Məhkəmə qərarları › İş №e-2-2(119)-2090/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2090/2025

21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2090/2025 21.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 05 fevral 2024-cü il tarixli 28-MCR-1-1062-22/2 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 4183,44 (dörd min yüz səksən üç manat qırx dörd qəpik) manat məbləğində əsas borc, 366,05 (üç yüz altmış altı manat beş qəpik) manat məbləğində faiz borcu və 6,91 (altı manat doxsan bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4556,4 (dörd min beş yüz əlli altı manat qırx qəpik) manat məbləğində borcun və 65,56 (altmış beş manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31 avqust 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 120 ay müddətinə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin razılaşmanın təminatı olaraq 01 sentyabr 2022-ci il tarixdə Cavabdeh1 və 05 fevral 2024cü il tarixdə Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. 05 fevral 2024-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 23 faizlə 24 ay müddətinə 7000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçır. 2025-ci il may ayının 23-dək Cavabdeh3 banka 05 fevral 2024-cü il tarixli kredit müqaviləsi üzrə 4183,44 manat məbləğində əsas borcu, 366,05 manat məbləğində faiz borcu və 13,82 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4563,31 manat məbləğində borcu vardır. Cavabdeh3 05 fevral 2024-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 13,82 manat məbləğində təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 % miqdarında olmaqla, yəni 6,91 manat məbləğində məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh3 arasında bağlanmış 31 avqust 2022-ci il tarixli 28-MCR-1-1062-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 120 ay müddətinə aylıq dərəcəsi 2,50 % olmaqla 20000 (iyirmi min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh3 arasında bağlanmış 05 fevral 2024-cü il tarixli 28-MCR-1-1062-22/2 nömrəli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh3 dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə aylıq faiz dərəcəsi 1,92 %, faktiki illik faiz dərəcəsi 24,06 % olmaqla 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, 31 avqust 2022-ci il tarixli 28-MCR-1-1062-22/2 nömrəli kreditin verilməsinə dair müqaviləyə 1 saylı Əlavədə borcalan Cavabdeh3 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 05 fevral 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh3 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli Z/14322/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin 31 avqust 2022-ci il tarixli 28-MCR-1-1062-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında bağlanmış 05 fevral 2024-cü il tarixli Z/01985/24 nömrəli zaminlik müqaviləsinə əsasən zamin 31 avqust 2022-ci il tarixli 28-MCR-1-1062-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 23 may 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 23 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh3 05 fevral 2024-cü il tarixli 28-MCR-1-1062-22/2 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 23 may 2025-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 4183,44 (dörd min yüz səksən üç manat qırx dörd qəpik) manat məbləğində əsas bоrc, 366,05 (üç yüz altmış altı manat beş qəpik) manat məbləğində faiz borcu və 13,82 (on üç manat səksən iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4563,31 (dörd min beş yüz altmış üç manat otuz bir qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 19 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh3 05 fevral 2024-cü il tarixli 28-MCR-1-1062-22/2 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 19 noyabr 2025-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3944,8 (üç min doqquz yüz qırx dörd manat səksən qəpik) manat məbləğində əsas borc, 697,31 (altı yüz doxsan yeddi manat otuz bir qəpik) manat məbləğində faiz borcu və 69,78 (altmış doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4711,89 (dörd min yeddi yüz on bir manat səksən doqquz qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh3 tərəfindən 17 iyun 2025-ci il tarixdə 365 manat ödəniş həyata keçirilmiş, ondan 238,64 manat əsas borca, 115,35 manat faiz borcuna, 11,01 manat cərimə borcuna silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh3 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin o, 31 avqust 2022-ci il tarixli 28-MCR-1-1062-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma və 05 fevral 2024-cü il tarixli 28-MCR-1-1062-22/2 nömrəli kredit verilməsinə dair müqavilə üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kreditin verilməsinə dair razılaşma üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış əsas və faiz borc iddiaçının xeyrinə tutulmalıdır. 05 fevral 2024-cü il tarixli 28-MCR-1-1062-22/2 nömrəli kredit verilməsinə dair müqavilə üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən 19 noyabr 2025-ci il tarixdə təqdim edilmiş maliyyə arayışı nəzərə alınmalıdır. Belə ki, 19 noyabr 2025-ci il tarixdə təqdim olunmuş maliyyə arayışında Cavabdeh3 05 fevral 2024-cü il tarixli 28-MCR-1-1062-22/2 nömrəli kredit verilməsinə dair müqavilə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 3944,8 (üç min doqquz yüz qırx dörd manat səksən qəpik) manat məbləğində əsas borcunun qaldığı qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, 05 fevral 2024-cü il tarixli 28-MCR-1-1062-22/2 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 3944,8 (üç min doqquz yüz qırx dörd manat səksən qəpik) manat məbləğində əsas bоrc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia qaldırarkən 05 fevral 2024-cü il tarixli 28-MCR-1- 1062-22/2 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 23 may 2025-ci il tarixinə hesablanmış 366,05 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərə 23 may 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Buna baxmayaraq həmin tarixdən sonra da bank tərəfindən faiz borcu kredit razılaşmasındakı illik faiz dərəcəsi ilə hesablanmış və 05 fevral 2024-cü il tarixli 28-MCR-1-1062-22/2 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 17 iyun 2025-ci il tarixdə ödənilmiş 365 manatın 115,35 manat hissəsini faiz borcundan silmişdir. Buna görə iddia tələbi “05 fevral 2024-cü il tarixli 28-MCR-1-1062-22/2 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 366,05 manat faiz borcunun iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilməli, həmin müqavilə üzrə 250,7 manat (xəbərdarlıq məktubunun göndərildiyi 23 may 2025-ci il tarixinə hesablanmış 366,05 manat-115,35 manat=250,7 manat) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin “05 fevral 2024-cü il tarixli 28-MCR-1-1062- 22/2 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 6,91 (altı manat doxsan bir qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 01 sentyabr 2022-ci il tarixli Z/14322/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 və 05 fevral 2024-cü il tarixli Z/01985/24 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 31 avqust 2022-ci il tarixli 28-MCR-1-1062-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “cavabdehlərdən müştərək qaydada 65,56 (altmış beş manat əlli altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 62,02 (altmış iki manat iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3944,8 (üç min doqquz yüz qırx dörd manat səksən qəpik) manat məbləğində əsas bоrc, 250,7 (iki yüz əlli manat yetmiş qəpik) manat məbləğində faiz borcu, 6,91 (altı manat doxsan bir qəpik) manat məbləğində cərimə və 62,02 (altmış iki manat iki qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4264,43 (dörd min iki yüz altmış dörd manat qırx üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3944,8 (üç min doqquz yüz qırx dörd manat səksən qəpik) manat məbləğində əsas bоrc, 250,7 (iki yüz əlli manat yetmiş qəpik) manat məbləğində faiz borcu, 6,91 (altı manat doxsan bir qəpik) manat məbləğində cərimə və 62,02 (altmış iki manat iki qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4264,43 (dörd min iki yüz altmış dörd manat qırx üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar