol və salon qəza nəticəsində ciddi zədələnmişdir. Panel, kapot, krılolar, bufer, faralar, padpres, ön sağ qapı, radiator, disktəkərlər (ön), amortizator, rulevoy, ABS, qranatlar, çaşka, pompa-pər, kompressor, bakavinlər - tamamilə sıradan çıxmışdır. Ön hissə, şit sökülməlidir” kimi zədə və nöqsanlar aşkar olunmuşdur: Cavabdeh servisə gəlməmiş, aktın tərtibində iştirak etməmiş və onu imzalamaqdan imtina etmiş, aktda bu barədə qeyd aparılmışdır. Eyni zamanda cavabdeh aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona rəsmi poçt vasitəsilə 05 sentyabr 2025-ci il tarixdə göndərilmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən verilən 12 mart 2025-ci il tarixdə tərtib edilmiş qüsur aktına əsasən avtomaşının bərpası üçün 8464 manat tələb olunmuşdur. Qüsur aktında “Fara sağ və sol, bufer ön, zibil qutusu, podkrelnik ön sağ və sol, brızqavik (palçıq ötürən) ön sağ, duman əleyhinə faralar (ön, sağ və sol), duman əleyhinə faraların kantı (sağ), setka üst (obliçovka), setka alt (obliçovka), vetrovik (sağ), şit (cihazlar paneli) zbor, siqnal, şitin dizliyi, bardaçok, təhlükəsizlik yastığı (SRS), ön podpres (alın şüşəsi), peçin motoru, bakavin, panel, kapot – ön, krılo sağ ön, qapı ön sağ, şveller, gidrousilitel (sükanın gücləndiricisi), remen böyük, remen balaca, su radiatoru, kondisioner radiatoru, soyutma pəri - zbor, pompa, frion qazı (kondisioner üçün), antifriz G-11 (5 litr), ATF-sükan mayesi, natyajitel, kompressor, mator poduşkası - sağ, hava baçoku, hava filteri, alt çaşka, saffa sağ, stupiça ön, flyans, disk, təkər, qranat - palos (zbor), tormoz şlanqı, ABS-in trubkası,amortizator - ön sağ, sırğa, nakoneçnik sağ, almacıq, rulevoy (sükan idarəetmə mexanizmi), travers, əyləc mayesi, ABS datçiki, radiatorun qulaqcıqları” kimi ehtiyat hissələrinin dəyişdirilməsi göstərilmişdir. Qüsur aktına əsasən “Dəmirçi: bakavin, panel, kapot, sağ krılo, sağ ön qapı və şvellerin dəyişilməsi. Balka, padnojka, sol krılo, dam, arxa sağ qapının - təmir olunub nizamlanması. Rəngsaz: ön və arxa bufer, kapot iç-çöl, ön sağ qapı iç-çöl, arxa sağ qapı, panel, bakavin, lanjeron, ön stoyka, sağ padnojka, qapı stoyka iç-çöl, krılo sağ və sol, sol ön qapı, baqaj iç-çöl rənglənməsi və polirovka olunması (bütün materiallar daxil). Plasmasçı-armaturçu: şitin, airbaqın, siqnalın, podkrelniklərin, ön tərəfin bütün hissələrinin tam sökülməsi və yığılması, qapıların obivkalarının, ön sağ oturacağın, kovralitin, podnojka plasması, arxa buferin - sökülməsi, təmiri, dəyişilməsi, və yığılması. Elektrik: faralar, dönmə və duman işıqları, peçin motoru, hidrousilitel, kondisioner radiatoru, pompa, kompressor, pər, natyajitel, ABS - sistemlərinin təmiri. Çilingər: peredok və xodovoy hissənin, motorxanadakı detalların, sükan, əyləc, soyutma-sirkulyasiya, yağlama sistem və mexanizmlərinin təmiri və dəyişdirilməsi” kimi usta xidmətləri göstərilmişdir. Ehtiyat hissələrinin cəmi məbləği 6114 manat, usta xidməti 2350 manat təşkil etmişdir. Cavabdehə bu barədə məlumat verilsə də, cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. İddiaçı öz avtomobilini təmir etdirmək məcburiyyətində qaldığından 18 mart 2025-ci il tarixdə avtomobilin təmirinə görə 8464 manat ödəmiş və avtomobil təmir edilmişdir. Cavabdeh 29 sentyabr 2025-ci il tarixdə məhkəməyə iddiaya etirazla müraciət edərək qeyd etmişdir ki, icarə müddəti ərzində - 3 ay 11 gün boyunca cavabdeh tərəfindən icarə müqaviləsinin şərtlərinə əməl edilmiş və həmin dövrdə 1980 manat icarə haqqı ödəmişdir. 11 mart 2025-ci il tarixdə saat 21:00-22:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi istiqamətində sözügedən avtomobili idarə etmiş və bu zaman “ötmə” əməliyyatı keçirtmək istəyərkən avtomobilin sağ qabaq alt hissəsindən güclü səs gəlmiş (“şarovoy”ın sınması), nəticədə idarəetməni itirərək, qabaqda dayanmış avtomobilə çırpılmış, həmin avtomobil isə öz növbəsində motosikletə dəymişdir. Baş vermiş yolnəqliyyat hadisəsi barədə dərhal “102” xidmətinə və avtomobili icarəyəverənə zəng edərək onları məlumatlandırmışdır. Hadisə yerinə X3 Xidmətinin əməkdaşı gəlmiş, hadisə yerinin müayinəsini aparmış, içkili olub-olmamağını müəyyən etmək üçün həkim müayinəsindən keçirilmişdir. Müvafiq rəyə əsasən həmin vaxt “ayıq” olduğu müəyyən edilmişdir. Bundan başqa, hadisə yerinə sığorta şirkətinin əməkdaşı gəlmiş və onun tərəfindən sənədləşmə aparılmışdır. Daha sonra, qəzalı vəziyyətdə olan avtomobili hadisə yerindən aparmaq üçün evakuator çağırararaq yaşadığı yerə aparmışdır. 12 mart 2025-ci il tarixində saat 02:00-03:00 radələrində icarəyəverənin servis əməkdaşı yaşadığı ünvana gələrək avtomobili icarəyəverənin tələbi üzrə servisə aparmalı olduğunu bildirmiş və onunla birlikdə evakuator vasitəsilə servisə apararaq avtomobili təhvil vermişdir. Eyni gündə icarəyəverənin servis əməkdaşları onun iştirakı ilə avtomobilə baxış keçirmiş və dəymiş ziyan barədə qiymətləndirmə aparılmışdır. Servis avtomobilə dəymiş ziyanı (ehtiyyat hissələrinin alınması, təmiri və usta xidmət haqqı) 8560 manat məbləğində müəyyənləşdirmişdir. O, həmin məbləğlə razılaşmamış və qiymətin həddən artıq şişirdilmiş olduğunu bildirmiş, həmçinin avtomobili saz vəziyyətə gətirmək üçün, yəni lazımı ehtiyyat hissələrinin alınması, təmiri və usta xidmət haqqını öz üzərinə götürmüşdür. Avtomobilin təmiri üçün lazımi ehtiyyat hissələrini 1800 manat məbləğində dəyərləndirmişdir. Lakin servisdə ehtiyyat hissələri alınsa belə, ustanın xidmət haqqının 3500 manat məbləğində olacağı bildirilmişdir. Halbuki real usta xidmət haqqının dəyəri 650 manat təşkil etmişdir. Qeyd edilən qiymətləndirmə ilə razılaşmayaraq tərəflər arasındakı razılaşmanın şərtlərini bir daha onlara xatırlatmış, lakin nəticə verməmişdir. İddiaçının məqsədi əsassız olaraq varlanmaq olmuş və hazırkı iddia tələbi ilə də bunu davam etdirməkdədir. Beləliklə, iddia tələbi həqiqəti əks etdirmir. Avtomobilə dəymiş ziyanın dəyərləndirməsində tərəflər arasındakı fikir ayrılığı yarandığından müstəqil avto-texniki (əmtəəşünaslıq) ekspertizası həyata keçirilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 27 noyabr 2024-cü il tarixli icarə müqaviləsinin 2.1.5-ci yarımbəndinə əsasən icarəyə götürən şəxs nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə borcludur. Qeyd edilən vəzifəni yerinə yetirməyə iddiaçı məqsədli şəkildə imkan verməmiş və yekunda şişirdilmiş qiymət ortaya qoyaraq əsassız tələb ilə çıxış etmişdir. Bundan başqa, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərin hansısa hüquqi əsası yoxdur və həmin sənədlər iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. O avtomobilə real çəkilmiş xərcləri ödəməklə, icarə müqaviləsinin davam etdirilməsində maraqlıdır. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 29 oktyabr 2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək zərərin real həcminin qiymətləndirilməsi üçün avto-texniki və əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, cavabdehin izahatında qeyd etdiyi məbləğlərlə razı deyildir. Cavabdeh iddia ərizəsinə etirazda avtomobilə 3500 manat məbləğində ziyan dəydiyini qeyd etmişdir. Halbuki 22 yanvar 2026-cı il tarixli AS 01-005/26 nömrəli mütəxəssis rəyindəki məbləğlər aşınma halı nəzərə alınmaqla hesablanmışdır. 27 noyabr 2024-cü il tarixli ST271124/XD495 nömrəli icarə müqaviləsinin 4.2-ci bəndinə zidd olmasına baxmayaraq, 300 manat məbləğində depozitin dəymiş ziyan məbləğindən çıxılmasına etiraz etmir və iddianı 300 manat məbləğində hissə müdafiə etmir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdeh iddiaya etirazın məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, yol-nəqliyyat hadisəsindən sonra iddiaçıya məxsus avtomobil onun razılığı olmadan götürülmüş və ekspertiza aparılmadan təmir edilmişdir. Avtomobilə qəzalı vəziyyətdə məhkəmə və ya ekspert tərəfindən baxış keçirilməmişdir. Bu səbəbdən real zərərin həcmi, hansı ehtiyat hissələrinin dəyişdirilməsi və maddi ziyanın dəqiq məbləğini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər və videogörüntülər qəzanın baş verdiyini göstərsə də, iddia tələbində qeyd edilən məbləğdə təmir xərclərinin olmasını müəyyən etmək üçün kifayət etmir. Mütəxəssis rəyi ilə razılaşmır və bununla bağlı qeyd edilməlidir ki, tədqiqat iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş akta əsasən aparılmış, avtomobilə faktiki olaraq ekspert tərəfindən baxılmamışdır. Buna görə də mütəxəssis rəyinin obyektiv olmadığını və fərziyyə xarakterli olduğunu hesab edir. Digər tərəfdən icarə müqaviləsinin 2.4-cü bəndinə əsasən, yolnəqliyyat hadisəsi baş verdiyi halda icarəyə verən hər hansı məsuliyyət daşımır. Buna baxmayaraq, iddiaçı avtomobili özbaşına təmir etdirmiş, sübutları qorumamış və məsuliyyəti onun üzərinə qoymağa çalışmışdır. Mütəxəssis rəyindən də göründüyü kimi iddiaçı tərəfin tələb etdiyi məbləğ şişirdilmişdir. Ziyan məbləği ilə bağlı sənəd əldə etməyə çalışsa da, ona avtoservisdə avtomobil artıq qəzalı vəziyyətdə olmadığından bu barədə rəyin verilməsinin qanunsuz olduğu bildirilmişdir. Qüsur aktında qeyd edilən ehtiyat hissələrindən sağ fara, ön bufer, padkrelnik, sağ duman farası, duman faraları kantı, üst setka, alt setka, vetrovik, cihazlar paneli (şit) müəyyən hissədə, siqnal, şitin dizliyi, bardaçok, təhlükəsizlik yastığı, alın şüşəsi, peçin motoru, bakavin, panel, ön kapot, sağ ön kırlo, sağ ön qapı, şveller, gidrousilitel (sükan gücləndiricisi), sükan mayesi, alt çaşka, stupsiya sağ tərəfdən, disk, təkər, granat-palos, əyləc şlanqı, ön sağ amortizator, rulevoy (sükan idarəetmə mexanizmi), travers, əyləc mayesi və ABS datçiki adlı ehtiyat hissələrinə dəydiyini qəbul edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan icarəyə verən X1 (İddiaçı adından) ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış 27 noyabr 2024-cü il tarixli ST271124/XD495 nömrəli icarə müqaviləsinin 1-ci hissəsinə əsasən, predmetini “Ravon Nexia R3” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanılmasını və təhlükəsizliyini təmin etməyə, nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə təmin etməyə, nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına riayət etməyə, nəqliyyat vasitəsini kənar şəxslərin idarə etməsinə yol verməməyə, nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər, akkumlyator və s.) icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz etməyə, hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə və nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nəqliyyat vasitəsinin hər hansı bir səbəbdən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, icarəyə verən nəqliyyat vasitəsini işlək vəziyyətdə icarəyə götürənə verməlidir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs tərəfindən hər hansı bir yol nəqliyyat hadisəsi və bədbəxt hadisə baş verərsə, nəqliyyat vasitəsini icarəyə verən şəxs heç bir məsuliyyət daşımır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 600 (altı yüz) manat məbləğində depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və istifadə etdiyi dövr üçün borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir. Bu məbləğ depozit məbləğindən artıq olduqda fərqi nağd şəkildə verməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini altı aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır. Altı aydan sonra isə depozit məbləğinin 50 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə ərizədə qeyd olunur. Nəqliyyat vasitəsini icarəyə verən şəxsə nəqliyyat vasitəsini icarəyə götürən şəxsin borcu olduğu halda həmin kəsr hissəsi nəqliyyat vasitəsini icarəyə götürən şəxsin depozitin 50 faiz məbləğindən tutulur (icarəyə götürən şəxsə qaytarılan məbləğ). Həmin müqavilənin 4.3-cü bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə hər hansı bir ziyan dəyərsə dəymiş ziyan depozit məbləği hesabına aradan qaldırılır. Əgər depozit məbləği ziyanı tam şəkildə aradan qaldırmaq üçün yetərli deyilsə, nəqliyyat vasitəsini icarəyə götürən şəxs qalan fərqi nəqliyyat vasitəsini icarəyə verənə ödəməlidir. Əgər nəqliyyat vasitəsinə dəymiş zərər depozit məbləğindən azdırsa, bu zaman depozit məbləğinin tamamlanması məqsədi ilə dəymiş zərər məbləğində olan hissəni nəqliyyat vasitəsini icarəyə verən şəxs nəqliyyat vasitəsini icarəyə götürən şəxsdən tələb etməlidir. Bundan sonra nəqliyyat vasitəsini icarəyə götürən şəxs depozit məbləğinin bərpa olunmasını nəqliyyat vasitəsini icarəyə verən şəxsdən tələb edə bilər. İş materiallarında olan Cavabdeh 27 noyabr 2024-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, avtomobilin icarəsinə görə o, 600 manat məbləğində depozit ödəmişdir. Əgər avtomobili 6 ay ərzində qaytaracaqsa, qoyduğu depoziti tələb etməyə heç bir hüququ yoxdur və həmin müddətdə avtomobilə zərər vurarsa, vurulan zərər depozit məbləğində çıxılmır. Əgər avtomobili 6 aydan sonra qaytararsa, verdiyi depozitin 300 manat məbləği qaytarılmır, qalıq 300 manatdan avtomobilə dəyən zərərlər çıxılır, qalıq məbləğ qaytarılır. Avtomobilin cərimələri ilə tanış olmuşdur. İş materiallarında olan “Nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair” 27 noyabr 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 27 noyabr 2024-cü il tarixli ST271124/XD495 nömrəli icarə müqaviləsinə əsasən “Ravon Nexia R3” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki baxımdan saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan iddiaçı və “RS Avtoservis”in direktoru tərəfindən imzalanmış “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” 12 mart 2025-ci il tarixli aktda avtomobilin evakuator tərəfindən avtoservisə gətirildiyi, “Ön, sağ, sol və salon qəza nəticəsində ciddi zədələnmişdir. Panel, kapot, krılolar, bufer, faralar, padpres, ön sağ qapı, radiator, disktəkərlər (ön), amortizator, rulevoy, ABS, qranatlar, çaşka, pompa-pər, kompressor, bakavinlər - tamamilə sıradan çıxmışdır. Ön hissə, şit sökülməlidir” kimi zədə və nöqsanlar aşkar olunduğu, bütün dəymiş ziyanların dəqiq qiymətləndirilməli olduğu göstərilmişdir. Həmçinin aktda, həmçinin qeyd edilmişdir ki, avtomobili gecə saatlarında sahibi evakuator vasitəsilə servisə gətirmiş, sürücü servisə gəlməyərək telefonla içkili halda qəza törətdiyini, motosiklet və digər avtomobilə vuararaq əzdiyini bildirmiş, sürücü Cavabdeh servisə gəlməmişdir. İş materiallarında olan 12 mart 2025-ci il tarixli qüsur aktından görünür ki, avtomobilin ehtiyat hissələrinin qiyməti 6114 manat, təmir-bərpa işlərinin qiyməti 2350 manat məbləğində olmaqla, “Ravon Nexia R3” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərci 8464 manat məbləğində müəyyən edilir. İş materiallarında olan 18 mart 2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, avtomobilin ehtiyat hissələrinin qiyməti 6114 manat, təmir-bərpa işlərinin qiyməti 2350 manat olmaqla, cəmi 8464 manat məbləğində pul vəsaiti “Ravon Nexia R3” markalı, **- XD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün iddiaçı tərəfindən avtoservisə ödənilmişdir. İş materiallarında olan “Aktın surətinin göndərilməsi barədə” məktubdan və ona əlavə edilmiş poçt qəbzindən görünür ki, “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” 12 mart 2025-ci il tarixli akt iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 22 yanvar 2026-cı il tarixli AS 01-005/26 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “Ravon Nexia R3” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3222,64 manat məbləğində ziyan dəymiş, görüləcək usta işlərinin dəyəri isə 2550 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 103.1-ci və 103.2-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Yuxarıda göstərilənlərə əsasən müəyyən edilmişdir ki, tərəflər arasında 27 noyabr 2024-cü il tarixli icarə müqaviləsi bağlanılmış və müqavilə əsasında “Ravon Nexia R3” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə cavabdehə təhvil verilmişdir. Cavabdeh 11 mart 2025-ci il tarixdə saat 22:00 radələrində avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və evakuator vasitəsilə avtomobili əvvəlcə yaşadığı ünvana aparmış, 12 mart 2025-ci il tarixdə isə qəzalı vəziyyətdə iddiaçıya təhvil vermişdir. Həmin tarixdə avtomobilə baxış keçirilmiş və qüsur aktına əsasən, avtomobilin ehtiyat hissələrinin qiymətinin 6114 manat, təmir-bərpa işlərinin qiymətinin 2350 manat məbləğində olması hesablansa da, cavabdeh həmin məbləğlərlə razılaşmamışdır. Mübahisənin obyektiv həllinə nail olmaq məqsədilə cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilərək avtomobilə dəymiş zərərin həcminin və həmin zərərin aradan qaldırılmasına sərf edilmiş vəsaitin müəyyənləşdirilməsi üçün mütəxəssis rəyinin alınması qərara alınmış, məhkəməyə təqdim edilmiş 22 yanvar 2026-cı il tarixli mütəxəssis rəyində avtomobilə dəymiş zərərin 3222,64 manat, görüləcək usta işlərinin dəyərinin isə 2550 manat təşkil etməsi qeyd edilmişdir. 12 mart 2025-ci il tarixli nəqliyyat vasitəsinin təhvil alınmasına dair aktın və eynitarixli qüsur aktının tərtib edilməsində cavabdehin iştirak etmədiyini, iş üzrə əldə edilmiş mütəxəssis rəyinin iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş həmin aktlar əsasında hazırlandığını, iddiaçının nümayəndəsinin izahatına əsasən avtomobilin artıq təmir olunduğunu və cavabdehin qüsur aktında qeyd edilən ehtiyat hissələrindən yalnız bir qisminin zədələnməsi ilə razılaşdığını nəzərə alaraq məhkəmə hesab edir ki, dəymiş ziyanın məbləği müəyyən edilərkən cavabdehin ziyan dəydiyi ilə razılaşdığı ehtiyat hissələrinin mütəxəssis rəyi üzrə müəyyənləşdirilmiş qiymətləri əsas götürülməlidir. Belə olduğu halda, ziyan dəymiş maşının hissələri və ziyanın məbləği aşağıdakı qaydada müəyyənləşdirilməlidir: sağ və sol fara (108,8 manat), ön bufer (96 manat), ön sağ padkrelnik (25,6 manat), sağ, sol duman faraları (51,2 manat), duman faraları kantı (8,96 manat), üst setka (38,4 manat), alt setka (38,4 manat), sağ vetrovik (16 manat), cihazlar paneli (şit) (192 manat), siqnal (7,68 manat), şitin dizliyi (32 manat), bardaçok (32 manat), təhlükəsizlik yastığı (70,4 manat), alın şüşəsi (ön podpres) (76,8 manat), peçin motoru (70,4 manat), bakavin (163,2 manat), panel (70,4 manat), ön kapot (140,8 manat), sağ ön krılo (64 manat), ön sağ qapı (188,8 manat), şveller (38,4 manat), gidrousilitel (sükanın gücləndiricisi) (96 manat), ATF-sükan mayesi (3,2 manat), alt çaşka (35,2 manat), ön stupsia (8,96 manat), disk (25,6 manat), təkər (51,2 manat), qranat-palos (140,16 manat), əyləc şlanqı (7,68 manat), ön sağ amortizator (44,8 manat), rulevoy (sükan idarəetmə mexanizmi) (300 manat), travers (179,2 manat), əyləc mayesi (3,2 manat), ABS datçiki (17,92 manat) olmaqla, ümumilikdə 2443,36 manat. Bundan başqa, 12 mart 2025-ci il tarixli qüsur aktında usta xidmətlərinin dəyərinin 2350 manat məbləğində təşkil etdiyi, 22 yanvar 2026-cı il tarixli mütəxəssis rəyində isə usta xidmətlərinin dəyərinin 2550 manat məbləğində hesablandığı qeyd edilmişdir. Usta xidmətlərinin dəyərinin qüsur aktında daha az məbləğdə müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, bu hissədə mütəxəssis rəyində hesablanmış dəyər deyil, məhz qüsur aktında müəyyən edilmiş dəyər nəzərə alınmalıdır. Bundan başqa, iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini avtomobil icarəyə götürülərkən cavabdeh tərəfindən ödənilmiş 300 manat məbləğində depozit hissəsində nəzərə alınmamasına etiraz etmədiyini və iddia tələbini 300 manat məbləğində hissədə müdafiə etmədiyini bildirdiyindən, həmin məbləğ də nəzərə alınmalı, nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 4493,36 (2443,36 + 2350 - 300) manat məbləğində müəyyən edilməldir. Qeyd edilməlidir ki, xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında cavabdeh avtomobilə dəymiş ziyanın 2500-2600 manat məbləğində olduğunu bildirmişdir. İşin məhkəmə baxışına hazırlanması yekunlaşanadək bu barədə müvafiq sübutları təqdim etmək hüququ ona izah edilməsinə baxmayaraq, onun tərəfindən etirazını təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin avtomobilə dəymiş ziyanın məbləğinin daha az olması barədə dəlillərini əsaslı hesab etmir. Bundan başqa, iddia tələbinin etibarnamə alınması üçün ödənilmiş 17,25 manat məbləğində notariat haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən nümayəndəsinə verilmiş 17 fevral 2024-cü il tarixli etibarnamənin alınması üçün 17,25 manat notariat haqqı ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 17,25 manat məbləğində notariat haqqının əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bunlardan əlavə, iş materiallarında olan 11 sentyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 104,64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 64,93 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, "xxxx" MMC-nin 22 yanvar 2026-cı il tarixli AS 01-005/26 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılan tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4493,36 manat məbləğində zərərin, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat məbləğində notariat haqqının və 64,93 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4575,54 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçıya xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4493,36 (dörd min dörd yüz doxsan üç manat, otuz altı qəpik) manat məbləğində zərərin, 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manat məbləğində notariat qaydasında çəkilmiş xərcin və ödənilmiş 64,93 (altmış dörd manat, doxsan üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4575,54 (dörd min beş yüz yetmiş beş manat, əlli dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1880/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1880/2025
02.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver