Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2064/2025 21.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1517,83 (min beş yüz on yeddi ABŞ dolları səksən üç sent) ABŞ dolları məbləğində əsas borc, 470,72 (dörd yüz yetmiş ABŞ dolları yetmiş iki sent) ABŞ dolları məbləğində faiz borcu, 2485,35 (iki min dörd yüz səksən beş ABŞ dolları otuz beş sent) ABŞ dolları məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 194,67 (yüz doxsan dörd ABŞ dolları altmış yeddi sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 4668,57 (dörd min altı yüz altmış səkkiz ABŞ dolları əlli yeddi sent) ABŞ dolları məbləğində borcun və 99,37 (doxsan doqquz manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli 15 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsait məqsədi ilə 24 ay müddətinə illik 25 % dərəcəsi ilə 7700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında 110006410/ZM nömrəli 15 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli 16 mart 2015-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana 7700 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 6377,55 ABŞ dolları təşkil etmişdir. Kreditin ödənilmə müddəti 16 avqust 2017-ci il tarixədək təyin olunmuşdur. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 2 nömrəli 13 oktyabr 2017-ci il tarixli Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (“restrukturizasiya edilmiş kredit”) 5984,97 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 13 oktyabr 2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 12 may 2025-ci il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 4668,57 (dörd min altı yüz altmış səkkiz ABŞ dolları əlli yeddi sent) ABŞ dolları təşkil edir. Bundan 1517,83 (min beş yüz on yeddi ABŞ dolları səksən üç sent) ABŞ dolları məbləğində əsas borc, 470,72 (dörd yüz yetmiş ABŞ dolları yetmiş iki sent) ABŞ dolları məbləğində faiz borcu, 2485,35 (iki min dörd yüz səksən beş ABŞ dolları otuz beş sent) ABŞ dolları məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 194,67 (yüz doxsan dörd ABŞ dolları altmış yeddi sent) ABŞ dolları məbləğində faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min ABŞ dollarıdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min ABŞ dollarıdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti - “kreditor” və Cavabdeh3 - “borcalan” olmaqla, bağlanmış 15 oktyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə 2.1-ci bəndinə görə kreditor borcalana 7700 (yeddi min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit borcalana dövriyyə vəsaiti məqsədilə verilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kredit 24 ay müddətinə verilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə görə borcalan kreditora illik 25 % dərəcəsi ilə faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 26,095 % təşkil edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 50 % dərəcəsi ilə, aylıq isə 4,17 % dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “kreditor”, Cavabdeh3 – “borcalan”, Cavabdeh1 və Cavabdeh2– “zamin” olmaqla bağlanmış 110006410/ZM nömrəli 15 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən borcalanın kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlər öz üzərinə götürürlər. Həmin zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “kreditor” və Cavabdeh3 – “borcalan” olmaqla bağlanmış 15 oktyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə 16 mart 2015-ci il tarixli 01 nömrəli Əlavə sazişə əsasən kreditorun borc alana 7700 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 6377,55 ABŞ dolları təşkil edir. Kreditin ödənilmə müddəti 9 ay uzadılaraq, 16 avqust 2017-cı il tarixədək təyin olunur. İş materiallarında olan 15 oktyabr 2014-cü il tarixli ********* nömrəli zaminlik müqaviləsi üzrə 16 mart 2015-ci il tarixli 01 nömrəli Əlavə sazişə əsasən kreditorun borc alana 7700 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 6377,55 ABŞ dolları təşkil etməsi və kreditin ödənilmə müddəti 9 ay uzadılaraq, 16 avqust 2017-cı il tarixədək təyin olunur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “kreditor” və Cavabdeh3 – “borcalan” olmaqla bağlanmış 15 oktyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə 13 oktyabr 2017-ci il tarixli 2 nömrəli Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5984,97 (beş min doqquz yüz səksən dörd ABŞ dolları doxsan yeddi sent) ABŞ dolları təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3412,34 (üç min dörd yüz on iki ABŞ dolları otuz dörd sent) ABŞ dollar əsas borc, 1492,77 (bir min dörd yüz doxsan iki ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları faiz borcu və 1079,86 (min yetmiş doqquz ABŞ dolları səksən altı sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 13 oktyabr 2022-ci il tarixədək təşkil edir. İş materiallarında olan 15 oktyabr 2014-cü il tarixli ********* nömrəli zaminlik müqaviləsi üzrə 13 oktyabr 2017-ci il tarixli 2 nömrəli Əlavə sazişlərin 2.2-ci bəndinə əsasən zamin(lər) bu Əlavə sazişi imzalamaqla ********* nömrəli, 15 oktyabr 2014-cü il tarixli kredit Müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən 2 nömrəli, 13 oktyabr 2017-ci il tarixli Əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 27 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh3 göstərilən kredit müqaviləsi üzrə 12 may 2025-ci il tarixə 1517,83 ABŞ dolları məbləğində əsas borc, 470,72 ABŞ dolları məbləğində faiz borcu, 2485,35 ABŞ dolları məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 194,67 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 4668,57 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh3 15 oktyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsini və ona Əlavə sazişləri bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da, borcverəndən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 15 oktyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 1517,83 (min beş yüz on yeddi ABŞ dolları səksən üç sent) ABŞ dolları məbləğində əsas borc və 470,72 (dörd yüz yetmiş ABŞ dolları yetmiş iki sent) ABŞ dolları məbləğində faiz borcu ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla Cavabdeh3 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın "2485,35 (iki min dörd yüz səksən beş ABŞ dolları otuz beş sent) ABŞ dolları məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, cərimə məbləği azaldılaraq, Cavabdeh3 45 (qırx beş) ABŞ dolları məbləğində cərimə ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə hesab edir ki, kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borca münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 194,67 (yüz doxsan dörd ABŞ dolları altmış yeddi sent) ABŞ dolları məbləğində pul vəsaiti də ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 477.0. və 477.0.4-cü maddələrinin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda - zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, borcalan Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlər Cavabdeh1 və Cavabdeh2 da borcverən bank qarşısında öhdəlikləri yaranmışdır. Lakin iş materialları ilə müəyyən edilir ki, 15 oktyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə bağlanmış 13 oktyabr 2017-ci il tarixli 2 nömrəli Əlavə sazişə əsasən kreditin qaytarılma vaxtının son müddəti 13 oktyabr 2022-ci il tarixidir və həmin tarixdə məlum kredit müqaviləsinin müddəti bitmişdir. Yəni, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminliyi ilə təmin olunmuş kredit müqaviləsinin və kreditin qaytarılmasının son müddəti 13 oktyabr 2022-ci il tarixi olmuşdur. Lakin iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məlum kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini qeyd olunan müddət (bir illik müddət) keçdikdən sonra, yəni 08 oktyabr 2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə görə yəni məlum kredit müqaviləsi üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminlərə qarşı iddia irəli sürülmədiyi üçün hazırkı iddia ərizəsi üzrə müqavilə üzrə tələb edilən borclar zaminlərdən tutulmamalı, zamin qismində Cavabdeh1 və Cavabdeh2 qarşı zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddianın “99,37 (doxsan doqquz manat otuz yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 57,88 (əlli yeddi manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdеh Cavabdeh3 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh3 1517,83 (min beş yüz on yeddi ABŞ dolları səksən üç sent) ABŞ dolları məbləğində əsas borc, 470,72 (dörd yüz yetmiş ABŞ dolları yetmiş iki sent) ABŞ dolları məbləğində faiz borcu, 45 (qırx beş) ABŞ dolları məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 194,67 (yüz doxsan dörd ABŞ dolları altmış yeddi sent) ABŞ dolları məbləğində faiz borcu ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 57,88 (əlli yeddi manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh3 1517,83 (min beş yüz on yeddi ABŞ dolları səksən üç sent) ABŞ dolları məbləğində əsas borc, 470,72 (dörd yüz yetmiş ABŞ dolları yetmiş iki sent) ABŞ dolları məbləğində faiz borcu, 45 (qırx beş) ABŞ dolları məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 194,67 (yüz doxsan dörd ABŞ dolları altmış yeddi sent) ABŞ dolları məbləğində faiz borcu ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 57,88 (əlli yeddi manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2064/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2064/2025
21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver