Məhkəmə qərarları › İş №e-2-2(119)-205/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-205/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-205/2024 19.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək həmin müqavilə üzrə yaranmış 561,95 (beş yüz altmış bir manat, doxsan beş qəpik) manat məbləğində əsas borc, 377,91 (üç yüz yetmiş yeddi manat, doxsan bir qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 939,86 (doqquz yüz otuz doqquz manat, səksən altı qəpik) manat borcun və ödənilmiş 40 (qırx) manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehlərə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış 30 iyul 2020-ci il tarixli, 444 nömrəli xəbərdarlıq məktubunda onların 534,21 manat əsas borc, 241,75 manat faiz borcu olmaqla, ümumilikdə 775,96 manat məbləğində borclarının olması və həmin borcların 3 gün ərzində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin məhkəməyə ünvanlanmış iddia ərizəsinin məzmununda 561,95 manat əsas borc, 377,91 manat faiz borcu olmaqla ümumilikdə 939,86 manat məbləğin iddiaçının xeyrinə tutulması xahiş olunmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş poçt xəbərnamələrindən görünür ki, həmin xəbərdarlıq məktubu cavabdehlərə 10 avqust 2020-ci il tarixində çatdırılmışdır. Halbuki hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət edilmişdir. Göründüyü kimi, cavabdehlərlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin onlara çatdırılmasının üzərindən 3 il 5 aydan çox müddət keçmiş, digər tərəfdən isə həmin xəbərdarlıq məktubunun məzmununda cavabdehlərdən tələb olunan əsas borc və faiz məbləğlərinin miqdarları ilə hazırkı iddia ərizəsində tələb olunan məbləğlərin miqdarları bir-birindən tam fərqlənir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən pretenziya məktubunun və iddia ərizəsinin xx.xx.2024-cü il tarixdə cavabdehlərdən biri olan Cavabdeh1 elektron qaydada göndərilməsini təsdiq edən "Onlayn kargüzarlıq” sənədi iş materiallarına əlavə olunsa da, elektron qaydada göndərilmiş həmin pretenziya məktubunun özü iş materiallarına əlavə edilmədiyi üçün, həmin məktubun iddia ərizəsində göstərilən məbləğlərin əks olunduğu yeni məzmunlu xəbərdarlıq məktubu, yoxsa yuxarıda qeyd edilən 30 iyul 2020-ci il tarixli, 444 nömrəli xəbərdarlıq məktubu olmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 150.1.6-cı maddəsində kommersiya mübahisələri üzrə iddiaçının cavabdehlərlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair müvafiq sənədin iddia ərizəsinə əlavə olunması imperativ qaydada müəyyən edilmişdir. İddiaçının cavabdehlərə göndərdiyi və hazırkı iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş pretenziya məktubunun tarixinin 30 iyul 2020-ci il olmasından və həmin sənəddə və iddia ərizəsində cavabdehlərdən tələb olunan məbləğlərin miqdarının fərqli (iddia ərizəsində tələb olunan məbləğlərin miqdarı daha yüksəkdir) olmasından məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə hazırkı iddia ərizəsi ilə 18 yanvar 2024cü ildə məhkəməyə müraciət olunmamışdan əvvəl hər iki cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən, bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddia ərizəsində müqavilə üzrə yaranmış 561,95 manat məbləğində əsas borc və 377,91 faiz borcu olmaqla, ümumilikdə 939,86 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması xahiş edilsə də, bundan fərqli olaraq, iş materiallarındakı xx.xx.2023-cü il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumat sənədində cavabdehin iddiaçıya faiz borcunun məbləği 291,77 manat, əsas borcla birlikdə ümumi ödəməli olduğu məbləğ isə 853,72 manat göstərilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizə icraata götürüldüyü halda, cavabdehdən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmadığı halda, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı olduğundan, iddia ərizəsində tələb olunan əsas borc və faiz borcu məbləğlərinin, həmçinin onların cəm məbləğlərinin miqdarı iddia ərizəsinə əlavə olunan sənədlərdə dəqiqliklə qeyd olunmalı, həmin sənədlər tarixcə yeni olmalıdır. Göründüyü kimi, hazırkı iddia ərizəsinə əlavə olunmuş yuxarıda qeyd edilən məlumat sənədi isə xx.xx.2023-cü il tarixli olub, həmin tarixə olan məlumatları əks etdirməklə, məzmunundakı faiz borcu və tələb olunan ümumi borc məbləğlərinin miqdarı iddia ərizəsində göstərilənlərlə eynilik təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.4-cü maddəsinə əsasən, tələbin əsaslığını təsdiq edən sənədlər kiçik iddialara dair işlər üzrə ərizədə göstərilməlidir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsinin məzmununda, həmçinin cavabdehin müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 643,15 manat məbləğində borc (pul vəsaiti) ödəməli olduğu qeyd edilsə də, ərizəsinin nəticə (xahiş) hissəsində, ümumiyyətlə həmin məbləğ qeyd edilməmiş, əsas borc (561,95) və cərimə borcunun (377,91) iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi müəyyənlik prinsipinin müddəalarını rəhbər tutaraq məhkəmə tutulması xahiş olunan məbləğlərinin hər birinin tərkibinin, o cümlədən yekun məbləğin miqdarının dəqiqləşdirilməsini (həmçinin əsas borc və cərimənin toplam məbləğləri dəyişdiyi halda ödənilməli dövlət rüsumu artarsa, bunun nəzərə alınmasını) iddiaçının nəzərinə çatdırmağı zəruri hesab edir. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş iddia tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada verilmiş iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar