Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-206/2025 05.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 mart 2023-cü il tarixli 5010519/KM-1 nömrəli kredit müqaviləsinə əsasən 64553,52 (altmış dörd min beş yüz əlli üç manat, əlli iki qəpik) manat məbləğində əsas borc, 1832,77 (min səkkiz yüz otuz iki manat, yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 1164,1 (min yüz altmış dörd manat, on qəpik) manat məbləğində cərimə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizlə hesablanmış 2313,17 (iki min üç yüz on üç manat, on yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 69863,56 (altmış doqquz min səkkiz yüz altmış üç manat, əlli altı qəpik) manat məbləğində pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 300 (üç yüz) manat məbləğində dövlət rüsumlarının əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə məxsus 07 mart 2023-cü il tarixli 5010519/DƏSİ-3 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 5.93289 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 22479 kv.m olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 69863,56 (altmış doqquz min səkkiz yüz altmış üç manat, əlli altı qəpik) manat məbləğində borcun, 135 (yüz otuz beş) manat məbləğində və 300 (üç yüz) manat məbləğində dövlət rüsumlarının əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 07 mart 2023-cü il tarixli 5010519/KM-1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 15 faiz dərəcəsi ilə olmaqla 12 ay müddətinə 600000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq cavabdehə məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 5.93289 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 22479 kv.m. olan əmlak kompleksi kimi müəssisə 07 mart 2023-cü il tarixli 5010519/DƏSİ-3 nömrəli sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Kredit borcu üzrə sonuncu dəfə 02 avqust 2024-cü il tarixində 100000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun 23 noyabr 2024-cü il tarixinə 64553,52 manat məbləğində əsas borcu, 07 mart 2024-cü il tarixə 1832,77 manat məbləğində faiz borcu, 1164,1 manat məbləğində dəbbə pulu, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra 2313,17 manat məbləğində gecikdirilmiş məbləğə görə hesablanmış faiz borcu olmaqla, cəmi 69863,56 manat məbləğində borcu yaranmışdır. İddiaçı 05 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ipoteka predmetinin qiymətləndirməsindən narazı olduğunu bildirmiş, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək təkrar qiymətləndirmənin həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili izahatında bildirdi ki, iddia ərizəsini qəbul etmir. Hazırda real nəticə əldə edilməsə də, tərəflər arasında barışıqla bağlı danışıqlar davam edir. Həmçinin, iddiaçı da ipoteka predmetinin qiymətləndirilməsi ilə razı deyil və hesab edir ki, əmlakın real bazar qiymətindən və likvid dəyərindən çox aşağı məbləğ müəyyən edilmişdir. Buna görə də təkrar qiymətləndirmənin keçirilməsini xahiş edir. Həmçinin cavabdeh də qiymətin reallığı əks etdirmədiyini düşünür. Çünki ipoteka predmetinə, ümumiyyətlə, baxış keçirilməmişdir. Belə ki, ipoteka müqaviləsi 2 il öncə bağlanmışdır və mütəxəssis rəyində göstərilən məbləğ daha çox olmalı idi. Buna görə də qiymətləndirilmənin yenidən həyata keçirilməsi zəruridir. Cavabdehin vəkili göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 07 mart 2023-cü il tarixli 5010519/KM-1 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilir ki, bu müqaviləyə əsasən bank (İddiaçı ASC) bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana (cavabdeh "xxxx" MMC-yə) məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək şərtilə kredit verir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, kreditin əsas şərtlərini: kreditin məbləği- 600000 manat, kreditin müddəti-12 ay, kreditin illik faiz dərəcəsi-15 faiz, dəbbə pulu (cərimə)-illik 30 faiz təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, bu kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 16,93 faiz təşkil edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, kreditin qaytarılması bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, kredit üzrə faizlər ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə, borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, bu müqavilənin 2.1-ci bəndində uyğun faizlərin hesablanması kreditin borcalana verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.9-cu bəndinə əsasən, borcalan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda, hər gecikdirilən gün üçün kreditin əsas borcunun ödənilməmiş hissəsinə görə kredit üzrə bu müqavilənin 2.1-ci bəndində göstərilən dəbbə pulu (cərimə) ödəməlidir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən, kredit üzrə borc öhdəliyinin vaxtından əvvəl icrasının tələb edilməsi barədə bankın xəbərdarlıq bildirişindən 10 iş günü ərzində borcalan borc öhdəliyini qeyd-şərtsiz yerinə yetirməlidir. Bu müddət ərzində öhdəlik icra edilmədikdə, ödənilməmiş kredit gecikdirilmiş borc hesab edilir və hər gecikdirilən gün üçün ödənilməyən qalıq məbləğinə bu müqavilənin 2.9-cu bəndinə uyğun dəbbə pulu hesablanır. Həmin müqavilənin 3.1.5-ci yarımbəndinə əsasən, borcalan davam edən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə bank müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi/dəbbə pulu ili birlikdə vaxtından əvvəl qaytarılması borcalandan tələb edə bilər. Həmin müqavilənin 3.4.1-ci və 3.4.3-cü yarımbəndlərinə əsasən, kredit borcunu bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə vaxtında və tam ödəmək, həmçinin vaxtı keçmiş kreditə görə dəbbə pulunu və borcun məcburi tutulması üçün bankın çəkdiyi xərcləri ödəmək borcalanın öhdəlikləridir. İş materiallarında olan 07 mart 2023-cü il tarixli 5010519/KM-1 nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, cavabdeh "xxxx" MMC banka olan borcu üçün son ödəniş tarixi 07 mart 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı ASC) ilə ipoteka qoyan (cavabdeh "xxxx" MMC) arasında bağlanmış 07 mart 2023-cü il tarixli 5010519/DƏSİ-3 nömrəli sonrakı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ümumi sahəsi 22479 kv.m. olan qeyri-yaşayış sahəsi ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin bazar qiyməti müqavilənin bağlandığı an üçün peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğul olan qiymətləndirici tərəfindən 21285000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka saxlayan qəbul edir ki, ipoteka predmeti hazırda 5010519/DƏİM-1 nömrəli ipoteka hüquqları ilə yüklü edilmişdir və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə uyğun olaraq yenidən girova qoyulur. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 17000000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən, əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. Həmin müqavilənin 8.3-cü bəndinə əsasən, bu müqavilə onun təmin etdiyi əsas öhdəlik tam icra edilənədək və ya əsas öhdəliyə xitam verilənədək qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, cavabdehə məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 5.9329 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 22479 kv.m olan əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 23 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh "xxxx" MMC-nin 07 mart 2023-cü il tarixli 5010519/KM-1 nömrəli kredit müqaviləsi üzrə 23 noyabr 2024-cü il tarixinə iddiaçıya 64553,52 manat məbləğində əsas bоrc, 1832,77 manat məbləğində faiz borcu, 2313,17 manat məbləğində gecikdirilmiş məbləğə görə hesablanmış faiz borcu və 1164,1 manat məbləğində cərimə оlmaqla, cəmi 69863,56 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “qiymətləndirmə fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığı və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi qiymətləndirildiyi” əsası ilə tərtib edilmiş 17 mart 2025-ci il tarixli 3-16-16/2-253/2025 nömrəli məktubla Sumqayıt Kommersiya Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qərardadı icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 29 may 2025-ci il tarixli 02-105/25 nömrəli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 5.9329 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 22479 kv.m olan əmlak kompleksi kimi müəssisənin likvid dəyəri 21449000 manat, bazar dəyəri 23832000 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 07 mart 2023-cü il tarixli 5010519/KM-1 nömrəli kredit müqaviləsi üzrə cavabdeh "xxxx" MMC üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğlərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 07 mart 2023-cü il tarixli 5010519/KM-1 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 64553,52 manat məbləğində əsas, 1832,77 manat məbləğində faiz bоrcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin gecikdirilmiş məbləğə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 (beş) faizlə hesablanmış 2313,17 manat məbləğində faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə Mülki Məcəllənin yuxarıda istinad edilmiş 445.7-ci maddəsinin tələbini və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuş hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilmiş vaxt üçün göstərilən məbləğdə faiz borcunu tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarında qeyd edilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddia tələbinin cavabdehdən 07 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1164,1 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit müqaviləsinin 2.9-cu bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. İddiaçı və cavabdeh arasında bağlanmış 07 mart 2023-cü il tarixli 5010519/DƏSİ-3 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 5.9329 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 22479 kv.m olan əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin torpaq sahəsinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə "xxxx" MMC təqdim edilmiş 29 may 2025-ci il tarixli 02-105/25 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 21449000 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “qiymətləndirmə fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığı və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi qiymətləndirildiyi” əsası ilə tərtib edilmiş 17 mart 2025-ci il tarixli 3-16-16/2-253/2025 nömrəli məktubla qərardad icra olunmadan iş məhkəməyə geri qaytarıldığına görə, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən 29 may 2025-ci il tarixli 02-105/25 nömrəli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir. Cavabdehin vəkilinin məhkəmə iclasında tərəflərin ipoteka predmetinin mütəxəssis rəyində göstərilən ilkin satış qiyməti ilə razı olmaması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə daha öncə keçirilmiş üç hazırlıq (24 dekabr 2024-cü il, 15 yanvar 2025-ci il və 30 yanvar 2025-ci il tarixli) və üç baxış (17 fevral 2025-ci il, 18 aprel 2025-ci il və 30 may 2025-ci il tarixli) iclaslarının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh həmin iclaslarda nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin iddia ərizəsi ilə bağlı mövqeyini məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə ünvanlandığı 05 iyun 2025-ci il tarixli ərizənin məzmununda, həmçinin cavabdehin vəkili məhkəmə iclasında verdiyi izahatlarında ipoteka predmetinin mütəxəssis rəyində göstərilən qiyməti ilə razılaşmadıqlarını, həmin qeyri-yaşayış obyektinin qiymətinin daha yüksək məbləğdə olduğunu bildirsələr də, şifahi mülahizələrini təsdiq edən hər hansı sənəd (müvafiq rəy və ya sübut qismində qiymətləndirilə biləcək digər sənəd) məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış 07 mart 2023-cü il tarixli ipoteka müqaviləsinin 5.3-cü bəndinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 17000000 manat, 2.3-cü bəndinə əsasən isə bazar dəyəri 21285000 məbləğində müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə əsasən, həmin ipoteka predmetinin likvid dəyəri 21449000 manat təşkil edir. Göründüyü kimi, ipoteka predmetinin qiymətləndirildiyi vaxtdan təxminən iki il sonra həmin əmlakın likvid qiyməti 5 milyon manata yaxın miqdarda (4449000) artıq hesablanmışdır. Məhkəmə kredit öhdəliyinin ölçüsünü və əmlakın qiymətləndirmə müddətləri arasındakı vaxt fərqini nəzərə alaraq hesab edir ki, qeyd edilən artım tamamilə ağlabatan və ədalətlidir. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 07 noyabr 2024-cü il tarixli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan təyinatı “Xidmət haqqının ödənilməsi” olan ********** nömrəli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 120 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehdən 15 manat məbləğində dövlət rüsumunun və 120 manat məbləğində xidmət haqqının əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, iş materiallarında olan 02 dekabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 300 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia təmin edildiyindən 300 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, "xxxx" MMC-nin 29 may 2025-ci il tarixli 02-105/25 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılan tədqiqatın dəyəri 500 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdеhdən 64553,52 manat məbləğində əsas borc, 1832,77 manat məbləğində faiz borcu, 1164,1 manat məbləğində cərimə, 2313,17 manat məbləğində gecikdirilmiş məbləğə görə hesablanmış faiz borcu, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun və 120 manat məbləğində xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 300 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 70298,56 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdehdən tutulmalı olan cəmi 70298,56 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 5.9329 ha torpaq sahəsinə və üzərində yerləşən ümumi sahəsi 22479 kv.m olan əmlak kompleksi kimi müəssisəsiyə yönəldilməli və həmin ipoteka predmetinin ilkin satış qiyməti 21449000 manat məbləğində müəyyən edilməli, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaiti cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdеh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 64553,52 (altmış dörd min beş yüz əlli üç manat, əlli iki qəpik) manat məbləğində əsas borc, 1832,77 (min səkkiz yüz otuz iki manat, yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 1164,1 (min yüz altmış dörd manat, on qəpik) manat məbləğində cərimə, 2313,17 (iki min üç yüz on üç manat, on yeddi qəpik) manat məbləğində gecikdirilmiş məbləğə görə hesablanmış faiz borcu, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 70298,56 (yetmiş min iki yüz doxsan səkkiz manat, əlli altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmalı olan cəmi 70298,56 (yetmiş min iki yüz doxsan səkkiz manat, əlli altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 5.9329 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 22479 kv.m olan əmlak kompleksi kimi müəssisəsiyə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı ASCyə olan cəmi 70298,56 (yetmiş min iki yüz doxsan səkkiz manat, əlli altı qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 5.9329 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 22479 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 21449000 (iyirmi bir milyon dörd yüz qırx doqquz min) manat məbləğində müəyyən edilsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-206/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-206/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver