Məhkəmə qərarları › İş №e-2-2(119)-2104/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2104/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2104/2025 25.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 13 fevral 2023-cü il tarixli SHMMK- 2031 nömrəli kredit müqaviləsi üzrə 1425,75 (min dörd yüz iyirmi beş manat yetmiş beş qəpik) manat məbləğində əsas borc, 108,94 (yüz səkkiz manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu və 53,04 (əlli üç manat dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1587,73 (min beş yüz səksən yeddi manat yetmiş üç qəpik) manat məbləğində borcun və 36 (otuz altı) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə Cavabdeh6 arasında bağlanmış 13 fevral 2023-cü il tarixli, SHMMK-2031 nömrəli kredit müqaviləsinə əsasən illik 22 % faiz dərəcəsi olmaqla 30 ay müddətinə 12000 (on iki min) manat məbləğində Cavabdeh6 kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 13 fevral 2023-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şamaxı filialı ilə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələr üzrə zamin 13 fevral 2023-cü il tarixli, SHMMK-2031 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 13 fevral 2023-cü il tarixli, SHMMK-2031 nömrəli kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh6 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tamvə vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 13 fevral 2023-cü il tarixli, SHMMK-2031 nömrəli kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 13-dan gec olmayaraq hər ay 523,6 (beş yüz iyirmi üç manat altmış qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh6 13 fevral 2023-cü il tarixli, SHMMK-2031 nömrəli kredit müqaviləsi üzrə borcunun məbləği 1425,75 (min dörd yüz iyirmi beş manat yetmiş beş qəpik) manat məbləğində əsas borc, 108,94 (yüz səkkiz manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu və 53,04 (əlli üç manat dörd qəpik) manat məbləğində dəbbə borcu olmaqla, cəmi 1587,73 (min beş yüz səksən yeddi manat yetmiş üç qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh6 arasında bağlanmış 13 fevral 2023-cü il tarixli, SHMMK-2031 kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitlərin artırılması məqsədilə 12000 (on iki min) manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə (1 nömrəli Əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit 30 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 12000 (on iki min) manatdan çox olmamalıdır. Kredit borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 22 faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 23 faiz təşkil edir. İş materiallarında olan ödəniş qrafikinə əsasən borcalan Cavabdeh6 banka olan borcunun sonuncu ödəniş tarixi 13 avqust 2025-ci il olmaqla müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini borcalan Cavabdeh6 imza etmişdir. İş materiallarında olan borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh6, zamin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış 13 fevral 2023-cü il tarixli, SHMMK-2031 zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Cavabdeh6 ilə kreditor bağlanmış 13 fevral 2023-cü il tarixli, SHMMK-2031 kredit müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin müqavilələrin 2.2-ci bəndinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra etmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşıında birgə məsuliyyət daşıyırlar. Həmin müqavilələrin 5.3-cü bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə öhdəliyini icra etmədikdə, vaxtında və ya lazımi qaydada icra etmədikdə kredit müqaviləsinə əsasən kredit məbləğini, onun faizlərini, məhkəmə xərclərinin, habelə vaxtı keçmiş faizlərin, dəbbə (penya) pullarının və cərimələri də zamindən ödənilməsini tələb etmək bankın hüququdur. İş materiallarında olan 29 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh6 13 fevral 2023-cü il tarixli, SHMMK-2031 kredit müqaviləsi üzrə 26 sentyabr 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1425,75 (min dörd yüz iyirmi beş manat yetmiş beş qəpik) manat məbləğində əsas borc, 108,94 (yüz səkkiz manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu və 40,6 (qırx manat altmış qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1587,73 (min beş yüz səksən yeddi manat yetmiş üç qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 21 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh6 13 fevral 2023-cü il tarixli, SHMMK-2031 kredit müqaviləsi üzrə 20 noyabr 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 875,75 (səkkiz yüz yetmiş beş manat yetmiş beş qəpik) manat məbləğində əsas borc, 13 avqust 2025-ci il tarixinə 99,13 (doxsan doqquz manat on üç qəpik) manat məbləğində faiz borcu, 14 avqust 2025-ci il tarixindən qalıq əsas borca illik 5 % ilə hesablanmış 51,91 (əlli bir manat doxsan bir qəpik) manat məbləğində əldən çıxmış fayda borcu və 40,6 (qırx manat altmış qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1067,39 (min altmış yeddi manat otuz doqquz qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh6 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh6 13 fevral 2023-cü il tarixli, SHMMK-2031 kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kredit müqaviləsi üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc iddiaçının xeyrinə tutulmalıdır. 13 fevral 2023-cü il tarixli, SHMMK-2031 kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən 21 noyabr 2025-ci il tarixdə təqdim edilmiş maliyyə arayışı nəzərə alınmalıdır. Belə ki, 21 noyabr 2025-ci il tarixdə təqdim olunmuş maliyyə arayışında Cavabdeh6 13 fevral 2023-cü il tarixli, SHMMK-2031 kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 875,75 (səkkiz yüz yetmiş beş manat yetmiş beş qəpik) manat məbləğində əsas borcunun qaldığı qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “1425,75 (min dörd yüz iyirmi beş manat yetmiş beş qəpik) manat məbləğində əsas borcun tutulması” hissəsində qismən təmin edilməli, 13 fevral 2023-cü il tarixli, SHMMK-2031 kredit müqaviləsi üzrə 875,75 (səkkiz yüz yetmiş beş manat yetmiş beş qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 26 sentyabr 2025-ci il tarixinə 108,94 (yüz səkkiz manat doxsan dörd qəpik) manat məbləğində faiz hesablandığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarında olan hüquqi mövqeyə görə kredit müddəti başa çatdıqdan sonrakı dövr üzrə cavabdehlərdən tutulmalı olan faiz borcu kredit müqaviləsində göstərilən illik faiz dərəcəsi ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsi ilə hesablanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən 21 noyabr 2025-ci il tarixdə təqdim edilmiş maliyyə arayışı mötəbər sübut kimi əsas götürülərək 13 fevral 2023-cü il tarixli, SHMMK-2031 kredit müqaviləsi üzrə müqavilənin müddətinin başa çatma tarixinə, yəni 13 avqust 2025-ci il tarixinə hesablanmış 99,13 (doxsan doqquz manat on üç qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunur ki, iddiaçı tərəfindən iddia ərizəsində kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsi tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın tələbinin “iddiaçının xeyrinə 53,04 (əlli üç manat dörd qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq 13 fevral 2023-cü il tarixli, SHMMK-2031 kredit müqaviləsi üzrə iddiaçının xeyrinə 40 (qırx) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 13 fevral 2023-cü il tarixli, SHMMK-2031 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 borc alanın kreditor (bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “36 (otuz altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun hesablanmış 30,15 (otuz manat on beş qəpik) manat hissəsi cavabdehlər Cavabdeh6dan, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh6dan, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 875,75 (səkkiz yüz yetmiş beş manat yetmiş beş qəpik) manat məbləğində əsas bоrc, 99,13 (doxsan doqquz manat on üç qəpik) manat məbləğində faiz borcu, 40 (qırx) manat məbləğində cərimə və 30,15 (otuz manat on beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1045,03 (min qırx beş manat üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh6dan, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 875,75 (səkkiz yüz yetmiş beş manat yetmiş beş qəpik) manat məbləğində əsas bоrc, 99,13 (doxsan doqquz manat on üç qəpik) manat məbləğində faiz borcu, 40 (qırx) manat məbləğində cərimə və 30,15 (otuz manat on beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1045,03 (min qırx beş manat üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar