Məhkəmə qərarları › İş №e-2-2(119)-198/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-198/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-198/2021 31.03.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx xxxxxx 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında xx xxxxxx 2020-ci il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə əsasən cavabdehdən 4502,88 (dörd min beş yüz iki manat 88 qəpik) manat (ƏDV daxil) məbləğində ödənilməmiş icarə haqqı borcu, 3377,16 (üç min üç yüz yetmiş yeddi manat 16 qəpik) manat məbləğində gecikdirilmiş günlər üzrə cərimə borcu və 6,59 (altı manat 59 qəpik) manat məbləğində ödənilməmiş elektrik borcu olmaqla, cəmi 7886,63 (yeddi min səkkiz yüz səksən altı manat 63 qəpik) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında xx xxxxxx 2020-ci il tarixində Ofis icarəsinə dair Müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən İddiaçı MMC (bundan sonra “İcarəyə Verən”) Bakı şəhəri, Xocalı prospekti 37 ünvanında yerləşən “Demirçi Tower” binasındakı Əlavə-1-də göstərilmiş ofis sahəsini icarə haqqı qarşılığında Cavabdeh MMC-yə (bundan sonra “İcarəçi”) icarəyə verir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə-1-in 1.1-ci bəndinə əsasən İcarəyə verən Binanın 15-ci mərtəbəsində yerləşən 32 m2 sahəni İcarəçiyə icarəyə verir və Əlavə-1-in 2.1-ci bəndinə əsasən İcarəçi xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2021-ci il tarixinədək 1152 manat + 18% ƏDV icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş aylıq olmaq şərti ilə hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Eyni zamanda, həmin Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan və xx xxxxxx 2020-ci il tarixində bağlanan Əlavə-2-yə əsasən isə İcarəçi xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2021-ci il tarixinədək həmin Binada icarəyə götrülmüş 18 m2 sahədən istifadəyə görə aylıq 360 manat + 18% ƏDV icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin İcarə müqaviləsi üzrə Cavabdeh MMC-nin Əlavə-1-də göstərilən ofis sahəsi üçün fevral, mart və aprel aylarına görə cəmi 4078,08 (ƏDV daxil) manat məbləğində və Əlavə-2-də göstərilən ofis sahəsi üçün aprel ayı üçün cəmi 424,80 (ƏDV daxil) manat məbləğində ödənilməmiş icarə haqqı borcu vardır. Ümumilikdə isə, İcarə müqaviləsi üzrə Cavabdeh MMC-nin hər iki “Əlavə” üzrə cəmi 4502,88 manat (ƏDV daxil) məbləğində ödənilməmiş icarə haqqı borcu, 3377,16 manat məbləğində icarə haqqının gecikdirilmiş günləri üzrə hesablanmış cərimə borcu və 6,59 manat məbləğində ödənilməmiş elektrik borcu yaranmışdır. Bu barədə Cavabdeh MMC rəhbərliyinə dəfələrlə məlumat verilməsinə baxmayaraq, həmin borcdan heç bir ödəniş olunmamışdır. Eyni zamanda, xx xxxxxx 2020-ci il tarixində iddiaçı tərəfindən cavabdehə Pretenziyä məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin, bu müddət ərzində də Cavabdeh MMC tərəfindən heç bir ödəniş edilməmişdir. İcarə Müqaviləsinin 4.2-ci maddəsinin (b) bəndinə əsasən İcarəçi kommunal xidmətlər üçün ödənişlər icarə haqqı xaricində göstərilibsə, bu ödənişləri vaxtında həyata keçirməlidir. Hazırkı Müqavilə üzrə Cavabdeh MMC-nin 6,59 manat məbləğində ödənilməmiş elektrik borcu yaranmışdır. İcarə Müqaviləsinin 5.1-ci maddəsinə əsasən İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün icarə haqqının 2,5 faizi məbləğində cəriməi ödəməlidir. Müqavilə üzrə gecikdirilmiş günlər üzrə cərimə məbləği Əlavə-1-ə əsasən bir gün üçün 33,984 manat məbləğində, Əlavə-2-yə əsasən isə bir gün üçün 10,62 manat məbləğində təşkil edir. Cavabdeh tərəfindən gecikdirilmiş günlər üçün yığılan ümumi cərimə məbləği isə Əlavə-1-ə əsasən 90 gün üçün 3058,56 manat məbləğində, Əlavə-2-yə əsasən isə 30 gün üçün 318,60 manat məbləğində təşkil edir. Müqavilə üzrə gecikdirilmiş günlər üçün cərimənin ümumi miqdarı isə cəmi 3377,16 manat məbləğindədir. Müqavilənin 3.1-ci maddəsinin (f) bəndinə əsasən İcarəçi tərəfindən icarə haqqının ödənilməsi hesab-faktura və elektron qaimə təqdim edildiyi gündən etibarən 15 (on beş) gündən çox gecikdirildikdə İcarəçiyə binanın istifadəsi Texniki xidmətlərdən yararlanmada məhdudiyyətlər qoya bilər (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinin məzmunu qeyd olunur). Ona görə də, Cavabdeh MMC-dən iddiaçının xeyrinə 4502,88 manat (ƏDV daxil) məbləğində ödənilməmiş icarə haqqı borcunun, 3377,16 manat məbləğində gecikdirilmiş günlər üzrə hesablanmış cərimə borcunun, 6,59 manat məbləğində ödənilməmiş elektrik borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən xx xxxxxx 2020-ci il tarixli Ofis icarəsinə dair Müqavilə üzrə hesablanmış ƏDV daxil 4502,88 manat məbləğində ödənilməmiş icarə haqqı borcunun, 3377,16 manat məbləğində gecikdirilmiş günlər üzrə hesablanmış cərimə borcunun, 6,59 manat məbləğində ödənilməmiş elektrik borcunun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli Ofis icarəsinə dair Müqavilə əsasında və həmin Müqavilə üzrə həmin tərəflər arasında imzalanmış xx xxxxxx 2020-ci il tarixli Əlavə-1-ə əsasən Bakı şəhəri AZ 1025, Xocalı prospekti 37 ünvanında yerləşən "Demirçi Tower" binasının 15-ci mərtəbəsində yerləşən 32 m2 ofis sahəsi xx xxxxxx 2020ci il tarixindən xx xxxxxx 2021-ci il tarixinədək aylıq 1152 manat + 18% ƏDV icarə haqqı olmaqla və eyni zamanda, xx xxxxxx 2020-ci il tarixli Əlavə-2-yə əsasən isə həmin Binanın 1-ci mərtəbəsində yerləşən 18 m2 ofis sahəsi xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2021-ci il tarixinədək aylıq 360 manat + 18% ƏDV icarə haqqı olmaqla icarəyə verən İddiaçı tərəfindən icarəçi Cavabdehnə icarəyə verilmişdir. Həmin icarə sahələrinə görə icarə haqqı ödənişləri aylıq olmaq şərti ilə hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. İş materiallarında olan icarəyə verən İddiaçı MMC tərəfindən tərtib edilərək, müvafiq qaydada təsdiq edilmiş 211.01 nömrəli Hesabdan Çıxarışda (2020-ci ilin yanvar ayından 2020-ci ilin noyabr ayınadək olan dövrü əhatə edir) olan məlumatlarla müəyyən olunur ki, xx xxxxxx 2020-ci il tarixli Ofis icarəsinə dair Müqavilə üzrə icarəçi Cavabdeh MMC-nin Əlavə-1-də göstərilən ofis sahəsi üçün 2020-ci ilin fevral, mart və aprel aylarına görə cəmi 4078,08 (ƏDV daxil) manat məbləğində və Əlavə-2-də göstərilən ofis sahəsi üçün 2020-ci ilin aprel ayı üçün cəmi 424,80 (ƏDV daxil) manat məbləğində ödənilməmiş icarə haqqı borcu olmaqla, icarəyə verən İddiaçı MMC-yə ödənilməmiş ƏDV daxil cəmi 4502,88 (dörd min beş yüz iki manat 88 qəpik) manat məbləğində icarə haqqı borcu vardır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Ofis icarəsinə dair Müqavilənin 5.1ci maddəsinə əsasən, İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün icarə haqqının 2,5 % miqdarında cərimə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli Ofis icarəsinə dair Müqavilə və həmin Müqavilə əsasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli Əlavə-1 və xx xxxxxx 2020-ci il tarixli Əlavə-2 ilə icarəyə verilmiş "Demirçi Tower" binasının ofis sahələrinə görə icarəçi Cavabdeh MMC-nin icarəyə verən İddiaçı MMC-yə ödənilməmiş ƏDV daxil cəmi 4502,88 manat məbləğində icarə haqqı borcu vardır. Ona görə də, hazırkı iddia ərizəsi ilə cavabdeh (İcarəçi) tərəfindən ödənilməmiş cəmi 4502,88 manat məbləğində icarə borcunun və həmin borcun ödənilməsinin gecikdiriləməsinə görə hesablanmış cəmi 3377,16 manat məbləğində cərimənin tutulması üçün iddiaçı (İcarəyə verən) tərəfindən məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, icarə haqqı üzrə yaranmış borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən xx xxxxxx 2020-ci il tarixli Ofis icarəsinə dair Müqavilə üzrə ödənilməmiş cəmi 4502,88 manat məbləğində icarə haqqı borcu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın cavabdehdən “icarə borcunun ödənilməsinin gecikdiriləməsinə görə hesablanmış cəmi 3377,16 manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 450 (dörd yüz əlli) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eləcə də, məhkəmə - işin hallarını və məhkəmə tədqiqatı zamanı araşdırılan sübutlara əsasən hesab edir ki, iddia tələbi cavabdehdən “6,59 manat məbləğində ödənilməmiş elektrik borcunun tutulması” hissəsində isə sübuta yetmədiyi üçün təmin olunmamalıdır. Çünki, iddiaçı tərəfindən həmin tələbi, yəni icarəçi Cavabdeh MMC-nin “6,59 manat məbləğində ödənilməmiş elektrik borcunun” olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdehndən xx xxxxxx 2020ci il tarixli Ofis icarəsinə dair Müqavilə üzrə hesablanmış 4502,88 manat məbləğində icarə borcu və 450 manat məbləğində cərimə İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx xxxxxx 2020-ci il tarixli Ofis icarəsinə dair Müqavilə üzrə hesablanmış 4502,88 (dörd min beş yüz iki manat 88 qəpik) manat məbləğində icarə borcu, 450 (dörd yüz əlli) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 4982,88 (dörd min doqquz yüz səksən iki manat 88 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar