Məhkəmə qərarları › İş №e-2-2(119)-1938/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1938/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1938/2022 19.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli 003R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 21694,05 (iyirmi bir min altı yüz doxsan dörd manat 05 qəpik) manat əsas, 1430,61 (min dörd yüz otuz manat 61 qəpik) manat faiz borcu və 1167,13 (min yüz altmış yeddi manat 13 qəpik) manat cərimə olmaqla, ümumilikdə 24291,79 (iyirmi dörd min iki yüz doxsan bir manat 79 qəpik) manat məbləğində borcun, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 06 sentyabr 2018-ci il tarixli 003L**********10 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 20 sentyabr 2021-ci İl tarixli 003R********** saylı kredit razılaşması əsasında 30 ay müddətinə aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 22 mart 2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3305,95 manat ödəmiş, onun 21694,05 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 28 iyun 2022-ci il tarixinə 89 gün üçün hesablanmış faiz borcu 1430,61 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. 28 iyun 2022-ci il tarixinə 89 gün üçün hesablanmış cərimə borcu 1167,13 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehlər iştirak etməmişdir. Bu barədə 26 sentyabr 2022-ci il tarixli arayış verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. 28 noyabr 2022-ci il tarixli hazırlıq iclasında işirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Lakin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 28 noyabr 2022-ci il tarixli hazırlıq iclasında işirak edən Cavabdeh3 izahatında Cavabdeh1 arvadı olduğunu, əri sahibkarlıq fəaliyyətini həyata keçirərkən ziyana düşdüyündən kredit borcunu ödəyə bilmədiyini qeyd etmişdir. O, iddia tələbini qismən qəbul etdiyini, əsas borcun məbləği ilə razılaşdığını, lakin əri ziyana düşdüyü üçün kedit razılaşması üzrə faiz borcu və cərimə hesablanmasını düzgün hesab etmədiyini bildirmişdir. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan 06 sentyabr 2018-ci il tarixli 003L**********10 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında göstərilən uzunmüddətli kredit müqaviləsinə uyğun olaraq bağlanmış 20 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli kredit razılaşmasının 1-ci bəndinə görə bank məbləği 25000 manat olan krediti aylıq faiz dərəcəsi 1,6667% olmaqla 30 ay müddətidə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.2.2-ci bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 06 sentyabr 2018-ci il tarixli 03S**********05 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 06 sentyabr 2018-cı il tarixli 03S**********04 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 28 iyun 2022-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 21694,05 manat məbləğində əsas borcu, 1430,61 manat məbləğində faiz borcu və 1167,13 manat məbləğində cərimə olmaqla, cəmi 24291,79 manat məbləğində borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: -tərəflər arasında bağlanmış kredit razılaşmasının ləğv edilməsi; -kredit razılaşması üzrə yaranmış borcun ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin faktiki hallan ilə təsdiq olunur ki, Cavabdeh1 kredit razılaşmasına əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia kredit razılaşmasının ləğv olunması hissəsində təmin edilməlidir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallan ilə təsdiq olunur ki, Cavabdeh1 kredit razılaşmasına əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 21694,05 manat məbləğində əsas borc və 1430,61 manat məbləğində faiz borcu iddiaçının xeyrinə ödənilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar 06 sentyabr 2018-ci il tarixli 03S**********05 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və 06 sentyabr 2018-ci il tarixli 03S**********04 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 həmin müqavilələrin 1,1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın ”1167,13 manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmi 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalmz tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxanda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 21694,05 manat məbləğində əsas borc, 1430,61 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə olmaqla, cəmi 23224,66 manat məbləğində pul vəsaiti tutulmalı və Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli kredit razılaşması ləğv edilməlidir. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməli olan dövlət rüsumu 159,67 manat təşkil edir. Lakin iddiaçı məhkəməyə müraciət edərkən 0,10 manat dövlət rüsumu ödədiyinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 159,57 (yüz əlli doqquz manat 57 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat +10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1 -ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasıya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasıya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasıya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 (VÖEN: **********), Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 21694,05 (iyirmi bir min altı yüz doxsan dörd manat 05 qəpik) manat məbləğində əsas borc, 1430,61 (min dörd yüz otuz manat 61 qəpik) manat məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 23424,66 (iyirmi üç min dörd yüz iyirmi dörd manat 66 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli 003R********** nömrəli Kredit razılaşması ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 159,57 (yüz əlli doqquz manat 57 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar