Məhkəmə qərarları › İş №e-2-2(119)-2081/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2081/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2081/2025 23.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3, Cavabdeh3 nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 29 iyul 2015-ci il tarixli 872 nömrəli kredit müqaviləsi üzrə 5636,43 (beş min altı yüz otuz altı manat qırx üç qəpik) manat məbləğində əsas borc, 493,66 (dörd yüz doxsan üç manat altmış altı qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdiyi tarixdən sonra illik 5%-lə hesablanmış 2003,28 (iki min üç manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 8133,37 (səkkiz min otuz üç manat otuz yeddi qəpik) manat məbləğində borcun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi, tələbin ipoteka qoyulmuş Cavabdeh2 Zaki oğluna məxsus olan Qobustan rayonu, Şıxzahırlı kəndində yerləşən fərdi yaşayış evinə 0,03 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 8133,37 (səkkiz min otuz üç manat otuz yeddi qəpik) manat məbləğində borcun və 101,33 (yüz bir manat otuz üç qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə Cavabdeh3 arasında bağlanmış 29 iyul 2015ci il tarixli 872 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 illik 6%-lə 36 ay müddətində cəmi 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 məxsus olan Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evi, habelə onun və onun ailə üzvü olan mərhum X1 paylı mülkiyyətində olan 0,03 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə ipoteka qoyanlar arasında 06 avqust 2015-ci il tarixli 872 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 3-cü bəndinə əsasən tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən əmlakının razılaşdırılmış dəyəri 27000 (iyirmi yeddi min) manat müəyyən edilir. Cavabdeh3 tərəfindən 29 iyul 2015-ci il tarixli 872 nömrəli kredit müqaviləsinə əsasən 12000 (on iki min) manat əsas borc və ona hesablanmış 1920,09 (min doqquz yüz iyirmi manat doqquz qəpik) manat faiz borcu qrafika uyğun ödənilməli olduğu halda, həmin şərtlərə əməl edilməmişdir. Cavabdeh3 29 iyul 2015-ci il tarixli 872 nömrəli kredit müqaviləsi üzrə borcu 5636,43 (beş min altı yüz otuz altı manat qırx üç qəpik) manat əsas borc, 493,66 (dörd yüz doxsan üç manat altmış altı qəpik) manat faiz borcu, müqavilə müddəti bitdiyi tarixdən sonra illik 5%-lə hesablanmış 2003,28 (iki min üç manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 8133,37 (səkkiz min otuz üç manat otuz yeddi qəpik) manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına baxmayaraq borc ödənilməmiş qalmışdır. 07 dekabr 2025-ci il tarixdə Cavabdeh3 nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında kredit müqaviləsi 29 iyul 2015-ci il tarixində imzalanmış və müqavilənin müddəti 3 il olaraq müəyyən edilmişdir. Müqavilənin qüvvədə olma tarixi olan 29 iyul 2015-ci il tarixindən 3 il müddət ötməsinə baxmayaraq kredit hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməmiş, qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. O, kredit müqaviləsi üzrə sonuncu dəfə 06 mart 2018-ci il tarixdə 406,24 (dörd yüz altı manat iyirmi dörd qəpik) manat məbləğində ödəniş edildiyini bildirmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi Vəkil vəsatətin məzmununa uyğun izahat verərək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi üzrə üç illik iddia müddəti keçdiyindən iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia müddətinin tətbiqi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı – “borc verən” və Cavabdeh3 – “borc alan” olmaqla bağlanmış 29 iyul 2015-ci il tarixli 872 nömrəli krеdit müqaviləsinə əsasən damazlıq qoyunların alınması üçün borc alan Cavabdeh3 36 ay müddətinə illik 6% dərəcəsi ilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 1 nömrəli ödəniş cədvəlinə əsasən borcalan Cavabdeh3 kredit təşkilatına olan borcunun son ödəniş tarixi 2018-ci ilin iyul ayı olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Cavabdeh3 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə ipoteka qoyanlar X2 və Cavabdeh2 arasında bağlanmış 06 avqust 2015-ci il tarixli 872 nömrəli ipoteka müqaviləsinə əsasən kredit (faizlə) qaytarılana qədər 29 iyul 2015-ci il tarixli 872 nömrəli krеdit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan 26 sentyabr 2012-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan 23 noyabr 2012-ci il tarixli 708 saylı ipoteka müqaviləsi ilə yüklənmiş Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evini (0,03 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) 27000 manat dəyərində təkrar olaraq ipoteka ilə yükləməyi öz öhdəsinə götürür. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, sözügedən kredit müqaviləsi üzrə sonuncu dəfə 06 mart 2018-ci il tarixdə 406,24 (dörd yüz altı manat iyirmi dörd qəpik) manat məbləğində kredit ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini borcalan Cavabdeh3 vermiş, lakin sonuncu tərəfindən əsas və faiz borcu hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş edilməmişdir. Məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə məhkəməyə Cavabdeh3 nümayəndəsi Vəkil ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi xahiş olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, mübahisə predmetini təşkil edən kredit müqaviləsi 29 iyul 2015-ci il tarixdə bağlanmış, kredit müqaviləsinin müddəti 2018-ci ilin iyul ayında bitmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, həmin kredit müqaviləsi üzrə sonuncu dəfə 06 mart 2018-ci il tarixdə kredit ödənişi həyata keçirilmişdir. Həmin vaxtdan sonra Cavabdeh3 tərəfindən bu kredit müqaviləsi üzrə ödəniş aparılması iş üzrə sənədlərlə və tərəflərin izahatları ilə öz təsdiqini tapmır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı isə kredit müqaviləsinin müddətinin bitdiyi vaxtdan müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra – 10 oktyabr 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 376-cı maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddiası iddia müddəti keçdiyindən rədd edilməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar