Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-200/2025 12.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3nə, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3nə, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və Cavabdeh3 MMC arasında bağlanmış 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit müqaviləsi üzrə 41588,58 (qırx bir min beş yüz səksən səkkiz manat, əlli səkkiz qəpik) manat məbləğində əsas borc, 1497,19 (min dörd yüz doxsan yeddi manat, on doqquz qəpik) manat məbləğində faiz borcu, 3706,71 (üç min yeddi yüz altı manat, yetmiş bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 46792,48 (qırx altı min yeddi yüz doxsan iki manat, qırx səkkiz qəpik) manat məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 135 (yüz otuz beş) manat məbləğində xidmət haqqının, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 230,33 (iki yüz otuz manat, otuz üç qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh1a məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,0573 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 265,3 kv.m olan qeyri-yaşayış binası, qeyriyaşayış binasının yerləşdiyi 0,0573 ha torpaq sahəsi və həyətyanı tikili və qurğulara yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi, həmin əmlakların hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 avqust 2022-ci il tarixli L000079 nömrəli kredit limiti müqaviləsi çərçivəsində İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit razılaşmasına əsasən illik faiz dərəcəsi 16% olmaqla, 12 ay müddətinə 80000 manat məbləğində kredit verilmişdir. 11 yanvar 2024-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi iddiaçı və cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 arasında 04 avqust 2022-ci il tarixli L000079 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 11 yanvar 2024-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi iddiaçı və Cavabdeh1 arasında bağlanmış 04 avqust 2022-cu il tarixli L000079 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1a məxsus olan ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,0573 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 265,3 kv.m olan qeyri-yaşayış binası, qeyri-yaşayış binasının yerləşdiyi 0,0573 ha torpaq sahəsi və həyətyanı tikili və qurğularla birlikdə ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 3.5-ci bəndinə əsasən əmlakın likvid qiyməti tərəflərin razılığa əsasən 75000 manat məbləğində qiymətləndirilmişdir. 11 yanvar 2024-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 MMC əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə yerinə yetirməmişdir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə dair cəhd göstərilməsinə baxmayaraq hansısa nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra cavabdehlər tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. İpoteka predmeti olan əmlakın likvid qiymətinin mütəxəssis rəyi əsasında müəyyən edilməsinə razıdır. İddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 14 yanvar 2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia ərizəsini qəbul edir. Cavabdeh1 onun qayınatasıdır və o, iş adamıdır. Onun H.Z.Tağıyev qəsəbəsində “klyonka” sexi var, krediti öz işləri üçün götürmüşdür. O, 2024-cü ilin iyul ayından Bakı İstintaq Təcridxanasında saxlanılır. Elə həmin vaxtdan etibarən onun kredit ödənişlərində problemlər yaranmışdır. Cavabdeh1 "xxxx" ASC və "xxxx" ASC-yə də kredit borcları var. Onun borclarını ödəməyi öz öhdəsinə götürmüşdur. 20 yanvar 2025-ci il tarixədək iddia ərizəsi ilə tələb olunan kredit borcu tam ödəniləcəkdir. Cavabdeh göstərilənləri nəzərə alaraq, məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 04 avqust 2022-ci il tarixli L000079 nömrəli kredit limiti müqaviləsinin 2.1-ci bəndinə əsasən, ilkin şərtləri bu müqavilədə nəzərdə tutulmaqla bank borcalana ******* manat məbləğində kredit limiti ayırır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, bank kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma imzalandıqda borcalana kredit verməyi, borcalan isə bu müqavilə və limitindən istifadə edilməsi ilə bağlı kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada istifadə etdiyi krediti ödəniş qralikinə əsasən qaytarmağı, habelə kredit limitindən istifadə edilməsi ilə bağlı faiz ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.22-ci bəndinə əsasən, tərəflər razılaşırlar ki, borcalan üzərinə götürdüyü öhdəliyi icra etməzsə və ya lazımınca icra etməzsə, bank limit üzrə kreditin qalan hissəsini verməkdən imtina edə, habelə borcalanın cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz, borcunun məcburi qaydada alınması üçün məhkəmədə iddia qaldıra və ya icra qeydi verilməsi üçün notariusa müraciət edə və ya onun razılığı olmadan (həmçinin məhkəməyə müraciət edilmədən, icra qeydi alınmadan) və xəbərdar etmədən onun bankdakı milli və xarici valyutada olan cari, sub, əmək haqqı, əmanət və digər hesablarından birdəfəyə və ya hissə-hissə silə bilər. Borcalanın kredit borcu ilə onun bankdakı pul vəsaiti fərqli valyuta növlərində olduqda, bank həmin vəsaiti silinmə günü bankın təyin eldiyi daxili məzənnə ilə konvertasiya edərək silinməni həyata keçirəcək. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit razılaşmasının 1.1-ci bəndinə əsasən, tərəflər öz aralarında 04 avqust 2022-ci tarixli L000079 nömrəli “kredit limiti müqaviləsi”ni bağlamaqla, 120 ay müddətinə, illik 30 faizdən çox olmamaq şərti ilə ******* manat məbləğində kredit limitinin istifadəsi barədə razılığa gəlmişdirlər. Hazırkı kredit razılaşmasını bağlamaqla tərəflər həmin kredit limiti üzrə ayrılmış limit çərçivəsində kreditin borcalan tərəfindən istifadəsi barədə əlavə razılığa gəlirlər. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən, bank həmin müqavilə çərçivəsində borcalana 12 (on iki ) ay müddətinə qaytarmaq şərti ilə illik 16% olmaqla 80000 (səksən min) manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. Həmin razılaşmanın 2.1-ci bəndinə əsasən, bu müqavilə bank və borcalan arasında bağlanmış 04 avqust 2022-ci tarixli L000079 nömrəli “kredit limiti müqaviləsi”nin tələblərinə uyğun olaraq bağlanılır və bank borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə illik 16 faiz olmaqla 80000 manat məbləğində kredit verir. Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (1 nömrəli Əlavə) uyğun olaraq həyata keçirir. Həmin razılaşmanın 2.2-ci bəndinə əsasən, əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 16% faiz olmaqla cərimə faizi ödəyir. Bank eyni zamanda ağlabatan məbləğdə dəbbə pulu tələb edə bilər. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit razılaşması üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh3 MMC-nin banka olan borcu üçün son ödəniş tarixi 11 yanvar 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə borc alan qismində Cavabdeh3 MMC, zamin qismində cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış 04 avqust 2022-ci il tarixli L000079 nömrəli zaminlik müqavilələrinin 2.1-ci bəndinə əsasən, bu müqaviləyə görə zamin borcalanın bank ilə bağladığı 04 avqust 2022 tarixli L000079 saylı kredit limiti müqaviləsi (bundan sonra kredit limiti müqaviləsi və ya kredit müqaviləsi adlanacaq) üzrə borcalanın bank qarşısındakı öhdəliklərinin icrasını öz üzərinə götürür. Həmin zaminlik müqavilələrinin 4.1-ci bəndinə əsasən, borcalanın bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin (kredit kartı müqaviləsi üzrə kredit (əsas) borc, faizlər, cərimə faizi, dəbbə pulu, məhkəmə xərcləri, notariusun icra qeydi xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, zamin bank qarşısında borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə bu müqavilədə və ya kredit müqaviləsində nəzərdə tutulan hallardan biri və ya bir neçəsi baş verdikdə bank borcun məcburi qaydada alınması üçün məhkəmədə iddia qaldıra və ya icra qeydi verilməsi üçün notariusa müraciət edə bilər. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı ASC), ipoteka qoyan (Cavabdeh1) və borc alan (Cavabdeh3 MMC) arasında bağlanmış 04 avqust 2022-ci il tarixli L000079 nömrəli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ əsasında ona məxsus olan ipoteka predmetini kredit limiti müqaviləsi (kredit limiti və onun tərkib hissəsi olan kredit razılaşmaları) üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka predmeti olan ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan, 0,0573 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 265,3 kv.m. olan qeyri-yaşayış binası, qeyri-yaşayış binasının yerləşdiyi 0,0573 ha torpaq sahəsi və həyətyanı tikili və qurğularla birlikdə ipoteka qoyulmuşdur. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiyməti) tərəflərin razılığı 75000 (yetmiş beş min) manat müəyyən edilir. Tutma yönəldilməsi zamanı ipoteka predmeti bu qiymət əsasında hərraca çıxarılır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmış (qeydiyyat tarixi: xx.xx.2022, qeydiyyat nömrəsi: **********) çıxarışa əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan, 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 265,3 kv.m. olan əmlak 04 avqust 2022-ci il tarixdən 04 avqust 2032-ci il tarixədək iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan cavabdehə verilən krediti və onun tərəfindən müvafiq tarixlər üzrə həyata keçirilmiş ödənişləri əks etdirən maliyyə arayışından görünür ki, Cavabdeh3 MMC-nin L000079/0003 nömrəli kredit razılaşması üzrə 41588,58 manat məbləğində əsas borcu ödənilməmiş qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “qiymətləndirmə fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığı və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi qiymətləndirildiyi” əsası ilə tərtib edilmiş 19 mart 2025-ci il tarixli 3-16-16/2-282/2025 nömrəli məktubla Sumqayıt Kommersiya Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qərardadı icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 27 may 2025-ci il tarixli 02-106/25 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan ümumi sahəsi 265,3 kv.m. olan qeyri-yaşayış binası, həmin qeyri-yaşayış binasının yerləşdiyi 0,0573 ha torpaq sahəsi və həyətyanı tikili və qurğularla birlikdə likvid qiyməti 102000 manat, bazar qiyməti isə 113000 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 04 avqust 2022-ci il tarixli L000079 nömrəli kredit limiti müqaviləsi və 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit razılaşması üzrə Cavabdeh3 MMC üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğlərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin kredit müqaviləsi üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, 04 avqust 2022-ci il tarixli L000079 nömrəli zaminlik müqavilələrinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 41588,58 manat məbləğində əsas, 1497,19 manat məbləğində faiz bоrcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 3706,71 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (kredit razılaşmasının 2.2-ci bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla nəzərə alınmaqla, iddia tələbinin 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 3706,71 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehlərdən müştərək qaydada 2080 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı və cavabdehlər Cavabdeh3 MMC , Cavabdeh1 arasında bağlanmış 04 avqust 2022-ci il tarixli L000079 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 0,0573 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 265,3 kv.m. olan qeyri-yaşayış binası, qeyri-yaşayış binasının yerləşdiyi 0,0573 ha torpaq sahəsi və həyətyanı tikili və qurğularla birlikdə ipoteka ilə yüklü edilmişdir. Kredit razılaşması üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin torpaq sahəsinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə "xxxx" MMC tərəfindən təqdim edilmiş 27 may 2025-ci il tarixli 02- 106/25 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 102000 min manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “qiymətləndirmə fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığı və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi qiymətləndirildiyi” əsası ilə tərtib edilmiş 19 mart 2025-ci il tarixli 3-16-16/2-282/2025 nömrəli məktubla qərardad icra olunmadan iş məhkəməyə geri qaytarıldığına görə, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən 27 may 2025-ci il tarixli 02-106/25 nömrəli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması”na dair hissəsi ilə bağlı yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 26 noyabr 2024-cü il tarixli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan təyinatı “Xidmət haqqının ödənilməsi” olan ********** nömrəli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 120 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehlərdən ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 120 manat məbləğində xidmət haqqının və 15 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iş materiallarında olan 02 dekabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 230,33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 225,5 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, "xxxx" MMC-nin 27 may 2025-ci il tarixli 02-106/25 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılan tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhlərdən müştərək qaydada 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit razılaşması üzrə 41588,58 manat məbləğində əsas borc, 1497,19 manat məbləğində faiz borcu, 2080 manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun, 120 manat məbləğində xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 225,5 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 45526,27 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdehlər Cavabdeh3ndən, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 tutulmalı olan cəmi 45526,27 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0.0573 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 265.3 kv.m olan qeyri-yaşayış binasına, qeyri-yaşayış binasının yerləşdiyi 0.0573 ha torpaq sahəsinə (həyətyanı tikili və qurğularla birlikdə) yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 45526,27 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0573 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 265.3 kv.m olan qeyri-yaşayış binası, qeyriyaşayış binasının yerləşdiyi 0.0573 ha torpaq sahəsinin (həyətyanı tikili və qurğularla birlikdə) ilkin satış qiyməti 102000 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3ndən, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada 11 yanvar 2024-cü il tarixli L000079/0003 nömrəli kredit razılaşması üzrə 41588,58 (qırx bir min beş yüz səksən səkkiz manat, əlli səkkiz qəpik) manat məbləğində əsas borc, 1497,19 (min dörd yüz doxsan yeddi manat, on doqquz qəpik) manat məbləğində faiz borcu, 2080 (iki min səksən) manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun, 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 225,5 (iki yüz iyirmi beş manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 45526,27 (qırx beş min beş yüz iyirmi altı manat, iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh3ndən, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 tutulmalı olan cəmi 45526,27 (qırx beş min beş yüz iyirmi altı manat, iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0.0573 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 265.3 kv.m olan qeyri-yaşayış binasına, həmin qeyriyaşayış binasının yerləşdiyi 0.0573 ha torpaq sahəsinə (həyətyanı tikili və qurğularla birlikdə) yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı ASC-yə olan cəmi 45526,27 (qırx beş min beş yüz iyirmi altı manat, iyirmi yeddi qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0.0573 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 265.3 kv.m olan qeyri-yaşayış binası, həmin qeyriyaşayış binasının yerləşdiyi 0.0573 ha torpaq sahəsinin (həyətyanı tikili və qurğularla birlikdə) ilkin satış qiyməti 102000 (yüz iki min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3ndən, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-200/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-200/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver