Məhkəmə qərarları › İş №e-2-2(119)-1918/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1918/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1918/2024 03.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Azərbaycan Respublikası Quba rayonu Zərdabi Bələdiyyəsinə qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdeh Azərbaycan Respublikası Quba rayonu Zərdabi Bələdiyyəsinə qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Quba rayonu Zərdabi Bələdiyyəsindən xx.xx.2024-cü il tarixinə ödənilməli olan icarə haqqı borcu üzrə 1619.2 (min altı yüz on doqquz manat iyirmi qəpik) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslanmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Quba rayonu, Zərdabi Bələdiyyəsi arasında Quba rayonu, Zərdabi qəsəbəsi ünvanında 2 mərtəbəli binanın 2-ci mərtəbəsinin bir hissəsində yerləşən 83.8 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2179/369 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Beləliklə, icarə müqaviləsi üzrə cavabdehin dövlət büdcəsinə ödənilməli olan 1619.2 (min altı yüz on doqquz manat iyirmi qəpik) manat icarə haqqı borcu vardır. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-14640/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir.

3. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

4. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

5. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

7. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

8. Məhkəmə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Azərbaycan Respublikası Quba rayonu Zərdabi Bələdiyyəsinə qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir.

9. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

10. Belə ki, iş materiallarında olan icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Azərbaycan Respublikası Quba rayonu Zərdabi Bələdiyyəsi (VÖEN **********) arasında bağlanmış “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 06 aprel 2022-cü il tarixli 2179/369 nömrəli icarə müqavilənin 1.1-ci bəndinə əsasən “icarəyəverən” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Quba rayonu, Zərdabi qəsəbəsi (registr № ***-*******5-001) ünvanında 2 mərtəbəli binanın 2-ci mərtəbəsinin bir hissəsində yerləşən, ümumi 83.8 m2 təşkil edən Quba Rayon İcra Hakimiyyəti, Zərdabi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin balansında olan qeyri-yaşayış sahəsini ofis məqsədilə “İcarəçi” Azərbaycan Respublikası Quba rayonu Zərdabi Bələdiyyəsinə müddətli istifadəsinə verir.

11. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bir aylıq icarə haqqı: 62.64 manatdır. Aylıq icarə haqqının 100%-i (ƏDV-siz) - 62.64 ( altmış iki manat 64 qəpiq ) manat, illik icarə haqqının 100%-i (ƏDV-siz) - 751.68 (yeddi yüz əlli bir manat 68 qəpik) manat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53NABZ ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T. bik: NABZAZ2C) ödənilməlidir.

12. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, dövlət büdcəsinə ödəniləcək aylıq icarə haqqı “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” 2007-ci il 29 noyabr tarixli 191 nömrəli Qərarına uyğun olaraq(müəyyən edilən icarə haqqının minimum məbləğindən az olmamaq şərti ilə) tərəflərin-“İcarəçi” və “lcarəyəverən"nin razılığı ilə müəyyən edilmişdir.

13. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən İcarə müqaviləsinin müddəti xx.xx.2022- ci il tarixdən xx.xx.2024-cü il tarixinədək müəyyən edilir.

14. Həmin müqavilənin 4-cü bəndinə əsasən, İcarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə, sahədən səmərəli və təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirmək, İcarə predmetini "İcarəçi"yə vermək “İcarəyəverən”in hüquq və vəzifələridir

15. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, İcarə müddəti ərzində icarə haqqını cari ayın 10-dək ödəmək icarəçinin vəzifəsidir.

16. İş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, Azərbaycan Respublikası Quba rayonu Zərdabi Bələdiyyəsi tərəfindən icarə müqaviləsi üzrə 1079,23 manat məbləğində icarə borcu ödənilsədə, 1619,2 (min altı yüz on doqquz manat iyirmi qəpik) manat ödənilməmiş icarə borcu qalmışdır.

17. İş materiallarından görünür ki, icarə haqqı borcunun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

19. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Azərbaycan Respublikası Quba rayonu Zərdabi Bələdiyyəsi arasında “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 06 aprel 2022-cü il tarixli 2179/369 nömrəli icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Quba rayonu, Zərdabi qəsəbəsi (registr № ***-*******5-001) ünvanında 2 mərtəbəli binanın 2-ci mərtəbəsinin bir hissəsində yerləşən, ümumi 83.8 m2 təşkil edən Quba Rayon İcra Hakimiyyəti, Zərdabi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin balansında olan qeyri-yaşayış sahəsini ofis məqsədilə icarəçinin müvəqqəti istifadəsinə verilmişdir. İcarəçi tərəfindən ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə icarə haqqı ödənilsə də, Azərbaycan Respublikası Quba rayonu Zərdabi Bələdiyyəsi öhdəliyini tam icra etməyərək sözügedən icarə müqaviləsi üzrə icarə haqqı borcunu tam ödəməmişdir. Buna görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ödənilməmiş 1619,2 (min altı yüz on doqquz manat iyirmi qəpik) manat məbləğində icarə haqqının cavabdeh Azərbaycan Respublikası Quba rayonu Zərdabi Bələdiyyəsindən tutulması üçün məhkəməyə müraciət olunmuşdur.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Azərbaycan Respublikası Quba rayonu Zərdabi Bələdiyyəsi arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, sözügedən müqavilə üzrə ödənilməmiş 1619,2 (min altı yüz on doqquz manat iyirmi qəpik) manat məbləğində icarə haqqı borcu cavabdeh Azərbaycan Respublikası Quba rayonu Zərdabi Bələdiyyəsindən tutularaq iddiaçıya ödənilməlidir.

22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

24. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Quba rayonu Zərdabi Bələdiyyəsindən 1619,2 (min altı yüz on doqquz manat iyirmi qəpik) manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməlidir.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Quba rayonu Zərdabi Bələdiyyəsindən (VÖEN **********) 1619,2 (min altı yüz on doqquz manat iyirmi qəpik) manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar