Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2059/2025 15.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Xaçmaz X8 İdarəsi tərəfindən tərtib edilmiş 18 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın və həmin akta əsasən Cavabdeh X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş 26 dekabr 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanmış 2803,87 (iki min səkkiz yüz üç manat səksən yeddi qəpik) manat məbləğində borcun ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********89 nömrəli reyestri ilə qeydə alınmış 0.12 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin sahədə tikilmiş daşınmaz əmlaka Cavabdeh tərəfindən qaz çəkilərək qaz sayğacı qoyulmuşdur. Lakin 2024-cü ilin dekabr ayında Cavabdeh Xaçmaz X8 İdarəsi tərəfindən G-6 markalı 40384790 nömrəli sayğac üzrə yoxlanış keçirilərək 18 dekabr 2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunmuşdur ki, “BK-G 6MT Honeywell” markalı, 40384790 nömrəli qaz sayğacına baxış zamanı sayğacın ölçü mexanizminin alt hissəsi kənar təsir nəticəsində deşici alətlə deşilib. Bu akta əsasən dəymiş ziyanın hesablanıb ödənilməsi tələb edilmiş və bu barədə tələbnamə iddiaçıya göndərilmişdir. Halbuki, iddiaçı tərəfindən ümumiyyətlə həmin əmlakda hər hansı fəaliyyət göstərilmir və əmlakda hər hansı bir fəaliyyət demək olar ki, yoxdur. Cavabdeh 23 dekabr 2025-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək İddiaçı tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Azəriqaz“ X4 Xaçmaz X8 İdarəsinin Siyəzən xidmət sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan Siyəzən rayonunun Məşrif kəndində yerləşən qeyri-yaşayış obyektinin, “Qala-Park” hotel-restoranın sahibi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı əhaliyə ictimai iaşə xidməti göstərmək üçün “Qazpaylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, 18 dekabr 2024-cü il tarixdə “Azəriqaz“ İstehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunmasına baxış keçirilən zaman cavabdehin istifadəsində olan obyektdə quraşdırılmış 40384790 nömrəli qaz sayğacının “ölçü mexanizminin alt hissəsi kənar təsir nəticəsində deşici alətlə deşildiyi” müəyyən edilmişdir. Yoxlama zamanı bütün prosesslər video çəkilişlə müşayət olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. İddiaçı ilə bağlanmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.3-cü bəndinə əsasən sayğaca müdaxilə etməklə istismar etməklə qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Buna görə də İddiaçı barəsində “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” 18 dekabr 2024-cü il tarixli ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası üçün 9612 m3 və ya 2403 manat ziyan məbləği abonentin hesabına işlənilmişdir. Tərtib edilmiş aktı iddiaçının nümayəndəsi X5 etiraf edərək irad bildirmədən imzalamışdır. Yoxlama keçirilməmişdən əvvəl reyestrə salınmış 18 dekabr 2024-cü il tarixli, KY ********* saylı çıxarış alınmışdır. Göstərilənlərə əsasən İddiaçı iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək Cavabdeh Xaçmaz X8 İdarəsi tərəfindən tərtib edilmiş 18 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 2803,87 (iki min səkkiz yüz üç manat səksən yeddi qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirib, etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan KY242262835 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”dan görünür ki, Cavabdeh təfərindən İddiaçıa məxsus sahibkarlıq obyektində başlama tarixi 18 dekabr 2024-cü il, qurtarma tarixi 20 dekabr 2024-cü il olmaqla keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi kimi qeyd edilmişdir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 18 dekabr 2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus sahibkarlıq subyektindəki Honeywel tipli G-4 markalı 40384790 nömrəli qaz sayğacı yeni Honeywel tipli G-4 markalı 43387384 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 dekabr 2024-cü il tarixli ******* nömrəli aktda İddiaçı məxsus sahibkarlıq obyektində istifadə olunan qaz sayğacının “ölçü mexanizminin alt hissəsinin kənar təsir nəticəsində deşici alətlə deşilməsi” qeyd edilmiş, dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan 26 dekabr 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, 18 dekabr 2024-cü il tarixli ******* nömrəli akt əsasında G-6 markalı qaz sayğacının nominal qaz sərfi kombi üçün 5.4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat dövrü 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 5.4x12x90=5832 m3 və PQ4 (restoran tipli) üçün 3.5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat dövrü 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 3.5x12x90=3780 m3 olaraq hesablanmış və həmin hesabatda itirilmiş qazın miqdarı ümumilikdə 9612 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2024-cü ilin dekabr ayında akt əsasında fiziki şəxs İddiaçı məxsus **********00011 nömrəli abonent koduna 2403 manat məbləğində borc hesablanmışdır. 2026-cı il yanvarın 1-dən ləğv edilmiş “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə (2022-ci il mayın 1-dən qüvvəyə minmişdir) əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı məxsus olan Siyəzən rayonu, Məşrif kəndində yerləşən sahibkarlıq obyektinə baxış keçirilmiş, baxış zamanı qaz sayğacının “ölçü mexanizminin alt hissəsinin kənar təsir nəticəsində deşici alətlə deşilməsi” əsası ilə 18 dekabr 2024-cü il tarixli ******* nömrəli akt tərtib olunmuş və həmin akt əsasında 2024-cü ilin dekabr ayında fiziki şəxs İddiaçı məxsus **********00011 nömrəli abonent koduna 2403 (iki min dörd yüz üç) manat məbləğində dəymiş ziyanla bağlı borc hesablanmışdır. Həmin vaxt qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin məzmunundan da aydın olduğu kimi, 2022ci il mayın 1-dən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə halı aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin iş materiallarında 18 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın bir nüsxəsinin Azərbaycan Respublikası Energetika Nazirliyinə göndərildiyi, həmin qurum tərəfindən qazın talanması faktının, istehlakçının təqsirinin müəyyən olunması təsdiqlənmir. Məhkəmə qeyd edir ki, cavabdehin təqdim etdiyi diskdəki video görüntülər qanunun yuxarıda göstərilən tələbi baxımından iddiaçının təqsirinin müəyyən edilməsi üçün kifayət deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 18 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 2803,87 (iki min səkkiz yüz üç manat səksən yeddi qəpik) manat məbləğində borcun silinməsi barədə iddia tələbi qismən edilməli, sözügedən akt əsasında İddiaçı məxsus olan Siyəzən rayonu, Məşrif kəndində yerləşən sahibkarlıq obyektinə hesablanmış 2403 (iki min dörd yüz üç) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı məxsus olan Siyəzən rayonu, Məşrif kəndində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00011) 18 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 2403 (iki min dörd yüz üç) manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus olan Siyəzən rayonu, Məşrif kəndində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00011) 18 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 2403 (iki min dörd yüz üç) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2059/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2059/2025
15.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver