Məhkəmə qərarları › İş №e-2-2(119)-2155/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2155/2022

02.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2155/2022 02.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh X1 qarşı verilmiş “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh X1 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən Sumqayıt Kommersiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli e-2- 2(119)-2005/2022 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh X1 qarşı verilmiş “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılmış və eyni zamanda, həmin qərardadda iddiaçıya – iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ və yaxud, narazı olduğu halda həmin qərardaddan şikayət vermək hüququ da izah olunmuşdur. Həmin qərardadda göstərilənlərlə razılaşmayan iddiaçı "xxxx" ASC Sumqayıt Kommersiya Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli e-2-2(119)-2005/2022 nömrəli qərardadından şikayət vermiş olsa da, Sumqayıt Kommersiya Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2- 2(105)-134/2022 nömrəli qərardadları ilə iddiaçı "xxxx" ASC-nin həmin şikayəti təmin edilməyərək, Sumqayıt Kommersiya Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli e-2-2(119)- 2005/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Lakin, iddiaçı "xxxx" ASC qanuni qüvvəsini almış həmin 28 oktyabr 2022-ci il tarixli e-2-2(119)-2005/2022 nömrəli qərardadda göstərilən nöqsanları aradan qaldırmadan (eyni nöqsanlarla) və həmin nöqsanları olduğu kimi təkrarlamaqla, tamamilə eyni qaydada və eyni məzmunda tərtib edilmiş iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir (qanuni qüvvəsini almış məhkəmə qərardadının tələblərini yerinə yetirməyən iddiaçı tərəfin bu mövqeyi anlaşılan deyildir və təkrar verilmiş hazırkı iddia ərizəsində isə bununla əlaqədar heç bir əsaslanma aparılmamış və izah verilməmişdir). Halbuki, Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bununla belə, məhkəmə, hazırkı iddia ərizəsində yol verilmiş nöqsanlarla əlaqədar bir daha qeyd edir ki, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iddiaçının adı və ünvanı göstərilmiş olsa da, digər proses iştirakçısı olan cavabdehin ünvanı göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə görə cavabdehin də ünvanı iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) həmin Məcəllənin 149.2.2-ci maddəsi ilə müəyyən edilmiş qaydalara riayət edilməklə, iddiaçı tərəfindən göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Eləcə də, Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iddia ərizəsinin məzmununda tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı ilə əlaqədar məlumatlar həmin Məcəllənin 149.2.4-1-ci maddəsi ilə müəyyən edilmiş qaydalara riayət edilməklə, iddiaçı tərəfindən göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda - həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmçinin, cavabdeh X1 qarşı verilmiş iddia ərizəsində iddia tələbi Sığorta münasibətlərini nizamlayan Qanunvericiliyin tələblərinə uyğun müvafiq qaydada əsaslandırılmamışdır. Halbuki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı və cavabdeh arasında hər hansı bir müqavilə öhdəliyi olmasa da, iddia tələbində cavabdehdən sığorta hadisəsi ilə əlaqədar hesablanmış pul vəsaiti tələb olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə də, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi - mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Ona görə də, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin müvafiq tələblərini lazımi qaydada yerinə yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh X1 qarşı verilmiş “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar