Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-20/2024 08.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit razılaşmasının ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı verilmiş “kredit razılaşmasının ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 iyun 2021-ci il tarixli, 002R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 17 iyun 2021-ci il tarixli 002R********** saylı krеdit razılaşması üzrə 14234,78 (on dörd min iki yüz otuz dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas bоrc, 2023,03 (iki min iyirmi üç manat üç qəpik) manat məbləğində faiz bоrcu və 843,14 (səkkiz yüz qırx üç manat on dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 17100,95 (on yeddi min yüz manat doxsan beş qəpik) manat məbləğində bоrcun, 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 4 ünvanında istifadədə olan 0,01285 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh3 xüsusi mülkiyyətində olan 102,9 kv.m ümumi sahədən ibarət 14 nömrəli yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, cəmi 17100,95 (on yeddi min yüz manat doxsan beş qəpik) manat məbləğində bоrcun, 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi müştərək qaydada tutulması, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 4 ünvanında istifadədə olan 0,01285 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh3 xüsusi mülkiyyətində olan 102,9 kv.m ümumi sahədən ibarət 14 nömrəli yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3 və Cavabdeh5 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2017-ci il tarixli, 002L**********44 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2021-ci il tarixli, 002R********** nömrəli krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 15765,22 manat ödəmiş, onun 14234,78 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 274 gün üçün hesablanmış faiz borcu 2023,03 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 274 gün üçün hеsablanmış cərimə 8843,14 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər- ipoteka qoyan və zamin Cavabdeh3 və bank arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 3M-184 reyestr nömrəli ipoteka müqaviləsi əsasında ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 4 ünvanında istifadədə olan 0,01285 ha torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan 102,9 kv.m ümumi sahəsi olan 14 nömrəli yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışla Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 4 ünvanında istifadədə olan 0.01285 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh3 xüsusi mülkiyyətində olan 102,9 kv.m ümumi sahəsi olan 14 nömrəli yaşayış evinin kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyanın həyat yoldaşı Cavabdeh5 Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 4 ünvanında istifadədə olan 0,01285 ha torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan 102,9 kv.m ümumi sahəsi olan 14 nömrəli yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeydşərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron xidmətlər portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Bundan başqa hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli arayış verilmiş, mediasiya xərci olaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 200 manat haqq ödənilmişdir. 07 oktyabr 2024-cü il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək iddia tələbini müdafiə etdiklərini, cavabdeh tərəfindən edilən ödənişlərlə bağlı maliyyə arayışı və hesabdan çıxarış təqdim edildiyini, iddiaçının ekspert rəylərini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 izahatında 10334,78 manat məbləğində əsas borcunun olduğunu bildirmiş, məhkəmədən faiz borcunun və cərimənin azaldılmasını xahiş etmişdir. O, iddiaçı tərəfindən göndərilmiş 28 oktyabr 2022-ci il tarixli xəbərdarlıq məktubunu həmin tarixdən təxminən bir həftə sonra aldığını bildirmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış 05 oktyabr 2017-ci il tarixli, 002L**********44 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 05 oktyabr 2017-ci il tarixli, 002L**********44 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 17 iyun 2021-ci il tarixli, 002R********** nömrəli krеdit razılaşmasının 1-ci bəndinə görə bank 30000 (otuz min) manat krediti aylıq faiz dərəcəsi 1,6667% olmaqla 24 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan 002R********** nömrəli krеdit razılaşması üzrə tərtib olunmuş 17 iyun 2021-ci il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 19 iyun 2023-cü il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 və zamin Cavabdeh2 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 05 oktyabr 2017-ci il tarixli, 002S**********03 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 19 mart 2018-ci il tarixli, 002S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 22 aprel 2022-ci il tarixli, 002S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh4 borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış 19 mart 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən 05 oktyabr 2017-ci il tarixli, 002L**********44 saylı uzunmüddətli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 4 ünvanında istifadədə olan 0,01285 ha torpaq sahəsi üzərində onun xüsusi mülkiyyətində olan 102,9 kv.m ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 4 ünvanında istifadədə olan 0,01285 ha torpaq sahəsi üzərində olan 102,9 kv.m ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evi Cavabdeh3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 4 ünvanında istifadədə olan 0,01285 ha torpaq sahəsi üzərində Cavabdeh3 xüsusi mülkiyyətində olan 102,9 kv.m ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 05 oktyabr 2017-ci il tarixli, 002L**********44 saylı uzunmüddətli kredit müqaviləsi göstərilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 27 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 17 iyun 2021-ci il tarixli, 002R********** saylı krеdit razılaşması üzrə 27 mart 2023-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 14234,78 manat məbləğində əsas borcu, 2023,03 manat məbləğində faiz borcu və 843,14 manat məbləğində cərimə borcu olmaqla, cəmi 17100,95 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 07 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 17 iyun 2021-ci il tarixli, 002R********** saylı krеdit razılaşması üzrə 07 iyun 2023-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 13734,78 manat məbləğində əsas borcu, 1632 manat məbləğində faiz borcu və 982,86 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16349,64 manat məbləğində borcu vardır. İddiaçı tərəfindən tərtib olunaraq 07 oktyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş 07 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 17 iyun 2021-ci il tarixli, 002R********** saylı krеdit razılaşması üzrə 07 oktyabr 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 10334,78 manat məbləğində əsas borcu, 1641,97 manat məbləğində faiz borcu və 5196,75 manat məbləğində cərimə borcu olmaqla, cəmi 17173,5 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 28 oktyabr 2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 16734,78 manat məbləğində əsas bоrcu, 1331,10 manat məbləğində faiz bоrcu və 417,67 manat məbləğində cərimə borcu olduğu bildirilmiş, borcun 07 noyabr 2022-ci il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş poçt qəbzlərində həmin xəbərdarlıqların 28 oktyabr 2022-ci il tarixdə göndərilməsi qeyd olunsa da, cavabdehlərin həmin məktubu hansı tarixdə alması qeyd göstərilməmişdir. İş materiallarında olan 30 avqust 2023-cü il tarixli, 9/5595 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17 iyun 2021-ci il tarixdə bağlanmış 002R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh1 07 iyun 2023-cü il tarixə banka olan borcu əsas borc üzrə 15378,47 manat, faiz borcu üzrə 207,17 manat müəyyən olunmuşdur. Həmin rəyin tədqiqat prosesinin təsviri hissəsində olan cədvəl məlumatlarından görünür ki, xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərdə faiz borcu olmamışdır. İş materiallarında olan 04 sentyabr 2024-cü il tarixli, 9/499-10/633 nömrəli ekspert rəyindən göstərilir ki, kommersiya iş materiallarının 43-cü səhifəsində olan **********02- 10301 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən fərdi yaşayış evinin ümumi sahəsinin 102,9 kv.m təşkil etdiyini nəzərə alaraq ünvan 1 ünvanda yerləşən 14 nömrəli fərdi yaşayış evinin 0,01285 ha torpaq sahəsi ilə birlikdə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təxminən 97250 manat (102,90 kv.metr x 945 manat), likvid dəyəri təxminən 87525 (97250 manat - 10%) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İddiaçı iddia tələbində Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 17 iyun 2021-ci il tarixli, 002R********** saylı krеdit razılaşmasının və ona əlavə edilmiş sazişin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Çünki sözügedən kredit razılaşmasının müddəti 19 iyun 2023-cü il tarixindən bitdiyindən müqavilənin məhkəmə qaydasında ləğv edilməsinə zərurət qalmır. Buna görə iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 05 oktyabr 2017-ci il tarixli, 002L**********44 saylı uzunmüddətli kredit müqaviləsi, həmin kredit müqaviləsi üzrə bağlanmış 17 iyun 2021-ci il tarixli, 002R********** nömrəli krеdit razılaşması üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, borcalan Cavabdeh1 17 iyun 2021-ci il tarixli, 002R********** krеdit razılaşması üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış əsas borc ondan tutulmalıdır. Lakin həmin razılaşma üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən 07 oktyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilmiş 07 oktyabr 2024-cü il tarixli maliyyə arayışı mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, həmin maliyyə arayışında 17 iyun 2021-ci il tarixli, 002R********** krеdit razılaşması üzrə 07 oktyabr 2024-cü il tarixə 10334,78 (on min üç yüz otuz dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borcun olması qeyd olunur. Buna görə də, 17 iyun 2021-ci il tarixli, 002R********** krеdit razılaşması üzrə iddiaçının xeyrinə 10334,78 (on min üç yüz otuz dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borc tutulmalıdır. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 17 iyun 2021-ci il tarixli, 002R********** saylı krеdit razılaşması üzrə Cavabdeh1 27 mart 2023-cü il tarixinə 2023,03 manat məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlərə 28 oktyabr 2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir və məktubun cavabdehlər tərəfindən qəbul edildiyi vaxtdan kredit razılaşması birtərəfli qaydada ləğv olunmuş hesab edilməlidir. Belə olan halda, xəbərdarlıq məktubun cavabdehlər tərəfindən alındığı vaxtdan sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Odur ki, kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 28 oktyabr 2022-ci il tarixdə xəbərdarlıq göndərilməsi və həmin məktubun cavabdehlər tərəfindən alınması nəzərə alınmalı (iddia ərizəsinə əlavə edilmiş poçt qəbzlərində cavabdehlərin həmin məktubu nə vaxt alması qeyd olunmayıb, Cavabdeh1 isə xəbərdarlığı həmin tarixdən təxminən bir həftə sonra aldığını bildirib) və 30 avqust 2023-cü il tarixli, 9/5595 nömrəli ekspert rəyi mötəbər sübut olaraq əsas götürülməlidir. Belə ki, həmin rəyin tədqiqat prosesinin təsviri hissəsində olan cədvəl məlumatlarında göstərilir ki, Cavabdeh1 17 iyun 2021-ci il tarixli, 002R********** saylı krеdit razılaşması üzrə xəbərdarlıq məktubunun cavabdehə göndərildiyi xx.xx.2022-ci il tarixdən 3 gün sonrakı- 31 oktyabr 2022-ci və həmin tarixdən hətta 1 ay sonrakı – 30 noyabr 2022-ci il tarixə ödənilməmiş faiz borcu mövcud olmamışdır. Buna görə iddia tələbi 2023,03 (iki min iyirmi üç manat üç qəpik) manat məbləğində faiz bоrcunun tutulması hissəsində təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddianın "17 iyun 2021-ci il tarixli, 002R********** nömrəli kredit razılaşması üzrə 843,14 (səkkiz yüz qırx üç manat on dörd qəpik) manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı, həm kreditorun, həm də borcluların əmlak mənafeləri və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, 17 iyun 2021-ci il tarixli, 002R********** nömrəli kredit razılaşması üzrə cəmi 550 (beş yüz əlli) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq iddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış müvafiq zaminlik müqavilələrinin şərtlərinə, qeyd olunan maddi hüquq normalarının tələblərinə əsaslanaraq hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçı qarşısında qanununvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığından iddia bu hissədə təmin olunmalı, tələb müştərək qaydada ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış 19 mart 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 4 ünvanında istifadədə olan 0,01285 ha torpaq sahəsi üzərində Cavabdeh3 xüsusi mülkiyyətində olan 102,9 kv.m ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317, 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatın nəticəsi olaraq verilmiş rəyi nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 87525 (səksən yeddi min beş yüz iyirmi beş) manat göstərilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 4 ünvanında istifadədə olan 0,01285 ha torpaq sahəsi üzərində Cavabdeh3 xüsusi mülkiyyətində olan 102,9 kv.m ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində həmin əmlak boşaldılmalıdır. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlər Cavabdeh3 və Cavabdeh5 ipoteka predmeti olan evə istifadə hüququnun itirilməsi” hissəsinə münasibətdə qeyd edir ki, istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbini əmlakın mülkiyyətçisi irəli sürə bilər. Digər tərəfdən, onların bu istifadə hüququ əmlak satılıb, mülkiyyətçisi dəyişənə qədər qüvvəsində qalır. Belə ki, həmin cavabdehlərin ipoteka predmeti olan ev üzərində istifadə hüququ mülkiyyət hüququndan irəli gələn və həmin hüququn tərkib hissəsi olan bir hüquqdur. Belə olan halda aydındır ki, ipoteka predmeti açıq hərracda satılaraq Cavabdeh3 həmin ev üzərində mülkiyyət hüququna xitam verilərsə, mülkiyyət hüququnu tərkib hissəsi olan istifadə hüquqlarına da xitam veriləcəkdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə, iddianın “ipoteka predmeti olan evin alıcıya təhvil verilməsi” hissəsini də əsaslı hesab etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan məsələ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası zamanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həll edilən bir məsələ olduğundan həmin hissədə iddia əsassızdır və təmin edilməməlidir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 01 mart 2023-cü il tarixli MŞC/1/00177 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması” hissəsində təmin edilməlidir. Bundan başqa iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman dövlət büdcəsinə ödənilmiş 0,1 manat məbləğində dövlət rüsumu da cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 122,66 (yüz iyirmi iki manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 122,56 (yüz iyirmi iki manat əlli altı qəpik) manat məbləğində (122,66 manat – 0,1 manat = 122,56 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 10334,78 (on min üç yüz otuz dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas bоrc və 550 (beş yüz əlli) manat məbləğində cərimə, 0,1 (on qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu, 30 (otuz) manat məbləğində xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 11129,88 (on bir min yüz iyirmi doqquz manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulmalı olan cəmi 11129,88 (on bir min yüz iyirmi doqquz manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 4 ünvanında istifadədə olan 0,01285 ha torpaq sahəsi üzərində Cavabdeh3 xüsusi mülkiyyətində olan 102,9 kv.m ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 11129,88 (on bir min yüz iyirmi doqquz manat səksən səkkiz qəpik) manat məbləğində borc ödənilsin. Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 4 ünvanında istifadədə olan 0,01285 ha torpaq sahəsi üzərində Cavabdeh3 xüsusi mülkiyyətində olan 102,9 kv.m ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 87525 (səksən yeddi min beş yüz iyirmi beş) manat müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, döngə 4 ünvanında istifadədə olan 0,01285 ha torpaq sahəsi üzərində Cavabdeh3 xüsusi mülkiyyətində olan 102,9 kv.m ümumi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində həmin əmlak boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq X1 ödənilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə 122,56 (yüz iyirmi iki manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-20/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-20/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver