Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-232/2025 14.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4675 (dörd min altı yüz yetmiş beş) manat məbləğində real zərərin, 27900 (iyirmi yeddi min doqquz yüz) manat məbləğində əldən çıxmış fayda növündə zərərin, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 33216 (otuz üç min iki yüz on altı) manat məbləğində pul vəsaitinin və 189 (yüz səksən doqquz) manat məbləgində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin noyabr ayının ortalarında cavabdehə müraciət edərək Qusar rayonu Atluxan kəndi ərazisində yerləşən özünə məxsus bağ sahəsində əkmək üçün “Big top” sortundan olan nektarin ağac qələmlərini almaq istədiyini bildirmiş, cavabdeh bir ədədinin qiyməti 6 manat olmaqla, cəmi 2500 ədəd nektarin ağac qələmlərini iddiaçıya təhvil vermiş, iddiaçı isə bunun müqabilində ona nağd şəkildə 15000 manat məbləğində pul vermişdir. İddiaçı həmin ağac qələmlərini torpaq sahəsində əkib onlara aqrotexniki qaydada qulluq etməyə başlamış, əlavə olaraq 2500 manat məbləğində xərc çəkib calaq işləri görmüş, həmçinin fəhlələrə də 450 manat məbləğində pul vermişdir. Bundan başqa, aqrotexniki qulluq çərçivəsində ağacların dərmanlanması üçün 4675 manatlıq 15 adda dərman və gübrə almışdır. Lakin həmin ağaclara lazımi qaydada aqrotexniki qulluq göstərsə də, 1 ildən sonra həmin ağaclar qurumuşdur. Sonradan məlum olmuşdur ki, cavabdeh ona “Big top” sortu olan nektarin qələmləri deyil, özünün hazırladığı lazımi keyfiyyətdə olmayan başqa sort qələmlər vermişdir. İddiaçı ona ağacların quruduğunu bildirdikdə, o, ağac qələmlərinin həqiqətən də keyfiyyətsiz olduğunu etiraf edərək iddiaçıdan aldığı pulu qaytaracağını bildirsə də, qaytarmamışdır. Bundan sonra, iddiaçı 2024-cü il tarixdə Qusar rayon prokurorluğuna şikayət etmişdir. Həmin şikayət nəticəsində cavabdeh hissə-hissə olmaqla ağac qələmlərinin dəyəri olan 15000 manat məbləğində pul vəsaitini geri qaytarmış, eyni zamanda calaq üçün çəkilmiş xərcin və fəhlə pulunun əvəzi kimi cəmi 2750 manat məbləğində pul ödəmişdir. İddiaçı isə ona qələmlərin böyüməsi və bar verməsi üçün gübrə və dərman xərci üçün əlavə 4675 manat məbləgində xərc çəkdiyini, həmçinin 2023-cü ilin yay mövsümündə əldə edəcəyi bəhərdən məhrum olduğunu bildirərək keyfiyyətsiz mal satdığı üçün dəymiş ziyanın əvəzini ödəməyi tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Qusar rayon Polis Şöbəsinin 18 may 2024-cu il tarixili qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Belə ki, 2500 ədəd “Big top” sortuna aid nektarin ağac qələmləri 1 ildən sonra, yəni 2023-cü ildə bəhər verməli idi və iddiaçının həmin ağac qələmlərinin 2023-cü ilin yay mövsümündə verdiyi bəhərdən əldə edəcəyi gəlir təxminən 20000 manat məbləğində təşkil edəcəkdi. Hər ağac qələmi təxminən 6-7 kiloqram məhsul verir və məhsulun bir kiloqramının qiyməti isə təxminən 1,5 manat məbləğində təşkil edir. Cavabdehin iddiaçıya keyfiyyətsiz ağac qələmləri satması nəticəsində həmin şəxs tərəfindən 4675 manat məbləğində real zərər, 2023 və 2024-cü illər üçün bir ilə xalis gəlir 14108 manat olmaqla, cəmi 28216 manat dəyərində əldən çıxmış fayda növündə zərər dəymişdir. Məhkəmə iclaslarında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, 2023-cü ildə cavabdeh tərəfindən müəyyən məbləğdə ödəniş həyata keçirilmişdir. Daha sonra cavabdeh tingləri calaq etmiş və o, bundan sonra yeni sortdan da bəhər əldə edə bilməmişdir. O, həmin məhsuldan da bəhər əldə edəcəyini düşünmüş və bu səbəbdən 2023-cü ilədək “Big top” növündən, 2024-cü ildən etibarən isə başqa növdən bəhər gözləmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək həmçinin bildirmişdir ki, iddiaçı 2021-ci ildə cavabdehdən ağac qələmlərini almış, 2 il sonra onların başqa məhsul olduğu aşkarlanmışdır. İddiaçı şikayət etmək istəyərkən cavabdeh ona tingləri calaq etməyi təklif etmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, cavabdeh calaq işləri görüldükdən sonra məhsulların bar verəcəyinə söz vermişdir. İddiaçı 2023-cü ildə “Big top” sortundan bəhər götürməli idi, lakin bu mümkün olmadığına görə hazırda əldən çıxmış fayda tələb edilir. İddiaçı 08 fevral 2024-cü il tarixdən sonra narazı qaldığı üçün Qusar Rayon Polis Şöbəsinə müraciət etmişdir. Hazırkı iddia tələbi isə əldən çıxmış fayda və zərərlə bağlıdır. Cavabdeh 18 may 2024-cü il tarixli izahatında ağac qələmlərinin həqiqətən quruduğunu bildirmişdir. Hazırda bağda yeni məhsullar əkilmişdir. Dərmanların qiymətinin 4675 manat məbləğində olması iddiası ilə məhkəməyə müraciət edilsə də, bununla bağlı məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində dərmanların dəyərinin 4587 manat məbləğində olduğu qeyd edilmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdeh izahatlarında bildirmişdir ki, iddiaçıya 2021-ci ilin noyabr ayında ağac qələmlərini satmış və iddiaçı 2022-ci ilin may-iyun aylarında qələmlərin quruduğunu bildirmişdir. Bundan sonra o, 1000 ədəd qələmin əvəzinə biri 6 manatdan olmaqla 6000 manat məbləğində ödəniş etmişdir. Həmin vaxtdan 1 il sonra iddiaçı satdığı qələmlərin çeşidinin düzgün olmadığını bildirmişdir. O da bunun qarşılığında Pərviz Poladxanov adlı şəxsin şahidliyi ilə iddiaçıya 10000 manat məbləğində ödəniş etmişdir. Eyni zamanda 2023-cü ildə 2300 manat məbləğində calaq üçün çəkilmiş xərcin və 450 manat məbləğində fəhlə pulunun əvəzini iddiaçıya ödəmişdir. Ağaclar iddiaçının istədiyi ağaclar olmadığı üçün ağacları “Big top” növü ilə deyil, başqa növdən olan ağaclarla calaq etdirmiş və həmin calağın edilməsi üçün 2300 manat məbləğində ödəniş həyata keçirmişdir. Bütün bu ödənişləri iddiaçıya olan borcları ödədikdən sonra, yəni 2023cü ilin avqust ayında etmişdir. Onun üzərinə düşən öhdəlik yalnız ağacların pulunu geri qaytarmaq olmuşdur. Cavabdehlə aralarında münasibət olduğu üçün ağac növünün çeşidini dəyişməkdə ona köməklik göstərmişdir. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi izahatlarında bildirmişdir ki, iddianı qəbul etmir. 2021-ci ildə alınmış ağac qələmlərinin qurumasına görə cavabdeh iddiaçıya 2022-ci və 2023-cü illər ərzində, ümumilikdə 16000 manat məbləğində pul ödəmişdir. Bundan sonra iddiaçı 18 may 2024-cü il tarixində Qusar Rayon Prokurorluğuna müraciət edərək yenidən qaytarılmış pulla bağlı tələb irəli sürmüşdür. Bununla bağlı araşdırılma aparılmamışdan əvvəl cavabdeh Quba rayon Polis Şöbəsinə şikayət etmişdir. Quba rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi tərəfindən qəbul edilmiş 08 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda iddiaçının izahatı öz əksini tapmışdır. İzahatda qeyd edilir ki, “mən həmin tinglərin pulunu Cavabdeh nağd ödəmiş, tingləri Qusar rayon Çubuqlu kəndində yerləşən öz bağ sahəmdə əkmiş və 3 il qulluq etmişdim. 2023-cü ilin yayında tinglər bar verərkən gördüm ki, həmin tinglərdən ərik, şaftalı və gavalı yetişdi. Valehi çağırıb bağı göstərdim və dedim ki, məni aldatmısan. Verdiyi tinglər başqa çeşidlər olmuşdur. Valeh də mənimlə razılaşaraq mənə 16000 manat məbləğində, çeşid dəyişdirənlərə 2300 manat məbləğində, fəhlələrə isə 450 manat məbləğində pul vermişdir. Mən Cavabdeh tingləri kimdən alıb mənə verdiyini bilmirəm. Mən pulumu tam aldığım üçün Valehə qarşı şikayətim yoxdur. Hazırda bağımda təzə əkdiyim tinglər var. Köhnə tingləri calaq etmişəm, hələ bara düşməyib”. Bu izahatın sonunda iddiaçıya başqa əlavələrinin olub-olmaması barədə sual verilir, lakin iddiaçı başqa əlavəsinin olmadığını qeyd edir. Burada bir sual meydana çıxır ki, əgər 2023-cü ildə işləri qaydasına düşürdüsə, burada hansısa əldən çıxmış faydadan söhbət gedə bilməz. İddiaçı isə hazırda bildirir ki, ağac hansısa bəhər verməmişdir. Lakin buradan da aydın olur ki, bəhər əldə edilmişdir. Həmçinin iddiaçı tələb etdiyi məbləği sübutlarla əsaslandıra bilməmişdir. Təqdim edilmiş hesab-faktura sənədləri və qəbz bir-biri ilə üst-üstə düşmür. Məhkəmədə ilk dəfə təqdim edilmiş hesab-faktura sənədinin tarixi 29 noyabr 2024-cü il qeyd edilmişdir. Sonradan təqdim edilmiş həmin hesab-faktura sənədində isə sənədin tarixi 25 noyabr 2021-ci il qeyd edilmişdir. Eyni hesab-faktura sənədinin 2 tarixdə olması mümkün olmadığı üçün hesab edir ki, həmin sənəd düzgün tərtib edilməmişdir. Çünki təqdim edilmiş sənədin də müvafiq qəbzi olmalı idi. Digər bir məsələ isə, xx.xx.2021-ci il tarixə aid olan hesab-faktura sənədində “Ammonium nitrat” hesab-fakturada biri 120 manat məbləğində olmaqla 4 ədədi 480 manat məbləğində qeyd edilsə də, bu malların təhvil-təslim haqqında sənəddə isə biri 30 manat məbləğində olmaqla 14 ədədi 420 manat məbləğində göstərilmişdir. Digər bir dərman növü olan “Dodin” hesab-faktura sənədində 9 ədədi 30 manat məbləğində hesablanmaqla 270 manat məbləğində qeyd edilsə də, təqdim edilmiş qəbzdə isə 11 ədədi 30 manat məbləğində hesablanmaqla 330 manat məbləğində göstərilmişdir. Həmçinin həmin dərmanlar “Big top” sortuna aid olan dərmanlar deyildir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 25 noyabr 2021-ci il tarixli 081177 nömrəli malların fiziki şəxslərə təhvil-qəbul qəbzində 2021-ci ildə salınmış İddiaçı məxsus 4 ha bağda 1 ildə alınmış dərman xərcinin cəmi 4688 manat məbləğində təşkil etdiyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 25 noyabr 2021-ci il tarixli hesab-fakturada 2021-ci ildə salınmış İddiaçı məxsus 4 ha bağda 1 ildə alınmış dərman və gübrə xərcinin cəmi 4675 manat məbləğində təşkil etdiyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 29 noyabr 2024-cü il tarixli hesab-fakturada 2022-ci ildə salınmış İddiaçı məxsus 4 ha bağda 1 ildə alınmış dərman və gübrə xərcinin cəmi 4675 manat məbləğində təşkil etdiyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı təqdim edilmiş 10 dekabr 2024-cü il tarixli 02-154/24 nömrəli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş siyahı üzrə nektarin ağaclarının yetişdirilməsi üçün 15 adda dərman və gübrələrin dəyəri 2022-ci il tarixinə 4587 manat təşkil edir. Qusar rayonu Altuxan kəndi ərazisində 2500 ədəd nektarin ağaclarından (Big top sortu) mövsüm üzrə götürülən məhsulun həcminə uyğun olaraq bazar dəyəri 14108 manat məbləğində təşkil edir. İş materiallarında olan Quba rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi tərəfindən qəbul edilmiş 08 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın 5-ci abzasında “araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, ləqəbi Əbildir. Qusar rayon sakini Cavabdeh uzun müddətdir ki, aqronom kimi tanıyır. Dəqiq tarix yadında deyil, təxminən 3 il bundan əvvəl Valeh onun bağı üçün bir ədədi 6,5 manatdan bir illik 2500 ədəd biktop növlü tüklü nektarin şaftalı tingi vermişdi. Həmin tinglərin pulunu Valehə nağd ödəmişdi və həmin tingləri özü Qusar rayonu, Çubuqlu kəndində yerləşən öz bağ sahəsində əkmişdi və 3 il qulluq etmişdi. 2023-cü ilin yayında tinglər bar verəndə isə görmüşdür ki, həmin tinglərdən ərik, tüklü şaftalı və gavalı yetişmişdir. Valehi çağırıb bağı göstərmiş və demişdir ki, məni aldatmısan, verdiyin tinglər başqa çeşidlər olub. Valeh də onunla razılaşıb ona 16000 manat, çeşid dəyişənlərə 2300 manat, 450 manat isə işçilərə pul vermişdir. Valehin tingləri kimdən alıb gətirdiyini bilmir, bu barədə ona heç nə deməmişdi. Pulunu tam aldığı üçün Valehə qarşı şikayəti yoxdur. Hal-hazırda bağında təzə əkilmiş tinglər var, köhnə tingləri calaq etmişdir, qulluq edir, hələ bara düşməmişdir.” qeyd edilmişdir. İş materiallarında olan 18 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə Quba rayon sakini İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan İddiaçı tanışı Qusar rayon sakini Cavabdeh qarşı borc pulun geri qaytarılmasına dair tələbi mülki mübahisə olduğundan, həmin xüsusat üzrə mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu barədə izah edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 2021-ci ilin noyabr ayında “Big top” növündən olan nektarin ağac qələmlərinin alqı-satqısı ilə bağlı şifahi qaydada alqı-satqı müqaviləsi bağlanılmış, satıcı qismində olan cavabdeh alıcı qismində çıxış edən iddiaçıya bir ədədinin qiyməti 6 manat olmaqla, cəmi 2500 ədəd nektarin ağac qələmlərini təhvil vermiş, bunun müqabilində iddiaçı cavabdehə 15000 manat məbləğində pul ödəmişdir. Ağac qələmləri quruduğundan, yəni əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduğundan, cavabdeh iddiaçıya həmin əşya üçün ödədiyi 15000 manat məbləğində pul vəsaitini, o cümlədən iddiaçının calaq işlərinin görülməsinə çəkdiyi 2300 manat məbləğində xərcin və işçilərin əmək haqqına görə çəkdiyi 750 manat məbləğində xərcin əvəzini 2023-cü il ərzində ona geri qaytarmışdır. İşin mübahisəli halı cavabdeh tərəfindən iddiaçıya 4675 manat məbləğində real zərərin və 27900 manat məbləğində əldən çıxmış fayda növündə zərərin vurulması barədə tələbin əsaslı olub-olmamasıdır. İddia tələbinin 4675 manat məbləğində zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin zərərin mövcudluğunu təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş 25 noyabr 2021-ci il tarixli və 29 noyabr 2024-cü il tarixli hesab-fakturalar və 25 noyabr 2021-ci il tarixli 081177 nömrəli malların fiziki şəxslərə təhvil-qəbul qəbzləri iş üzrə mötəbər sübut hesab edilə bilməz. Belə ki, 25 noyabr 2021-ci il tarixli 081177 nömrəli malların fiziki şəxslərə təhvil-qəbul qəbzi və 29 noyabr 2021-ci il tarixli hesab-fakturaya nəzər yetirdikdə görünür ki, həmin sənədlər eyni tarixdə və eyni təşkilat ("xxxx" MMC) tərəfindən tərtib edilmələrinə baxmayaraq, onlar arasında aşkar ziddiyətlər mövcuddur: - 25 noyabr 2021-ci il tarixli hesab-fakturada dərman və gübrə xərcinin 4675 manat məbləğində olduğu qeyd edilsə də, eynitarixli təhvil-qəbul qəbzində həmin xərclərin 4688 manat məbləğində olduğu qeyd edilmişdir. - 25 noyabr 2021-ci il tarixli hesab-fakturada “Dodin” adlı dərman vasitəsi üçün 1 ədədinin qiyməti 30 manat olmaqla, cəmi 270 manat məbləğində xərc çəkildiyi qeyd edilsə də, eynitarixli təhvil-qəbul qəbzində həmin dərman vasitəsinə cəmi 330 manat məbləğində xərc çəkildiyi qeyd edilmişdir. - həmin hesab-fakturada və təhvil-qəbul qəbzindəki eyni xarakterli ziddiyyətlər “Ammonium Nitrat” və “Borfast” vasitələrinə münasibətdə də vardır. Bundan başqa, hər ikisi iddiaçı tərəfindən təqdim edilmiş 25 noyabr 2021-ci il tarixli və 29 noyabr 2024-cü il tarixli hesab-fakturalar eyni alış-veriş əməliyyatına görə eyni təşkilata məxsus olan sənədlərdir və göründüyü kimi, üzərində iki müxtəlif tarix qeyd edilmişdir. Göründüyü kimi, iddianın 4675 manat məbləğində zərərin əvəzinin ödənilməsi tələbinin təsdiq edilməsi məqsədilə təqdim edilmiş sənədlərin - 25 noyabr 2021-ci il tarixli və 29 noyabr 2024-cü il tarixli hesab-fakturaların və 25 noyabr 2021-ci il tarixli 081177 nömrəli malların fiziki şəxslərə təhvil-qəbul qəbzinin mötəbərliyinə kifayət qədər şübhələr vardır. 25 noyabr 2021-ci il tarixli hesab-faktura ilə həmin tarixli təhvil-qəbul qəbzinin məzmununda aşkar ziddiyyətlər vardır, hesab-faktura sənədləri isə eyni təşkilat ("xxxx" MMC) tərəfindən iddiaçıya eyni əməliyyata görə verilsə də, birinin üzərində tarix olaraq 25 noyabr 2021-ci il, digərinin üzərində isə 29 noyabr 2024-cü il qeyd edilmişdir. Digər tərəfdən, sözügedən hesab-fakturaların və təhvil-qəbul qəbzinin, məhz hazırkı iş üzrə “Big top” növündən olan nektarin ağac qələmlərinə görə dərman vasitələrinin alınması üçün verilməsi də iş materialları ilə öz təsdiqini tapmır. İşin bu halı ilə bağlı cavabdeh məhkəmə iclasındakı izahatında qeyd etmişdir ki, hesab-fakturada və təhvilqəbul qəbzində qeyd edilən vasitələr “Big top” növü üçün istifadə edilən vasitələrə aid deyildir. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə sübutlara hərtərəfli və tam baxdıqdan sonra müvafiq qiymətləndirmə aparmalıdır. Mülki və mülki-prosessual qanunvericiliklərin məhz bu tələbləri baxımından məhkəmə işin faktiki halları ilə iddiaçının təqdim etdiyi sübutları məcmu halda qiymətləndirdikdə, belə qənaətə gəlir ki, həmin sübutlar bir-biri ilə qarşılıqlı əlaqədə deyildir və biri digərini inkar edir. Buna görə də iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Bundan başqa, iddia tələbinin 27900 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının və cavabdehin 09 aprel 2025-ci il tarixli keçirilmiş məhkəmə iclaslarında verdiyi izahatlarından göründüyü kimi, “Big top” növündən bəhər əldə edilə bilmədikdən sonra, tərəflərin qarşılıqlı razılaşması ilə 2023-cü ildə cavabdeh ağac qələmlərini yeni növdən olan tinglərlə calaq etmişdir. Başqa sözlə, 2023-cü ildən etibarən tərəflərə “Big top” növündən məhsul əldə edilməyəcəyi bəlli olduğundan iddiaçının da həmin növ üzrə məhsul əldə edilmədiyinə görə əldən çıxmış fayda növündə zərərin əvəzinin tələb etməsi əsassızdır. Digər tərəfdən, iş materiallarında olan Quba rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi tərəfindən qəbul edilmiş 08 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, iddiaçı izahatında hazırkı cavabdehə qarşı hansısa şikayətinin olmadığını, bağında təzə əkilmiş tinglərin olduğunu və köhnə tingləri calaq etdiyini bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 2021-ci ilin noyabr ayında bağlanmış şifahi razılaşmanın predmetini “Big top” növündən olan ağac qələmləri təşkil etdiyindən, həmin növdən olan ağac qələmlərinə görə ödənilmiş pul vəsaiti, calaq işlərinin görülməsinə və işçilərin əmək haqqına görə çəkilmiş xərclərin əvəzi geri qaytarıldığından, 2023-cü ildə tərəflərin qarşılıqlı razılığı ilə başqa növ ağac qələmi ilə calaq işləri aparıldığından və həmin növdən olan ağac qələmlərinin bəhəri ilə bağlı hansısa razılaşma olmadığından, iddia tələbinin “Big top” növündən olan nektarin ağac qələmlərinin 2 il ərzində bəhər verməməsinə görə əldən çıxmış fayda növündə 27900 manat məbləğində pulun tələb edilməsi barədə hissəsi də əsaslı deyildir və iddia bu hissədə də təmin edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İddia tələbinin məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-232/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-232/2025
14.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Malın, işin və xidmətlərin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver