Məhkəmə qərarları › İş №e-2-2(119)-2079/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2079/2025

13.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2079/2025 13.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələb barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1362 (bir min üç yüz altmış iki) manat məbləğində maddi ziyanın, 125 (yüz iyirmi beş) manat məbləğində ödənilməmiş icarə haqqının, 30 (otuz) manat məbləğində dövlət yol polisi tərəfindən qeydə alınmış cərimənin, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqqın və 34,87 (otuz dörd manat səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 24 dekabr 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 CDX minik” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. 11 aprel 2025-ci il tarixində avtomobil sürücüsü tərəfindən avtoservisə gətirilmişdir. Avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirilmiş və aşağıdakı zədə və nöqsanlar aşkar olunmuşdur: Soyutma mayesi, karobka yağı tamamilə keyfiyyətdən düşmüş və həcmi normadan azdır. 2 amortizator və 2 təkər (arxada) dəyişilməlidir. Sükan idarəetmə mexanizmi yararsız vəziyyətdədir. Həmçinin injektor – zaslonka yuyulmalı, peredok-xodovoy hissə təmir olunmalıdır. Bununla yanaşı, cavabdehin nəqliyyat vasitəsinin beş günlük icarəsi üzrə hər günü 25 (iyirmi beş) manat hesablanmaqla ümumilikdə 125 (yüz iyirmi beş) manat məbləğində icarə haqqı borcu qalmışdır. Həmçinin dövlət yol polisi tərəfindən qeydə alınmış 30 (otuz) manat məbləğində cərimə barədə də sürücüyə məlumat verilmişdir. Lakin, sürücü borclarını ödəmək və avtomobili təmir etdirmək əvəzinə, avtomobili mülkiyyətçiyə təhvil vermiş, bununla bağlı izahat yazaraq təqdim etmişdir. Dəymiş zərər və nəqliyyat vasitəsinin təhvil alınmasına dair akt tərtib olunmuşdur. Lakin, sürücü yazılı izahat versə də, aktı imzalamaqdan imtina etmiş və avtomobili mülkiyyətçiyə təhvil vermişdir. Bildirilir ki, cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona rəsmi poçt vasitəsi ilə 01 oktyabr 2025-ci il tarixdə göndərilmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən verilən 13 aprel 2025-ci ildə tərtib edilmiş qüsur aktına əsasən avtomaşının bərpası üçün 1362 (min üç yüz altmış iki) manat tələb olunmuşdur. Qüsur aktına əsasən aşağıdakı ehtiyat hissələrinin dəyişdirilməsi göstərilmişdir: Peçin trubkası, antifriz G-11 (5 litr), karobka yağı dexron, lampa sol, amortizatorlar arxa sağ və sol, təkərlər arxa sağ və sol, nakoneçnik sağ, rulevoy – sükan idarəetmə mexanizmi, qranat salniki, sırğa sağ, qranat çöl, nakladka (əyləc qəlbi), stupiçalar arxa, sağ və sol. Qüsur aktına əsasən aşağıdakı usta xidmətləri göstərilmişdir: Çilingər: injektor-zaslonkanın yuyulması. Təkərlər, karobka yağı, antifriz və peredok-xodovoy hissədəki bütün nasaz detalların dəyişdirilməsi. Ehtiyat hissələrinin cəmi məbləği 1042 (min qırx iki) manat, usta xidməti 320 (üç yüz iyirmi) manat təşkil etmişdir. Cavabdehə bu barədə məlumat verilsə də, o, qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. İddiaçı öz avtomobilini təmir etdirmək məcburiyyətində qaldığından 18 aprel 2025-ci il tarixdə avtomobilin təmirinə görə 1362 (min üç yüz altmış iki) manat ödəmişdir. Bundan sonra avtomobil təmir olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində maddi ziyanın, 125 (yüz iyirmi beş) manat məbləğində ödənilməmiş icarə haqqının, 30 (otuz) manat məbləğində dövlət yol polisi tərəfindən qeydə alınmış cərimənin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbinin həcminin azaldılması barədə ərizədə göstərilən tələblə razı olduğunu bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən X1 (İddiaçı adından) ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış 24 dekabr 2024-cü il tarixli 24.12.24/DR630 nömrəli icarə müqaviləsinin predmeti “Ravon R3 minik” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəsizliyini təmin etməyə, nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə təmin etməyə, nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına riayət etməyə, nəqliyyat vasitəsini kənar şəxslərin idarə etməsinə yol verməməyə, nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər, akkumlyator və s.) icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz etməyə, hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə və nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nəqliyyat vasitəsinin hər hansı bir səbəbdən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəyə verən nəqliyyat vasitəsini işlək vəziyyətdə icarəyə götürənə verməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 1200 (min iki yüz) manat məbləğində depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən müvafiq sənədləri təqdim etdikdən sonra nəqliyyat vasitəsini icarəyə verən şəxs öhdəliyində olan nəqliyyat vasitəsini həftədə 7 günə görə günlük 25 (iyirmi beş) manat icarə haqqı verir (vergi xaric). Həmin müqavilənin 4.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini İcarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini İcarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və istifadə etdiyi dövr üçün borc qalığını ödəməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini İcarəyə götürən şəxs nəqliyyat vasitəsini 6 (altı) aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır. 6 (altı) aydan sonra isə depozit məbləğinin 50 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə ərizədə qeyd olunur. Həmin müqavilənin 4.10-cu bəndinə əsasən dövlət yol polisi tərəfindən nəqliyyat vasitəsini icarəyə götürən şəxs barəsində tərtib edilmiş inzibati cərimələr olarsa, nəqliyyat vasitəsini icarəyə verən şəxs bu məbləği tələb etmək və müstəqil şəkildə depozit məbləğindən tutmaq hüququna malikdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair” 24 dekabr 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 24 dekabr 2024-cü il tarixli 24.12.24/DR630 nömrəli icarə müqaviləsinə əsasən “Ravon R3 minik” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” 11 aprel 2025-ci il tarixli aktda göstərilir ki, avtomobilin sürücüsü Cavabdeh tərəfindən avtomobil 11 aprel 2025-ci il tarixdə avtoservisə gətirilmiş, avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirilmiş, baxış keçirilən zaman avtomobildə qüsurlar olduğu, sürücünün 125 (yüz iyirmi beş) manat məbləğində ödənilməmiş icarə haqqının və 30 (otuz) manat məbləğində dövlət yol polisi tərəfindən qeydə alınmış cəriməsinin olduğu müəyyən edilmişdir. Bu barədə Cavabdeh məlumat verilmiş, lakin o, aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 18 aprel 2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, avtomobilin ehtiyat hissələrinin qiyməti 1042 (min qırx iki) manat, təmir-usta işlərinin qiyməti 320 (üç yüz iyirmi) manat olmaqla, cəmi 1362 (min üç yüz altmış iki) manat “Ravon R3 minik” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün İddiaçı tərəfindən avtoservisə ödəniş həyata keçirilmişdir. İş materiallarında olan 13 aprel 2025-ci il tarixli qüsur aktında avtomobilin ehtiyat hissələrinin qiyməti 1042 (min qırx iki) manat, təmir-usta işlərinin qiyməti 320 (üç yüz iyirmi) manat olmaqla, “Ravon R3 minik” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci 1362 (min üç yüz altmış iki) manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 24 dekabr 2024-cü il tarixli 24.12.24/DR630 nömrəli icarə müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında “Ravon R3 minik” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Sözügedən avtomobil Cavabdeh tərəfindən 11 aprel 2025-ci il tarixdə avtoservisə gətirilmiş və iddiaçı tərəfindən təhvil alınmışdır. Avtomobil iddiaçı tərəfindən təhvil alınarkən avtomobilə baxış keçirilmiş və baxış nəticəsində nəqliyyat vasitəsində qüsurlar olması müəyyən edilmişdir. Bununla bağlı qüsur akt tərtib edilərək avtomobilə ehtiyat hissələrinin qiyməti 1042 (min qırx iki) manat, təmir-usta işlərinin qiyməti 320 (üç yüz iyirmi) manat olmaqla, cəmi 1362 (min üç yüz altmış iki) manat zərərin dəyməsi müəyyən edilmişdir. Cavabdehə dəymiş zərərin ödənilməsi barədə pretenziya göndərilsə də o, yaranmış həmin məbləği ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı tərəfindən “Ravon R3 minik” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil 24 dekabr 2024-cü il tarixdən Cavabdeh təhvil verilmiş, lakin sonuncu həmin nəqliyyat vasitəsini 11 aprel 2025-ci il tarixdə qüsurlu vəziyyətdə iddiaçıya geri qaytarmışdır. Həmin vaxt onun 5 gün üçün ödənilməmiş 125 (yüz iyirmi beş) manat məbləğində icarə haqqı borcu və dövlət yol polis tərəfindən qeyd alınmış 30 (otuz) manat məbləğində cəriməsi də mövcud olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən 800 (səkkiz yüz) manat məbləğində maddi ziyanın, 125 (yüz iyirmi beş) manat məbləğində icarə haqqının və 30 (otuz) manat məbləğində dövlət yol polisi tərəfindən qeydə alınmış cərimənin tutularaq iddiaçıya ödənilməsi” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, təmin edilmiş iddianın qiyməti nəzərə alınmaqla, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan, 125 (yüz iyirmi beş) manat məbləğində icarə haqqı, 30 (otuz) manat məbləğində dövlət yol polisi tərəfindən qeydə alınmış cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 985 (doqquz yüz səksən beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan, 125 (yüz iyirmi beş) manat məbləğində icarə haqqı, 30 (otuz) manat məbləğində dövlət yol polisi tərəfindən qeydə alınmış cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 985 (doqquz yüz səksən beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar