Məhkəmə qərarları › İş №e-2-2(119)-2139/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2139/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2139/2025 24.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 4490,55 (dörd min dörd yüz doxsan manat əlli beş qəpik) manat məbləğində əsas borc, 451,27 (dörd yüz əlli bir manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu, 55,51 (əlli beş manat əlli bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4997,33 (dörd min doqquz yüz doxsan yeddi manat otuz üç qəpik) manat məbləğində pul vəsaitinin və 69,97 (altmış doqquz manat doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, borcalan Cavabdeh2 16 avqust 2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 23 faizlə 28 ay müddətinə 7000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə 31 may 2021-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu 24 iyun 2025-dək banka 16 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun iddiçıya 4490,55 (dörd min dörd yüz doxsan manat əlli beş qəpik) manat məbləğində əsas borcu, 451,27 (dörd yüz əlli bir manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu və 111,02 (yüz on bir manat iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 5052,84 (beş min əlli iki manat səksən dörd qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh2 16 avqust 2023 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcunun məbləği 111,02 (yüz on bir manat iki qəpik) manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 55,51 (əlli beş manat əlli bir qəpik) manat məbləğində müəyyən edilmişdir. Borcun ödənilməsi ilə bağlı mübahisənin cavabdehlərlə pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir.

4. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

İş materialları:

5. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 31 may 2021-ci il tarixli 4-MCR-1-954-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır.

6. İş materiallarında olan iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh3 arasında bağlanmış 31 may 2021-ci il tarixli Z/01865/21 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti 31 may 2021-ci il tarixli 4- MCR-1-954-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin öz öhdəsinə götürməsidir.

7. İş materiallarında olan iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh1 arasında bağlanmış 31 may 2021-ci il tarixli Z/01866/21 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti 31 may 2021-ci il tarixli 4- MCR-1-954-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin öz öhdəsinə götürməsidir.

8. Həmin zaminlik müqavilələrinin 4.1-ci bəndlərinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalanla kreditor qarşısında birgə məsuliyyət daşıyır.

9. Həmin zaminlik müqavilələrinin 4.2-ci bəndlərinə əsasən kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.

10. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 16 avqust 2023-cü il tarixli 4-MCR-1-954-21/4 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən bank tərəfindən cavabdehə aylıq 1,92 faiz dərəcəsi ilə 28 (iyirmi səkkiz) ay müddətinə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir.

11. Həmin müqavilənin “Cərimə” bölməsində cərimə məbləğinin gündəlik 0,20 faiz olduğu qeyd edilmişdir.

12. Həmin müqavilənin “Bəyənatlar” bölməsinin 2-ci bəndində qeyd edilir ki, müştəri təsdiq edir ki, onun gəlirləri əldə edilən kreditlərin ödənilməsi üçün kifayətdir və kredit müddətində gəlirlərini baş verəcək risklərdən qorumaq üçün yetərli imkanlara malikdir.

13. İş materiallarında olan 16 avqust 2023-cü il tarixli 4-MCR-1-954-21/4 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh2 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 16 dekabr 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

14. İş materiallarında olan 16 avqust 2023-cü il tarixli 4-MCR-1-954-21/4 nömrəli kredit müqaviləsinə 16 sentyabr 2024-cü il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 16 aprel 2026-cı il təşkil edir.

15. İş materiallarında olan 16 avqust 2023-cü il tarixli 4-MCR-1-954-21/4 nömrəli kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsinə dair 16 sentyabr 2024-cü il tarixli 1 nömrəli Əlavə Sazişə əsasən bu Saziş qüvvəyə mindiyi tarixdən kreditin məbləği 4704,01 (dörd min yeddi yüz dörd manat bir qəpik) manat, kreditin müddəti 16 (on altı) ay, kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası güzəştli annuitet, güzəşt müddəti 3 ay müəyyən edilmiş, borcalanın kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu Sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirməsi nəzərdə tutulmuşdur.

16. İş materiallarında olan 16 avqust 2023-cü il tarixli 4-MCR-1-954-21/4 nömrəli kredit müqaviləsinə 16 sentyabr 2024-cü il tarixli 1 saylı əlavədən görünür ki, Cavabdeh2 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 16 aprel 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

17. İş materiallarında olan 31 may 2021-ci il tarixli Z/01865/21 nömrəli zaminlik müqaviləsinə 16 sentyabr 2024-cü il tarixli 1 nömrəli Əlavə Sazişə əsasən bu Saziş qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu 4-MCR-1-954-21/4 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2026-cı il tarixədək uzadılır, kreditin İllik faiz dərəcəsi 23 (iyirmi üç) %, kredit üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 (üç) ay, kredit müqaviləsi üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72 (yetmiş iki) % təşkil edir.

18. İş materiallarında olan 31 may 2021-ci il tarixli Z/01866/21 nömrəli zaminlik müqaviləsinə 16 sentyabr 2024-cü il tarixli 1 nömrəli Əlavə Sazişə əsasən bu Saziş qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu 4-MCR-1-954-21/4 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə kreditin müddəti xx.xx.2026-cı il tarixədək uzadılır, kreditin İllik faiz dərəcəsi 23 (iyirmi üç) %, kredit üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 (üç) ay, kredit müqaviləsi üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72 (yetmiş iki) % təşkil edir.

19. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 24 iyun 2025ci il tarixə iddiaçıya 4490,55 (dörd min dörd yüz doxsan manat əlli beş qəpik) manat məbləğində əsas borcu, 451,27 (dörd yüz əlli bir manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu vardır və 111,02 (yüz on bir manat iki qəpik) manat məbləğində cərimə hesablanmışdır.

Tətbiq edilən hüquq:

20. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

22. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

23. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

24. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

26. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Həmin Məcəllənin 386.4-cü maddəsinə əsasən, elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.

28. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

30. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

32. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

33. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

34. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

35. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

36. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

37. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

38. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.

Məhkəmənin mövqeyi:

39. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh2 16 avqust 2023-cü il tarixli 4-MCR-1-954-21/4 nömrəli kredit verilməsinə dair razılaşma üzrə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, bağlanmış zaminlik müqavilələrinin şərtlərinə əsasən onunla birlikdə, həmçinin zaminlər Cavabdeh1ın və Cavabdeh3 da iddiaçı qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır.

40. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 16 avqust 2023-cü il tarixli 4- MCR-1-954-21/4 nömrəli kredit verilməsinə dair razılaşma üzrə üzrə 4490,55 (dörd min dörd yüz doxsan manat əlli beş qəpik) manat məbləğində əsas borc, 451,27 (dörd yüz əlli bir manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcunun və 55,51 (əlli beş manat əlli bir qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

41. Bundan əlavə, iddia tələbinin 69,97 (altmış doqquz manat doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 2 sentyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 69,97 (altmış doqquz manat doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

42. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

43. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir.

45. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 69,97 (altmış doqquz manat doxsan yeddi qəpik) manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

46. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 16 avqust 2023-cü il tarixli 4-MCR-1-954-21/4 nömrəli kredit verilməsinə dair razılaşma üzrə üzrə 4490,55 (dörd min dörd yüz doxsan manat əlli beş qəpik) manat məbləğində əsas borc, 451,27 (dörd yüz əlli bir manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu, 55,51 (əlli beş manat əlli bir qəpik) manat məbləğində cərimə, 69,97 (altmış doqquz manat doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5067,3 (beş min altmış yeddi manat otuz qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 16 avqust 2023-cü il tarixli 4-MCR-1-954-21/4 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 4490,55 (dörd min dörd yüz doxsan manat əlli beş qəpik) manat məbləğində əsas borc, 451,27 (dörd yüz əlli bir manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu, 55,51 (əlli beş manat əlli bir qəpik) manat məbləğində cərimə və 69,97 (altmış doqquz manat doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5067,3 (beş min altmış yeddi manat otuz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar