Məhkəmə qərarları › İş №e-2-2(119)-225/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-225/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-225/2024 23.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3la aralarında bağlanmış kredit müqaviləsi üzrə 1921,92 (min doqquz yüz iyirmi bir manat, doxsan iki qəpik) manat məbləğində əsas borc, 238,65 (iki yüz otuz səkkiz manat, altmış beş qəpik) manat məbləğində faiz borcu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanmış 245,70 (iki yüz qırx beş manat, yetmiş qəpik) manat məbləğində borc olmaqla, cəmi 2406,27 (iki min dörd yüz altı manat, iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaitinin və iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiyaya xərcinin əvəzinin həmin cavabdehdən və kredit müqaviləsi üzrə zamin qismində iştirak etmiş digər cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 18 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalan qismində çıxış edən cavabdeh müqavilə öhdəliyini yerinə yetirməmişdir. Bununla əlaqədar cavabdehin və bağlanmış zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zaminlərin ünvanına pretenziya məktubları göndərilmiş, o cümlədən mübahisənin mediasiya vasitəsilə həllinə cəhd edilmiş, lakin göstərilənlər hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehlərə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildirişlər müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" ASC ilə cavabdeh (kredit alan) Cavabdeh3 arasında bağlanmış 18 yanvar 2019-cu il tarixli 00/13983/KBK nömrəli kredit müqaviləsinin 1.1-ci, 2.1-ci, 2.2-ci, 4.2-ci və 6.10-cu bəndlərinə əsasən bank cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 4500 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bank müqavilənin 2.1-ci və 4.2-ci bəndlərində göstərilən məbləğdə və faizlə krediti birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissəhissə kredit alanın mülkiyyətinə verir, kredit alan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3.2.2-ci maddəsinə əsasən, kredit alan müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləğdə krediti faizi ilə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən kredit üzrə faizlər borc yarandığı tarixdən başlayır və kredit borcunun tam ödənildiyi tarixdə başa çatır. Həmin Müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilənin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri ödəməlidir. Həmin Müqavilənin 5.2-ci maddəsinə əsasən kredit alan bu müqavilənin 2.1-ci bəndində göstərilən qaydada və 2.3-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş razılaşmada göstərilən qrafik üzrə ödəniş müddətləri keçdikdən sonra krediti və faizini qaytarmadıqda, bank hər gecikdirilən gün üçün kreditin və ona hesablanmış faizin ödənilməmiş hissəsinin 0,3 faizi miqdarında penya tələb etmək hüququna malikdir. İş materiallarında olan kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 18 yanvar 2021-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2019-cu il tariхli 00/13983/KBK nömrəli zaminlik müqaviləsinin 2.1-ci və 3.1-ci bəndlərindən görünür ki, zaminlər borcalan Cavabdeh3 18 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə kreditor qarşısında onunla eyni həcmdə birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 01 avqust 2023-cü il tarixli, **********970 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh3 sözügedən kredit müqaviləsi üzrə 1921,92 manat əsas borcu, müqavilə müddəti üçün hesablanmış 238,65 manat faiz borcu və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanmış 245,70 manat borcu vardır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminliyə, həmçinin zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh3 18 yanvar 2019cu il tarixli 00/13983/KBK kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan əsas borcu tam ödəməmiş, bununla da, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Adları cavabdehlər qismində iddia ərizəsində göstərilmiş zaminlərin məsuliyyətinə gəldikdə, yuxarıda istinad edilən "xxxx" ASC ilə cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2019-cu il tariхli 00/13983/KBK nömrəli zaminlik müqaviləsinin 4.1-ci bəndində göstərilmişdir ki, bu müqavilə hər iki tərəfin onu imzaladığı andan bağlanmış hesab edilir və kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində, o cümlədən kredit müqaviləsinin uzadıldığı müddətədək qüvvədə olur. Həmin müqavilənin 4.3-cü bəndində zaminlik müqaviləsinə xitam verilmə əsasları göstərilmişdir ki, onlardan biri - zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində bankın zaminə qarşı iddia irəli sürmədiyi haldır. İş materialları ilə müəyyən edilir ki, 18 yanvar 2019-cu il tarixli 00/13983/KBK nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılma vaxtının son müddəti 18 yanvar 2021-ci il tarixidir və həmin tarixdə kredit müqaviləsinin müddəti bitmişdir. Yəni, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zaminliyi ilə təmin olunmuş kredit müqaviləsinin və kreditin qaytarılmasının son müddəti 18 yanvar 2021-ci il tarixi olmuşdur. Lakin iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini qeyd olunan müddət (bir illik müddət) keçdikdən xeyli sonra, yəni 22 yanvar 2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələblərinə görə, kredit müqaviləsi üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminlərə qarşı iddia irəli sürülmədiyi üçün hazırkı iddia ərizəsi üzrə müqavilə üzrə tələb edilən borclar zaminlərdən tutulmamalı, zamin qismində Cavabdeh2 və Cavabdeh1 qarşı zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir. Göstərilənləri nəzərə alıb və iş üzrə tədqiq edilən sübutlara qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 1921,92 manat məbləğində əsas bоrc, 238,65 manat məbləğində faiz borcu və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanan 245,70 manat məbləğində borcun tutulmasına dair hissəsi qismən təmin edilməli, həmin məbləğlər bütün cavabdehlərdən deyil, yalnız Cavabdeh3 tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli MŞB/12/2023-00790 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan və 06 noyabr 2023-cü il tarixli, 0856 nömrəli ödəniş tapşırığından görünür ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya haqqı və 10 (on) manat məbləğində poçt xərci ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 70 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutulması hissəsi də qismən təmin edilməli, yuxarıda göstərilənlər və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin əvəzi də Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1921,92 manat məbləğində əsas borc, 238,65 manat məbləğində faiz borcu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanmış 245,70 manat məbləğində borc, cəmi 2406,27 manat məbləğində pul vəsaiti və iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiyaya xərcinin əvəzi Cavabdeh3 tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, hazırkı iddia tələbi tam təmin olunduğundan aşağıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, iddianın qiymətinə uyğun olaraq hesablanan 44,06 manat məbləğində dövlət rüsumu Cavabdeh3 dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh3 1921,92 (min doqquz yüz iyirmi bir manat, doxsan iki qəpik) manat məbləğində əsas borc, 238,65 (iki yüz otuz səkkiz manat, altmış beş qəpik) manat məbləğində faiz borcu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanmış 245,70 (iki yüz qırx beş manat, yetmiş qəpik) manat məbləğində faiz borcu, həmçinin iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 2476,27 (iki min dörd yüz yetmiş altı manat, iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. Cavabdeh3 dövlət nəfinə 44,06 (qırx dörd manat, altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar