Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-222/2022 29.04.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə obyektinin boşaldılaraq geri qaytarılması və icarə haqqı borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 14 yanvar 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə obyektinin boşaldılaraq geri qaytarılması və icarə haqqı borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 1 ünvanındakı 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m sahəsinin cavabdeh “X2” MMC tərəfindən tam şəkildə boşaldılaraq İddiaçı geri qaytarılması, cavabdeh “X2” MMC-dən İddiaçı xeyrinə 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə 145000 manat və 15 may 2020-ci il tarixli İcarə müqaviləsi üzrə 30000 manat olmaqla, cəmi 175000 manat icarə haqqı borcunun tutulması və icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış icarə haqqının və məhkəmə xərclərinin (ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin) əvəzinin cavabdeh “X2” MMCdən tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, “İcarəyə verən” qismində İddiaçı ilə (bundan sonra – İddiaçı) “İcarəçi” qismində “X2” MMC (bundan sonra – Cavabdeh) arasında 01 fevral 2014-cü il tarixdə bağlanmış qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqaviləyə (bundan sonra–Müqavilə) əsasən, İddiaçı ünvan 2 ünvanında mülkiyyətində olan 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin 1180 kv.m zirzəmisini və 2370.8 kv.m istehsalat və satış pavilyonunu, cəmi 3550.8 kv.m sahəni (bundan sonra – “İcarə obyekti”) Cavabdehin istifadəsinə verməyi, Cavabdeh isə bunun qarşılığında Müqavilə ilə müəyən edilmiş icarə haqqını hər ayın 5dən gec olmayaraq nağd və ya köçürmə qaydasında İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 1.1, 1.2 və 2.2-ci bəndləri). Həmin Müqavilə 01 aprel 2014-cü ildən qüvvəyə minib 01 aprel 2019-cu ilədək qüvvədə olmaqla, 5 il müddətinə bağlanılmışdır (Müqavilənin 5.1-ci bəndi). Həmin Müqavilə üzrə ödənilməli olan aylıq icarə haqqının məbləği aşağıdakı kimi müəyyən olunmuşdur (Müqavilənin 2.1-ci bəndi): 3.1. 01.04.2014-cü ildən 01.04.2015-ci ilədək - 2000 manat; 3.2. 01.04.2015-ci ildən 01.04.2016-cı ilədək - 3000 manat; 3.3. 01.04.2016-cı ildən 01.04.2017-ci ilədək - 4000 manat; 3.4. 01.04.2017-ci ildən 01.04.2018-ci ilədək - 5000 manat; 3.5. 01.04.2018-ci ildən 01.04.2019-cu ilədək - 5000 manat. 4. Müqavilənin 3.1.3 və 3.1.4-cü bəndlərinə əsasən, İddiaçı İcarə obyektini, onun daxilində olan və məişət təyinatlı avadanlıqları işlək və istifadəyə yararlı vəziyyətdə, texniki təhlükəsizlik, sanitar-gigiyenik qaydalarına cavab verən, təmizlənmiş və sazlanmış şəkildə Cavabdehin istifadəsinə vermiş və İcarə obyektindən qanunvericiliklə qadağan olunmayan sahibkarlıq fəaliyyəti ilə Müqaviləyə uyğun istifadə etməsinə hər cür şərait yaratmışdır. Lakin Cavabdeh Müqavilənin qüvvədə olduğu 5 il müddətində icarə haqqının ödənilməsi ilə bağlı üzərinə düşən öhdəliyini pozaraq lazımınca icra etməmiş, İddiaçı borcun ödənilməsini dəfələrlə tələb etsə də, Cavabdeh hər dəfə yalançı vədlərlə borcun ödənilməsindən yayınmış, Müqavilə müddəti bitdikdən sonra isə İcarə obyekti boşaldılıb geri təhvil verilməmiş və həmin obyektdən icarə qaydasında istifadə etməyə davam olunmuş, nəticədə Cavabdehin İcarə obyektindən Müqavilə müddəti bitdikdən sonrakı dövrlərdə də istifadəyə görə külli miqdarda icarə haqqı borcu yaranmışdır. Belə ki, Cavabdeh Müqavilənin 3.2.4-cü bəndinə əsasən, icarə haqqını vaxtında və tam şəkildə ödəməli olduğu halda, 01.04.2017-ci ildən 01.04.2019-cu ilədək müəyyən olunan aylıq 5000 manat icarə haqqını ayda 1000 manat kəsirlə, aylıq 4000 manat olmaqla ödəmiş və bu müddət üçün 24000 manat (24 ay x 1000 manat) icarə haqqı borcu yaranmışdır. Müqavilə müddəti bitdikdən sonra 2019-cu ilin aprel-dekabr ayları üzrə aylıq 5000 manat hesabı ilə 45000 manat (9 ay x 5000 manat) ödəməli olduğu halda, cəmi 30000 manat icarə haqqı ödəmiş və bu müddət üçün 15000 manat borcu vardır. 2020-ci il üzrə ayda 5000 manat olmaqla 60000 manat (12 ay x 5000 manat) ödəməli olduğu halda, cəmi 14000 manat ödəmiş və bu müddət üçün icarə haqqı borcu 46000 manat olmuşdur. 2021-ci il üzrə isə ayda 5000 manat olmaqla 60000 manat (12 ay x 5000 manat) ödənilməmiş icarə haqqı borcu əmələ gəlmişdir. Cavabdehin İddiaçıya qeyd edilən dövrlər üzrə cəmi icarə haqqı borcu 145000 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı tərəfindən Cavabdehə dəfələrlə şifahi, iki dəfə - 08.02.2021-ci il və 18.05.2021-ci il tarixlərdə isə yazılı şəkildə müraciət olunaraq, İcarə obyektindən müvafiq müddətlərədək istifadə olunan dövr üzrə yaranmış icarə haqqı borcunun ödənilməsi və İcarə obyektinin 08.02.2021-ci il tarixli bildirişdə ən qısa zamanda, 18.05.2021-ci il tarixli bildirişdə isə 29.05.2021-ci il tarixədək tam boşaldılaraq geri təhvil verilməsi xahiş edilmişdir. Sonuncu dəfə isə 04.10.2021-ci il tarixdə İddiaçı Cavabdehə bildirişxəbərdarlıq göndərərək, 01.11.2021-ci il tarixədək İcarə obyektindən istifadə olunan dövr üzrə yaranmış icarə haqqı borcunun ödənilməsini və obyektin qarşılıqlı təhvil-təslim aktı əsasında boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Ancaq Cavabdeh hər dəfə müxtəlif bəhanə və yalançı vədlərlə icarə haqqı borcunun ödənilməsini və İcarə obyektinin boşaldılaraq geri qaytarılmasını təmin etməmiş və hazırda da həmin İcarə obyektinə qanunsuz sahiblik və istifadə etməkdədir. Cavabdeh 04.10.2021-ci il tarixli bildiriş-xəbərdarlığa cavab olaraq İddiaçıya ünvanladığı 28.10.2021-ci il tarixli müraciətində özü də artıq bu icarə münasibətlərinin davam etdirilməsinin mümkün olmayacağı qənaətində olduğunu bildirmiş və icarə haqqı borcunun ödənilməməsinin səbəbini gah icarə müddətində İcarə obyektində guya 650000 manat dəyərində təmir-bərpa işləri görməsi və tərəflərin təmirə sərf olunan xərclərin aylara bölünərək icarə haqları ilə əvəzləşdiriləcəyi barədə razılığa gəlməsi ilə, gah da 2020-ci ildə ölkə ərazisində başlayan pandemiya ilə əlaqədar ticarət müəssisələrinin uzun müddət fəaliyyət göstərə bilməməsi və ölkə rəhbərliyi tərəfindən bu dövrlər üçün icarəçilərdən icarə haqqının tələb edilməməsinin tövsiyə olunması ilə izah etmişdir. Halbuki, icarə obyekti Müqavilə şərtlərinə uyğun olaraq Cavabdehə istifadəyə yararlı vəziyyətdə verilmiş, İcarə obyektində hər hansı bir təmir və yeniləmə işləri ilə bağlı İddiaçıya hər hansı bir müraciət olunmamış və İddiaçı tərəfindən Cavabdehə hər hansı əlavə təmir-bərpa işlərinin yerinə yetirilməsinə dair tapşırıq verilməmişdir; İcarə müqaviləsinin 3.2.6-cı bəndində İcarə obyektini öz hesabına təmir etmək və bütün kommunal xərcləri ödəmək icarəçi olaraq Cavabdehin müqavilə öhdəliyi kimi müəyyən edilmişdir; Təmir xərclərinin icarə haqları ilə əvəzləşdirilməsi haqda nə icarə müqaviləsində şərt nəzərdə tutulmuş, nə də bununla əlaqədar tərəflərin ayrıca razılaşması olmuşdur; Əgər İcarə obyekti həqiqətən də istifadə üçün yararlı vəziyyətdə deyildisə, müqaviləyə uyğun gəlmirdisə və iddia edilən təmir-bərpa işlərinin görülməsinə zərurət var idisə, onda icarəçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 677-ci maddəsində nəzərdə tutulan hüquqi müdafiə vasitələrini tətbiq edərdi, ancaq belə bir hal olmamışdır; Tərəflər arasında bağlanmış müqavilədə pandemiya onları müqavilə öhdəliklərini icra etməməyə görə məsuliyyətdən azad edən fors-major halı kimi nəzərdə tutulmamış, pandemiya ilə bağlı ölkədə ticarət obyektlərinin fəaliyyəti heç də bütün il boyu dayanmış vəziyyətdə olmamış və buna görə icarə obyektləri üzrə icarə haqlarının alınmamasına dair hər hansı rəsmi qərar və ya sərəncam verilməmişdir. İddiaçı Cavabdehə ünvanladığı 22.11.2021-ci il tarixli cavab məktubunda qeyd edilən xüsusatları onun diqqətinə çatdıraraq, Cavabdehdən bir daha yaranmış mübahisənin məhkəmədənkənar qaydada həlli şansı olaraq ən qısa müddətdə müqavilə öhdəliklərini tam icra edib, İcarə obyektini tam boşaldaraq geri təhvil verməyi xahiş etmiş, ancaq bu müraciətə heç bir cavab verilməmişdir. Bundan əlavə, “İcarəyə verən” qismində İddiaçı ilə “İcarəçi” qismində Cavabdeh arasında 1 (bir) il müddətinə bağlanmış 15.05.2020-ci il tarixli digər İcarə müqaviləsinə əsasən, İddiaçının Abşeron rayonu, Masazır kəndi ərazisində mülkiyyətində olan 0,75 ha torpaq sahəsində yerləşən 1782 kv.m sahə də aylıq icarə haqqı 2500 manat olmaqla Anbar kimi Cavabdehin icarəsinə verilmişdir. Həmin Müqavilənin müddəti 15.05.2021-ci il tarixdə bitsə də, Cavabdeh tərəfindən həmin obyektdən istifadəyə görə icarə haqqı ümumiyyətlə ödənilməmiş və nəticədə göstərilən dövr üzrə cəmi 30000 manat (12 ay x 2500 manat) borc əmələ gəlmişdir. Bununla əlaqədar İddiaçı tərəfindən Cavabdehə göndərilən 08.02.2021-ci il və 18.05.2021-ci il tarixli yazılı müraciətlərdə həmin borcun da ödənilməsi xahiş olunsa da, buna heç bir məhəl qoyulmamışdır. Yuxarıda təsvir olunan mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün İddiaçı tərəfindən Cavabdehə 02.11.2021-ci il tarixdə “Təklif” göndərilmiş, lakin mübahisə ilə bağlı keçirilən ilkin məcburi mediasiya sessiyasında tərəflər arasında razılıq əldə olunmamışdır. 400 manat məbləğində mediasiya xərcini İddiaçı təkbaşına ödəmiş və mediator tərəfindən bu barədə 15.12.2021-ci il tarixli müvafiq arayış verilmişdir. Bundan sonra İddiaçı Müqavilənin 6.1-ci bəndinin tələbinə əsasən Cavabdehlə aralarında yaranmış bu mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll olunması üçün 16.12.2021-ci il tarixdə Cavabdehə Pretenziya göndərərək, ondan Pretenziyanı aldığı vaxtdan 3 gün ərzində İcarə obyektinin qarşılıqlı təhvil-təslim aktı əsasında tam şəkildə boşaldılaraq geri qaytarılmasını və icarə sahələrindən istifadəyə görə yaranmış icarə haqqı borclarının ödənilməsini təmin etməyi xahiş etmiş, amma hər hansı razılaşma və nəticə əldə olunmamışdır. Göründüyü kimi, Cavabdeh nə icarə haqqını ödəyir, nə də İcarə obyektini geri qaytarır. Bununla, Cavabdeh İddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozmaqla yanaşı, onu İcarə obyektinə sahiblik və istifadə etmək və həmin sahədən fayda götürmək imkanından məhrum edərək ziyana məruz qoymuş və buna davam etməkdədir. Göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və pozulmuş hüququnun bərpasına nail olmaq üçün müvafiq xərclər çəkmək (dövlət rüsumu və mediasiya xərci ödəmək) məcburiyyətində qalmışdır. Cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 18 mart 2022-ci ildə məhkəməyə iddia ərizəsinə qarşı yazılı “İzahat” təqdim edilərək, İddiaçı tərəfindən cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “İzahat” onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı 0,75 ha torpaq sahəsində yerləşən qeyriyaşayış kompleksi 01 fevral 2014-cü il tarixli qeyri-yaşayış sahəsinin icarə müqaviləsinə əsasən “X2” MMC-yə icarəyə verilmişdir. Yazılı müqavilənin müddəti 01 aprel 2019-cu il tarixi olaraq qeyd edilsə də, müqavilə öz qüvvəsini fərqli şərtlərlə davam etdirmişdir. Belə ki, müqavilənin imzalanması tərəflərin iradəsinə və iradə ifadələrinin bəyan edilmə tərzinə bağlı olduğu kimi, müqavilənin qüvvədən düşməsi də tərəflərin iradəsinə və iradə ifadələrinin bəyan edilmə tərzinə bağlı bir hüquqi hərəkətdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə görə '‘müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır”. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə “müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər”. Qeyd edilən hüquq normalarından da göründüyü kimi müqavilənin ləğv edilməsinə dair tərəflər arasında yazılı razılaşma olmadığı müddətcə, müqavilə ləğv edilmiş sayıla bilməz. Eyni zamanda qeyd edilməlidir ki, 01.04.2019-cu il tarixindən sonrakı dövrlər üçün Şirkət tərəfindən bir neçə ayın icarə haqqı ödənişləri edilmiş və iddiaçı tərəfindən isə həmin icarə haqları nağd şəkildə qəbul edilmişdir. Həmçinin, bu dövr ərzində bütün aylar üzrə Şirkət tərəfindən kommunal ödənişlər İddiaçının nümayəndəsinə (həyat yoldaşı Zahid İsmayılova) nağd qaydada təqdim edilmiş (sırf bu səbəbə görə iddiaçının nümayəndəsinə nağd qaydada edilən ödənişlər Şirkətin rəsmi xərclərinə əlavə edilə bilinməmişdir) və iddiaçının nümayəndəsi tərəfindən də qəbul edilmişdir. Mülki Məcəllənin 404.1-ci maddəsinə görə “müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır”. Həmin Məcəllənin 404.2-ci maddəsinə görə “bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır”. Qeyd edilən hüquq normalarından da göründüyü kimi yazılı müqavilənin müddəaları tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və habelə tərəflərin sonrakı hərəkətləri nəzərə alınaraq təfsir edilməlidir. Həmçinin, bildirilir ki, icarə müddəti ərzində icarə obyektində yüksək məbləğli təmir - bərpa işləri görülmüşdür. Belə ki, icarə obyekti Şirkət tərəfindən icarəyə götürülərkən həmin obyektin daxilində heç bir təmir, hətta divarlarında suvaq işləri belə görülməmişdi. Divarları quru mişar daşlarından ibarət olan obyektin əvvəlcə 1000 kv.m-lik ərazisi tam təmir edildikdən sonra ofis və satış sahəsi, daha sonra isə təxminən 2750 kv.m-lik sahəsinin suvaq və təmizlik işləri görülmüşdür. Sonradan obyektin damından su axdığına görə Şirkət tərəfindən həyata keçirilmiş təmir işləri yararsız hala düşmüş və yenidən 2-ci dəfə təmir işləri həyata keçirilmişdir. Obyektin yenidən təmir edilməsiylə bağlı əlavə maddi ziyana məruz qalınmasına baxmayaraq, tərəflər arasındakı hüquqi münasibətlərə və yaranmış ticari maraqlara xələl gətırilməməsi məqsədi ilə bu barədə obyekt sahibinə heç bir pretenziya ünvanlanmamışdır. Şirkət obyektin ikinci hissəsini də anbar olaraq icarəyə götürmüş, anbarın da təmir bərpa işləri həyata keçirilmiş, mallar yığılmışdır. Əvvəlcədən razılaşdırılmasına baxmayaraq anbara liftin quraşdırılmasına imkan yaradılmadığı üçün anbarı su basmış, buna görə də külli miqdarda Şirkətin malları xarab olmuşdur. Bununla bağlı da Şirkət rəhbərliyi tərəfindən heç bir pretenziya irəli sürülməmiş və 2 ay sonra anbar tam şəkildə boşaldılmışdır. Bununla yanaşı xatırlatmaq lazımdır ki, 2019-cu ildə icarə obyektinin əslində “de facto” sahibi, iddiaçının həyat yoldaşı olan Zahid İsmayılov (həmçinin Abbas İsmayılov) Şirkətin rəhbərliyindən icarə münasibətlərinin davam etdirilməsini xüsusi olaraq xahiş etmişdir. Şirkət rəhbərliyi tərəfindən məhz bu xahiş nəzərə alınaraq, həmin icarə obyektinin ticarət mərkəzinə çevrilməsi qərarı alınmışdır. Bunun üçün də həmin icarə obyektində əsaslı təmir və quruculuq işlərinin aparılması zərurəti yaranmışdır. Lakin, Zahid İsmayılov bildirmişdir ki, hal-hazırda həmin obyektin təmirini həyata keçirə biləcək maddi imkana sahib deyildir. Məhz bu səbəblə də Şirkət rəhbərliyi təmir işlərini öz üzərinə götürmüş və tərəflər razılığa gəlmişdirlər ki, təmir işlərinə çəkiləcək xərclər aylara bölünərək icarə haqları ilə əvəzləşdiriləcəkdir. Lakin, buna rəğmən yenə də yuxarıda adı çəkilən şəxsin maddi ehtiyacı ilə bağlı xahişi nəzərə alınaraq bəzi aylara görə əlavə icarə haqları da ödənilmişdir. Beləliklə də, Şirkət tərəfindən icarə obyektinin 3750 kv.m-lik sahəsi ən yüksək tələblərə cavab verəcək şəkildə təmir-bərpa edilmiş və toplamda 650000 (altı yüz əlli min) manat məbləğində xərc çəkilmişdir. Bununla yanaşı mübahisəsiz hallardan biri də ondan ibarətdir ki, təmir işləri davam etdiyi müddətdə ölkə ərazisində pandemiya başlamış və ticarət müəssisələri uzun müddət fəaliyyət göstərə bilməmişdir. Dövlət rəhbərliyi tərəfindən dəfələrlə bildirilmişdir ki, ticarət obyektlərinin fəaliyyət göstərmədiyi dövrlər üçün icarəçilərdən icarə haqqının tələb edilməməsi məsləhət görülür. Bu hal Şirkət rəhbərliyi tərəfindən Zahid İsmayılova bildirilmiş, Zahid İsmayılov isə cavabında “tövsiyənin bizə heç bir aidiyyəti yoxdur” deyərək, əsl niyyətini ortaya qoymuşdur. Pandemiya ilə bağlı tətbiq edilən yeni qaydaların isə təkcə ölkəmizdə deyil, bütün dünyada rastlanılan tendensiya olduğu da aşikardır. Belə olan halda iddiaçı tərəfindən Şirkətdən icarə haqlarının qeydşərtsiz tələb edilməsi qanunvericiliyə, işgüzar adətlərə və ticarət münasibətlərinin normal axışına birbaşa ziddir. Mülki Məcəllənin 700.3-cü maddəsinə görə “əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir”. Həmin Məcəllənin 677.1.1-ci maddəsinə görə “əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur”. İndiki halda isə ölkə ərazisində tətbiq edilən sərt karantin qaydaları nəticəsində icarə obyektinin yararlılığı itdiyi üçün icarəçinin icarə haqqı ödəmək borcu da aradan qalxmışdır. Şirkətin həmin obyektdə işlə təmin olunan 23 işçisinin obyektə girişi bir neçə aydır ki, qadağan edilmişdir. Halbuki həmin işçilərin 2 ildən artıqdır ki, əmək haqları və digər məcburi dövlət sosial sığorta ödənişləri şirkət tərəfindən həyat keçirilməkdədir. Göründüyü kimi məhz iddiaçı tərəfin hüquqazidd davranışları nəticəsində faktiki əmək fəaliyyətini icra edə bilməyən işçilər baxımından məcburi dayanma halı mövcud olmuş və buna görə də Şirkət üçün əlavə maddi yüklülüklər yaranmışdır. Xüsusi olaraq qeyd edilir ki, Şirkətin həmin obyektdə ******* (iki milyon beş yüz min) manatdan çox maddi dəyərə malik müxtəlif növdə malları və texniki vasitələri var. Şirkətin işçilərinin həmin obyektə girişinin təmin edilməməsi səbəbindən, həmin malların son istifadə müddəti ötməkdədir ki, bunun da maddi və digər risklərinin birbaşa olaraq iddiaçı tərəfin üzərində olması xüsusi olaraq iddiaçının diqqətinə çatdırılır və xəbərdarlıq edilir. Həmçinin Şirkətin heç bir kommunal borcu olmamasına baxmayaraq, icarə obyektinə verilən elektrik enerjisinin kəsilməsi ilə əlaqədar kameralar işləmədiyi üçün Şirkət mallarının aqibətindən xəbərdar deyildir. Şirkət rəhbərliyində artıq belə bir təsəvvür yaranmışdır ki, mallar iddiaçıya aid şəxslər tərəfindən talan edilməkdədir. Bir daha nəzərə çatdırılır ki, hər bir halda risk iddiaçıya aiddir. Nəzərə almaq lazımdır ki, təmir işləri aparılan müddət ərzində də icarə obyektindən 16000 manat məbləğində kafel-metlax, mərmər və digər tikinti məhsullarının oğurluğu olmuş, bununla bağlı Abşeron rayon Polis Şöbəsinə şikayət ünvanlanmış, lakin cinayət faktının üzəri açılmamışdır. Artıq son olanlar nəzərə alındıqda həmin cinayət faktının törədilməsi ilə bağlı Şirkət rəhbərliyində əlavə şübhələr yaranmaqdadır. Bütün bu qeyd edilənlərlə yanaşı Şirkət rəhbərliyi artıq bu ticarət münasibətlərinin davam etdirilməsinin mümkün olmayacağı qənaətindədir. Məhz bu səbəblə də icarə obyektindəki malların daşınması həyata keçirilmək istənilsə də, iddiaçı tərəfə aid olan şəxslər və şəxsən Zahid İsmayılov və Kamal İsmayılov qardaşları buna mane olmuşlar. X1 Şirkətin bəzi əməkdaşlarına qarşı olduqca kobud davranmış, qeyri-etik ifadələr işlətmişdir. Belə ki, Şirkət rəhbərliyi tərəfindən ilk əvvəl icarə obyektindəki qaimələrin, kameraların və kompüterlərin (server sisteminin) götürülməsi istənilmiş, lakin Zahid İsmayılov buna qarşı çıxaraq bütün malların bir dəfəlik daşınılacağı təqdirdə, hər hansı bir əşyanın götürülməsinə icazə veriləcəyini bildirmişdir. Bu da şirkət rəhbərliyində belə bir fikrin yaranmasına səbəb olmuşdur ki, icarə obyektindəki malların talan edilməsi faktı mövcuddur ki, Zahid İsmayılov bütün malların eyni vaxtda daşınması nəticəsində izlərin itirilməsini planlamaqdadır. Bütün bu özbaşınalıqlarına qarşı Zahid İsmayılova etiraz edildiyi zaman isə o, Şirkət rəhbərliyini “X2” MMC-nin də vergi nəzarətini həyata keçirən qardaşı - Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Abbas İsmayılovla hədələmişdir. Nəzərə almaq lazımdır ki, məhz Abbas İsmayılovun rəisi olduğu 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 2020-ci ilin aprel ayında şirkət barəsində əsassız olaraq külli miqdarda vergi borcu hesablanmış və Məhkəmə Ekspertiza Mərkəzinin iki ekspert rəyinə əsasən Sumqayıt İnzibati Məhkəməsi tərəfindən həmin vergi borcunun böyük ölçüdə əsassız olduğu öz təsbitini tapmışdır. Ümumilikdə qeyd edilməlidir ki. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Abbas İsmayılov tərəfindən Şirkət rəhbərliyinə qarşı açıqca qərəz nümayiş etdirilməkdədir. Belə ki, sırf onun göstərişləri əsasında vergi müfəttişləri tərəfindən “X2” MMC-də bir ay müddətində bitirilməli olan növbədənkənar səyyar vergi yoxlaması 16 aylıq bir dövr ərzində davam etdirilmişdir. Rəsmi sənədlər (bank çıxarışları və vergi bəyannamələri və s.) mövcud olmasına baxmayaraq vergi yoxlaması aktında vergi əməkdaşları tərəfindən bilə-bilə yalan və cəfəngiyat dolu məlumat öz əksini tapmışdır. Təbii ki, vergi əməkdaşları bunu özbaşına edə bilməzdilər. Şirkətlərin vergi öhdəliklərinə nəzarət etməli olan şəxs - Abbas İsmayılov öz vəzifə öhdəliklərini səhv anlamış, mövcud səlahiyyətlərini şəxsi istək və intriqalarına alət etmiş və etməkdədir. Təbii ki, bu özbaşınalığına görə Abbas İsmayılov barəsində tədbir görülməsi üçün qanuna uyğun müdafiə vasitələrindən istifadə ediləcəkdir. Bütün bu qeyd edilənlər ümumi olaraq dəyərləndirildikdə, Abbas, Zahid və Kamal İsmayılov qardaşlarının dövlət qulluqçuları olduqları halda ticarət fəaliyyəti ilə məşğul olduqları azmış kimi, Şirkət rəhbərliyinin şəxsi ilə də intriqa apardıqları və tutmuş olduqları dövlət qulluğu mövqeyinə arxayın olaraq özbaşınalıqlar etdikləri aşkardır. Məhz bu hüquqtanımaz davranışlar barəsində hüquq-mühafizə orqanlarına və İqtisadiyyat Nazirinə və digər rəhbər şəxslərə müraciətlər edilmişdir. İddiaçı nümayəndəsi tərəfindən 28 aprel 2022-ci ildə iddia ərizəsi üzrə yazılı “İzahat” təqdim edilərək, İddiaçı tərəfindən cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilərkən həmin “İzahat”ın da nəzərə alınması xahiş olunmuş və həmin “İzahat” onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehdən digər tələblərlə yanaşı, Tərəflər arasında bağlanmış 3550,8 kv.m sahənin icarəsinə dair 01.02.2014-cü il tarixli icarə müqaviləsi üzrə 145000 manat və 1782 kv.m sahənin icarəsinə dair 15.05.2020-ci il tarixli icarə müqaviləsi üzrə 30000 manat olmaqla, cəmi 175000 manat icarə haqqı borcunun ödənilməsini tələb edir. 1-ci Müqavilə üzrə tələb onunla əsaslandırılır ki: - 01.04.2017-ci ildən 01.04.2019-cu ilədək müəyyən olunan aylıq 5000 manat icarə haqqı ayda 1000 manat kəsirlə aylıq 4000 manat olmaqla ödənilmiş və bu müddət üçün borc 24000 manatdır (24 ay x 1000 manat); - 2019-cu ilin aprel-dekabr ayları üzrə aylıq 5000 manat hesabı ilə 45000 manat (9 ay x 5000 manat) icarə haqqı ödənilməli olduğu halda, 30000 manat ödənilmiş və bu müddət üçün borc 15000 manatdır; - 2020-ci il üzrə ayda 5000 manat olmaqla, 60000 manat (12 ay x 5000 manat) icarə haqqı ödənilməli olduğu halda, 14000 manat ödənilmiş və bu müddət üçün borc 46000 manatdır; - 2021-ci il üzrə heç bir ödəniş edilməməklə, bu müddət üçün borc ayda 5000 manat olmaqla, 60000 manatdır (12 ay x 5000 manat). 2-ci Müqavilə üzrə tələb onunla əsaslandırılır ki, həmin müqavilənin qüvvədə olduğu 15.05.2020-ci ildən 15.05.2021-ci ilədək olan müddət üçün heç bir ödəniş edilməmiş və göstərilən dövr üzrə borc aylıq icarə haqqı 2500 manat olmaqla 30000 manatdır (12 ay x 2500 manat). İş üzrə 19.04.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında Cavabdehin nümayəndəsi 1-ci Müqavilə üzrə 01.04.2017-ci ildən 01.04.2019-cu ilədək olan dövr üçün icarə haqqının həqiqətən də ayda 1000 manat kəsirlə, aylıq 4000 manat həddində ödənildiyini etiraf etməklə, 2019-cu ilin aprelindən etibarən heç bir ödəniş olmadığını və iddia ərizəsində 2019cu ilin aprel-dekabr aylarının icarə haqqı kimi ödənildiyi göstərilən 30000 manatın əslində 2-ci Müqavilə üzrə ödəniş olduğunu bildirmişdir. Bununla əlaqədar məhkəmənin diqqətinə çatdırılır ki, cavabdeh tərəfindən 1-ci müqavilə üzrə icarə haqqı borclarının ödənişi İddiaçının "xxxx" ASC-də olan kart hesabına mədaxil olunmaqla həyata keçirilmiş və həmin ödəniş kartı üzrə 22.04.2022-ci il tarixli bank çıxarışı ilə müəyyən olunur ki, 2019-cu ilin aprel-dekabr ayları ərzində 30500 manat, 2020-ci ildə 14000 manat ödəniş edilmiş, 2021-ci ildə isə heç bir ödəniş olmamışdır. Belə ki, çıxarışa əsasən 2019-cu ilin aprel-dekabr aylarında edilən ödənişlər: - 10.06.2019-cu ildə - 2000 manat; - 19.07.2019-cu ildə - 5000 manat; - 01.10.2019-cu ildə - 3000 manat; - 07.10.2019-cu ildə - 2000 manat; - 31.10.2019-cu ildə - 3000 manat; - 06.11.2019-cu ildə - 2000 manat; - 25.12.2019cu ildə - 2000 manat; - 26.12.2019-cu ildə - 6000 manat; - 27.12.2019-cu ildə - 5500 manat olmaqla, cəmi – 30500 manat. 2020-ci ildə edilən ödənişlər: - 01.09.2020-ci ildə - 10000 manat; - 02.09.2020-ci ildə - 2000 manat; - 23.09.2020-ci ildə - 2000 manat olmaqla, cəmi – 14000 manat. Göründüyü kimi, Cavabdehin nümayəndəsinin 2019-cu ilin aprel-dekabr ayları üzrə ödənilmiş 30000 manatın guya 2-ci müqavilə (15.05.2020-15.05.2021) üzrə icarə haqqının ödənişi olması və həmin müqaviləyə əsasən hər hansı borcun olmaması barədə “dəlili” əsassız olmaqla, heç bir mötəbər sübuta söykənmir. Maraqlıdır, hələ 2020-ci ildə bağlanmış və qüvvədə olmuş müqavilə üzrə icarə haqqı borclarını Cavabdeh 2019-cu ildə görəsən hansı əsasla və məntiqlə ödəmişdir ? İddiaçının təqdim etdiyi “ödəniş kartı üzrə çıxarış” bir daha Cavabdehin bununla bağlı mülahizələrinin əsassızlığına dəlalət edir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 29 aprel 2022-ci ildə “iddia müddətinin tətbiq edilməsi” barədə vəsatətlə məhkəməyə müraciət edərək, mübahisə ilə bağlı iddia müddətinin tətbiq edilməsini xahiş etmiş və həmin vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “X2” MMCyə qarşı pul tələbinə dair 2-2(119)-222/2022 saylı kommersiya işi üzrə iddiaçı 01.04.2017- 01.04.2019-cu ıl dövrü üçün hər ay 1000 manat olmaqla 24000 manat borcun olduğunu iddia etmişdir. Halbuki, iddiaçı tərəf həmin hissəyə münasibətdə iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə “məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır”. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbi üzrə” İzahatda yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 01 fevral 2014-cü il tarixli icarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 2 ünvanında 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m sahəsinin cavabdeh “X2” MMC tərəfindən tam şəkildə boşaldılaraq İddiaçı geri qaytarılması, cavabdeh “X2” MMC-dən İddiaçı xeyrinə 01 fevral 2014-cü il tarixli icarə müqaviləsi üzrə 145000 manat və 15 may 2020-ci il tarixli icarə müqaviləsi üzrə 30000 manat olmaqla, cəmi 175000 manat icarə haqqı borcunun tutulması və icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış icarə haqqının və məhkəmə xərclərinin, yəni ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin əvəzinin cavabdeh “X2” MMC-dən tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və hazırkı iddia ərizəsində nəzərdə tutulan heç bir iddia tələbi üzrə iddia müddətinin ötürülmədiyini bildirdi. Məhkəmə iclasında cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia ərizəsinə qarşı yazılı “İzahat”da və “iddia müddətinin tətbiq edilməsi” barədə vəsatətdə yazılanlara uyğun izahat verərək, İddiaçı cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə obyektinin boşaldılaraq geri qaytarılması və icarə haqqı borcunun ödənilməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, 01 fevral 2014-cü il tarixli icarə müqaviləsində icarə haqqının 5000 manat olduğu yazılsa da, tərəflərin şifahi razılaşmasına görə faktiki olaraq 4000 manat məbləğində icarə haqqı ödənilmişdir. Cavabdeh obyekti icarəyə götürəndə təmir işləri aparılmamış və buna görə də, 2019-cu ilə qədər olan münasibətlərdə təmir xərclərinə görə icarəyə verən, yəni iddiaçı cavabdehə güzəştə getmişdir. İcarə haqqı faktiki olaraq həmişə 4000 manat məbləğində olmuşdur. İddiaçı da buna heç vaxt şifahi və ya yazılı formada etiraz etməmişdir. 2019-cu ilin aprel ayında müqavilə bitəndə cavabdeh icarə obyektini ofis kimi istifadə edirdi. Cavabdeh “X2” MMC 2018-ci ildə Sumqayıt şəhərinə köçmüşdür. 2019-cu ilin aprel ayında icarə münasibətlərinə xitam verildikdən sonra Zahid İsmayılov və cavabdeh Şirkətin rəhbərliyi arasında razılığa gəlinmişdir ki, obyekt təmir olunduqdan sonra xərclər müəyyənləşəcək və icarə haqqında nəzərə alınacaq. Obyektin çox hissəsi təmirsiz olmuş və cavabdeh obyektdə tamamilə yenidənqurma işləri görmüşdür. 2019-cu ildən 2021-ci ilin yanvar ayına qədər həmin obyektdə təmir işləri getmişdir. Cavabdeh “X2” MMC bir il yarım müddətdə obyektin təmirinə külli miqdarda pul xərcləmişdir. Obyekt sahibinin razılığı olmadan cavabdeh bu qədər pul xərcləyə bilməzdi. Şifahi razılığa əsasən təmir bitdikdən sonra təmir xərci icarə haqqında nəzərə alınacaqdı. 2020-ci ildə pandemiya dövründə iri ticarət fəaliyyəti qadağan edildiyinə görə, cavabdeh icarə haqqını ödəyə bilməzdi. Həmin dövrə görə icarə haqqı tələb edilməsi absurddur və eyni zamanda, 2019-cu ildən 2021-ci ilin yanvarına kimi Obyektdə mütəmadi təmir işləri getdiyi üçün gəlir əldə edilmirdi. İcarə haqqı faktiki olaraq 5000 manat məbləğində deyil, 4000 manat məbləğində olmuşdur. Müqavilələr qarşılıqlı razılıqla, işgüar adətlərlə tənzimlənir. 2019-cu ilin aprelindən sonra yazılı müqavilənin olmaması, iddiaçının 2019-cu ildən sonra obyektə görə icarə haqqı tələb etməməsi deməkdir. İcarə haqqı təmir işlərindən sonra müəyyənləşəcəkdi. 2014-2019-cu illərdə icarə münasibətləri rəsmiləşdirilmişdi. 2019- 2021-ci illərdə isə yazılı müqavilə olmamış və təmir bitdikdən sonra şərtlər müəyyənləşəcəkdi. Obyekti təmir etdikləri üçün 2019-cu ilin aprel ayından sonra onların arasında icarə münasibətləri olmamışdır. Təmir 2021-ci ilin yanvarında bitmiş və təmir edilmiş həmin obyekt 2021-ci ilin fevralından 2021-ci ilin iyul ayının ortalarına kimi ticarət povilyonu kimi fəaliyyət göstərmişdir. Lakin, 2021-ci ilin iyul ayının ortalarından cavabdeh işçiləri ilə birlikdə oradan məcburi çıxarılmışdır. Belə ki, 2021-ci ilin iyul ayının ortalarında cavabdehin əməkdaşları işə gəldikdə qapıların qıfıllarının dəyişdirildiyini, dəmir barmaqlıqlarla bağlandığının görmüşlər və həmin vaxtdan iddiaçının mühafizəçiləri tərəfindən cavabdeh tərəf icarə obyektinə buraxılmamışlar. Faktiki olaraq 2021-ci ilin iyul ayından cavabdeh tərəfin əmlakının olduğu ticarət obyektinə girişi qadağan edilmiş və cavabdeh tərəf əmlakından istifadə etmək hüququndan məhrum edilmişdir. Eyni zamanda, iddiaçı tərəf əmlakın hissə-hissə çıxarılmasına icazə verməmiş, orada olan külli miqdarda əmlakın isə bir dəfəyə daşınması mümkün olmamışdır. Həmçinin, 01 fevral 2014-cü il tarixli icarə müqaviləsi üzrə 01 aprel 2017-ci il tarixindən 01 aprel 2019-cu ıl tarixinədək olan dövr üçün hər ay 1000 manat olmaqla, cəmi 24000 manat icarə haqqı borcunun tələb edilməsi ilə əlaqədar iddia müddəti ötürülmüş olduğundan, həmin tələb iddia müddəti tətbiq edilərək rədd olunmalıdır. Məhkəmə iclasında cavabdeh “X2” MMC-nin nümayəndəsi Nümayəndə2 suallara cavab olaraq bildirdi ki, tərəflər arasında bağlanmış 1-ci müqavilədə icarə haqqının 2000, 3000, 4000 manat olmasının səbəbi obyektin icarəyə götürülərkən təmirsiz olması və cavabdehin obyekti təmir edərək ofis halına gətirdikdən sonra istifadə etməsi olmuşdur. 1ci Müqavilə üzrə 2017-2019-cu illərdə icarə haqqı 4000 manat məbləğində olmaqla tam ödənilmişdir. Eyni zamanda 1-ci Müqavilədə 2017-ci ildən sonra icarə haqqı 5000 manat məbləğində göstərilsə də, cavabdehin hər ay 1000 manat az ödəniş etməsinə iddiaçı heç bir etiraz bildirməmişdir. Əgər cavabdeh pulu az ödəyirdisə, iddiaçı həmin dövrdə də iddia qaldıra bilərdi. 2020-ci ildə 2-ci müqavilə isə anbarın icarəsi üçün bağlanmışdır. Cavabdeh anbarın icarəsinə görə bir ilə 30000 manat icarə haqqı ödəmiş və həmin anbar icarəsinə görə borcu qalmamışdır. Cavabdeh 2-ci Müqavilənin müddəti bitdikdən sonra anbarı boşaldaraq çıxmış və həmin Anbarı təhvil vermişdir. İcarə haqqı həmişə nağd qaydada, əlbəəl verilmişdir və ödənişlərlə əlaqədar heç bir sənəd yoxdur. Cavabdeh 1-ci Müqavilə üzrə 24000 manat məbləğində olan borcu da qəbul etmir və 24000 manat məbləğində pulu cavabdeh ödəməli deyil. Eləcə də, 24000 manat məbləğində pulun tələb edilməsi müddəti, yəni həmin borc üzrə iddia müddəti də ötürülmüşdür. 2021-ci ilin iyul ayının ortalarından isə cavabdehin icarə götürdüyü obyektə girişi qadağan edilmişdir. Cavabdeh “X2” MMC-nin əməkdaşları 2021-ci ilin iyul ayının ortalarında axşam obyekti bağlayıb getmiş, səhəri gün isə işə gəldikdə obyektə girə bilməmişlər. Cavabdehin obyektə giriş imkanının qarşısı iddiaçının adamları tərəfindən özbaşına olaraq alınmış və həmin vaxtdan da cavabdeh əmlakının olduğu obyektə girə bilməmişdir. Cavabdeh iddiaçıya iki dəfə əmlakı hiss-hissə çıxarmasını təklif etmiş, lakin iddiaçı razı olmamışdır. Cavabdeh iddiaçının təqdim etdiyi Hesabdan çıxarışı qəbul etmir. Çünki, Cavabdeh heç vaxt icarə haqqını kart hesabına köçürməmişdir. İcarə haqqı istisnasız şəkildə əlbəəl verilmişdir və Hesabdan çıxarışdakı ödənişlərin heç biri cavabdehə aid deyil. Yəni, Hesabdan çıxarışdakı ödənişləri cavabdeh etməmişdir. Cavabdehə kart hesab nömrəsi verilməmişdir. Əgər kart hesabı var idisə, 2014-2019-cu illərdə də ödəniş kart vasitəsi ilə ödənilərdi. Hətta kommunal ödənişlər belə əlbəəl verilmişdir. Cavabdehin həmin obyektdə dəyəri 100000 manatdan çox olan satış üçün nəzərdə tutulan malları var. Cavabdeh həmin malları obyektdə qoyaraq, çıxa bilməzdi. Cavabdeh “X2” MMC iddiaçı tərəflə barışıq olacağına ümid edirdi. Lakin, 2021-ci ilin iyul ayının ortalarından “X2” MMC-nin işçilərinin obyektə girişi iddiaçı tərəfindən qəfildən məhdudlaşdırılmışdır. Cavabdeh “X2” MMC yalnız 2021-ci ilin fevral ayının sonundan 2021-ci ilin iyul ayının ortalarına qədər obyektdə aktiv satış, yəni ticarət fəaliyyəti ilə məşğul olmuşdur. İddia ərizəsində qeyd olunan 30000 manat məbləğində pul anbarın icarəsinə görə ödənilmişdir. Şəxsi münasibətlər çərçivəsində ödənilən 14000 manat da, əslində 16000 manat məbləğindədir. Cavabdeh 30000 manat məbləğində pulu 2-ci Müqavilənin icarəsi üçün, 16000 manat məbləğində pulu isə iddiaçının xahişi əsasında, gələcəkdə icarə haqqının əvəzləşdirilməsi məqsədilə əlavə ödəniş kimi ödəmişdir. Cavabdeh bir ildən artıq obyektdə təmir aparıbsa, icarə haqqı ödəməli deyildir. 1-ci Müqavilənin müddəti bitdikdən sonra yeni Müqavilənin bağlanmaması da 2019-cu ilin aprel ayından icarə münasibətlərinin olmamasını təsdiq edir. 2021-ci ilin iyul ayının ortalarından məcburi qaydada icarə obyektinə buraxılmadıqları üçün həmin vaxtdan 02 aprel 2022-ci il tarixədək olan dövr ərzində əşyaların çıxarılmamasının məsuliyyətini cavabdeh daşımır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş yazılı "İzahat"ları və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən İddiaçı məxsus məqsədli istifadə növü sahibkarlıq (tikinti) olan kənd təsərrüfatı təyinatlı torpağın (ümumi sahəsi 0,75 ha) İddiaçı mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 12 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində qeydiyyata alınmışdır (Reyestr nömrəsi–**********05; Qeydiyyat nömrəsi–160606430; Qeydiyyat tarixi–27 oktyabr 2006-cı il). İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvandakı 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi (ümumi sahəsi 7771 kv.metr) İddiaçı xüsusi mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır ((Reyestr nömrəsi – **********05-12301); Qeydiyyat nömrəsi – **********; Qeydiyyat tarixi – 27 dekabr 2014-cü il). İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpağın (ümumi sahəsi 0,75 ha) İddiaçı xüsusi mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 12 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində qeydiyyata alınmışdır (Reyestr nömrəsi–**********06; Qeydiyyat nömrəsi–**********; Qeydiyyat tarixi–20 aprel 2017-ci il). İş materiallarında olan icarəyəverən İddiaçı (VÖEN **********) ilə icarəçi “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 01 fevral 2014-cü il tarixli İcarə Müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə İcarəyə verən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Abşeron rayonu Masazır kəndi ərazisindəki mülkiyyətində olan 0,75 ha torpaq sahəsindəki Abşeron rayon İcra Hakimiyyəti Başçısının 29 aprel 2011-ci il tarixli 667 saylı Sərəncamı ilə istismara qəbul olunmuş istehsalat və satış kompleksinin yol kənarında yerləşən 1180 kv.m zirzəmi sahəsi (zirzəmi) və 2370,8 kv.m satış pavilyonu (istehsalat və satış pavilyonu) olan obyekti (bundan sonra “İcarə obyekti” adlandırılacaq) İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə bunun qarşılığında Müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 1-ci bəndi). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə İcarəyə verənə ödənilməli olan aylıq icarə haqqının xalis məbləği aşağıdakı cədvələ müvafiq olaraq aparılacaqdır: 1. 01 aprel 2014-cü ildən 01 aprel 2015-ci il üçün 2000 (iki min) manat; 2. 01 aprel 2015-ci ildən 01 aprel 2016-cı il üçün 3000 (üç min) manat; 3. 01 aprel 2016-cı ildən 01 aprel 2017-ci il üçün 4000 (dörd min) manat; 4. 01 aprel 2017-ci ildən 01 aprel 2018-ci il üçün 5000 (beş min) manat; 5. 01 aprel 2018-ci ildən 01 aprel 2019-cu il üçün 5000 (beş min) manat təşkil edir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, icarəçi icarə haqqını hər ayın 5-dən gec olmayaraq nağd və ya köçürmə qaydasında İcarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, bu Müqavilə 01 aprel 2014-cü il tarixdən qüvvəyə minir və 01 aprel 2019-cu il tarixədək qüvvədədir. İş materiallarında olan icarəyəverən İddiaçı (VÖEN **********) ilə icarəçi “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 15 may 2020-ci il tarixli İcarə Müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə İcarəyə verən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa (Qeydiyyat nömrəsi **********) əsasən Abşeron rayonu Masazır kəndi ərazisində mülkiyyətində olan 0,75 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin 1782 kv.m hissəsini anbar kimi istifadə kimi İcarəçiyə icarəyə verməyi, İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür (Müqavilənin 1-ci bəndi). Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, aylıq icarə haqqı 2500 (iki min beş yüz) Azərbaycan manatı təşkil edir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, digər razılaşma əldə olunmayıbsa, icarə haqqı hər aya görə cari ayın 15-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. İş materiallarında olan icarəyəverən İddiaçı tərəfindən icarəçi “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 08 fevral 2021-ci il tarixli məktubda 15 may 2020-ci il tarixli ikinci İcarə müqaviləsinə əsasən 1782 m2 sahənin icarəyə götürülməsi üçün aylıq 2500 manat icarə məbləğinin ödənişinin icra olunmaması, bu Müqavilə üzrə 08 fevral 2021-ci il tarixinədək hər hansı bir ödəniş edilmədiyi və həmin Müqavilə üzrə 22500 manat məbləğində borcun olduğu bildirilmiş və ən qısa zamanda birinci Müqavilə üzrə icarə obyektinin boşaldılması, ikinci Müqavilə üzrə olan borcun isə ödənilməsinin təmin olunması xahiş olunmuşdur. İş materiallarında olan icarəyəverən İddiaçı tərəfindən icarəçi “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 18 may 2021-ci il tarixli 03 nömrəli məktubda göstərilir ki, 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsinin müddəti bitmiş, lakin İddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq növbəti dövr üçün icarə müqaviləsi bağlanmamış, həmin müddət üçün istifadə olunan müddətə uyğun icarə haqqı ödənilməmiş və müqavilə üzrə icarəyə götürülmüş ünvan 4 ünvanında yerləşən ümumilikdə 3550 m2 sahədən ibarət icarə obyekti bu günə qədər boşaldılmamışdır. "X3" MMC-nin bu obyekt üzrə hal-hazırda istifadə olunan müddət üzrə icarə haqqı borcu 58000 (əlli səkkiz min) manat təşkil edir. Həmçinin bağlanmış 15 may 2020-ci il tarixli digər icarə müqaviləsinə uyğun 1782 m2 sahənin icarəyə götürülməsi üçün aylıq 2500 manat icarə məbləğinin ödənişi icra olunmamış və bu müqavilə üzrə bu günə qədər borc (12 ay üzrə) 30000 (otuz min) manat təşkil edir. Yuxanda qeyd edilənlərlə bağlı X3 MMC-nin hüquqi ünvanına (ünvan 5 göndərilmişdir. Lakin, bu günə kimi bu məsələnin həlli istiqamətində hər hansı hərəkət olunmamış və istifadəyə görə icarə haqqları ödənilməmiş və icarə obyektləri boşaldılıb təhvil verilməmişdir. Yaranmış bütün borcların (ümumi olaraq 88000 manat) bir həftə müddətində ödənişini təmin edərək 29 may 2021-ci il tarixə qədər İcarə obyektlərini tam boşaldaraq İddiaçı təhvil verilməsi xahiş olunur və əks halda müvafiq orqanlara rəsmi şəkildə müraciət olunacağı bildirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 701.2.4-ci maddəsinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı məxsus ünvan 1 ünvanındakı 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m hissəsi 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmiş və həmin Müqavilənin müddəti 01 aprel 2019-cu ildə bitdikdən sonra da onların arasında həmin icarə münasibətləri davam etmişdir (01 aprel 2017-ci ildən etibarən aylıq icarə haqqı 5000 (beş min) manat olmaqla). Lakin, icarəyəverən İddiaçı tərəfindən icarəçi “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 18 may 2021-ci il tarixli 03 nömrəli məktubda sonuncunun həmin icarə obyektini 29 may 2021-ci il tarixədək tam boşaldaraq təhvil verməsi və eyni zamanda, həmin icarə obyektinə görə 18 may 2021-ci il tarixinə ödənilməmiş 58000 (əlli səkkiz min) manat məbləğində icarə haqqı borcunun ödənilməsi tələb olunmuşdur. Yəni, həmin məktubun məzmunu ilə müəyyən olunur ki, 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m sahədən ibarət icarə obyektinə görə cavabdeh “X2” MMC-nin 18 may 2021-ci il tarixinə ödənilməmiş borcu cəmi 58000 (əlli səkkiz min) manat məbləğində olmuşdur. Lakin, cavabdeh tərəf (İcarəçi) həmin məktubla verilmiş xəbərdarlığı icra etməmiş və İcarəyəverən tərəf (iddiaçı) həmin məktubun tərtibindən iki ay sonra, yəni 2021-ci ilin iyul ayının ortalarında icarə obyektinin giriş-çıxış qapılarının qıfıllarını dəyişərək, birtərəfli qaydada İcarəçinin və onun işçilərinin həmin icarə obyektinə girişinin və obyektdən istifadənin qarşısını almışdır. Yəni, İcarəyə verən İcarəçinin icarə münasibətləri əsasında sahibliyində olan icarə obyektindən çıxarılması üçün müvafiq qaydada hüquqi tənzimləmədən (danışıqların aparılması nəticə vermədikdə məhkəməyə müraciət edilməsi və s.) istifadə etməyərək, İcarəçinin icarə obyektindən və bilavasitə İcarəçinin özünün mülkiyyətində olan əmlakdan istifadə və sahiblik etməsini birtərəfli qaydada və İcarəçinin iradəsinin ziddinə olaraq 2021-ci ilin iyul ayının ortalarından etibarən məhdudlaşdırmışdır. Belə ki, 18 may 2021-ci il tarixindən sonra İcarəçi (cavabdeh) icarə obyektindən iki ay ərzində istifadə etmiş olsa da, iki aydan sonra bu istifadənin qarşısı İcarəyə verən (iddiaçı) tərəfindən tətbiq olunan yuxarıda qeyd olunan tədbirlər vasitəsi ilə alınmış və buna görə də, icarə obyektindən istifadənin xüsusiyyətlərinə uyğun olaraq İcarəçi satış pavilyonu və ofis kimi istifadə etdiyi məlum İcarə obyektində öz mülkiyyətində olan və satış üçün nəzərdə tutulan və eləcə də, digər əmlaklarından istifadə edə bilməmişdir. Yəni, İcarəyəverən (iddiaçı) İcarəçini (cavabdehi) icarə obyektindən və orada olan əmlakından 2021-ci ilin iyul ayının ortalarından etibarən istifadə etmək imkanlarından məhrum etmişdir. Eləcə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunmuşdur ki, 15 may 2020-ci il tarixli İcarə Müqaviləsi üzrə isə icarə obyekti müqavilənin sonunda İcarəçi tərəfindən boşaldılaraq İcarəyə verənə təhvil verilmiş olsa da, həmin Müqavilə üzrə ümumilikdə cəmi 30000 manat məbləğində icarə haqqı borcu İcarəyəverənə ödənməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, “01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 1 ünvanındakı 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m sahəsinin cavabdeh “X2” MMC tərəfindən tam şəkildə boşaldılaraq İddiaçı geri qaytarılması” barədə və “15 may 2020-ci il tarixli İcarə müqaviləsi üzrə ödənilməmiş 30000 (otuz min) manat məbləğində icarə haqqı borcunun tutulması” barədə iddia tələbləri tam əsaslıdır. Eləcə də, işin konkret halları və yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan əmlak kompleksinin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m sahəsi son bir neçə il ərzində 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə yaranmış icarə münasibətləri əsasında cavabdeh “X2” MMC-nin istifadəsində olmuş və sonuncu bu istifadə ilə əlaqədar mülkiyyətçiyə müəyyən məbləğlərdə aylıq pul vəsaitləri ödəmişdir. Lakin, sonradan bu münasibətlər pozulduğu üçün İddiaçı 18 may 2021-ci il tarixli 03 nömrəli məktubla həmin icarə obyektinin “29 may 2021-ci il tarixədək tam boşaldaraq təhvil verməsini və həmin icarə obyektinə görə 18 may 2021-ci il tarixinə ödənilməmiş 58000 (əlli səkkiz min) manat məbləğində icarə haqqı borcunun ödənilməsini” tələb etsə də, cavabdeh “X2” MMC könüllü olaraq həmin tələbi yerinə yetirməyərək, ofis və satış pavilyonu kimi istifadə etdiyi həmin qeyri-yaşayış sahəsini boşaldaraq iddiaçıya təhvil verməmiş və tələb olunan “ödənilməmiş 58000 (əlli səkkiz min) manat məbləğində icarə haqqı borcunu” ödəməmişdir. Bu səbəbdən də iddiaçı tərəf (İcarəyə verən) 2021-ci ilin ortalarında cavabdeh tərəfin (İcarəçinin) iradəsinin ziddinə olaraq, sonuncunun həmin icarə obyektindən və eləcə də, həmin icarə obyektində olan özünə məxsus əmlaklardan istifadə etməsinin qarşısını almışdır. İcarə haqlarının ödənməsini və yaxud ödənməməsini təsdiq edən və mübahisənin həllində mötəbər sübut kimi nəzərə alına biləcək maliyyə və s. sənədlər məhkəməyə təqdim olunmasa da (iddiaçı tərəfindən məhkəməyə “Ödəniş kartından Çıxarış” təqdim edilsə də, həmin Çıxarışda olan pul ödənişlərinin həqiqətən də Cavabdehə aid olmasının müəyyən edilməsi mümkün olmamışdır), cavabdeh tərəfin məhkəmə iclaslarında vermiş olduğu izahatlar və eyni zamanda, tərəflər arasında aparılan yazışmaların məzmunu ilə müəyyən olunur ki, cavabdeh tərəfin məlum icarə obyektindən istifadəsinin qarşısı 2021-ci ilin iyul ayının ortalarından alınmış və həmin obyektə görə 18 may 2021-ci il tarixinə cavabdehin ödənilməmiş cəmi 58000 (əlli səkkiz min) manat məbləğində icarə haqqı borcu olmuşdur. Həmin müddətdən, yəni 18 may 2021-ci il tarixindən sonra cavabdehin məlum obyektdən ümumilikdə 2 (iki) ay ərzində təyinatı üzrə istifadə etməsi və məlum icarə Müqaviləsində aylıq icarə haqqının 5000 manat məbləğində olması nəzərə alındığı halda isə, həmin iki ay ərzində cavabdehin cəmi 10000 (on min) manat (5000 + 5000) məbləğində əlavə icarə borcu yaranır. Yəni, 01 fevral 2014cü il tarixli İcarə müqaviləsi üzrə 18 may 2021-ci il tarixinə mövcud olmuş “58000 (əlli səkkiz min) manat məbləğində” icarə borcuna sonrakı iki ay üçün də hesablanmalı olan 10000 (on min) manat məbləğində icarə borcu əlavə edilməlidir. Çünki, 2021-ci ilin iyul ayının ortalarından etibarən cavabdehin icarə obyektinə və icarə obyektində olan əmlakından istifadə etməsi - məlum mübahisə ilə əlaqədar hər hansı bir hüquqi tənzimləmə sənədi olmadan, birtərəfli qaydada - iddiaçı tərəfindən məhdudlaşdırıldığından, həmin tarixdən sonrakı dövr üçün həmin icarə obyekti üçün aylıq icarə haqqı borcunun hesablanması əsassızdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, “01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə 145000 manat məbləğində icarə haqqı borcunun tutulması” hissəsində iddia tələbi qismən əsaslıdır və həmin İcarə Müqaviləsi üzrə cavabdehdən cəmi 68000 (altmış səkkiz min) manat (58000 manat + 10000 manat) məbləğində icarə haqqı borcu tutulmalıdır. Həmçinin, işin halları və yuxarıda qeyd olunan xüsusatlara görə müəyyən olunur ki, iddia tələbinin “icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış icarə haqqının tutulması” hissəsi isə əsassızdır. Çünki, işin halları ilə müəyyən olunur ki, cavabdeh tərəf 2021-ci ilin iyul ayının ortalarından mübahisə predmeti olan məlum icarə obyektindən kənarlaşdırılmış və birtərəfli qaydada cavabdeh tərəfin həmin icarə obyektindən və icarə obyektində olan əmlakından istifadə etməsinin qarşısı alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 1 ünvanındakı 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1180 kv.m. zirzəmi və 2370,8 kv.m. istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m. sahəsi cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tam şəkildə boşaldılaraq İddiaçı (VÖEN **********) geri qaytarılmalı və cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə ödənilməmiş 68000 (altmış səkkiz min) manat məbləğində icarə haqqı borcu, 15 may 2020-ci il tarixli İcarə müqaviləsi üzrə ödənilməmiş 30000 (otuz min) manat məbləğində icarə haqqı borcu İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda, cavabdeh tərəfin “iddia müddətinin tətbiq edilməsi” barədə vəsatəti əsassız olduğu üçün təmin edilməməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və eyni zamanda, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən Dövlət Büdcəsinə 65 (altmış beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Dövlət Büdcəsinə ödəmiş olduğu 65 (altmış beş) manat məbləğində dövlət rüsumu və mediasiya ilə əlaqədar mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 384 manat məbləğində dövlət rüsumunun ödənilməmiş (iddiaçı tərəfindən 65 manat hissəsi ödənilmişdir) hissəsi olan 319 (üç yüz on doqquz) manat məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 1 ünvanında 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1180 kv.m. zirzəmi və 2370,8 kv.m. istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m. sahəsi cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tam şəkildə boşaldılaraq İddiaçı (VÖEN **********) geri qaytarılsın. Cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə ödənilməmiş 68000 (altmış səkkiz min) manat məbləğində icarə haqqı borcu, 15 may 2020-ci il tarixli İcarə müqaviləsi üzrə ödənilməmiş 30000 (otuz min) manat məbləğində icarə haqqı borcu, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 65 (altmış beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 98465 (doxsan səkkiz min dörd yüz altmış beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət rüsumunun qalığı kimi 319 (üç yüz on doqquz) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-222/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-222/2022
29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver