Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2163/2022 02.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı verilmiş “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.4-cü maddələrinə əsasən Sumqayıt Kommersiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli e-2-2(119)-2121/2022 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı verilmiş “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılmış və eyni zamanda, həmin qərardadda iddiaçıya – iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ və yaxud, narazı olduğu halda həmin qərardaddan şikayət vermək hüququ da izah olunmuşdur. Lakin, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məlum qərardadda göstərilən nöqsanların bir qismini aradan qaldıraraq iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etsə də, həmin qərardadda göstərilən digər nöqsanlar aradan qaldırılmamışdır (həmin nöqsanlar Sumqayıt Kommersiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli e-2-2(119)-2121/2022 nömrəli qərardadında ətraflı göstərilmişdir). Halbuki, Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bununla belə, məhkəmə, hazırkı iddia ərizəsində yol verilmiş nöqsanlarla əlaqədar bir daha qeyd edir ki, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş həmin iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iş üzrə cavabdehlərin faktiki ünvanı “Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X2” kimi göstərilsə də, həmin cavabdehlərin qeydiyyat ünvanları (rəsmi qeydə alındıqları ünvanlar) iddia ərizəsində göstərilməmişdir. Halbuki, Mülki- Prosessual Məcəlləsinin tələblərinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) cavabdehin (cavabdehlərin) faktiki ünvanı göstərilməklə yanaşı, qeydiyyat ünvanı da göstərilməlidir. Eyni zamanda, qeyd etmək lazımdır ki, iddia ərizəsində cavabdehlərin ünvanı kimi qeyd olunmuş “Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X2” ünvanı qeyri-dəqiq ünvan olmaqla yanaşı, həmin ünvanın yerləşdiyi inzibati ərazi - Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Bundan əlavə, Şuşa rayon sakinləri olan cavabdehlərin hal-hazırda məcburi köçkün olaraq hansı ünvanda qeydiyyata alınaraq yaşamalarını təsdiq edən səlahiyyətli dövlət orqanının müvafiq arayışı, yəni Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin arayışı da iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilməmişdir. Halbuki, belə bir arayışla cavabdehlərin məcburi köçkün olaraq hansı ünvanda yaşamaları və işin hansı məhkəmədə baxılmalı olması ilə əlaqədar “ərazi aidiyyəti” daha düzgün müəyyən edilə bilərdi. Çünki, məcburi köçkünlərin yaşayış yeri Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünün qeydə alındığı yaşayış məntəqəsi hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə də, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, məhkəmə iddiaçı tərəfin diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi - mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Ona görə də, kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin müvafiq tələblərini lazımi qaydada yerinə yetirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı verilmiş “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-2163/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2163/2022
02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver