Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-221/2023 11.04.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 25 yanvar 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 17 sentyabr 2020-ci il tarixli 005R********** saylı Krеdit Razılaşması üzrə 1935,16 manat məbləğində krеdit bоrcu, 212,63 manat məbləğində faiz bоrcu və 469,72 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2617,51 (iki min altı yüz on yeddi manat 51 qəpik) manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh2 kredit verən İddiaçı QSC tərəfindən 12 aprel 2013-cü il tarixli 05L000003430 saylı Krеdit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Həmin Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 17 sentyabr 2020-ci il tarixli 005R********** saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 (üç min beş yüz) manat məbləğində krеdit götürmüşdür. Borc alan Cavabdeh2 Krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq “krеdit razılaşması” üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 17 mart 2022-ci il tarixdən etibarən banka qaytarmamışdır. Borc alan Cavabdeh2 götürdüyü krеdit bоrcundan 1564,84 manat ödəmiş və onun 1935,16 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, kredit alan Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 02 sentyabr 2022-cü il tarixə 169 gün üçün hesablanmış faiz borcu 212,63 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borc alan ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 02 sentyabr 2022-cü il tarixə 169 gün üçün hеsablanmış cərimə 469,72 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə, Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Məmmədov X1 müqaviləsinə əsasən Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və Kredit xətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan, məhkəməyə müraciət etməmişdən əvvəl təşkil edilmiş ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş olsa da, cavabdehlər iştirak etməmiş və ona görə də, bu barədə 26 dekabr 2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərci olaraq İddiaçı QSC tərəfindən 60 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 17 sentyabr 2020-ci il tarixli 005R********** saylı Krеdit Razılaşması üzrə 1935,16 manat məbləğində krеdit bоrcu, 212,63 manat məbləğində faiz bоrcu və 469,72 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2617,51 manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 aprel 2013-cü il tarixli 05L000003430 nömrəli Kredit Xətti Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh2 – “Kredit alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «kredit» adlandırılacaq) Kredit alana 30000 (otuz min) ABŞ dollar məbləğində kredit xəttini (bundan sonra «kredit xətti» adlandırılacaq) açır. Kreditlər tərəflər arasında «Kredit Razılaşması» və «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında bağlanmış ayrıca razılaşma (bundan sonra «Kredit Razılaşması») əsasında veriləcək (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay, 12 aprel 2023-cü il tarixdən gec olmayaraq verilməlidir. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir. İş materiallarında olan 12 aprel 2013-cü il tarixli 05L000003430 nömrəli Kredit Xətti Müqaviləsi əsasında bağlanmış 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh2 – “Kredit alan” olmaqla bağlanmış həmin Razılaşmaya əsasən məqsəd və təyinatı “fərdi mikro kredit” olmaqla hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh2 (VÖEN **********) 18 ay müddətinə aylıq 2,0833 % dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşmasının 1.1-ci bəndinə əsasən, Bank məbləği 3500 (üç min beş yüz) manat olan krediti (bundan sonra «Kredit») aylıq faiz dərəcəsi 2,0833 (iki tam on mində səkkiz yüz otuz üç) % olmaqla 18 (on səkkiz) ay müddətinə Kredit Alana verir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. İş materiallarında olan 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 17 sentyabr 2020-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, kredit alan Cavabdeh2 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 236 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını kredit alan Cavabdeh2 imza etmişdir. X2 əsasən ödənişin son tarixi 17 mart 2022-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 23 noyabr 2022-ci il tarixli 13914 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh2 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşması üzrə 02 sentyabr 2022-ci il tarixə kredit verən İddiaçı QSC-yə 1935,16 manat məbləğində əsas borc, 212,63 manat məbləğində faiz borcu və 469,72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2617,51 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 169 gün). İş materiallarında olan 31 may 2019-cu il tarixli 005S**********01 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh1 – “Zamin” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh1 zamin olaraq borcalan Cavabdeh2 12 aprel 2013-cü il tarixli 05L000003430 nömrəli Uzunmüddətli Kredit xətti Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür: Uzunmüddətli Kredit Müqaviləsinin məbləği 30000 (otuz min) ABŞ Dolları, Uzunmüddətli Kredit Müqaviləsinin müddəti: 120 (yüz iyirmi) ay, Uzunmüddətli Kredit Müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi: 28 (iyirmi səkkiz) %; Ödənişlərin dövriliyi: hər təqvim ayında bir dəfə olmaqla. Lakin, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, kredit alan Cavabdeh2 ilə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 17 sentyabr 2020ci il tarixli 005R********** nömrəli Kredit Razılaşması və həmin Kredit Razılaşması üzrə tərtib edilərək təsdiq olunmuş müvafiq 17 sentyabr 2020-ci il tarixli “Ödəniş Planı” sənədi zamin Cavabdeh1 tərəfindən imzalanmamışdır və iş materialları ilə Cavabdeh1 “Zamin” olaraq həmin sənədlərlə tanış edilməsi təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, məlum Kredit Razılaşması üzrə cəmi 3500 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün krediti vermiş Bank tərəfindən borcalan Cavabdeh2 02 sentyabr 2022-ci il tarixə 1935,16 manat əsas borcu, 212,63 manat faiz borcu və 469,72 manat cərimə borcu olmaqla, cəmi 2617,51 manat məbləğində borcunun olduğu müəyyən edilmiş və həmin borcun cavabdehlərdən (borcalan Cavabdeh2 və zamin Cavabdeh1) müştərək qaydada tutulması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı QSC tərəfindən mediatora 60 (altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı və eləcə də, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, kreditor İddiaçı QSC və borcalan Cavabdeh2 arasında bağlanmış 12 aprel 2013-cü il tarixli 05L000003430 nömrəli Kredit Xətti Müqaviləsi əsasında bağlanmış 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşması əsasında borcalan Cavabdeh2 verilmiş kreditin məbləği, müddəti, faiz dərəcəsi, valyuta növü və s. zamin Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 31 may 2019-cu il tarixli 005S**********01 nömrəli Zaminlik Müqaviləsində öz əksini tapmamışdır. Həmçinin, məlum Kredit Razılaşmasının şərtləri və eləcə də, həmin Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 17 sentyabr 2020-ci il tarixli “Ödəniş Planı” ilə zamin Cavabdeh1 tanış edilməsi və bu şərtlərlə əlaqədar Zaminin razılığının alınması da təsdiq edilmir. Halbuki, Bankla həmin Zamin arasında 31 may 2019-cu il tarixli Zaminlik Müqaviləsi 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xəttinin açılması ilə əlaqədar bağlanmış 12 aprel 2013-cü il tarixli 05L000003430 nömrəli Kredit Xətti Müqaviləsi (həmin Kredit Xətti Müqaviləsində kreditin Azərbaycan manatı ilə verilməsi, faiz dərəcəsi, cərimə hesablanması qaydaları və s. bu kimi şərtlər qeyd olunmamışdır) üzrə imzalanmış olsa da, hazırkı iddia tələbi üzrə iddianın əsaslandırıldığı 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşması əsasında borcalan Cavabdeh2 kredit “ABŞ dolları” ilə deyil, “manat”la verilmiş və məlum Kredit Xətti Müqaviləsində öz əksini tapmamış faiz (aylıq 2,0833 % dərəcəsi), cərimə və s. digər şərtlər nəzərdə tutulmuşdur. Yəni, 31 may 2019-cu il tarixli 005S**********01 nömrəli Zaminlik Müqaviləsi 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşmasında olan şərtlər əsasında deyil, 12 aprel 2013-cü il tarixli 05L000003430 nömrəli Kredit Xətti Müqaviləsinin müvafiq şərtlərinə (kredit xəttinin ABŞ dolları ilə açılması və s.) istinad olunaraq imzalanmış olsa da, Kredit alanla manatla verilən kredit üçün bağlanmış 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşması və həmin Razılaşma üzrə tərtib edilərək təsdiq olunmuş 17 sentyabr 2020-ci il tarixli “Ödəniş Planı” sənədi zamin Cavabdeh1 tərəfindən imzalanmamış və sonuncu həmin sənədlərlə tanış edilməmişdir. Bu hallar isə 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşması üzrə əmələ gələn digər fərqli öhdəliklərdən zamin Cavabdeh1 azad olunmasını şərtləndirir. Çünki, 31 may 2019-cu il tarixli 005S**********01 nömrəli Zaminlik Müqaviləsində qeyd olunan kredit verən İddiaçı QSC və kredit alan Cavabdeh2 arasında bağlanmış 12 aprel 2013-cü il tarixli 05L000003430 nömrəli Kredit Xətti Müqaviləsində borcalana açılan kredit xəttində kreditin valyuta növü kimi “ABŞ dolları” qeyd olunmuş, kreditin faiz dərəcəsi, cərimə hesablanması və digər zəruri şərtlər isə göstərilməyərək, kreditin bu Müqavilə əsasında bağlanan “Razılaşmalar” və s. əsasında veriləcəyi göstərilməsinə baxmayaraq, zamin Cavabdeh1 17 sentyabr 2020-ci il tarixli Razılaşmaya əsasən “manat”la verilən kreditlə əlaqədar məlumatlandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.1-ci maddələrinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda - zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarında qərara alınmışdır ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində isə qeyd edilmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən, onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Beləliklə də, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan (cavabdeh) Cavabdeh2 (VÖEN **********) 12 aprel 2013-cü il tarixli 05L000003430 nömrəli Kredit xətti Müqaviləsi və 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşması bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, kredit verən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı QSC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Lakin, hazırkı iddia tələbinin əsasını təşkil edən və iddia tələbi üzrə manatla verilmiş kreditə görə tutulmalı olan borcun əsaslandırıldığı 17 sentyabr 2020-ci il tarixli 005R********** nömrəli Kredit Razılaşması ilə “ABŞ dolları” ilə kredit xəttinin açılması ilə əlaqədar imzalanmış 12 aprel 2013-cü il tarixli 05L000003430 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 31 may 2019-cu il tarixli Zaminlik Müqaviləsinin bağlandığı zamin Cavabdeh1 tanış edilməməsi və razılığının alınmaması səbəbindən, sonuncunun qeyd olunan Razılaşma üzrə yerinə yetirilməyən öhdəliklər üzrə mülki məsuliyyəti yaranmır. Ona görə də, məhkəmə araşdırması zamanı Cavabdeh1 qarşı yönəlmiş iddia tələbinin əsaslılığı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, Cavabdeh2 1935,16 manat məbləğində əsas borc və 212,63 manat məbləğində faiz borcu tutulmalıdır. Eləcə də, iddianın "469,72 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı, işin halları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri nəzərə alınmaqla, cərimə məbləği azaldılaraq, Cavabdeh2 cəmi 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh2 (VÖEN **********) 1935,16 manat məbləğində əsas borc, 212,63 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı da “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, Cavabdeh2 dövlət nəfinə 42,47 (qırx iki manat 47 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 (VÖEN **********) 1935,16 (min doqquz yüz otuz beş manat 16 qəpik) manat məbləğində əsas borc, 212,63 (iki yüz on iki manat 63 qəpik) manat məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 2307,79 (iki min üç yüz yeddi manat 79 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 dövlət nəfinə 42,47 (qırx iki manat 47 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-221/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-221/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver