Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2233/2022 21.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, Ərizəçi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxsnə qarşı verilmiş “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: Ərizəçi 19 dekabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxsnə qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar Ərizəçi tərəfindən Maraqlı şəxsnə qarşı verilmiş “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü və 152.1.5-ci maddələrinə əsasən Sumqayıt Kommersiya Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli e-2-2(119)-2196/2022 nömrəli qərardadı ilə Ərizəçi tərəfindən 08 dekabr 2022-ci ildə Maraqlı şəxsnə qarşı verilmiş “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ərizəçiyə geri qaytarılmış və eyni zamanda, həmin qərardadda ərizəçiyə –ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ və yaxud, narazı olduğu halda həmin qərardaddan şikayət vermək hüququ da izah olunmuşdur. Lakin, Ərizəçi həmin qərardadda göstərilən nöqsanları aradan qaldırmadan eyni qaydada (eyni nöqsanlarla) tərtib edilmiş ərizə ilə yenidən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir (həmin nöqsanlar Sumqayıt Kommersiya Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli e-2-2(119)-2196/2022 nömrəli qərardadında ətraflı göstərilmişdir). Halbuki, Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələblərinə görə ərizənin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bununla belə, məhkəmə, hazırkı ərizədə yol verilmiş nöqsanlarla əlaqədar bir daha qeyd edir ki, “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə hazırkı ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət edilməsi ilə əlaqədar müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər ərizəyə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim olunan ərizənin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasında "X1 Azaddır - “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən -mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf" qeyd olunmuşdur. Lakin, yuxarıda qeyd olunan “barışıq sazişi bağlanmadıqda” şərti bu işə aid deyildir. Çünki, hazırkı ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında aparılmış mediasiya prosesinin nəticəsinə dair müvafiq Barışıq Sazişi bağlanmış və halhazırda da xüsusi icraat qaydasında verilmiş ərizə ilə həmin barışıq sazişinin təsdiq edilməsi xahiş olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsində isə qeyd olunur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Yəni, bu normanın tələblərinə görə mediasiya prosesinin nəticəsinə dair “barışıq sazişi bağlanmadıqda” mübahisə ilə əlaqədar müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə isə xüsusi icraat qaydasında verilir və qanunvericiliyin tələblərinə görə mediasiya prosesinin nəticəsinə dair tərəflər arasında barışıq sazişi bağlanıldığı halda – həmin barışıq sazişinin təsdiq edilməsi üçün xüsusi icraat qaydasında baxılmalı olan hazırkı ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə - xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilir (108.1.3-cü maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3-cü maddə). Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eləcə də, məhkəməyə təqdim olunmuş “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizənin surətinin ərizəçi tərəfindən Mülki- Prosessual Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulan qaydada iş üzrə Maraqlı şəxsnə göndərilməsini və maraqlı şəxs tərəfindən həmin ərizənin və ona əlavə edilmiş sənədlərin alınmasını təsdiq edən hər hansı bir sənəd (sübut) hazırkı ərizəyə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Qeyd etmək lazımdır ki, ərizənin maraqlı şəxsə təqdim olunması barədə “Onlayn Kargüzarlıq” vasitəsi ilə tərtib edilən 16 dekabr 2022-ci il tarixli “Məktub” məhkəməyə təqdim olunmasına baxmayaraq, həmin “Məktubun” (ərizənin) çatdırılmasına dair müvafiq “ekran görüntüsü” məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet – vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Göründüyü kimi, hal-hazırda Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə verilən ərizələrin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və yuxarıda qeyd olunan sənədlərin cavabdehə həmin qaydada göndərilməli olması - həmin Məcəllənin 150.1.4-cü maddəsində imperativ qaydada təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizələrə məhkəmə tərəfindən 10 gün müddətində (355-25.1-ci maddə) baxılmalı olduğu üçün - ərizəçi tərəfindən həmin ərizə ilə məhkəməyə müraciət olunarkan qanunvericiliyin bütün tələblərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələblərinə görə, ərizənin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxsnə qarşı verilmiş “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-2233/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2233/2022
21.12.2022 · Xususi icraat - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver