Məhkəmə qərarları › İş №e-2-2(119)-1938/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1938/2024

29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1938/2024 29.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10890,67 (on min səkkiz yüz doxsan manat altmış yeddi qəpik) manat məbləğində əsas borc, 1350,06 (min üç yüz əlli manat altı qəpik) manat məbləğində faiz borcu və 392,07 (üç yüz doxsan iki manat yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 12632,80 (on iki min altı yüz otuz iki manat səksən qəpik) məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 127,9 (yüz iyirmi yeddi manat doxsan qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 28 mart 2023-cü il tarixli 011L**********76 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 28 mart 2023-cü il tarixli 011R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 (on üç min) manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 03 yanvar 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2109,33 (iki min yüz doqquz manat otuz üç qəpik) manat ödəmiş, onun 10890,67 (on min səkkiz yüz doxsan manat altmış yeddi qəpik) manat kredit borcu qalmışdır. Uzun müddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytanlmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Ona görə də Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05 iyul 2024-cü il tarixə 180 gün üçün hesablanmış faiz borcu 1350,06 (min üç yüz əlli manat, altı qəpik) manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9cu bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir. 05 iyul 2024-cü il tarixə 180 gün üçün hesablanmış cərimə 392,07 (üç yüz doxsan iki manat, yeddi qəpik) manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. 28 dekabr 2024-cü il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edilərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1 – “kredit alan” və Cavabdeh2 - “zamin” olmaqla bağlanmış 28 mart 2023-cü il tarixli 011L**********76 saylı uzunmüddətli kredit və təminat müqaviləsi müqaviləsinin 2-ci bəndinə görə kredit alana 120 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə görə zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1 – “kredit alan” olmaqla bağlanmış 28 mart 2023-cü il tarixli 011R********** saylı kredit sazişi biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 13000 (on üç min) manat olan biznes kreditini illik faiz dərəcəsi 23 (iyirmi üç) % olmaqla 36 ay müddətinə kredit alana verir. Həmin razılaşmaya görə AZ82ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 13000 (on üç min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 03 aprel 2026-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin ödəniş planı borcalan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 05 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 28 mart 2023-cü il tarixl 011R********** saylı kredit razılaşması– biznes krediti üzrə 05 iyul 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 10890,67 (on min səkkiz yüz doxsan manat altmış yeddi qəpik) manat məbləğində əsas borcu, 1350,06 (min üç yüz əlli manat altı qəpik) manat məbləğində faiz borcu və 392,07 (üç yüz doxsan iki manat yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 12632,80 (on iki min altı yüz otuz iki manat səksən qəpik) məbləğində manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 05 iyul 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 10890,67 (on min səkkiz yüz doxsan manat altmış yeddi qəpik) manat məbləğində əsas borcu, 1350,06 (min üç yüz əlli manat altı qəpik) manat məbləğində faiz borcu və 392,07 (üç yüz doxsan iki manat yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 12632,80 (on iki min altı yüz otuz iki manat səksən qəpik) məbləğində manat məbləğində borclarının olduğu bildirilmiş, borcun 15 iyul 2024-cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh1 (VÖEN: **********) 28 mart 2023-cü il tarixli 011L**********76 saylı uzunmüddətli kredit və təminat müqaviləsi və 28 mart 2023-cü il tarixl 011R********** saylı kredit razılaşması–biznes krediti və girov barədə qarışıq razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 mart 2023-cü il tarixl 011R********** saylı kredit razılaşması–biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 10890,67 (on min səkkiz yüz doxsan manat altmış yeddi qəpik) manat məbləğində əsas borc, 1350,06 (min üç yüz əlli manat altı qəpik) manat məbləğində faiz borcu və 392,07 (üç yüz doxsan iki manat yeddi qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 28 mart 2023-cü il tarixli 011L**********76 saylı uzunmüddətli kredit və təminat müqaviləsi zamin Cavabdeh2 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 127,9 (yüz iyirmi yeddi manat doxsan qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 127,9 (yüz iyirmi yeddi manat doxsan qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10890,67 (on min səkkiz yüz doxsan manat altmış yeddi qəpik) manat məbləğində əsas borc, 1350,06 (min üç yüz əlli manat altı qəpik) manat məbləğində faiz borcu, 392,07 (üç yüz doxsan iki manat yeddi qəpik) manat məbləğində cərimə və 127,90 (yüz iyirmi yeddi manat doxsan qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12760,70 (on iki min yeddi yüz altmış manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10890,67 (on min səkkiz yüz doxsan manat altmış yeddi qəpik) manat məbləğində əsas borc, 1350,06 (min üç yüz əlli manat altı qəpik) manat məbləğində faiz borcu, 392,07 (üç yüz doxsan iki manat yeddi qəpik) manat məbləğində cərimə və 127,90 (yüz iyirmi yeddi manat doxsan qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12760,70 (on iki min yeddi yüz altmış manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar