Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2202/2024 16.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdeh İstehsal Birliyinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh İstehsal Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq artıq hesablanmış 1620 (min altı yüz iyirmi) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənəd iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada qeyd olunan hərəkəti yerinə yetirməli və bununla bağlı müvafiq sənədi məhkəməyə təqdim etməlidir. Mülki Prosessual Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən “Dövlət rüsumu haqqında” Qanunun tələblərinə uyğun qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi ilə əlaqədar sənəd məhkəməyə təqdim olunmamış və ərizədə məhkəmələrə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddialar üzrə iddiaçıların dövlət rüsumundan azad olmaları qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, qanunun qeyd olunan normasına istinad edilməklə hazırkı iddia ərizəsinin dövlət rüsumundan azad olunmasını müəyyən etmək üçün ilk növbədə iddiaçının “istehlakçı” statusuna malik olması və tələbin “istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar” olması halları müəyyən edilməlidir. İş materiallarından göründüyü kimi, hazırkı işdə İddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş fiziki şəxsdir və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Hazırkı iddia ərizəsi də onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə - "Şahin” kiçik müəssisəsinə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* nömrəli akt üzrə əsassız və qanunsuz hesablanmış 1620 manat borcun silinməsi ilə bağlıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən isə istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Göründüyü kimi, qanunvericilikdə “istehlakçı”ya “şəxsi tələbatını ödəmək məqsədi ilə” mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs kimi anlayış vermişdir. Həmin Qanunun 3-cü maddəsində isə istehlakçıların hüquqları sadalanmışdır. (malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə və s. dair hüquqlar). Qeyd edilən Qanunun “İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi” adlanan 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsində nəzərdə tutulmuş “istehlakçı” anlayışı məhz “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş “istehlakçı” anlayışını nəzərdə tutduğundan, hazırkı iş üzrə iddiaçının isə mal, iş və xidmətlərdən (konkret halda sudan) şəxsi tələbatını ödəmək məqsədi ilə deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə istifadə etdiyindən, habelə tələbin istehlakçı hüquqlarının pozulması ilə deyil, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə hesablanmış borcla bağlı olduğundan ərizəçi dövlət rüsumundan azad edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.5-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki- Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-2202/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2202/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver