Məhkəmə qərarları › İş №e-2-2(119)-1969/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1969/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1969/2025 26.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 5053,33 (beş min əlli üç manat otuz üç qəpik) manat məbləğində əsas bоrc, 433,71 (dörd yüz otuz üç manat yetmiş bir qəpik) manat məbləğində faiz bоrcu və 40,06 (qırx manat altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 5527,1 (beş min beş yüz iyirmi yeddi manat on qəpik) manat məbləğində bоrcun və 75,27 (yetmiş beş manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 30 sentyabr 2024-cü il tarixli 011A********** nömrəli krеdit müqaviləsi əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,3333% оlmaqla, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində krеdit götürmüşdür. O, kredit müqaviləsinin 1.3-cü bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1946,67 manat ödəniş etmiş və оnun iddiaçıya 5053,33 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. O, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 127 gün üçün hesablanmış faiz borcu 433,71 manat, cərimə 40,06 manat təşkil edir. Göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. 25 dekabr 2025-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1 – “kredit alan” olmaqla bağlanmış 30 sentyabr 2024-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsinə əsasən bank məbləği 7000 (yeddi min) manat olan krediti aylıq faiz dərəcəsi 2,3333 % olmaqla 18 ay müddətinə kredit alana verir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.2 bəndi ilə müəyyən edilmiş illik faizin 1/360 hissəsi kimi hesablanır. Həmin müqavilənin 4.1.5-ci bəndinə əsasən kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikən gün üçün kredit qalığına həmin bənddə göstərilmiş düstur əsasında müəyyən edilmiş faiz məbləğində gecikdirilmə faizi hesablamaq hüququna malikdir. Bank hesablanmış gecikdirilmə faizini öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesabından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin gecikdirilmə faizinin ödənilməsini kredit alandan tələb edir. İş materiallarında olan ödəniş planında borcalan Cavabdeh1 30 sentyabr 2024-cü il tarixli 011A********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşma üzrə banka olan borcunun son ödəniş tarixi 07 aprel 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında bağlanmış 30 sentyabr 2024-cü il tarixli 011G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 29 iyul 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 5293,33 (beş min iki yüz doxsan üç manat otuz üç qəpik) manat məbləğində əsas bоrc, 393,55 (üç yüz doxsan üç manat əlli beş qəpik) manat məbləğində faiz bоrcu və 25,43 (iyirmi beş manat qırx üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 5712,31 (beş min yeddi yüz on iki manat otuz bir qəpik) manat məbləğində borc olduğu bildirilmiş, borcun 08 avqust 2025-ci il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 12 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 30 sentyabr 2024-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə 12 avqust 2025-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 5053,33 (beş min əlli üç manat otuz üç qəpik) manat məbləğində əsas bоrc, 433,71 (dörd yüz otuz üç manat yetmiş bir qəpik) manat məbləğində faiz bоrcu və 40,06 (qırx manat altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 5527,1 (beş min beş yüz iyirmi yeddi manat on qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 10 dekabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 30 sentyabr 2024-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə 10 dekabr 2025-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 4316,39 (dörd min üç yüz on altı manat otuz doqquz qəpik) manat məbləğində əsas bоrc, 475,2 (dörd yüz yetmiş beş manat iyirmi qəpik) manat məbləğində faiz bоrcu və 152,46 (yüz əlli iki manat qırx altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4944,05 (dörd min doqquz yüz qırx dörd manat beş qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən 30 sentyabr 2024-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi 08 avqust 2025-ci il tarixdə ödənilmiş 240 manat pul əsas borca, 05 sentyabr 2025-ci il tarixdə ödənilmiş 240 manat puldan 130,87 manat əsas borca, 109,13 manat faiz borcuna, 06 oktyabr 2025-ci il tarixdə ödənilmiş 240 manat pul əsas borca, 05 noyabr 2025-ci il tarixdə ödənilmiş 240 manat puldan 126,07 manat əsas borca, 111,79 manat faiz borcuna, 2,14 manat cərimə borcuna və 05 dekabr 2025-ci il tarixdə ödənilmiş 240 manat pul əsas borca silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin o, 30 sentyabr 2024-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kreditin verilməsinə dair müqavilə üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc iddiaçının xeyrinə tutulmalıdır. 30 sentyabr 2024-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən 10 dekabr 2025-ci il tarixdə təqdim edilmiş maliyyə arayışı nəzərə alınmalıdır. Belə ki, 10 dekabr 2025-ci il tarixdə təqdim olunmuş maliyyə arayışında Cavabdeh1 30 sentyabr 2024-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 4316,39 (dörd min üç yüz on altı manat otuz doqquz qəpik) manat məbləğində əsas borcunun qaldığı qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, 30 sentyabr 2024-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə 4316,39 (dörd min üç yüz on altı manat otuz doqquz qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia qaldırarkən 30 sentyabr 2024-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə 12 avqust 2025-ci il tarixinə hesablanmış 433,71 (dörd yüz otuz üç manat yetmiş bir qəpik) manat məbləğində faiz borcunun iddiaçının xeyrinə ödənilməsini tələb etmişdir. Bildirilir ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərə 29 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək 30 sentyabr 2024-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə 5293,33 (beş min iki yüz doxsan üç manat otuz üç qəpik) manat məbləğində əsas bоrc, 393,55 (üç yüz doxsan üç manat əlli beş qəpik) manat məbləğində faiz bоrcu və 25,43 (iyirmi beş manat qırx üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 5712,31 (beş min yeddi yüz on iki manat otuz bir qəpik) manat məbləğində borc olduğu bildirilmiş, borcun 08 avqust 2025-ci il tarixədək qaytarılması tələb olunmuşdur. Buna baxmayaraq həmin tarixdən sonra da bank tərəfindən faiz borcu kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanmış və 05 sentyabr 2025-ci il tarixdə ödənilmiş 240 manatın 109,13 manat hissəsi faiz borcundan, 05 noyabr 2025-ci il tarixdə ödənilmiş 240 manatın 111,79 manat hissəsi faiz borcundan silinmişdir. Buna görə iddia tələbi “433,71 (dörd yüz otuz üç manat yetmiş bir qəpik) faiz borcunun iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilməli, 30 sentyabr 2024-cü il tarixli 011A********** nömrəli kredit müqaviləsi üzrə 172,63 (yüz yetmiş iki manat altmış üç qəpik) məbləğində faiz borcu (xəbərdarlıq məktubunda göstərilmiş 393,55 manat faiz borcu – 109,13 manat – 111,79 manat = 172,63 manat) iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə iddianın “40,06 (qırx manat altı qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 30 sentyabr 2024-cü il tarixli 011G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “75,27 (yetmiş beş manat iyirmi yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə olaraq hesablanmış 64,89 (altmış dörd manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4316,39 (dörd min üç yüz on altı manat otuz doqquz qəpik) manat məbləğində əsas bоrc, 172,63 (yüz yetmiş iki manat altmış üç qəpik) manat məbləğində faiz borcu, 40,06 (qırx manat altı qəpik) manat məbləğində cərimə və 64,89 (altmış dörd manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4553,91 (dörd min beş yüz əlli üç manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4316,39 (dörd min üç yüz on altı manat otuz doqquz qəpik) manat məbləğində əsas bоrc, 172,63 (yüz yetmiş iki manat altmış üç qəpik) manat məbləğində faiz borcu, 40,06 (qırx manat altı qəpik) manat məbləğində cərimə və 64,89 (altmış dörd manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4553,91 (dörd min beş yüz əlli üç manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar