Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-210/2025 07.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 08 may 2023-cü il tarixli 001 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin tərkib hissəsi olan 27 mart 2024-cü il tarixli 362893-CNS-53804 nömrəli birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizə-razılaşmasına əsasən, 6852,6 (altı min səkkiz yüz əlli iki manat, altmış qəpik) manat məbləğində borc, 577,42 (beş yüz yetmiş yeddi manat, qırx iki qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 7430,02 (yeddi min dörd yüz otuz manat, iki qəpik) məbləğində pul vəsaitinin və 94,3 (doxsan dörd manat, otuz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 27 mart 2024-cü il tarixli razılaşma üzrə cavabdeh müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan və tərəflər arasında bağlanmış 27 mart 2024-cü il tarixli 362893-CNS-53804 nömrəli birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizərazılaşmasından görünür ki, müştəri (Cavabdeh) ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 7300 manat məbləğində kredit verilməsi barədə (İddiaçı ASC-yə) oferta vermiş, bank isə həmin təklifi aksept etmiş, yəni təklifi qəbul etmişdir. Həmçinin həmin razılaşmadan görünür ki, cavabdeh bankın rəsmi internet səhifəsində (www.vtb.az) yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtəri”, tariflər, valyuta məzənnəsi və aparılan bütün bank əməliyyatları üzrə məhdudiyyətlər (limitlər) ilə tanış olduğunu və qəbul etdiyini, müqavilənin imzalanması ilə DBX sistemində xidmətlərin göstərilməsi məqsədilə elektron üsulla identifikasiya/autenfikasiya olunmasına, həmçinin DBX sistemində istifadə edilən təsdiqləmə vasitələrinin (Şifrə/Birdəlik şifrə/OTP(X1)/təsdiq kodlarının) onun şəxsi yazılı/elektron imzası ilə bərabər tutulmasına razılıq verdiyini imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 27 mart 2024-cü il tarixli 362893-CNS-53804 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlinə əsasən, cavabdehin iddiaçıya olan borcunun həmin plana uyğun olaraq son ödəniş tarixi 29 mart 2027-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 08 may 2023-cü il tarixli 001 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin “Ümumi müddəalar” adlanan 1-ci hisəsinin 4-cü bəndinə əsasən, bu ümumi şərtlər özü ayrılıqda müqavilə hesab edilmir. Müştəri ona təqdim olunmuş və bank xidmətləri ilə bağlı dispozitiv və mühüm(xüsusi) şərtləri əks etdirən ərizə-razılaşmanı banka təqdim etməklə, hazırkı ümumi şərtlərin tələb və müddəalarını qəbul etmiş hesab edilir və xidmətlərin dəyərini bankın qüvvədə olan tariflərinə və ərizə-razılaşmaya əsasən ödəməyi öhdəsinə götürür. Müqavilə bağlandığı andan ümumi şərtlər və tariflər, o cümlədən onlara əlavə və dəyişikliklər müqavilənin tərkib hissəsinə çevrilir. Həmin müqavilənin “Ümumi müddəalar” adlanan 1-ci hisəsinin 7-ci bəndinə əsasən, ərizə-razılaşmanı bankın səlahiyyətli nümayəndəsinin imzası, bankın möhürü ilə təsdiqlənməsi və müştəriyə təqdim edilməsi bankın aksepti hesab edilir. Həmin müqavilənin “Kredit” adlanan 7-ci hisəsinin 3-cü bəndinə əsasən, bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Həmin müqavilənin “Kredit” adlanan 7-ci hisəsinin 5-ci bəndinə əsasən, müştəri kredit və kredit faizini ödəniş cədvəlinə (ərizə-razılaşmaya 1 nömrəli əlavə) uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin “Tərəflərin hüquq və vəzifələri” adlanan 10-cu hisəsinin 9.7-ci yarımbəndinə əsasən, müştəri bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi öhdəsinə götürür. Həmin müqavilənin “Kredit məhsulları üzrə vaxtından əvvəl tələb etmə” adlanan hissəsinin ümumi şərtlərin 1.3-cü və 1.4-cü yarımbəndlərinə əsasən, ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda və ya kredit alan bu müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə bank kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdeh 29 iyul 2024-cü il tarixdən müqavilə üzrə öhdəliyini icra etməmişdir və cavabdehin 20 noyabr 2024-cü il tarixinə iddiaçıya 6852,6 manat məbləğində əsas borcu, 577,42 manat məbləğində faiz borcu vardır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 408.1-ci maddəsinə əsasən, müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Həmin Məcəllənin 409.1-ci maddəsinə əsasən, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Həmin Məcəllənin 417.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında 27 mart 2024-cü il tarixli 362893-CNS-53804 nömrəli razılaşma (birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizə-razılaşma) bağlanılmış, iddiaçı tərəfindən razılaşma üzrə üzərinə düşən öhdəliklər tam icra edilsə də, cavabdeh razılaşma üzrə öhdəliklərini lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti aralarında bağlanmış razılaşmaya uyğun olaraq qaytarmamaqla, öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 27 mart 2024-cü il tarixli razılaşma üzrə cavabdehdən 6852,6 manat məbləğində bоrcun və 577,42 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bunlardan başqa, iddia tələbinin 94,3 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 24 sentyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 99,37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad edilən qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən hazırkı iddia tələbinə uyğun olaraq hesablanmış (ödənilmiş) 94,3 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6852,6 manat məbləğində borc, 577,42 manat məbləğində faiz borcu və 94,3 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7524,32 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 27 mart 2024-cü il tarixli 362893-CNS-53804 nömrəli razılaşma üzrə 6852,6 (altı min səkkiz yüz əlli iki manat, altmış qəpik) manat məbləğində borc, 577,42 (beş yüz yetmiş yeddi manat, qırx iki qəpik) manat məbləğində faiz borcu və 94,3 (doxsan dörd manat, otuz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7524,32 (yeddi min beş yüz iyirmi dörd manat, otuz iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-210/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-210/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver