Məhkəmə qərarları › İş №e-2-2(119)-1986/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1986/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1986/2025 23.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qürbət oğlunun iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 25 oktyabr 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 28257,36 (iyirmi səkkiz min iki yüz əlli yeddi manat otuz altı qəpik) manat məbləğində əsas bоrc, 1488,77 (min dörd yüz səksən səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində faiz bоrcu və 355,47 (üç yüz əlli beş manat qırx yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 30101,60 (otuz min yüz bir manat altmış qəpik) manat məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 180,31 (yüz səksən manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və zaminlər Cavabdeh1, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 005L**********63 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh2na 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə xx.xx.2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 21742,64 manat ödəmiş, onun 28257,36 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh2 oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 112 gün üçün hesablanmış faiz borcu 1488,77 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir.xx.xx.2025-ci il tarixə 112 gün üçün hеsablanmış cərimə 355,47 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 22 dekabr 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbini qəbul etdiyini bildirmiş və məhkəmədən faiz borcunun azaldılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 izahatında borc məbləğlərindən məlumatı olmadığını bildirmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh3 Qürbət oğlu borc məbləğlərindən məlumatı olmadığını bildirmiş və məhkəmədən faiz borcunun azaldılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” Cavabdeh2 – “kredit alan”, Cavabdeh1 və Cavabdeh3– “zamin” olmaqla bağlanmış 28 fevral 2023-cü il tarixli 005L**********63 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2-ci bəndinə görə kredit alana sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün 120 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə görə zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə hesablamaq hüququna malikdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2– “kredit alan” olmaqla bağlanmış 25 oktyabr 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 50000 (əlli min) manat olan biznes kreditini illik faiz dərəcəsi 19 % olmaqla 36 ay müddətidə kredit alana verir. Həmin razılaşmaya görə AZ92ACAB**********0001226335 nömrəli cari hesab və həmin cari hesabda 50000 (əlli min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə tərtib olunmuş ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 27 oktyabr 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 16 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 25 oktyabr 2023-cü il tarixli 005R********** nömrəli kredit müqaviləsi üzrə 16 sentyabr 2025-ci il tarixinə 28257,36 (iyirmi səkkiz min iki yüz əlli yeddi manat otuz altı qəpik) manat məbləğində əsas bоrc, 1488,77 (min dörd yüz səksən səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu və 355,47 (üç yüz əlli beş manat qırx yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 30101,60 (otuz min yüz bir manat altmış qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 18 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubları göndərilərək 25 oktyabr 2023-cü il tarixli 005R********** nömrəli nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 28674,99 (iyirmi səkkiz min altı yüz yetmiş dörd manat doxsan doqquz qəpik) manat məbləğində əsas bоrc, 1211,65 (min iki yüz on bir manat altmış beş qəpik) manat məbləğində faiz borcu və 11,47 (on bir manat qırx yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 29898,11 (iyirmi doqquz min səkkiz yüz doxsan səkkiz manat on bir qəpik) manat məbləğində borcun olduğu bildirilmiş, borcun 28 iyul 2025-ci il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl ləğv ediləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən 25 oktyabr 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 15 sentyabr 2025-ci il tarixdə ödənilmiş 900 manat puldan 417,63 manat əsas borca, 482,37 manat faiz borcuna silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh2 28 fevral 2023-cü il tarixli 005L**********63 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi və 25 oktyabr 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də kredit ödənişlərini 25 oktyabr 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanın şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin razılaşma üzrə yaranmış borc iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “28257,36 (iyirmi səkkiz min iki yüz əlli yeddi manat otuz altı qəpik) manat məbləğində əsas bоrcun iddiaçının xeyrinə tutulması” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia qaldırarkən 25 oktyabr 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 16 sentyabr 2025-ci il tarixinə hesablanmış 1488,77 (min dörd yüz səksən səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcunun iddiaçının xeyrinə ödənilməsini tələb etmişdir. Bildirilir ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərə 18 iyul 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək 25 oktyabr 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 28674,99 (iyirmi səkkiz min altı yüz yetmiş dörd manat doxsan doqquz qəpik) manat məbləğində əsas bоrcun, 1211,65 (min iki yüz on bir manat altmış beş qəpik) manat məbləğində faiz borcunun olduğu bildirilmiş, borcun 28 iyul 2025-ci il tarixədək qaytarılması tələb olunmuşdur. Buna baxmayaraq həmin tarixdən sonra da bank tərəfindən faiz borcu kredit razılaşmasındakı illik faiz dərəcəsi ilə hesablanmış və 15 sentyabr 2025-ci il tarixdə ödənilmiş 900 manatın 482,37 manat hissəsi faiz borcundan silinmişdir. Buna görə iddia tələbi “1488,77 (min dörd yüz səksən səkkiz manat yetmiş yeddi qəpik) faiz borcunun iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilməli, 25 oktyabr 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 729,28 (yeddi yüz iyirmi doqquz manat iyirmi səkkiz qəpik) məbləğində faiz borcu (xəbərdarlıq məktubunda göstərilmiş 1211,65 manat faiz borcu – 482,37 manat = 729,28 manat) iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin “25 oktyabr 2023-cü il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 355,47 (üç yüz əlli beş manat qırx yeddi qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 28 fevral 2023-cü il tarixli 005L**********63 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zamin Cavabdeh1 və Cavabdeh3 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin "cavabdehdəhlərdən müştərək qaydada 180,31 (yüz səksən manat otuz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 178,03 (yüz yetmiş səkkiz manat üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 28257,36 (iyirmi səkkiz min iki yüz əlli yeddi manat otuz altı qəpik) manat məbləğində əsas borc, 729,28 (yeddi yüz iyirmi doqquz manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu, 355,47 (üç yüz əlli beş manat qırx yeddi qəpik) manat məbləğində cərimə və 178,03 (yüz yetmiş səkkiz manat üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 29520,14 (iyirmi doqquz min beş yüz iyirmi manat on dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 28257,36 (iyirmi səkkiz min iki yüz əlli yeddi manat otuz altı qəpik) manat məbləğində əsas borc, 729,28 (yeddi yüz iyirmi doqquz manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu, 355,47 (üç yüz əlli beş manat qırx yeddi qəpik) manat məbləğində cərimə və 178,03 (yüz yetmiş səkkiz manat üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 29520,14 (iyirmi doqquz min beş yüz iyirmi manat on dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar