Məhkəmə qərarları › İş №e-2-2(119)-230/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-230/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-230/2024 03.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 03 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 4782,53 (dörd min yeddi yüz səksən iki manat, əlli üç qəpik) manat məbləğində əsas borc, 1931,19 (min doqquz yüz otuz bir manat, on doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 6713,72 (altı min yeddi yüz on üç manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaitinin və 110 (yüz on) manat məbləğində mediasiya xərcinin əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 03 oktyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə borc alan qismində çıxış edən cavabdeh müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar onunla mübahisənin pretenziya qaydasında nizama salınmasına, o cümlədən mediasiya vasitəsilə həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini və məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçının 16 fevral 2024-cü il tarixli 2024/104/4193 nömrəli məktubu ilə hazırkı iddia ərizəsinin verilməsi ilə əlaqədar “Elektron Məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinetə əlavə edilmiş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər iş materiallarına əlavə edilmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarından görünür ki, cavabdehin 03 oktyabr 2022-ci il tarixli müraciət ərizəsi əsasında bank (İddiaçı ASC) ilə borcalan (Cavabdeh) arasında elektron qaydada 03 oktyabr 2022-ci il tarixli “18 aprel 2022-ci il tarixli, **********18042022 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair KBSK6881593A299 nömrəli Əlavə” (müqavilə) imzalanmışdır. Bu Əlavənin 1-ci bəndinə əsasən, bank xüsusi şərtlərlə borcalana kredit ayırır, borcalan isə kreditdən müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı müqavilə (əlavə) ilə müəyyən olunan müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 03 oktyabr 2022-ci il tarixli KBSK6881593A299 nömrəli həmin Əlavənin 2.1, 2.3, 2.4, 2.5, 2.6, 2.10, 2.11 və 2.13-cü bəndlərinə əsasən, cavabdehə 18 ay müddətinə qaytarmaq şərtilə illik 22 faiz dərəcəsi ilə məqsədli təyinatı fərdi mikro kredit olan 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 03 oktyabr 2022-ci il tarixli KBSK6881593A299 nömrəli həmin Əlavənin ödəniş qrafikindən görünür ki, cavabdehin banka olan borcunun həmin qrafikə uyğun olaraq son ödəniş tarixi 03 aprel 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 05 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 03 oktyabr 2022-ci il tarixli KBSK6881593A299 nömrəli kredit müqaviləsi üzrə 03 oktyabr 2023-cü il tarixə 4782,53 manat məbləğində əsas, 1931,19 manat məbləğində faiz olmaqla, cəmi 6713,72 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, cavabdeh iddiaçı ilə bağladığı 03 oktyabr 2022-ci il tarixli KBSK6881593A299 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti aralarında bağlanmış müqavilədə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 03 oktyabr 2022-ci il tarixli KBSK6881593A299 nömrəli kredit müqaviləsinə əsasən cavabdehdən 4782,53 manat məbləğində əsas borc, 1931,19 manat məbləğində faiz borcu olmaqla, cəmi 6713,72 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 110 manat məbləğində mediasiya xərcinin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 15 noyabr 2023-cü il tarixli MŞQ-MT-027-2023-01700 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa əsasən cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Eyni zamanda, 16 noyabr 2023-cü il tarixli 1157 nömrəli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 110 manat məbləğində mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 110 manat mediasiya xərcinin cavabdehdən tutulması hissəsi də təmin olunmalı, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən ödənilmiş 110 manat məbləğində mediasiya haqqı da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, yuxarıda qeyd edilən 03 oktyabr 2022-ci il tarixli KBSK6881593A299 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 4782,53 manat məbləğində əsas borc, 1931,19 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 6713,72 manat və 110 manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 6823,72 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan başqa, hazırkı iddia tələbi təmin olunduğundan aşağıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, iddianın qiymətinə uyğun olaraq hesablanan 87,13 manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 03 oktyabr 2022-ci il tarixli KBSK6881593A299 nömrəli kredit müqaviləsi üzrə 4782,53 (dörd min yeddi yüz səksən iki manat, əlli üç qəpik) manat məbləğində əsas borc, 1931,19 (min doqquz yüz otuz bir manat, on doqquz qəpik) manat məbləğində faiz borcu və 110 (yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 6823,72 (altı min səkkiz yüz iyirmi üç manat, yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh dövlət nəfinə 87,13 (səksən yeddi manat, on üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar