Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2130/2024 29.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun və digər ödənişlərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun və digər ödənişlərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2328,36 (iki min üç yüz iyirmi səkkiz manat, otuz altı qəpik) manat məbləğində borcun, 2670 (iki min altı yüz yetmiş) manat məbləğində faiz borcunun, həmçinin 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 13 oktyabr 2014-cü il tarixli 0218 nömrəli birgə borclularla kredit müqaviləsinə əsasən cavabdehlər müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Bununla əlaqədar cavabdehlərlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehlərə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdehlər arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli 0218 nömrəli birgə borclularla kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilənin şərtləri əsasında kredit verən (İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı) birgə borclulara (Cavabdeh1, Cavabdeh2 və X1) onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə kredit vəsaitinin verilməsini, birgə borclular qrupunun hər biri isə alınmış vəsaitin və ona hesablanmış faiz məzənnəsinin birgə öhdəliyin tam icrasında iştirak etməyə borclu şəkildə ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, birgə borclulardan biri (bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə, bu halda onun (onların) öhdəliyi avtomatik olaraq qalan digər birgə borcluların üzərinə keçir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, illik 27 faiz olmaqla 24 ay müddətinə heyvandarlıq fəaliyyəti məqsədilə Cavabdeh1 1800 manat məbləğində, Cavabdeh2 1800 manat məbləğində, Abil Məmmədova 1400 manat məbləğində olmaqla, ümumilikdə 5000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.2.3-cü və 4.2.4-cü yarımbəndlərinə əsasən, cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin qaytarılmasını birgə öhdəliyin tam icrasında iştirak etməyə borclu şəkildə həyata keçirmək, kreditlə bağlı tələb olunan bütün xərclərin (kreditin qiymətləndirilməsi və s.) ödənilməsini təmin etmək birgə borcluların vəzifəsidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, birgə borclular götürülmüş kreditə görə birgə və ayrı-ayrılıqda (fərdi) məsuliyyət daşıyırlar, onların hər biri cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtında qaytarılmasına görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəllərindən görünür ki, cavabdehlərin iddiaçıya olan borcunun həmin plana uyğun olaraq son ödəniş tarixi 2016-cı ilin oktyabr ayı olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehlərin iddiaçıya 13 oktyabr 2014-cü il tarixli 0218 nömrəli birgə borclularla kredit müqaviləsi üzrə 21 may 2024-cü il tarixinə 2328,36 manat məbləğində əsas borcu və 2670 manat məbləğində faiz borcu vardır. İddiaçı tərəfindən 28 dekabr 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehlərin iddiaçıya 13 oktyabr 2014-cü il tarixli 0218 nömrəli birgə borclularla kredit müqaviləsi üzrə 13 oktyabr 2016-cı il tarixinə 2328,36 manat məbləğində əsas borcu və 302,94 manat məbləğində faiz borcu vardır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ilə bağladıqları 13 oktyabr 2014-cü il tarixli 0218 nömrəli birgə borclularla kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilədə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onların iddiaçı qarşısında müqavilə öhdəliyinin icrası ilə əlaqədar birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 13 oktyabr 2014-cü il tarixli birgə borclularla kredit müqaviləsi üzrə 2328,36 manat məbləğində əsas borcun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən 28 dekabr 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş maliyyə arayışı əsas götürülərək 13 oktyabr 2014-cü il tarixli 0218 nömrəli birgə borclularla kredit müqaviləsi üzrə kredit müddətinin başa çatma tarixinə, yəni 13 oktyabr 2016-cı il tarixinə hesablanmış 302,94 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Bununla bağlı qeyd edilir ki, iddiaçı tərəfindən iddia ərizəsində kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsi tələb edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir Həmin Qərarda, həmçinin qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarında olan hüquqi mövqeyə görə kredit müddəti başa çatdıqdan sonrakı dövr üzrə cavabdehlərdən tutulmalı olan faiz borcu kredit müqaviləsində göstərilən illik faiz dərəcəsi ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsi ilə hesablana bilər. Bundan əlavə, iddia tələbinin ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 22 oktyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edən zaman iddiaçı tərəfindən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia tələbi qismən təmin edildiyindən aşağıda istinad edilən qanunvericilik normalarının tələblərinə əsasən, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanan 46,31 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, yuxarıda qeyd edilən 13 oktyabr 2014-cü il tarixli 0218 nömrəli birgə borclularla kredit müqaviləsi üzrə 2328,36 manat məbləğində əsas borc, 302,94 manat məbləğində faiz borcu, həmçinin 46,31 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2677,61 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2328,36 (iki min üç yüz iyirmi səkkiz manat, otuz altı qəpik) manat məbləğində əsas borc, 302,94 (üç yüz iki manat, doxsan dörd qəpik) manat məbləğində faiz borcu, həmçinin 46,31 (qırx altı manat, otuz bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2677,61 (iki min altı yüz yetmiş yeddi manat, altmış bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatınin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-2130/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2130/2024
29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver