Məhkəmə qərarları › İş №e-2-2(119)-2162/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2162/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2162/2025 27.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nümayəndə1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nümayəndə1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2980,77 (iki min doqquz yüz səksən manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc, 504,94 (beş yüz dörd manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3485,71 (üç min dörd yüz səksən beş manat yetmiş bir qəpik) manat məbləğində borcun və 54,9 (əlli dörd manat doxsan qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Cavabdeh1 arasında 24 iyun 2023-cü il tarixli 2551 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən heyvandarlıq məqsədilə Cavabdeh1 illik 22% olmaqla, 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit vəsaitinin təminatı olaraq zaminlər Cavabdeh2 ilə 24 iyun 2023-cü il tarixli 1813 nömrəli və Nümayəndə1 ilə 24 iyun 2023-cü il tarixli 1814 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlər borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək kreditor qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Lakin cavabdehlər kreditor qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehlərin iddiaçıya 2980,77 (iki min doqquz yüz səksən manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc, 504,94 (beş yüz dörd manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3485,71 (üç min dörd yüz səksən beş manat yetmiş bir qəpik) manat məbləğində kredit borcları vardır. Borcun ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada məlumat verilib, yazılı bildirişlər göndərilsə də, qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nümayəndə1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borc verən İddiaçı Səhmdar Kredit Təşkilatı ilə borcalan Cavabdeh1 arasında bağlanmış 24 iyun 2023-cü il tarixli 2551 nömrəli kredit müqaviləsinə əsasən kredit verən tərəfindən heyvandarlıq məqsədilə illik faiz məzənnəsi 22 % olmaqla 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən verilən kreditin və ona hesablanış faizlərin qaytarılması bu müqaviləyə əlavə olunmuş və onun ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə uyğun olaraq həyata keçirilməlidir. İş materiallarında olan ödəniş cədvəlinə əsasən borcalan Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan borcunun son ödəniş tarixi 2025-ci ilin iyun ayı olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəli borcalan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 24 iyun 2025-ci il tarixə kredit və faiz borcunun ödənilməsi ilə bağlı məlumat sənədində göstərilir ki, Cavabdeh1 borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 2980,77 (iki min doqquz yüz səksən manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc, 303,94 (üç yüz üç manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3284,71 (üç min iki yüz səksən dörd manat yetmiş bir qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə zamin Cavabdeh2 arasında bağlanmış 24 iyun 2023-cü il tarixli 1813 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borc alan Cavabdeh1 24 iyun 2023-cü il tarixli 2551 nömrəli kredit müqaviləsi üzrə kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə zamin Nümayəndə1 arasında bağlanmış 24 iyun 2023-cü il tarixli 1814 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borc alan Cavabdeh1 24 iyun 2023-cü il tarixli 2551 nömrəli kredit müqaviləsi üzrə kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürür. Həmin zaminlik müqavilələrinin tələblərinə görə zamin kredit təşkilatı qarşısında borcalanın 24 iyun 2023-cü il tarixli 2551 nömrəli kredit müqaviləsi üzrə üzrə kredit təşkilatına olan kredit və faiz məbləğini, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 24 iyun 2023-cü il tarixli 2551 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin müqavilə üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən yaranmış borclar iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 24 iyun 2023-cü il tarixli 2551 nömrəli kredit müqaviləsi üzrə 2980,77 (iki min doqquz yüz səksən manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borcun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. İddiaçı iddia qaldırarkən 26 sentyabr 2025-ci il tarixinə 504,94 (beş yüz dörd manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu hesablandığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarında olan hüquqi mövqeyə görə kredit müddəti başa çatdıqdan sonrakı dövr üzrə cavabdehlərdən tutulmalı olan faiz borcu kredit müqaviləsində göstərilən illik faiz dərəcəsi ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsi ilə hesablanmalıdır “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən 24 iyun 2023-cü il tarixli 2551 nömrəli nömrəli kredit müqaviləsi üzrə kredit müddətinin başa çatma tarixinə, yəni 24 iyun 2025-ci il tarixinə hesablanmış 303,94 (üç yüz üç manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunur ki, iddiaçı tərəfindən iddia ərizəsində kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsi tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 24 iyun 2023-cü il tarixli 1813 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 və 24 iyun 2023-cü il tarixli 1814 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Nümayəndə1 24 iyun 2023-cü il tarixli 2551 nömrəli kredit müqaviləsi üzrə borclu kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək onun ilə birlikdə kredit təşkilatı qarşısında həmin borcların ödənilməsinə məsuliyyət daşımağı öhdəsinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddianın “54,9 (əlli dörd manat doxsan qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 52,85 (əlli iki manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nümayəndə1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nümayəndə1 müştərək qaydada 2980,77 (iki min doqquz yüz səksən manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc, 303,94 (üç yüz üç manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu və 52,85 (əlli iki manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3337,56 (üç min üç yüz otuz yeddi manat əlli altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nümayəndə1 müştərək qaydada 2980,77 (iki min doqquz yüz səksən manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borc, 303,94 (üç yüz üç manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu və 52,85 (əlli iki manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3337,56 (üç min üç yüz otuz yeddi manat əlli altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar