Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1984/2025 24.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1397 (min üç yüz doxsan yeddi) manat məbləğində maddi ziyanın, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində xidmət haqqının və 33,97 (otuz üç manat doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 17 dekabr 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 Minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. xx.xx.2025-ci il tarixində avtomobil sürücüsü Cavabdeh tərəfindən avtoservisə gətirilmişdir. Servisdə avtomobilə baxış keçirilmiş və baxış zamanı zədə və nöqsanlar aşkar olunmuşdur. Nəqliyyat vasitəsinin sürücüdən təhvil alınması ilə bağlı akt tərtib olunsa da, sürücü aktı imzalamaqdan imtina etmişdir. Aktda bu barədə qeyd aparılmış, eyni zamanda sürücünün izahı da akta əlavə olunmuşdur. Cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona rəsmi poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən verilən xx.xx.2025-ci ildə tərtib edilmiş qüsur aktına əsasən avtomaşının bərpası üçün 1397 (bir min üç yüz doxsan yeddi) manat tələb olunmuşdur. Cavabdeh bu barədə məlumat verilsə də, o, qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. İddiaçı öz avtomobilini təmir etdirmək məcburiyyətində qaldığından xx.xx.2025-ci il tarixdə avtomobilin təmirinə görə 1397 (min üç yüz doxsan yeddi) manat ödəmiş, bundan sonra avtomobil təmir olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia tələbininin azaldılması barədə ərizə verərək cavabdеh Cavabdeh 700 (yeddi yüz) manat məbləğində maddi ziyanın, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində xidmət haqqının və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbinin azaldılması barədə ərizədə göstərilən məbləğlərdə iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbininin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən X1 (İddiaçı adından) ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış 17 dekabr 2024-cü il tarixli 17.12.24/XA439 nömrəli icarə müqaviləsinin predmeti “Ravon R3 minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəsizliyini təmin etməyə, nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə təmin etməyə, nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına riayət etməyə, nəqliyyat vasitəsini kənar şəxslərin idarə etməsinə yol verməməyə, nəqliyyat vasitəsinin sıradan çıxmış tanı hissələrini (təkər, akkumlyator və s.) icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz etməyə, hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə və nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nəqliyyat vasitəsinin hər hansı bir səbəbdən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəyə verən nəqliyyat vasitəsini işlək vəziyyətdə icarəyə götürənə verməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 600 (altı yüz) manat məbləğində depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini və istifadə etdiyi dövr üçün borc qalığını ödəməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh avtomobilin icarəsinə görə 600 manat məbləğində depozit ödəmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair” 17 dekabr 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 17 dekabr 2024-cü il tarixli 17.12.24/XA439 nömrəli icarə müqaviləsinə əsasən “Ravon R3 minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki baxımdan saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” 31 mart 2025-ci il tarixli aktda göstərilir ki, “Ravon R3 minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücü Cavabdeh tərəfindən 31 mart 2025-ci il tarixdə avtoservisə gətirilmiş, avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirilmiş, baxış keçirilən zaman zədə və nöqsanlar aşkar olunmuşdur. Qeyd olunan zədə və nöqsanlar sürücüyə göstərilmiş, o, dəymiş zərərin məbləğini qəbul etdiyini, lakin ödəyə bilmədiyini, ona görə avtomobili mülkiyyətçiyə qaytadığını təsdiq edən izahat yazmış və aktı imzalamadan servisdən getmişdir. İş materiallarında olan 01 aprel 2025-ci il tarixli qüsur aktında avtomobilin ehtiyat hissələrinin qiyməti 1087 (min səksən yeddi) manat, usta xidmətlərinin qiyməti 310 (üç yüz on) manat olmaqla, “Ravon R3 minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci 1397 (min üç yüz doxsan yeddi) manat müəyyən edilir. İş materiallarında olan 07 aprel 2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, avtomobilin ehtiyat hissələrinin qiyməti 1087 (min səksən yeddi) manat, təmir-usta işlərinin qiyməti 310 (üç yüz on) manat olmaqla, cəmi 1397 (min üç yüz doxsan yeddi) “Ravon R3 minik” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün İddiaçı tərəfindən avtoservisə ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 17 dekabr 2024-cü il tarixli 17.12.24/XA439 nömrəli icarə müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında “Ravon Nexia R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Sözügedən avtomobil Cavabdeh tərəfindən 31 mart 2025-ci il tarixdə avtoservisə gətirilmiş və iddiaçı tərəfindən təhvil alınmışdır. Avtomobil iddiaçı tərəfindən təhvil alınarkən avtomobilə baxış keçirilmiş və baxış nəticəsində nəqliyyat vasitəsində zədə və nöqsanlar aşkar olunmuşdur. Bununla bağlı qüsur aktı tərtib edilərək avtomobilə dəymiş zərərin 1397 (min üç yüz doxsan yeddi) manat olması müəyyən edilmişdir. Cavabdehə dəymiş zərərin ödənilməsi barədə pretenziya göndərilsə də o, yaranmış həmin məbləği ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı tərəfindən “Ravon Nexia R3” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil 17 dekabr 2024-cü il tarixdən texniki cəhətdən saz vəziyyətdə Cavabdeh təhvil verilmiş, lakin sonuncu həmin nəqliyyat vasitəsini 31 mart 2025-ci il tarixdə nasaz vəziyyətdə iddiaçıya geri qaytarmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “700 (yeddi yüz) manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsi əsaslı olduğundan təmin edilməli və 700 (yeddi yüz) manat məbləğində maddi ziyanın əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin “etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqqın cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən X2 verilmiş 17 fevral 2024-cü il tarixli etibarnamənin alınması üçün 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat haqq ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqqın əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 700 (yeddi yüz) manat məbləğində maddi ziyan, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində xidmət haqqı və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 747,25 (yeddi yüz qırx yeddi manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh 700 (yeddi yüz) manat məbləğində maddi ziyan, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində xidmət haqqı və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 747,25 (yeddi yüz qırx yeddi manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1984/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1984/2025
24.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver