Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-197/2024 30.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı 16 yanvar 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 avqust 2014-cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit Müqaviləsi üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 1368,27 (min üç yüz altmış səkkiz manat 27 qəpik) manat əsas borc və 2289,25 (iki min iki yüz səksən doqquz manat 25 qəpik) manat faiz borcu olmaqla, cəmi 3657,52 (üç min altı yüz əlli yeddi manat 52 qəpik) manat məbləğində borcun və mediasiya prosesi ilə bağlı ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, birgə borclular Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ilə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış 27 avqust 2014-cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit Müqaviləsi əsasında ticarət məqsədilə cavabdehlər Cavabdeh3 1800 (min səkkiz yüz) manat, Cavabdeh1 1800 (min səkkiz yüz) manat və Cavabdeh2 1400 (min dörd yüz) manat olmaqla, illik 27 % olmaqla 24 ay müddətinə toplam 5000 (beş min) manat kredit verilmişdir. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit verən birgə borclulara onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə kredit vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. Birgə borclular qrupunun hər biri borcu qəbul etməyi, bu Müqavilədə göstərilən göstərilən şərtlər daxilində borcu və hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 5.3-cü bəndinə əsasən kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə kredit verən vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 5 % həcmində cərimə tətbiq edir. Lakin, cavabdehlər iddiaçı qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişlər. Belə ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hazırda olan əsas borc üzrə 1368,27 (min üç yüz altmış səkkiz manat, 27 qəpik) manat və faiz borcu üzrə 2289,25 (iki min iki yüz səksən doqquz manat 25 qəpik) manat olmaqla, cəmi 3657,52 (üç min altı yüz əlli yeddi manat 52 qəpik) manat məbləğində ödənilməmiş kredit borcu vardır. İddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borc və borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda kreditverənə ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İş üzrə məhkəmə prosesi başlandıqdan sonra Cavabdeh3 19 aprel 2024-cü ildə “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti ötürüldüyü üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə iddia müddətini tətbiq edib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə 30 iyul 2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi və cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 27 avqust 2014-cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı – “Borc verən”, fiziki şəxslər Cavabdeh3, Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 – “Birgə borclular” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən, ticarət məqsədilə 24 ay müddətinə (27 avqust 2016-cı il tarixinədək), illik 27 % dərəcəsi ilə birgə borclular Cavabdeh3 1800 (min səkkiz yüz) manat, Cavabdeh1 (VÖEN **********) 1800 (min səkkiz yüz) manat və Cavabdeh2 1400 (bir min dörd yüz) manat olmaqla, cəmi 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqavilənin şərtləri əsasında Kredit verən Birgə borclulara onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə kredit vəsaitinin verilməsini, Birgə borclular qrupunun hər biri isə alınmış vəsaitin və ona hesablanmış faiz məzənnəsinin birgə öhdəliyin tam icrasında iştirak etməyə borclu şəkildə ödənilməsini öz öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, birgə borclulardan biri (bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə, bu halda onun (onların) öhdəliyi avtomatik olaraq qalan digər birgə borcluların üzərinə keçir. İş materiallarında olan 27 avqust 2014-cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit Müqaviləsi üzrə alınan kreditin və ona hesablanmış faizlərin qaytarılmasının 27 avqust 2014-cü il tarixli Ödəniş Cədvəllərindən görünür ki, birgə borclular Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Kredit verənə olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəllərini müvafiq qaydada birgə borclular Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 imza etmişlər. X1 əsasən ödənişin son tarixi 27 avqust 2016-cı il müəyyən olunmuşdur. İş materiallarında olan, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən iddia ərizəsi ilə birlikdə təqdim olunmuş borcalan Cavabdeh3 məxsus AZ33ACJT******************** nömrəli Hesabın 01 yanvar 2012-ci il tarixindən 30 dekabr 2014-cü il tarixinədək dövrü əhatə edən Çıxarışından görünür ki, 27 avqust 2014-cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit Müqaviləsi üzrə 27 avqust 2014-cü ildə borcalan Cavabdeh3 aid AZ33ACJT******************** nömrəli Hesaba 1400 manat, 1800 manat və 1800 manat olmaqla, cəmi 5000 manat miqdarında kredit məbləği köçürülmüş və eyni zamanda, borcalan Cavabdeh3 həmin hesabı vasitəsi ilə 27 avqust 2014-cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit Müqaviləsi üzrə 29 sentyabr 2014-cü ildə 271 (iki yüz yetmiş bir) manat məbləğində, 30 oktyabr 2014-cü ildə 272 (iki yüz yetmiş iki) manat məbləğində və 27 noyabr 2014-cü ildə isə 275 (iki yüz yetmiş beş) manat məbləğində kredit ödənişləri həyata keçirilmişdir. İş materiallarında olan, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən ekspertiza tədqiqatı zamanı təqdim edilmiş borcalan Cavabdeh3 məxsus AZ33ACJT******************** nömrəli Hesabın 01 yanvar 2008-ci il tarixindən 30 dekabr 2014-cü il tarixinədək dövrü əhatə edən Çıxarışından görünür ki, 27 avqust 2014cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit Müqaviləsi üzrə 27 avqust 2014-cü ildə borcalan Cavabdeh3 aid AZ33ACJT******************** nömrəli Hesaba 1400 manat, 1800 manat və 1800 manat olmaqla, cəmi 5000 manat miqdarında kredit məbləği köçürülmüş və eyni zamanda, borcalan Cavabdeh3 həmin hesabı vasitəsi ilə 27 avqust 2014-cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit Müqaviləsi üzrə 29 sentyabr 2014-cü ildə 271 (iki yüz yetmiş bir) manat məbləğində, 30 oktyabr 2014-cü ildə 272 (iki yüz yetmiş iki) manat məbləğində və 27 noyabr 2014-cü ildə isə 275 (iki yüz yetmiş beş) manat məbləğində kredit ödənişləri həyata keçirilmişdir. İş materiallarında olan, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən ekspertiza tədqiqatı zamanı təqdim edilmiş borcalan Cavabdeh3 aid AZ33ACJT******************** nömrəli Hesabın 01 yanvar 2015-ci il tarixindən 08 may 2024-cü il tarixinədək dövrü əhatə edən Çıxarışından görünür ki, 27 avqust 2014-cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit Müqaviləsi üzrə sonuncu dəfə 10 yanvar 2019-cu ildə cəmi 50 manat məbləğində kredit ödənişi həyata keçirilmişdir. Göründüyü kimi, 27 avqust 2014-cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit Müqaviləsi borcalan qismində cavabdehlər Cavabdeh3, Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 ilə bağlanmış olsa da, həmin Müqavilə əsasında 5000 manat kredit məbləği Cavabdeh3 məxsus AZ33ACJT******************** nömrəli Hesaba köçürülmüş və eyni zamanda, məlum kredit üzrə aylıq ödənişlər də onun həmin Hesabı vasitəsi ilə iddiaçı (borcverən) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilmişdir. Yəni, tərəflər arasında bağlanmış 27 avqust 2014-cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit Müqaviləsi üzrə bütün kredit əməliyyatları cavabdeh (borcalan) Cavabdeh3 aid AZ33ACJT******************** nömrəli Hesab vasitəsi ilə həyata keçirilmişdir. İş materiallarında olan 13 oktyabr 2023-cü il tarixli Maliyyə Arayışında göstərilir ki, birgə borclular Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 27 avqust 2014-cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit Müqaviləsi üzrə 13 oktyabr 2023-cü il tarixə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 1368,27 manat məbləğində əsas borc və 2289,25 manat məbləğində faiz borcu olmaqla, cəmi 3657,52 manat məbləğində borcu vardır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 06 iyun 2024-cü il tarixli 9/3377 nömrəli Ekspert Rəyindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə birgə borclular Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 27 avqust 2014-cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit Müqaviləsinin şərtləri üzrə 24 avqust 2016-cı il tarixə (1-ci sualda soruşulan tarixə) və 19 aprel 2024-cü il tarixə (2-ci sualda soruşulan tarixə) borcalanların borcu aşağıdakı kimi müəyyən olunur - 1). 24 avqust 2016-cı il tarixə (1-ci sualda soruşulan tarixə illik 27% hesablanmaqla): əsas borc üzrə 1823,66 manat; faiz borcu üzrə 36,93 manat. 2). 19 aprel 2024-cü il tarixə (2-ci sualda soruşulan tarixə): əsas borc üzrə 658,78 manat; faiz borcu üzrə (illik 27%) 0,00 manat, əldən çıxmış fayda borcu üzrə (illik 5%) 173,75 manat. İş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl borcun ödənilməsi üçün cavabdehlərə 20 oktyabr 2023-cü il tarixli “Pretenziya” (xəbərdarlıq) məktubu ilə xəbərdarlıq olunmuş və cavabdehlər ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən mediatora müraciət olunmuşdur (11 dekabr 2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə Arayış). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında cavabdehlər iştirak etməmişlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 27 avqust 2014-cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit müqaviləsi 24 ay müddətinə, yəni 27 avqust 2016-cı il tarixinədək bağlanmışdır və həmin Müqavilə üzrə öhdəliklərin son icra müddəti kimi 27 avqust 2016-cı il tarixi nəzərdə tutulmuşdur. Eyni zamanda, iş materiallarından görünür ki, həmin Müqavilə üzrə sonuncu ödəniş cəmi 50 manat olmaqla 10 yanvar 2019-cu ildə edilmiş olsa da, həmin tarixdən sonra heç bir ödəniş edilməmişdir. Lakin, 27 avqust 2014-cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit Müqaviləsi üzrə verilən bütün kredit məbləğinin Hesabına köçürülən (eyni zamanda, həmin kredit üzrə ödənişlərin edildiyi Hesabın sahibi olan) Cavabdeh3 iddia ərizəsi üzrə məhkəmə prosesi başlandıqdan sonra 19 aprel 2024-cü il tarixli “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürüldüyü üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə iddia müddətini tətbiq edib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1) və hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmaybsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" 03 iyun 2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında 24 ay müddətinə, yəni 27 avqust 2016-cı ilədək qaytarılması nəzərdə tutulan cəmi 50000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar bağlanmış 27 avqust 2014-cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyindən müqavilənin sonuna 1823,66 manat məbləğində əsas borc və 36,93 manat məbləğində faiz borcu ödənilməmişdir. Lakin, tərəflər arasında bağlanmış 27 avqust 2014-cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit müqaviləsi üzrə son ödəmə müddəti 27 avqust 2016-cı il müəyyən edildiyindən, həmin müqavilə tələbi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 27 avqust 2014-cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit müqaviləsi üzrə kreditin qaytarılmasında ödənişin son müddəti 27 avqust 2016-cı il tarixi olduğundan, həmin öhdəlik icra müddəti müəyyənləşdirilmiş öhdəlik hesab edilir və həmin öhdəlik üzrə iddia müddətinin axımı müqavilənin icra müddətinin bitdiyi gündən, yəni 27 avqust 2016-cı il tarixdən başlamış və 27 avqust 2019-cu il tarixdə isə bitmişdir. Odur ki, 27 avqust 2014-cü il tarixli 0193 nömrəli “Birgə borclularla” Kredit müqaviləsinin icra müddəti 27 avqust 2016-cı ildə bitdiyindən, həmin Kredit Müqaviləsi üzrə bütün kredit əməliyyatlarının icra olunduğu AZ33ACJT******************** nömrəli Hesabın sahibi olan Cavabdeh3 "iddia müddətinin tətbiq edilməsi" barədə ərizəsi əsasında iş üzrə üç illik iddia müddəti tətbiq edilməklə, cavabdehlərə qarşı yönəlmiş hazırkı iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda təsvir olunanları, işin konkret hallarını və iddia müddətinin tətbiqi ilə bağlı ərizəni nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, yuxarıda qeyd olunan əsaslara görə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” barədə iddia tələbi - müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddəti ötürülmüş olduğundan - təmin olunmamalı və iddia tələbi təmin edilmədiyinə görə məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Həmçinin, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti isə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-197/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-197/2024
30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver