Məhkəmə qərarları › İş №e-2-2(119)-1932/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1932/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1932/2024 05.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Hüseynov Müşfiq Əmrah oğluna və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Hüseynov Müşfiq Əmrah oğluna və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 11 iyul 2023-cü il tarixli, SHMMK-2236 saylı kredit müqaviləsi üzrə 1305,34 (min üç yüz beş manat otuz dörd qəpik) manat məbləğində əsas borc, 90,66 (doxsan manat altmış altı qəpik) manat məbləğində faiz borcu, 16,67 (on altı manat altmış yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1412,67 (min dörd yüz on iki manat altmış yeddi qəpik) manat məbləğində borcun və 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə cavabdeh – Hüseynov Müşfiq Əmrah oğlu arasında bağlanmış 11 iyul 2023-cü il tarixli, SHMMK-2236 saylı kredit müqaviləsinə əsasən illik 24 % (iyirmi dörd) faiz dərəcəsi olmaqla 18 (on səkkiz) ay müddətinə 3000 (üç min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 11 iyul 2023-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 11 iyul 2023-cü il tarixli, SHMMK-2236 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 11 iyul 2023-cü il tarixli, SHMMK-2236 nömrəli kredit müqaviləsinin şərtlərinə görə borcalan Hüseynov Müşfiq Əmrah oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 11 iyul 2023-cü il tarixli, SHMMK-2236 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 11-dən gec olmayaraq hər ay 200,11 (iki yüz manat on bir qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh Hüseynov Müşfiq Əmrah oğlunun 11 iyul 2023-cü il tarixli, SHMMK-2236 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1305,34 (min üç yüz beş manat otuz dörd qəpik) manat, faiz borcuna görə 90,66 (doxsan manat altmış altı qəpik) manat, dəbbə borcuna görə 16,67 (on altı manat altmış yeddi qəpik) manat olmaqla, cəmi 1412,67 (min dörd yüz on iki manat altmış yeddi qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1 və Hüseynov Müşfiq Əmrah oğlundan 11 iyul 2023-cü il tarixli, SHMMK-2236 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1305,34 (min üç yüz beş manat otuz dörd qəpik) manat, faiz borcuna görə 90,66 (doxsan manat altmış altı qəpik) manat, dəbbə borcuna görə 16,67 (on altı manat altmış yeddi qəpik) manat olmaqla, cəmi 1412,67 (min dörd yüz on iki manat altmış yeddi qəpik) manat pul tutulmalıdır. 05 dekabr 2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək cavabdehlər Hüseynov Müşfiq Əmrah oğlundan və Cavabdeh1 müştərək qaydada 11 iyul 2023-cü il tarixli SHMMK-2236 saylı kredit müqaviləsi üzrə 1255,34 (min iki yüz əlli beş manat otuz dörd qəpik) manat məbləğində əsas borc, 150,15 (yüz əlli manat on beş qəpik) manat məbləğində faiz borcu və 72,91 (yetmiş iki manat doxsan bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1478,4 (min dörd yüz yetmiş səkkiz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin və 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Hüseynov Müşfiq Əmrah oğluna və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti - “borcverən”, Hüseynov Müşfiq Əmrah oğlu - “borcalan”, Cavabdeh1 - “zamin” olmaqla bağlanmış 11 iyul 2023-cü il tarixli, SHMMK-2236 saylı kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borcalana əsas vəsaitlərin artırılması məqsədilə 3000 (üç min) manat məbləğdə kredit verməyi, borcalan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit 18 ay müddətinə verilir. Borcalana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 3000 (üç min) manatdan çox olmamalıdır. Kredit borcalan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 24 (iyirmi dörd) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 25 (iyirmi beş) faiz təşkil edir. İş materiallarında olan ödəniş qrafikinə əsasən borcalan Hüseynov Müşfiq Əmrah oğlunun banka olan borcunun sonuncu ödəniş tarixi 11 yanvar 2025-ci il olmaqla müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini borcalan Cavabdeh2 imza etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 11 iyul 2023-cü il tarixli, SHMMK-2236 saylı nömrəli zaminlik müqaviləsinə əsasən zamin Nəcəfov X1 Müşfiq Əmrah oğlu ilə kreditor (bank) arasında bağlanmış xx.xx.2023 tarixli, SHMMK-2236 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürür. İş materiallarından görünür ki, cavadehlərə 26 sentyabr 2024-cü il tarixdə bildiriş göndərilərək Hüseynov Müşfiq Əmrah oğlunun 24 sentyabr 2024-cü il tarixə 1305,34 (min üç yüz beş manat otuz dörd qəpik) manat əsas borc, 90,66 (doxsan manat altmış altı qəpik) manat faiz borcu və 16,67 (on altı manat altmış yeddi qəpik) manat dəbbə pulu olmaqla, cəmi 1412,67 (min dörd yüz on iki manat altmış yeddi qəpik) manat borcu olduğu bildirilmiş, 3 iş günü müddətində banka olan borcun ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks halda borcun cavabdehlərdən tutulması üçün məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. İş materiallarında olan 24 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Hüseynov Müşfiq Əmrah oğlunun 11 iyul 2023-cü il tarixli, SHMMK-2236 saylı kredit müqaviləsi üzrə 24 sentyabr 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1305,34 (min üç yüz beş manat otuz dörd qəpik) manat əsas borc, 90,66 (doxsan manat altmış altı qəpik) manat faiz borcu və 16,67 (on altı manat altmış yeddi qəpik) manat dəbbə pulu olmaqla, cəmi 1412,67 (min dörd yüz on iki manat altmış yeddi qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 04 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Hüseynov Müşfiq Əmrah oğlunun 11 iyul 2023-cü il tarixli, SHMMK-2236 saylı kredit müqaviləsi üzrə 04 dekabr 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1255,34 (min iki yüz əlli beş manat otuz dörd qəpik) manat əsas borc, 150,15 (yüz əlli manat on beş qəpik) manat faiz borcu və 72,91 (yetmiş iki manat doxsan bir qəpik) manat dəbbə pulu olmaqla, cəmi 1478,4 (min dörd yüz yetmiş səkkiz manat qırx qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul Hüseynov Müşfiq Əmrah oğlu 11 iyul 2023-cü il tarixli, SHMMK-2236 saylı kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcu müvafiq qaydada ödəməmiş və ondan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Hüseynov Müşfiq Əmrah oğlu arasında bağlanmış 11 iyul 2023-cü il tarixli, SHMMK-2236 saylı kredit müqaviləsi üzrə 1255,34 (min iki yüz əlli beş manat otuz dörd qəpik) manat məbləğində əsas bоrc iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində 04 dekabr 2024-cü il tarixə 150,15 (yüz əlli manat on beş qəpik) manat məbləğində məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 11 iyul 2023-cü il tarixli, SHMMK- 2236 saylı kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 26 sentyabr 2024-cü il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı və həmin məktubda göstərilmiş 90,66 (doxsan manat altmış altı qəpik) manat məbləğində faiz bоrcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 72,91 (yetmiş iki manat doxsan bir qəpik) məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq 11 iyul 2023-cü il tarixli, SHMMK-2236 saylı kredit müqaviləsi üzrə iddiaçının xeyrinə 60 (altmış) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 11 iyul 2023-cü il tarixli, SHMMK-2236 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borcalanın kreditor (bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürürmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 34,06 (otuz dörd manat altı qəpik) manat təşkil edir. Buna görə məhkəmə hesab edir ki, cavabdehlər Hüseynov Müşfiq Əmrah oğlundan və Cavabdeh1 müştərək qaydada 34,06 (otuz dörd manat altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Hüseynov Müşfiq Əmrah oğlundan və Cavabdeh1 müştərək qaydada 1255,34 (min iki yüz əlli beş manat otuz dörd qəpik) manat məbləğində əsas bоrc, 90,66 (doxsan manat altmış altı qəpik) manat məbləğində faiz borcu, 60 (altmış) manat məbləğində cərimə və 34,06 (otuz dörd manat altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1440,06 (min dörd yüz qırx manat altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Hüseynov Müşfiq Əmrah oğlundan və Cavabdeh1 müştərək qaydada 1255,34 (min iki yüz əlli beş manat otuz dörd qəpik) manat məbləğində əsas bоrc, 90,66 (doxsan manat altmış altı qəpik) manat məbləğində faiz borcu, 60 (altmış) manat məbləğində cərimə və 34,06 (otuz dörd manat altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1440,06 (min dörd yüz qırx manat altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar