Məhkəmə qərarları › İş №e-2-2(119)-1933/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1933/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1933/2024 05.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17 noyabr 2023-cü il tarixli, SHMMK2389 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3962,84 (üç min doqquz yüz altmış iki manat 84 qəpik) manat, faiz borcuna görə 332,47 (üç yüz otuz iki manat 47 qəpik) manat, cəmi 4295,31 (dörd min iki yüz doxsan beş manat 31 qəpik) manat məbləğində pulun və 63 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şamaxı filialı ilə Cavabdeh2 arasında bağlanmış 17 noyabr 2023-cü il tarixli, SHMMK-2389 saylı kredit müqaviləsinə əsasən illik 24 % (iyirmi dörd) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 17 noyabr 2023-cü il tarixdə İddiaçıASC-nin Şamaxı filialı ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 17 noyabr 2023-cü il tarixli, SHMMK-2389 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 17 noyabr 2023-cü il tarixli, SHMMK-2389 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri vəəsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 17 noyabr 2023-cü il tarixli, SHMMK-2389 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 17-dan gec olmayaraq hər ay 264,36 (iki yüz altmış dörd manat 36 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 17 noyabr 2023-cü il tarixli, SHMMK-2389 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3962,84 (üç min doqquz yüz altmış iki manat 84 qəpik) manat, faiz borcuna görə 332,47 (üç yüz otuz iki manat 47 qəpik) manat, cəmi məbləği 4295,31 (dörd min iki yüz doxsan beş manat 31 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17 noyabr 2023-cü il tarixli, SHMMK2389 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3962,84 (üç min doqquz yüzaltmış iki manat 84 qəpik) manat, faiz borcuna görə 332,47 (üç yüz otuzikimanat 47 qəpik) manat, cəmi 4295,31 (dörd min iki yüz doxsan beş manat 31 qəpik) manat pul tutulmalıdır.

3. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

4. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

5. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

7. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

8. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir.

9. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

10. Belə ki, iş materiallarında olan “Bank” - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “Müştəri” - Cavabdeh2 arasında bağlanmış 751133 nömrəli Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair “Hüquqi şəxslərə və Fərdi Sahibkarlara göstərilən xidmətlər üzrə” Ümumi Şərtlərin 3.1.1-ci bəndinə əsasən, Kredit limiti/Baş kredit müqaviləsinə əsasən X1 və həmin Razılaşmanın ayrılmaz tərkib hissələri hesab edilən digər razılaşmalarda nəzərdə tutulmuş məbləğdə, valyutada, illik faiz dərəcəsi, qaytarılması gecikdirildiyi halda ödəniləcək gecikdirilmə faizi ilə kredit limitini ayırmağı, Müştəri isə razılaşmalar üzrə Bank tərəfindən verilən kredit məhsulundan istifadə etməyi, habelə Razılaşmada və bu Şərtlər Toplusunda nəzərdə tutulmuş şərtlər daxilində pul öhdəliyini icra etməyi öhdəsinə götürür.

11. Ümumi Şərtlərin 3.2.1-ci bəndinə əsasən, Kredit müqaviləsinə əsasən Bank Müştəriyə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməyi, Müştəri isə həmin Müqavilədə, Razılaşmada və hazırki Şərtlər Toplusunda nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti, kreditə hesablanmış faizləri, komisyon haqqı, öhdəliyin icra edilməməməsinə, lazmınca icra edilməməsinə və ya gecikdirilməsinə görə hesablanan faizivə digər ödənişləri Banka ödəməyi öhdəsinə götürür.

12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 17 noyabr 2023-cü il tarixli, SHMMK-2389 nömrəli Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə Kredit verilməsinə dair Əsas şərtlər – Razılaşmaya əsasən illik 24 % (iyirmi dörd) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) manat məbləğində Cavabdeh2 kredit verilmişdir.

13. Həmin Razılaşmanın 3.1-ci bəndinə əsasən, Müştəri aldığı krediti Ümumi Şərtlərdə və bu Razılaşmada nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan "Kreditin ödəniş cədvəl(lər)i”nə uyğun olaraq Banka qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, gecikmə faizlərini, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür.

14. İş materiallarında olan ödəniş qrafikinə əsasən müştəri Cavabdeh2 banka olan borcunun sonuncu ödəniş tarixi 17 noyabr 2025-ci il olmaqla müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini müştəri Cavabdeh2 imza etmişdir.

15. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 bağlanmış 17 noyabr 2023-cü il tarixli, SHMMK-2389 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu Müqavilənin predmeti 751133 nömrəli “Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər, Ümumi Şərtlər üzrə xx.xx.2023 tarixli SHMMK-2389 nömrəli Kredit verilməsinə dair Əsas şərtlər- Razılaşma, habelə Ümumi Şərtlər üzrə bağlanılacaq bütün Razılaşmalara əsasən bankdan kredit götürmüş Cavabdeh2 (VOEN: **********) tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir.

16. 17 noyabr 2023-cü il tarixli, SHMMK-2389 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 kredit almış borc alanın kreditor (bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

17. İş materiallarında olan 25 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh2 17 noyabr 2023-cü il tarixli, SHMMK-2389 saylı müqaviləsi üzrə 24 sentyabr 2024-cü il tarixinə əsas borc üzrə 3962,84 (üç min doqquz yüz altmış iki manat 84 qəpik) manat, faiz borcu üzrə 332,47 (üç yüz otuz iki manat 47 qəpik) manat olmaqla, cəmi məbləği 4295,31 (dörd min iki yüz doxsan beş manat 31 qəpik) manat borcu vardır.

18. İş materialların olan “Girov Saxlayan" İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “Girov Qoyan” və “Borcalan” Cavabdeh2 arasında bağlanmış 17 noyabr 2023-cü il tarixli SHMMK-2389 nömrəli Girov müqaviləsinə əsasən, Girov qoyan 17 noyabr 2023-cü il tarixli SHMMK-2389 müqaviləsinə əsasən Girov saxlayan qarşısında olan kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bu Müqavilənin 3-cü bəndində göstərilən əmlakı girovla yüklü edir.

19. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən, Kredit müqaviləsi üzrə kreditin verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səviyyəsinin müəyyən edilməsi üçün əmlakın likvid dəyəri 3200 (üç min iki yüz) manat, bazar dəyəri 3300 (üç min üç yüz) manat dəyərində ev əşyaları və likvid dəyəri 5000 (beş min) manat, bazar dəyəri 5100 (beş min bir yüz) manat dəyərində əsas vəsaitlər (3 baş İBM ) müəyyən edilmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

21. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

22. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

23. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

24. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

25. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən, İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.

26. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh2 (VÖEN **********) 17 noyabr 2023-cü il tarixli, SHMMK-2389 nömrəli Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə Kredit verilməsinə dair Əsas şərtlər – Razılaşma bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Kredit alan Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zamin Cavabdeh1 da borcverən Bank qarşısında öhdəlikləri yaranmışdır.

27. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə 63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

32. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

33. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

35. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

36. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).

37. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN **********) 751133 nömrəli Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair “Hüquqi şəxslərə və Fərdi Sahibkarlara göstərilən xidmətlər üzrə” Ümumi Şərtlərini və 17 noyabr 2023-cü il tarixli, SHMMK-2389 nömrəli Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə Kredit verilməsinə dair Əsas şərtlər – Razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir.

38. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 17 noyabr 2023-cü il tarixli, SHMMK-2389 nömrəli Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair Ümumi Şərtlər üzrə Kredit verilməsinə dair Əsas şərtlər – Razılaşma üzrə 3962,84 (üç min doqquz yüz altmış iki manat 84 qəpik) məbləğində əsas bоrc və 332,47 (üç yüz otuz iki manat 47 qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə ödənilməlidir.

39. 17 noyabr 2023-cü il tarixli, SHMMK-2389 nömrəli Zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh1 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur.

40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

42. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (VÖEN **********) müştərək qaydada 3962,84 (üç min doqquz yüz altmış iki manat 84 qəpik) məbləğində əsas bоrc və 332,47 (üç yüz otuz iki manat 47 qəpik) manat məbləğində faiz borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

43. Eləcə də, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 63 (altmış üç) manat məbləğində dövlət rüsumu da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

44. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

45. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (VÖEN **********) müştərək qaydada 3962,84 (üç min doqquz yüz altmış iki manat 84 qəpik) manat məbləğində əsas bоrc, 332,47 (üç yüz otuz iki manat 47 qəpik) manat məbləğində faiz borcu və 63 (altmış üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4358,31 (dörd min üç yüz əlli səkkiz manat 31 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə).

Hakim İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar