Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-228/2025 24.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən tərəflər arasında bağlanmış 16 may 2014-cü il tarixli 802 nömrəli kredit müqaviləsi üzrə 7990,23 (yeddi min doqquz yüz doxsan manat, iyirmi üç qəpik) manat məbləğində əsas borc, 4995,47 (dörd min doqquz yüz doxsan beş manat, qırx yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 8125,54 (səkkiz min yüz iyirmi beş manat, əlli dörd qəpik) manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi, Cavabdeh məxsus Qobustan rayonunun Şıxzərli kəndində yerləşən fərdi yaşayış evinin 0,03 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 27000 (iyirmi yeddi min) manat məbləğində müəyyən edilməsi, borc tələbinin həmin əmlaka yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 8125,54 (səkkiz min yüz iyirmi beş manat, əlli dörd qəpik) manat məbləğində borcun və 101,25 (yüz bir manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 16 may 2014cü il tarixli 802 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, ərizənin “Nəticə” hissəsində cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 135,31 əvəzinə, səhvən 4995,47 manat məbləğində göstərilmişdir və iddia tələbinin faiz borcu hissəsinin, məhz 135,31 manat məbləğində olması nəzərə alınmalıdır. İpoteka predmeti olan əmlakın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 11 iyun 2025-ci il tarixli 02-118/25 nömrəli mütəxəssis rəyində qeyd edilmiş qiymətlə müəyyən edilməsinə hər hansı etirazları yoxdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 may 2014-cü il tarixli 802 nömrəli kredit müqaviləsinin 1-ci bəndinə əsasən, bu müqavilənin şərtləri ilə borcverən (İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı) borcalana (Cavabdeh) pul vəsaitinin borc (bundan sonra “kredit” adlanacaq) verilməsini, borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, illik 6 faiz olmaqla 36 ay müddətinə heyvandarlıq fəaliyyəti məqsədilə (təyinat: damazlıq qoyunları alınması) Cavabdeh 15000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, borcalan tərəfindən kreditə görə hesablanmış faizlərin və əsas borcun ödəniş cədvəli üzrə qaytarılması təmin edilmədikdə, kredit müqaviləsinin vaxtından əvvəl ləğvi, əsas kredit borcunun və ona hesablanmış faizin qaytarılması ilə bağlı müvafiq tədbir görmək hüququna malikdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməzsə və ödəmə şərtlərinə əməl etməzsə borcverən qanunvericiliklə müəyyən edilmiş qaydada əlavə faiz ödənişini tələb etmək hüququna malikdir. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə müvafiq olaraq ödənilməsini təmin edir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən, hazırkı müqavilə kredit borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya olan borcunun həmin plana uyğun olaraq son ödəniş tarixi 2017-ci ilin may ayı olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı), ipoteka qoyan (Cavabdeh) arasında bağlanmış 16 may 2014-cü il tarixli 802 nömrəli sonrakı ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən, kredit (faizlə) qaytarılana qədər 16 may 2014-cü il tarixli 802 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka qoyan 24 sentyabr 2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan 20 aprel 2012-ci il tarixli 650 saylı ipoteka müqaviləsi ilə yüklənmiş Qobustan rayonu Şıxzərli kəndində yerləşən fərdi yaşayış evini (0,03 ha torpaq sahəsi ilə birlikdə) 27000 (iyirmi yeddi min) manat dəyərində təkrar olaraq ipoteka ilə yüklənir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, tərəflər arasında tərtib olunmuş 05 may 2014-cü il tarixli qiymətləndirmə aktına əsasən ipoteka əmlakının razılaşdırılmış dəyəri 27000 (iyirmi yeddi min) manat müəyyən edilir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 176 nömrəli vərəqində qeydiyyata alınmış (qeydiyyat tarixi: xx.xx.2014, qeydiyyat nömrəsi: **********) çıxarışa əsasən, Cavabdeh xüsusi mülkiyyətində olan Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evi (0.03 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) 16 may 2014-cü il tarixdən 16 may 2017-ci il tarixədək, 36 (otuz altı) ay müdətinə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya həmin kredit müqaviləsi üzrə 31 yanvar 2024-cü il tarixinə 7990,23 manat məbləğində əsas borcu və 135,31 manat məbləğində faiz borcu vardır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “qiymətləndirmə fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığı və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi qiymətləndirildiyi” əsası ilə tərtib edilmiş 04 aprel 2025-ci il tarixli 3-16-16/2-375/2025 nömrəli məktubla Sumqayıt Kommersiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli qərardadı icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 11 iyun 2025-ci il tarixli 02-118/25 nömrəli mütəxəssis rəyindən görünür ki, Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evinin 0,03 ha həyətyanı torpaq sahəsi ilə birlikdə likvid qiyməti 26300 manat, bazar qiyməti isə 29200 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, 739.1-ci və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh iddiaçı ilə bağladıqları 16 may 2014-cü il tarixli 802 nömrəli kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilədə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçı qarşısında müqavilə öhdəliyinin icrası ilə əlaqədar məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 16 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 7990,23 manat əsas, 135,31 manat məbləğində faiz bоrcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçı və Cavabdeh arasında bağlanmış 16 may 2014-cü il tarixli 802 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdehin xüsusi mülkiyyətində olan Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evi (0,03 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin əmlaka yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini müəyyənləşdirərkən nəzərə alır ki, bu halla əlaqədar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, lakin həmin Mərkəz tərəfindən qiymətləndirmə fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığı qeyd edilərək qərardad icra olunmadan geri qaytarılmışdır. Digər tərəfdən tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3-cü bəndinə əsasən, tərəflər arasında tərtib olunmuş 05 may 2014-cü il tarixli qiymətləndirmə aktına əsasən ipoteka əmlakının razılaşdırılmış dəyəri 27000 (iyirmi yeddi min) manat müəyyən edilmişdir. Bundan başqa, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 11 iyun 2025-ci il tarixli 02-118/25 nömrəli mütəxəssis rəyinə əsasən, ipoteka predmetinin likvid qiyməti 26300 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflər arasında bağlanmış 16 may 2014-cü il tarixli 802 nömrəli sonrakı ipoteka müqaviləsinin şərtlərini və tərəflərin mənafelərini rəhbər tutaraq qeyd edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiymətinin 27000 manat məbləğində müəyyən edilməsi ədalətli olar. Belə ki, iş üzrə "xxxx" MMC tərəfindən təqdim edilmiş 11 iyun 2025-ci il tarixli 02-118/25 nömrəli mütəxəssis rəyində ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 26300 manat məbləğində müəyyən edildiyindən və, bu tərəflərin özlərinin razılaşdırdıqları qiymətdən (bu, ilkin satış qiyməti olmasa belə) aşağı həddə olduğuna görə, o cümlədən iş materiallarındakı poçt xəbərnaməsinə əsasən, cavabdehin məhkəmə proseslərindən məlumatlı olmasına baxmayaraq iddia tələbi (iddia tələblərindən biri ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin məhz 27000 manat məbləğində müəyyənləşdirilməsi ilə bağlıdır) ilə bağlı məhkəməyə hər hansı etirazı daxil olmadığından əmlakın qiyməti, məhz tərəflərin razılaşdırdıqları kimi müəyyənləşdirilməlidir. Bundan başqa, iddia tələbinin ödənilmiş 101,25 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 13 dekabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 101,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstinad edilənlərə əsasən, təmin edilmiş iddia tələbinin qiymətinə uyğun hesablanmış dövlət rüsumunun məbləği 101,25 manat təşkil etdiyindən iddiaçı tərəfindən ödənilmiş həmin məbləğdə dövlət rüsumunun əvəzi cavabdehdən onun xeyrinə tutulmalıdır. Bundan əlavə, "xxxx" MMC-nin 11 iyun 2025-ci il tarixli 02-118/25 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılan tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdеhdən 16 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 7990,23 manat məbləğində əsas borc, 135,31 manat məbləğində faiz borcu və 101,25 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8226,79 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, Cavabdeh tutulmalı olan cəmi 8226,79 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evinə (0,03 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 8226,79 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 27000 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 7990,23 (yeddi min doqquz yüz doxsan manat, iyirmi üç qəpik) manat məbləğində əsas borc, 135,31 (yüz otuz beş manat, otuz bir qəpik) manat məbləğində faiz borcu və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 101,25 (yüz bir manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8226,79 (səkkiz min iki yüz iyirmi altı manat, yetmiş doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Cavabdeh tutulmalı olan cəmi 8226,79 (səkkiz min iki yüz iyirmi altı manat, yetmiş doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evinə (0,03 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan cəmi 8226,79 (səkkiz min iki yüz iyirmi altı manat, yetmiş doqquz qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evinin (0,03 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 27000 (iyirmi yeddi min) manat məbləğində müəyyən edilsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-228/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-228/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver